Обложка Ruhlar Sevəndə

Ruhlar Sevəndə

Sevinc

0% прочитано
Стандартный
Sevinc

Ruhlar Sevəndə

Ruhlar Sevəndə

İlk dəfə idi ki yola tək çıxırdı. Nədənsə ətrafında olan doğma və əziz adamlar ona bu istirahətin xoş gələcəyini, dərdini azacıq da olsa unutduracağını deyirdi. Hansı yol, hansı əyləncə, hansı istirahət insanı özündən, dərdindən uzaqlaşdıra bilər ki?.. Digər tərəfdən də, Aysellə Muradın bilet alması, otelin pulunu ödəməsi onu lap çıxılmaz vəziyyətdə qoymuşdu. Balalarının onun qayğısına qalması çöhrəsində təbəssüm yaratdı. Ana ürəyi minnətdarlıqla döyündü. Murad iş yerindəki hansısa səbəbdən onu ötürməyə gələ bilməmişdi. Aysel, əri və balaca Eminsə avtobusun yola düşməyini gözləyirdilər. Ən çox nəvələri üçün darıxacağını düşündü. Görüşüb avtobusa minməsinə baxmayaraq, bir də enib Emini bağrına basmaq, doyunca öpmək istədi. Amma kövrəlib, göz yaşlarını saxlaya bilməyəcəyini yəqin edib dərindən nəfəs aldı və onlara əl eləməklə kifayətləndi. Aysellə Emin də ona əl eləyir, arada Emin ona öpücüklər də göndərirdi. Nəvəsinin bu hərəkəti Nailəni çox sevindirirdi. Aysel də anasına baxıb gülümsəyirdi. “Axır ki onu istirahətə göndərə bildik. Murad da sağ olsun, hər şeyi düzüb qoşdu”, – qız sevincini saxlaya bilmirdi.

“Onları o qədər sevirəm ki. Onlar mənim hər şeyimdir. Mənim istirahətim də, rahatlığım da, həyatımın bütün mənası da onlarla bağlıdır, onların yanındadır. Nə olsun ki ikisi də ailə qurub, mənimlə birgə yaşamırlar. Onların mənə həmişə ehtiyacı var, elə mənim də onlara. Getməsəydim məndən inciyərdilər, onları necə qıra bilərdim. Amma nə xərcə salmaq istəyirdim, nə də onlardan ayrılmaq”, – deyə Nailə ürəyində fikirləşirdi.

Avtobus qapılarını bağlayıb yola düzəldi. Nailə dərindən nəfəs alıb oturacağa yayıldı, yanında əyləşən qadına bir də nəzər yetirdi. Son dərəcə rahat avtobusda özünü yaxşı hiss etdiyinə bir daha əmin oldu. Çantasını yoxladı, telefonuna baxdı. Murad hələ zəng vurmamışdı. “Yəqin iclasdadır, uşağın fikri yanımda qalıb” – deyə düşündü, ürəyi sızladı. Telefonundakı qeydlərə, tələbə yoldaşının Batumidəki ünvanına bir də nəzər yetirdi. Bu illər ərzində həmişə əlaqə saxlayıb, xətrini lap çox istədiyi Maqdanı görəcəkdi. Rəfiqəsini sonuncu dəfə Camalın yasında görmüşdü. Hər dəfə telefonla danışanda Maqda onu Batumiyə dəvət edir, Nailə isə dəvəti cavabsız qoyurdı. İndi nömrəni yığıb gələcəyini xəbər vermək istədi, sonra nə fikirləşdisə telefonu çantasına qoyub, ürəyində “Sağ-salamat çatım, zəng edib görüşərik” dedi. Camalın qəfil ölümü onu iliklərinə qədər necə sarsıtmışdısa, dörd il keçməyinə baxmayaraq, içindəki kədər ərimək bilmirdi.

Pəncərədən yola baxaraq tələbəlik illərini, ailə həyatını xatırlamağa başladı. O illərdəki özü ilə indi oturacaqda əyləşən Nailəni müqayisə etdi. Gördüyü fərqi araşdırmağa başladı. Bu illər ərzində heç vaxt bu haqda düşünməmişdi. Bəlkə də bu yol bir daha hər şeyi gözdən keçirmək üçün bəhanə, bəlkə də yolun uzunluğu xatirələrə dalmaq üçün şərt idi. Bu şüuraltı seçimdən onu mobil telefonuna gələn zəng ayırdı. Murad idi.Telefon açılandan üzrxahlıq edir, dayanmadan özünü nədəsə günahkar bilib susmurdu. Sonra kişiliyindən gələn hisslərə qapılaraq, “Özündən muğayat ol, telefonu açıq saxla, unutma, ora hər cür insan gəlir, özünə heç nədə korluq vermə, yaxşı-yaxşı dincəl, bəlkə vaxt tapsam özüm də qaçıb yanına gələcəm” dedi. Nailə oğlunun söylədiklərinə əhəmiyyət vermirdi, sadəcə səsini eşidib nəfəsini duyduğuna görə sevinirdi. “Səsi də, özü də, hətta xasiyyətindəki bəzi cəhətləri də atasına bənzəyir”, – deyə düşündü. Gözlərini qaldırıb avtobusun pəncərəsindən aydın səmaya baxdı və Yaradana ona belə gözəl balalar bəxş etdiyi üçün şükürlər oxudu. Onları belə mehriban, qayğıkeş, mərifətli böyütdüyü üçün özündən razı qalıb qürrələndi. Camalı düşündü. Heyf ki o bu günləri görmədi.

Avtobus dümdüz yolla şütüyür, sərnişinlərdən bəzisi bir-biri ilə danışır, bəzisi televizora baxır, bəzisi də gözlərini yumub mürgüləyirdi. Oturacaq yoldaşı televizorda komediya filminə baxıb elə hey gülürdü. Nailə də bu gülüşə qoşulub əylənmək, övladlarından, balaca nəvələrindən müvəqqəti ayrılığını unutmaq istədi. Amma içindəki kədərin acısını dünyanın heç bir komediyası ilə ovutmayacağını anlayaraq, gözləri ekranda olsa da, fikirləri onu çox uzaqlara, gənclik illərinə apardı. Ailəsinin, müəllimlərinin, rəfiqələrinin, gənc oğlanların sevimlisi Nailə gəldi gözünün önünə. Hamı ona gözlərindən gülən Nailə deyərdi. Əvvəllər bunun fərqinə varmayan Nailə həyat, ailə qayğısı və problemlərlə yükləndikcə gözlərinin heyrətləndiyinin, kədərləndiyinin, ağladığının da şahidi oldu. Həyat kədər və sevinci ilə onun gülən gözlərinə çökdü.Yaşa dolduqca bu gözlər daha da mənalı olub onu maraqlı qadına çevirdi. “Camalın vaxtsız ölümü olmasaydı, bu gözlər bu qədər qəmli olmazdı” deyə düşündü. Birdən keçmişə, gəncliyinə, Camalla yaşadığı illərə dönmək istədi. O illər üçün nə qədər darıxdığını hiss etdi. Gözlərini yumub avtobusun onu keçmiş günlərə aparacağını zənn etdi. Bunun mümkünsüzlüyünü duyub dərindən ah çəkdi. Nədənsə bu ahın avtobusdakıların hamısının eşitdiyini hiss etdi. Oturacaq yoldaşı da çevrilib ona baxdı.

Deyəsən, bir az yuxulamışdı. Avtobusun dayandığını duymamışdı. Ayılanda sərnişinlərin nəyəsə heyrətlənərək heyfsilənə-heyfsilənə danışdığını gördü. Qorxunc yol qəzası baş vermişdi. Qarşıdan çox sürətlə gələn minik maşını idarəetməni itirib yol kənarındakı dirəyə çırpılmışdı. Zərbə bərk olduğundan sürücü yerindəcə həlak olmuşdu. Polislər yolu müvəqqəti olaraq bağlamış, maşınların tək-tək ötüb keçə bilməsi üçün ensiz ara qoymuşdular. Bu tükürpədici səhnə yoldan keçənlərin diqqətindən yayınmırdı. Nailə bir anlıq harda olduğunu unutdu. Camalın yol qəzasını xatırladı. Onlar hadisə yerinə gələnəcən Camal keçinmişdi. Hadisəni öyrənənlər bir tərəfdə, təcili yardım o biri tərəfdə, qohumlar, Murad...

Nailə hər yerdə Camalı axtarırdı. Sükan arxasındakı cəsədin ərinin olması ilə barışmayan, gerçəyi yaxına belə buraxmayan, ağlına belə sığışdırmayan birinə çevrilmişdi. Dəhşətli yuxu görürmüş kimi ayılmaq, bağırmaq, özünü yerə çırpmaq istəyirdi. İndiyə kimi yaşadıqlarının təsirində imiş kimi yerində qurcalandı. Avtobus yoluna davam etdi. Qəza yeri arxada qaldı, bir azdan sərnişinlərin uğultusu da kəsildi. Bircə o, kədərinin acısını bir daha yaşayırmış kimi, başını söykənəcəyə dirəyib göz yaşlarını axıtdı. Onlar evlənəndə Nailənin iyirmi iki yaşı vardı. Elə universiteti bitirdikləri il valideynləri onlara toy eləmişdi. Camalla tanışlığı valideynlərinin sayəsində olmuşdu. Ailələrin dostluğu övladlarının evlənməsinə zəmin yaratmışdı. Elə ilk görüşdə gənclərin bir-birindən xoşu gəlmişdi. Camal həm çox yaraşıqlıydı, həm də ziyalı bir ailədə tərbiyə almış gənc idi. Hərçənd xasiyyətindəki tündməcazlıq, kobudluq, qısqanclıq Nailəyə qəribə gəlirdi. Hərdən anasına Camal haqqında nəsə xoşagəlməz söz deyəndə, qadın ağzının üstündən vuraraq, “Evlənəcəksiniz, hər şey keçib gedəcək” deyərdi. Amma illər ötdükcə Camalın xasiyyəti daha da mürəkkəbləşirdi. Əvvəl Murad, sonra Aysel dünyaya gəldi. Uşaqların varlığı belə Camalı dəyişdirmədi. Nailə də anasından Camala bəraət qazandırmaqdan savayı heç nə eşitmədi. “Ay qız, kişi belə olar da. Şükür, ac qalmırsınız, susuz qalmırsınız, nəyin çatmır ki? Evin, balaların, hər şeyin var”. Amma Nailə işləmək, sevdiyi peşə ilə məşğul olmaq istəyirdi. Camal buna heç cür razı olmur, “Otur uşaqlarına bax” deyirdi. Nailə də hirslənir, “Tanış olanda belə danışmamışdıq, sən mənim necə yaxşı oxuduğumu, sənətimi necə sevdiyimi bilirdin” deyə cavab verirdi. Amma Camal yenə tərsliyindən əl çəkməz, işdən hər söz düşəndə onu fikrindən daşındırmağa çaılşardı. Uşaqlar məktəb yaşına çatanda Nailə böyük çətinliklə də olsa işə düzələ bildi. Bir müddət Camalla arasında yaranan soyuqluğa baxmayaraq, həm ev işlərinin, həm də uşaqların qayğısının öhdəsindən gəlirdi. Bir tərəfdən sevdiyi ailəsi, o biri tərəfdən də xoşladığı işlə məşğul olmaq onu xoşbəxt edirdi. Camalın tündməcaz xasiyyətinə baxmayaraq, Nailə qadın xoşbəxtliyi deyəndə ağlına başqa bir şey gətirə bilmirdi. Uşaq yaşlarından anasından, nənəsindən, sonralar da qayınanasından aldığı tərbiyə bir azərbaycanlı qadının dünyagörüşünə beləcə hopmuşdu. Artıq o da qızı Ayseli bu ruhda böyüdür, atasının hərdən kobud davranışlarını ört-basdır edərək, ailəsindəki sülhü qoruyub saxlamağa çalışırdı. Evin qayğılarından yorulub işə qaçanda, “Nə yaxşı ki işləyirəm, nə yaxşı ki təhsil almışam, nə yaxşı ki sevdiyim müəllimə peşəsi ilə məşğul oluram” deyərdi. Kollektivin hörməti, şagirdlərinin sevgi və ehtiramı onu ruhlandırır, gərgin işdən sonra evə dönərkən “Nə yaxşı ki evim, ailəm vardı” deyərdi. Balalarının qoxusunu içinə çəkəndə, ailəsi üçün ləziz-ləziz xörəklər bişirəndə bütün yorğunluğu çıxardı. Beləcə həyatına əlvan rənglər qatıb, ömrünə ilmələr salırdı.

Avtobus sürətlə gedir, Nailə də sürətlə xatirələrini vərəqləyirdi, sanki bütün olub keçənlər haqqında düşünməyə zaman tapmışdı. Əslində zaman hər şeyi yoluna qoymuş, yenə də çay kimi axıb gedirdi. Zamanla övladlarını böyüdüb yerbəyer eləmişdi, zamanla Camalın itkisini yaşamışdı, zamanla gənclik illərini arxada qoyub qırx doqquz yaşına çatmışdı. Zaman ona hər şey verib çox şeyi almışdı. Amma heç vaxt onunla üz-üzə dayanmamışdı. İndi bu uzun yolda zaman özünü ona təslim etmiş, o da ömür kitabını vərəqləməyə fürsət tapmış kimi hər şeyi bir-bir gözünün önündən keçirirdi... Birdən gələcəyində anlaşılmaz boşluq gördü, özünü lazımsız hissetmə duyğusu qəlbinə hakim kəsildi, mənasız zamanla dolu kabus kölgəsi onu qarabaqara izlədi... Nailəni soyuq tər basdı, hətta çantasından əl yaylığını götürüb üzünü, əllərini sildi, bir az su içdi, oturacaqda qurcalandı. Kabus bəs sonra nələr olacaq deyirmiş kimi gözünün önündən heç cür getmirdi. Televizoru yandırdı, oturacaq yoldaşı elə möhkəm yatmışdı ki, onu oyatmamaq üçün qulaqcıqları taxıb nəyəsə baxmaq üçün ekranı çevirməyə başladı, sanki ekrandakıları gələcək həyatının boş qalmış səhifələrinə köçürmək istədi. Zamanın gözlərinin içinə baxıb, “Məni daha nələr gözləyir” deyə bağırmaq istədi. Sonra ürəyində “Bircə tez çatsaydım, lap ürəyim sıxıldı” dedi. Bəlkə də Aysellə Murad onun belə sıxıldığını görüb istirahətə yola salmaq fikrinə düşmüşdülər. “Bəlkə elə uşaqlarım məndən əvvəl bunu seziblər. Görəsən, doğrudandamı, mən tənhayam, təkəm? Bəlkə onlar düşünürlər ki, öz varlıqları və uğurları ilə məni qane etmirlər, yoxsa onları dəvətlərim, zənglərim, ziyarətlərimlə bezdirmişəm?..Yox-yox, belə axmaq fikirlər ancaq sıxıntıdan doğa bilər, yaxşı ki həyatım, təkliyim barədə oturub düşünməyə heç vaxtım olmayıb, yoxsa bu səfeh fikirlər məni lap məhv edər ki... Hər şey yaxşı olacaq, tezliklə yay tətili bitəcək, şagirdlərim, müəllimə yoldaşlarım, övladlarımın qayğıları yenidən həyatıma dolacaq”. Özünü toxdatdı, çantasından alma və peçenye çıxarıb yeməyə başladı. Avtobus Gürcüstan sərhədinə yaxınlaşırdı.

Tbilisi Nailənin sevimli şəhəri idi. Kürün ikiyə böldüyü, nə vaxtsa Qafqazın paytaxtı sayılan bu qədim şəhər onu öz gözəlliyi, köhnə abidələri ilə heyran edərdi. Avtobus sahil boyu yolla şütüdükcə yeni tikililər, maraqlı mənzərələr bir-birini əvəzləyirdi. Bu möhtəşəm şəhəri seyr etdikcə Nailə düşüncələrindən azacıq da olsa ayrılırdı.Yolun çox hissəsi geridə qalmışdı. Tezliklə Batumiyə çatacaqdı. Avtobusun yanından ailələrlə dolu minik maşınları ötüb keçirdi. Uşaqlıq illərində atası ilə, sonra isə Camalla bu yolu ailəlikcə getdiklərini xatırladı. Vətənə hər dəfə yeni təəssüratlarla dönürdülər. Amma indi yol ona yad və mənasız göründü. Bir anlıq özünü qərib hiss etdi. “Gərək gəlməyəydim, bir bəhanə tapıb bu istirahətdən vaz keçəydim” deyə düşündü. Görəsən, Qara dənizin dərin suları onun qəlbindəki bu kədəri yuyub aparacaqdımı?.. Yenə oturacağa yayxanıb xatirələrə daldı. Aysel və Muradın dəniz sahilində necə qaçıb şənləndiyini gözünün önünə gətirdi, necə də qayğısız idilər. Nə yaxşı ki Camal qızının toyunu gördü. Murada isə bu nəsib olmadı. Camal qızını heç Erkinə vermək istəmirdi, evdə bunun üstündə o qədər söz-söhbət olmuşdu ki. Gənclər bir-birini tələbəlik illərindən sevmişdilər. Hər ikisi memar idi. Atasının ağır və kobud xasiyyətinə görə Aysel uzun müddət bu sirri ürəyində saxlamışdı. Nəyi necə atasına çatdırmaqda ancaq anası dadına çata bilərdi. Elə belə də oldu. Çox böyük çətinliklə də olsa Camalı raz sala bildilər. Camal qızını öz yaxın qohumuna vermək istəyirdi. Nailə deyəndə ki qızın ona heç meyli yoxdur, Camal hirslənir, bütün günahı arvadında görürdü. O vaxt Nailə nə qədər əsəb gərginliyi yaşamışdı. Şükür, indi hər şey qaydasındadır. Erkin mehriban və məsuliyyətli adam idi. Nailə oğlunun seçimini də çox bəyənmişdi. Murad ağıllı bala idi. Evlənəndən sonra gəlinlə ikisi çox çalışdılar ki, Nailə onlarla birgə qalsın, təklikdən sıxılmasın, amma o, gənc ailənin sərbəst yaşamasına üstünlük verdi. Doğrudur, balaca Nurel doğulandan sona Nailə heç onlardan çıxmırdı. Hamı balacanı nənəsinə oxşadırdı. Onun kimi gözlərinin içi gülürdü Nurelin də. Onun içinə qəribə hisslər doldu, elə bildi ki, hamını, hər şeyi arxada qoyub başqa bir dünyaya gedir. Səfərə çıxmazdan öncə Camalın qəbrini ziyarət etmişdi. Ora tez-tez gedərdi. Camalın qəbir daşını tək qoymaq istəmirdi. Ora heç kimin eşitməyəcəyi yeganə məkan idi ki, Nailə ürəyini doyunca boşalda bilirdi. Onu yalnız Camal eşidirmiş kimi, Nailə bütün olanlardan, nəvələrindən, uşaqların xoşbəxt həyatından, onsuz necə darıxdığından, tənhalığın çəkdirdiyi iztirablardan danışardı.Yalnız Camalın qəbir daşı bilirdi onun ürəyindən keçənləri. Sonra gözünün yaşını silib evə dönər, hənirsiz otaqlara, hazırlayıb yeyə bilmədiyi xörəyinə, soyumuş yatağına baxardı. Uşaqları zəng edəndə heç nə olmamış kimi gözünün yaşını silib, səsinə gülüş qatıb onlarla danışardı. Dörd il idi ki, heç nə ona əvvəlki kimi mənalı və gözəl görünmürdü. Nə yaxın və doğma adamlarının diqqəti, nə də işdəkilərin qayğısı onu ovuda bilmirdi. Sanki hər şey vardı, heç nə yox idi. “Sən məni elə bir vaxtda tərk etdin ki, Camal!.. Bir-birimiz üçün yaşayacağımız illəri nədən hesaba almadın?.. Axı biz bütün qayğı və problemlərimizi çözüb, bundan sonrakı ömrümüzü bir-birimizə həsr etməliydik. Bu yaşımızda bir-birimizi yenidən tanımalı, sevməli, yeni-yeni arzuların ardından getməliydik”. Hər dəfə qəbir daşına bu sözləri deyər, daşın üzərinə həkk olunmuş Camalın sükutunu cavab sayardı. Bəzən qəbir daşına sağlığında Camala demədiyi xoş sözləri, bəzənsə ondan incidiyini, küsdüyünü deyərdi, hətta ərinin onun qəlbini qırdığı anları xatırlayıb töhmətləyərdi. Onların ailə həyatında nələr yaşanmamışdı ki... Camal kinli adam idi. Bəzən hansısa anlaşılmazlıqdan uzun müddət qaş-qabağı açılmazdı, Nailəni də, uşaqları da acılayardı. Sonra da heç nə olmamış kimi onları gəzintiyə, yeməyə götürüb könüllərini almağa çalışardı. Uşaqlar balaca olanda Camal işinin çoxluğunu bəhanə edib evə gec və içkili gələrdi. Nailə onun hərəkətlərinə qəzəblənər, bunu heç də yaxşı qarşılamazdı. Camal da qışqır-bağır salmasına rəğmən, səhvlərini təkrar etməzdi. O, ailəsini özünəməxsus sevgi və qayğı ilə əhatə etmişdi. Ailə içindəki dava-dalaş evin divarlarından kənara sızmazdı. Onlar hamının gözündə mehriban və xoşbəxt ailə idi...

Qara dənizin sahilləri görünməyə başladı.Yol boyu istirahət yerləri, çimərliklər baş alıb gedirdi. Nailə bu kiçik kurort şəhərini uşaqlıqdan sevirdi. Şəhərin tarixini, adını, coğrafi mövqeyini həvəslə öyrənmişdi. Bəzi tarixçilər onun adını Çingiz xanın nəvəsi Batı xanın adı ilə əlaqələndirirdilər, bəziləri isə günəşin batdığı məkan olduğundan Batumi adlandırırdı. Burda sonuncu dəfə Camalın sağlığında olmuşdular. O vaxtdan bəri şəhər daha da gözəlləşmiş, yeni əyləncə mərkəzləri, restoranlar, otellər, abidələr, kanat salınmışdı. Şəhərin bu əsrarəngiz görüntüsü onun əhvalını yaxşılığa doğru dəyişdi. Uzaq yoldan sonra gördüyü bu mənzərəyə sevindi. “Yaxşı ki uşaqları qırmadım, gəldim” deyə fikirləşdi. Avtobus gəmi limanının yanından keçib avtovağzalda dayandı. Nailə burdan otel üçün ayrılmış xüsusi avtobusa minərək yoluna davam etdi. Murad hər şeyin yaşxısını təşkil etmişdi. Atası da beləydi. Heç nədə xəsislik etməzdi. İstirahətə gətirəndə ən yaxşı restoranları gəzdirər, bahalı oteldə qalardılar. İmkanı daxilində onlara heç nədə imtina etməzdi. Xidməti avtobus yeni üslubda tikilmış böyük və gözəl bir otelin qarşısında dayandı. Onu mehribanlıqla qarşılayıb nömrəsini təqdim etdilər. Otaq Nailənin çox xoşuna gəldi. Balkon şəhərin ən gözəl mənzərəsinə açılırdı. Qara dənizin suları bütün möhtəşəmliyi ilə bərq vururdu. Nailə bu gözəl mənzərəni bütün varlığı ilə içinə çəkdi. Sonra otağa keçib əşyalarını rahatladı. Ayselə, Murada zəng edib sağ-salamat gəlib çatdığını söylədi. Hamamlanıb əynini dəyişdi, axşam yeməyinə endi. Yeməklərdən seçib pəncərə kənarında əyləşdi. Restoranın geniş və işıqlı salonundan, yüksək səviyyəli xidmətindən razı qaldı. Gürcü yeməkləri ləzzətli idi. Yeməyini aramla yeyir, burda bir az ləngimək istəyirdi. Onsuz da gecikən yeri yox idi. Restorandan çıxıb otelin həyətində bir az gəzişdi. Qulağına hərdən öz doğma dilində danışan azərbaycanlıların səsi gəlirdi. İstirahət edənlərin əksəriyyəti ailələr idi. Ürəyindən öz yaşına uyğun bir qadın tapıb söhbət etmək keçdi. “Yəqin növbəti günlərin birində həmsöhbət taparam. Bəlkə mənim kimi taleyüklü biri də yolunu azıb buralara qədər gəlib çıxıb” deyə fikirləşdi. Sonra Maqdanı xatırladı. “Bilsə ki bura gəlib oteldə qalmışam, ona deməmişəm, məni o ki var danlayacaq. Sabah mütləq onunla danışıb görüşəcəm”. Maqdanın şirin söhbətlərini, şən qəhqəhələrini, mehriban xasiyyətini xatırladı. O heç vaxt müəllim işləmədi. Ailə qurduqdan sonra həyat yoldaşı ilə öz bizneslərini qurub, tez-tez Türkiyəyə getməyə başladılar. Son illər isə Maqda ticarətlərinin böyüdüyünü , mağazalar şəbəkəsi açdığını deyirdi. Maqda çox sədaqətli dost idi. Dostluqları elə universitetin birinci kursunda başlamışdı. Anası gürcü qızı, atası azərbaycanlı idi. Nailə Bakıda yaşadığından Maqda tez-tez onlara gələrdi. Sonra valideynləri də tanış oldular. Bu adı ona babası qoymuşdu. Qızlar hər dəfə ondan adının mənasını soruşanda gülə-gülə “Babamın polşalı sevgilisinin adı olub” deyərdi. Maqdagil əslən Tbilisidən olsalar da, ticarət işi ilə əlaqədar Batumiyə köçmüşdülər, bir qız övladı vardı. Beş illik tələbəlik illərinin ən xoşbəxt günləri Maqda ilə keçmiçdi. Onunla hər şeyi bölüşə bilərdi. Ailə qurduqdan sonra əri Nailənin rəfiqələri ilə münasibət saxlamasını o qədər də istəmirdi. Elə müxtəlif atmacalarla onu rəfiqələrindən soyutmağa çalışırdı. Nailə isə onları çox sevir, həmişə xeyirdə-şərdə, adi günlərdə belə sohbət etməyə vaxt ayırardı. Lakin Camal öldükdən sonra o öz kədəri ilə heç kəsin əhvalını pozmaq istəmədi. Sanki hər şeydən və hamıdan qaçmağa başladı, bəzən də sıxılırdı. Nədənsə ona elə gəlirdi ki, hamı onun taleyinə acıyır, heyfsilənir. Axı, doğrudan da, Nailə ürəkdən gülə bilmirdi. Gözlərindəki qüssəni gizlətməyi bacarmırdı. Maqda bu halında belə onu tək buraxmırdı. Bakıya gəlməsə də, tez-tez internetlə görüntülü danışır, hər dəfəsində də Batumiyə dəvət edirdi. İndi Nailənin qəfil gəlişi Maqda üçün əsl sürpriz olacaqdı.

Otağına çıxmağa tələsmədi. Otelin həyətində bir az da gəzişdi. Günəş yavaş-yavaş qüruba enir, şər qarışırdı. Günəşin batdığı şəhərdə bu mənzərəni seyr etmək başqa bir həzz verirdi . Otelin həyətinə müxtəlif maşınlar girib çıxırdı. Nailə həyətdə sıxlıq hiss edib otelə tərəf getdi. Avtomobillərin biri onun yanından keçib dayanacaqda saxladı. Maşından əlli dörd-əlli beş yaşlarında qədd-qamətli, dolu bədənli, çal saçlarını səliqə ilə arxaya daramış yaraşıqlı bir kişi düşdü. Baqajdan çamadanını, kompyuter çantasını götürüb Nailənin arxasınca otelə doğru addımladı.

Qeydiyyat şöbəsindəki oğlan Nailəyə əvvəlcə rus, sonra ingiliscə müraciət etdi. Nailə onun durduğu yerə yaxınlaşdı. Oğlan sabah hansı gəzintilərin saat neçədə olacağı barədə məlumat verdi. Otelə təzə gələn adam da şöbəyə yaxınlaşıb, öncədən otaq sifariş verdiyini dedi və sənədlərini təqdim etdi. Oğlan sənədi götürüb kompyuterdə nəyisə araşdırmağa başladı. Gələn qonaq bundan istifadə edərək ətrafa nəzər saldı. Nailə məlumat verdiyinə görə üzündə təbəssüm oğlana öz dilində sağ ol dedi. Bu zaman qonağın ona necə maraqla baxdığını sezdi. Həmin adam bir anlıq gözlərini qadına dikdi. Nailə istirahətə tək gələn kişiləri heç bəyənmirdi. Yadına bir anlıq qayınanasının onu qoyub istirahətə tək gedən ərindən gileylənməsi düşdü. Tanış qadınlardan da ərlərinin kurorta tək getməsindən, oradaki sevgi macəralarından çox eşitmişdi. İndi yanında duran adamın ona belə maraqla baxması sanki fikirlərini təsdiqlədi. Söykənəcəkdən aralanıb liftə doğru addımladı. Sonra birdən ağlından “Mən də tək gəlmişəm, acımı ovutmağa gəlmişəm” fikirləri keçdi, sanki kimisə qınadığına görə vicdanı sızladı. Liftin düyməsini basdı. Xidmətçi oğlan da həmin adamla birgə Nailənin mindiyi liftə daxil oldu...

Yorğunluğuna baxmayataq, Nailənin gözünə yuxu getmirdi. “Görəsən, Maqdaya indi zəng etsəm necə olar? Necə olacaq ki?! Çox sevinəcək”. Bunu düşünüb nömrəni yığdı. Maqdanın şən səsi otağı bürüdü.

Nailka, sənsən, neçəsən? Nə xoş sürpriz. Elə bir gün yoxdur ki səni düşünməyim. Gör neçə vaxtdır ki görüşmürük. Yatmayacaqsansa gəlim səni görüm. Ay qız, məni nə qədər sevindirdin, bir bilsən. Sən bizim vətənə xoş gəlmisən. Gör səni bacın necə gəzdirəcək. Allah Aysellə Muraddan da razı olsun. Nə ağıllı iş görüblər. Axır ki şeytanın qıçasını qıra bildin.Maqda birnəfəsə danışır, kirimək bilmirdi. Nailə onu otelə sabah gəlməsinə güclə razı saldı.

Bu gecə gözümə yuxu getməz, – deyə Maqda ürəkdən güldü. – Sabah səhər gəlib səni evimizə götürəcəm. Bir də Murada ayıb olsun ki, xalasının bu boyda ev-eşiyi olduğu halda səni otelə göndərib. Eybi yox, ondan bunun heyfini sonra alaram. Birdən Nailənin yadına sabahkı dağ-meşə gəzintisi düşdü.

Maqda, sabah bizi dağ-meşə gəzintisinə aparırlar, bəlkə sən də mənə qoşulasan. Əgər heç bir işin yoxdursa, həm gəzərik, həm də söhbətləşərik, nə deyirsən? – deyə soruşdu.Maqda şaqraq səsi ilə cavab verdi:

Səndən vacib nə işim olacaq ki?! Canla-başla gələrəm. Bir bilsən sənin üçün nə qədər darıxmışam. Bu dəqiqə bütün evi, Georgini, Tamaranı ayağa qaldıracam, görün bura kim gəlib deyə bağıracam.Nailə özünü saxlaya bilməyib ürəkdən qəhqəhə çəkdi.

Heç dəyişməmisən, ay Maqda, daha bəsdir, sakitləş, sabah görüşərik.Maqda isə sakitləşmək bilmir, “Sən mənim ən əziz bacımsan, dostumsan, ailəlikcə səni çox sevirik, bir görsən bacın nələr yaradıb”, – deyə səslənirdi. Nailə Maqdanı birtəhər sakitləşdirib sabah görüşmək ümidilə xeyirli gecə arzuladı. Sonra yatağına uzanıb şirin yuxuya getdi. Onu yuxundan mobil telefonuna gələn aramsız zənglər oyatdı. Maqda gəlmişdi. Otelin girişində onu gözləyirdi. Nailə cəld əl-üzünü yuyub əynini geyindi. Saçlarını daradı, ətir vurdu. Nədənsə ona ela gəldi ki, güzgünün qarşısında cox ləngidi. Sanki Maqda ilə görusmək onu gənclik illərinə aparacaqdı. Cantasına bir neçə əşyasını qoyub tələsik otaqdan cıxdı, sonra yadına düsdü ki, meşədə hava sərin olur, çiyninə atmağa yüngül bir jaket götürdü, iti addımlarla liftə sarı getdi... Rəfiqələr bir-birinə sarılıb, bir müddət elə beləcə dayandılar. Nailə ağladı. Maqda onun əlindən tutub otelin həyətində yerləşən kafeyə tərəf apardı. Əslində hər ikisi başqa cür görüşməyi düşünmüşdü. Əvvəllər gülə-gülə, bir-birini öpə-öpə qucaqlaşan rəfiqələr indi qəhvə sifariş edib baxışırdılar. Sükutu Maqda pozdu.

Allah rəhmət eləsin! Camal öldü, torpağa qovuşdu, onun da alın yazısı belə imiş. Ölənlə ölmək olmaz ki. Ağlamaqla nə onu geri qaytara, nə də özünü ovuda bilərsən. Sən həyatda olub keçənlərə bir başqa cür yanaşmalısan. Qırx doqquz yaş qadının ən gözəl, ən müdrik dövrüdür. Maqda ona bu sözləri təsəlli vermək üçün demirdi. O, Nailəni xoşbəxt görmək istəyirdi. Nailə də Maqdanın qarşısında heç belə görünmək istəmirdi. Bəlkə də elə buna görə idi ki, son illər bir çox tanışlarından, rəfiqələrindən uzaq dururdu. Özünü nə qədər ələ almaq istəsə də, doğma birini görən kimi kövrəlirdi. İndi də belə oldu. Maqdanı görmək eşqi ilə ürəyi döyündüyü halda gözlərindən yaş süzülürdü. Rəfiqəsi onun kefini açmaq üçün telefonda qızının Fransada çəkdirdiyi şəkillərini göstərmyə başladı. Nailə də öz növbəsində ona nəvələrinin şəklini göstərdi. Sonra onlar tələbəlik illərini xatırladılar. Gəzintiyə aparan avtobus otelin həyətinə daxil oldu. Nailə ilə Maqda özlərinə yer tutdular. Tura gedənlərin hamısı əcnəbilər idi. “Bizdən başqa azərbaycanlı yoxdur”, – deyə Nailə Maqdaya baxıb güldü. Avtobus tərpənər-tərpənməz sonuncu sərnişin də özünü çatdırıb, onların qarşısındakı oturacaqda əyləşdi. Nailə onunla dünən axşam qeydiyyat şöbəsində rastlaşdığını xatırladı... Avtobus mənzərəli yolla gedirdi. Rəfiqələr söhbət edir, arada Maqdanın şirin qəhqəhəsi eşidilirdi. Ən çox da Maqdanın söhbəti bitib tükənmirdi. Nailə ona diqqətlə qulaq asır, ürəyində nə yaxşı ki varsan deyirdi. O isə Nailəni kövrəldən nə bir xatirə, nə bir söz söyləyirdi, əksinə, rəfiqəsini şənləndirmək için dəridən-qabıqdan çıxırdı. Demək olar ki, onlardan başqa heç kim söhbət etmir, hamı dağları, meşələri seyr edirdi. Birdən ikisi də susub sürücünün qoyduğu mahnını dinləməyə başladı. Musiqi o qədər tanış gəlirdi ki. Amma gürcü dilində oxunduğundan mahnını tam aydınlaşdırmaq Nailə üçün çətin idi. Maqda bunun gürcü mahnısı olduğunu, Nailə isə musiqinin Azərbaycana məxsus olduğunu deyirdi. Aralarında kiçik mübahisə düşdü. Bu zaman qarşı oturacaqdakı adam çevrilib bu mahnının (“Ay dili dili dilavər”) Azərbaycanın xalq mahnısı olduğunu dedi. Qadınlar mübahisəni kəsməyə çalışan bu adamın yersiz müdaxiləsindən çox onun azərbaycanlı olduğuna heyrətləndilər. Bayaqdan avtobusda azərbaycanlı olmadığına əmin olub hər şeyi danışan, arada hətta zarafatlar belə edən qadınlar bir az karıxdılar. Nailə mahnının sözlərini də xatırladı. Maqda uduzduğunu boynuna aldı. Onlar bir müddət susdular.Yalnız arada Maqda pıçıltı ilə nəsə deyir, gülümsəyirdi. “Deməli, azərbaycanlıdır, hardansa tanış gəlir, amma xatırlaya bilmirəm. Mərifətli adama oxşayır”, – deyə Nailə bu adam haqqında düşündü. O, insanlar haqqında düşüncələrində heç vaxt yanılmazdı. Bir tərəfdən müəllimlik peşəsi, digər tərəfdən də güclü fəhmi ona bu işdə yardımçı olurdu. Həmişə özünü təqdim edəndə “İnsan fabrikində işləyirəm” deyərdi. Nə qədər şagird yola salmışdı. Hərəsi də bir xasiyyətdə. Birinci dəfə oteldə, indi isə oturacaqların arasından onun gözlərinin içinə baxıb nəsə deməsi və haqlı olduğunu söyləməsi Nalənin bu adamı hardansa tanıdığına zəmin yaradırdı. Baxışları təmiz, gözləri mənalı, amma bir az kədərli idi. Nailə onun gözlərindən ürəyinə gedən işıqlı yolu da sezdi. Sonra bu adama bu qədər əhəmiyyət verməsindən utanıb, başını Maqdanın çiyninə qoyaraq yola tamaşa etməyə başladı. Avtobus meşənin içində tikilmiş əyləncə mərkəzinin önündə saxladı. Hamı həvəslə meşəni gəzməyə, əylənməyə başladı. Rəfiqələr meşəni gəzir, mənzərəli yerlərdə şəkillər çəkdirir, dadlı gürcü yeməkləri sifariş edib ləzzətlə yeyirdilər. Maqda ilə darıxmaq mümkün deyildi. Onun şən zarafatları, şirin söhbətləri Nailəyə məlhəm kimi gəlirdi. Əslində Nailə də belə birisi idi. Maqda ilə onları elə bu məziyyətləri birləşdirirdi. Nailə hər şeyi unudub Maqda ilə şənlənməyin dadını cıxarmaq istəyirdi. Arabir onlarla yanaşı gəzən azərbaycanlının ona qəribə baxışlarla baxdığını görürdü. Gəzinti axsama qədər davam etdi. Geri qayıdanda avtobusdakıların hamısı yorğun görünürdü. Rəfiqələr otelə catmalarını gözləyirdilər. Onlar baş-başa verib yola baxırdılar. Maqdanın onu evinə aparmaq cidd-cəhdinə baxmayaraaq Nailə razılaşmadı. Rəfiqələr otelin girişindəcə sağollaşıb ayrıldılar. Maqda gedərkən dedi:

Sabah ərimlə gəlib səni restorana aparacağıq. Gözəl restoran tanıyıram, Georgi ilə orda tez-tez oluruq. Canlı musiqisi də var. Sən canlı musiqi xoslayırsan, deyərik sənin üçün Azərbaycan mahnıları da çalarlar. Beləcə, Nailə şən əhval-ruhiyyə ilə otel nömrəsinə qalxdı. Hamamlanıb əynini dəyisdi. İnternetə qoşulub Murada və Ayselə meşedə çəkdirdiyi şəkilləri yolladı. Nədənsə uşaqları bu müddət ərzində ona bircə dəfə zəng vurmuşdular, yəqin istirahətinə mane olmaq istəmirdilər. Divanda uzanıb bivaxt yuxuya getdi. Ayılanda saat 23:00-u göstərirdi. Axsam yeməyini ötürdüyünü anladı. Balkona çıxdı. Elə bil şəhər də onun kimi indicə yuxudan oyanmışdı. Hamı küçədə, bayırda idi. O da sahilə çıxıb gəzişmək istədi. Amma bunu sabah səhərə saxladı. “Sabah həm dənizdə çimərəm, həm də sahili gəzərəm” deyə düşündü. Balkonda xeyli oturub şəhəri seyr etdi, sonra içəri keçib, özü ilə gətirdiyi kitablardan birini götürüb oxumağa başladı...

Səhər yerindən rahatlıqla qalxdı. Əynini geyindi. Çimərlik paltarını çantasına qoydu. Bərk acdığını hiss edib otelin restoranına gəldi, yenə də pəncərə kənarında oturub aramla yeməyə başladı. Sonra oteldən çıxıb, yavaş-yavaş sahilə doğru addımladı. Səhər tezdən olmasına rəğmən, dənizin sahili, bulvar adamla dolu idi. Sanki gecəni heç kəs yatmamışdı. Diqqətini Əli və Ninonun şərəfinə qoyulmuş abidə cəlb etdi. Ona tərəf gedib, abidəni diqqətlə nəzərdən keçirdi. Sonra çimərliyə gəlib, dincəlmək üçün qoyulmuş uzanacaqlardan birini seçdi. Çimərlik paltarını geyinib dənizə girdi. Qara dənizin suları dərin, soyuq idi. Çox dərinə getməkdən çəkindi, bir az üzüb suyun icində var-gəl etdi, sanki ürəyinə, canına hopmuş ağırlığı sulara buraxmaq istədi, hətta yadına nənəsinin usaq vaxtı ona öyrətdiyi “Ağırlığım, uğurluğum çaylara, daşlara, göydə uçan quşlara” kəlmələri də düşdü.

Sahilə çıxanda ona elə gəldi ki, həqiqətən də, bütün ağırlığını suya verib. Uzanıb göylərə, uzaqdan görünən gəmilərə baxdı. Yenə xatirələrə daldı. Uşaqlarla bu sahildə gəzdiyini, Camalın dənizdə uşaqları necə çimizdirdiyini, əylənmələrini, dondurmaları necə ləzzətlə yeməklərini xatırladı. Beləcə, bir müddət sahildə uzanıb qaldı. Sonra yenə suya baş vurdu, bu dəfə dənizdə cox qaldı. Doyunca çimdi. Əynini dəyişib illər öncə dondurma verilən yerə tərəf getdi. Balaca dükan əvvəlki yerində dururdu, dondurmanın dadı da elə həminki kimi ləzzətli idi. Sadəcə nə Camal, nə də uşaqlar vardı...

Nə qəribə həyatdır, bəzən adamı olduğu yerdən alıb başqa bir yerə qoyar və deyər ki, burdan davam et. Nailə həyatını bundan belə necə davam etməli sualına cavab tapa bilmirdi. Maqdanın dünən ona söz arası dediyi təkliflər, nəsihətlər yadına düşdü. “Eh, Maqdanın ağlına nə gəlirsə, onu da danışır. Bundan belə mən hec kəslə həyatımı paylaşa bilmərəm. Balalarımın xoşbəxtliyi elə mənim də xoşbəxtliyimdir”. Fikrini dağıtmaq üçün delfinariyaya getmək istədi, amma onu da sabaha saxladı. Gəzə-gəzə gəlib otelə çatdı. Nömrəyə qalxıb yuyundu, saçlarını səliqəyə saldı. Ayselin və gəlini Xumarın ona ad günündə hədiyyə etdikləri firuzəyi paltarını geyindi. Usaqların dediyinə görə, bu paltar ona çox yaraşırdı. Çimərlikdən sonra özünü çox yüngül və rahat hiss edirdi. Güzgünün önündə özünə bir az tumar verib günorta yeməyinə endi. Nailənin simasına əvvəllər olduğu kimi qəribə bir təbəssüm çökmüşdü.

Günorta Maqda zəng çaldı, “Axşam saat səkkizdə səni gəlib aparacağıq, hazırlaş” dedi. Birdən Nailənin yadına düşdü ki, restorana geyinmək üçün xüsusi paltar gətirməyib. Çamadandakı paltarlarını bir də gözdən keçirdi. Son illər şənliklərdən qaçdığı üçün qarderobunda ziyafət paltarları yox idi. Axşama hələ xeyli vardı. Yeməkdən sonra onsuz da nə edəcəyini bilmirdi. Ən yaxşı halda kitab oxuyacaqdı. Nömrəyə qalxıb çantasına pulqabını və gün eynəyini qoydu. Qeydiyyat şöbəsində oturan qızdan hardan gözəl ziyafət paltarı almaq olduğunu soruşdu. Qız ona bəzi mağazaların ünvanını söylədi və yolunu başa saldı.

Elə ilk ünvandakı mağazada bir neçə paltar seçdi. Satıcı qız paltarları onun əynində bəyənir, rus dilində xoş sözlər deyirdi, “Amma yaxşı olar ki, qara deyil, başqa rənglər də seçəsiniz” təklifini verirdi. Doğrudan da, Nailə hər üç paltarı qara rəngdə seçmişdi. Camal sağlığında onu heç vaxt qara rəngdə geyinməyə qoymazdı. Onun ölümündən sonra Nailə hər şeyi qeyri-ixtiyari qara rəngdə alırdı. Son zamanlar gəlini və qızı onun geyimlərinə müdaxilə edirdi. İndi də Aysel yaşında olan bu satıcı qız ona digər rəngdə paltar seçməyi təklif edirdi. Elə də oldu. İsti yay gününə uyğun sarı rəngli gözəl bir gecə paltarını əyninə geyindi. Paltar onu yaşından çox cavan və şux göstərdi. “Axı bu mənim yaşıma uyğun deyil” – qıza dedi. Satıcı qız üzündə təbəssüm etiraz etdi:

Siz çox gözəl və yaraşıqlı qadınsınız. Paltarların üstündə onların ölçüləri yazılır, yaş həddi yox. Bu paltar bütün gözəlliyinizi üzə çıxardı. Görün əyninizdə necə qəşəng oturub, deməli, sizin üçün nəzərdə tutulub. Fikirinizdən daşınmayın. Qoy bu paltar sizə xoşbəxtlik gətirsin. Ayaqqabı və çanta seçimində də çətinlik çəkmədi. Bazarlığını edib, xoş sözlərə görə satıcı qıza minnətdarlığını bildirdi.

Axşam saat səkkizə az qalmışdı. Nailə çoxdan bəri yaşamadığı bir qadın həvəsi ilə təzə paltarını, ayaqqabılarını geyindi, saçlarını paltarına uyğun düzəldib, güzgünün önündə özünə xeylı tamaşa etdi. Deyəsən, satıcı qız doğru söyləmişdi. O bu paltarda çox şux və gözəl görünürdü. Bu xoş əhval-ruhiyyəni saxlamaq üçün sanki zamanı durdurmaq istədi.

Maqda zəng edəndən sonra Nailə ətrini vurub, çantasını götürərək otaqdan çıxdı. Liftin aşağı enən düyməsini basıb gözlədi. Qapı açılar-açılmaz içəriyə doğru can atdı və liftdən çıxan adamla üzbəüz gəldi. Bu adam meşə gəzintisinə birgə getdikləri həmin azərbaycanlı idi. “Axşamınız xeyir”, – deyə həmyerlisi Nailəni salamladı. Qadın gözlərini aşağı dikib gülümsəyərək, “Axşamınız xeyir”, – deyə cavab verdi...

İsgəndər nömrəsinə keçib, otağın havasını dəyişmək məqəsədi ilə balkonun qapısını açdı. Balkona çıxıb aşağı baxdıqda indicə liftdə rastlaşdığı qadının rəfiqəsi və yanındakı kişi ilə görüşdüyünü gördü. Zahirən gürcü millətinə oxşayan bu kişi onun əlindən öpüb nəsə danışırdı. Sonra birgə maşına oturub harasa getdilər.

Otelə gəldiyi ilk gün qarşılaşdığı bu qadın haqqında bir anlıq düşündü: “Necə də qəşəng və məlahətli qadındır. Sifətində uşaq məsumluğu, davranışlarında zəriflik var. Onu az gördüyümə rəğmən, hərəkətlərində azərbaycanlı qadınlarına məxsus bəzi dəyərləri müşahidə etmişəm”. Sonra bu cür yaraşıqlı qadının bura niyə tək gəldiyini düşündü. Şərq kişisinə məxsus təfəkkürlə “Görəsən, əri niyə tək burarxıb?”, – deyə özünə sual verdi. “Bəlkə heç əri yoxdur, ya da iş adamıdır, özü gələ bilməyib”. Ağlından min cür fikir keçdi. “Görəsən, hansı bəxtəvərin qadınıdır? Necə də ciddi və mədəni xanımdır”. Yadına bu yaraşıqlı xanımın avtobusdakı söhbətləri, meşə gəzintisi, otelin həyətində oturub kitab oxuması düşdü. Yəqin ki əri var. Görünüşündən və hərəkətlərindən tərbiyəli və ağıllı qadına oxşayırdı. Burdakı qadınlardan çox seçilirdi. İsgəndər bu qadın haqqında nədənsə çox düşündüyünün fərqinə vardı. Əgər evli xanımdırsa, başqasının arvadı haqqında belə fikirləşməsi arına gəldi. Hər kimin xanımıdırsa, xoşbəxt olsun. Sonra otağa keçib əynini dəyişdi. Axşam yeməyinə endi. Bu gün çimərlikdə tanış olduğu Nikolas da xanımı ilə şam edirdi. Nikolas onu görən kimi əli ilə yanına çağırdı, onu arvadı ilə tanış etdi. Birgə şam yeməyi yedilər. Nikolas zarafata salıb dedi:

Bəs sənin xanımın hardadır? Belə yaraşıqlı kişini hansı qadın tək buraxıb? Arvadı ərinin sözünə qüvvət verdi:

Azərbaycanlılar istirahətə tək gəlməyi xoşlayırlar.İsgəndər gülümsəyib dedi:

Mən azərbaycanlı olsam da, otuz beş ildən artıqdır ki, vətəndə yaşamıram. Ara-sıra xeyrə-şərə gəlirəm, bəzən heç işin ağırlığından bunu da edə bilmirəm. Nikolasın arvadı böyük maraqla sual verməyə başladı:

Bəs bizim dilimizi hardan bilirsiniz?Mən əslən Bolnisidənəm. Orta məktəbi orda bitirmişəm. Gürcü dili ikinci ana dilim sayılır. Qonşularımız, dostlarımın çoxu gürcü idi. Nə yaxşı dili unutmamısınız, bu cür yaxşı danışırsınız?Bu dil mənə uşaqlıq xatirələrim kimi əzizdir.Heç vətənə dönmək istəmirsiniz? – bu dəfə Nikolas dilləndi.Məktəbi bitirdikdən sonra müəyyən səbəblərdən burda instituta qəbul ola bilmədim. Volqoqrada dayımın yanına getdim. Orda İnşaat Mühəndisləri Universitetinə daxil oldum. Gündüzlər oxudum, gecələr işlədim. Sonra işimi, karyeramı qurmaq illərimi aldı.Yəqin ki həyat yoldaşın azərbaycanlıdır, – Nikolas dedi.İsgəndər qəribə peşmançılıq hissi ilə cavab verdi:

Yox, bu mənə nəsib olmadı. Rus qadınla ailə həyatı qurdum. İki övladım var. Rusiyada belə bir kişini heç subay buraxarlar. Deməli, rus qızlarının əlindən canını qurtara bilməmisən. – Nikolas gülə-gülə əlini İsgəndərin çiyninə vurdu. – Yəqin elə buna görə də vətənə dönə bilməmisən. Bu arada ingilislərin yaxşı bir kəlamı var: “Haralısan? Hələ evlənməmişəm”.Nikolasın zarafatı İsgəndərə xoş gəlmədi, bu, təzə tanışının gözündən yayınmadı. Odur ki, söhbətin məğzini dəyişərək dedi:

Səninlə tanış olduğuma çox şadam, İsgəndər. Yaxşı ki vaxt tapıb vətənə gəlmisən. İnsan yaşa dolduqca vətən torpağı onu çəkir. Bir də ki heç vaxt heç nə gec deyil. İstəsən geri dönüb, Azərbaycanda da, Gürcüstanda da öz işini qura bilərsən. Sənin məşğul olduğun sahə burda çox inkişaf edib.Düzü, neçə vaxtdır ki, bu haqda düşünürəm. Bakıya köçmək, orda yaşamaq istəyirəm. Bütün qohumlarım, qardaşım, bacım orda yaşayır. Bir tək kiçik qardaşım yurdda qalıb, amma onun da uşaqları Bakıda təhsil alır. Gələndə Bakıdan yolumu saldım. Yaman böyüyüb, dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Səkkiz ildir ki, Azərbaycana gəlmirdim. Düşünürdüm ki, valideynlərimin vəfatından sonra məni buralara heç nə çəkməz. Elə hərdən televizorda Azərbaycanı göstərəndə vətənimin necə abadlaşdığını, gözəlləşdiyini görürdüm. Gələrkən də bunun canlı şahidi oldum. Sonra da Bolnisiyə ata yurduma getdim, ordan da bura gəlib bir həftəlik dincəlməyi qərara aldım. Dünyanın çox yerində olmuşam, amma doğma yerlərin havasının, suyunun, adamlarının yerini heç nə vermir. Bunu illər ötdükcə daha çox anlayıram.Yoldaşın necə, səninlə bərabər gələcək? Hər halda rusdur. Onu dilə tutub Azərbaycana gətirmək çətin olmaz ki? – Nikolas sual dolu baxışlarını İsgəndərə dikdi. Arvadı İsgəndərin cavabını gözləmədən özü ərinin sualını cavablandırdı:Əlbəttə, gələcək. Sevirsə gələcək. Ərini tək buraxmayacaq ki. Bu yaşdan sonra ər-arvad bir-birinə daha çox bağlanır.Hərçənd ərini buralara qədər tək buraxıb, – deyə Nikolas ona etiraz etdi.İsgəndər bu mehriban və səmimi ər-arvadın sözlərinə qulaq asıb köks ötürdü. Sonra yemək süfrəsindən minnətdarlıqla ayrılıb otağına döndü.

Notbukunu açıb gələn məktubları nəzərdən keçirdi. Şirkətdəki vəziyyəti izlədi. Sonra qovluqdakı şəkilləri bir-bir çevirdi. Oğlu Səmədin, qızı Lenanın, arvadı Katyanın şəkillərinə baxdı. Balaları üçün darıxdığını hiss etdi. Səhər Səmədlə danışmışdı. Lenanın isə Avropadakı tətili başını elə qatmışdı ki, hərdən atasına zəng etməyi də unudurdu. “Bəlkə də anasına görə məndən bir az inciyib. Hər halda qızlar anasına çox bağlı olurlar. Lena bir çox həqiqətləri bilmir, anası ona nə deyirsə, ona da inanır. Yox, Lena müstəqil və ağıllı qızdır, hüquq təhsili alıb. Bu ona anası ilə mənim münasibətimə doğru qiymət verməyə kömək edər. Eh gənclik, gənclik, səhvlərlə dolusan. Səndə güc, gözəllik, həyat eşqi çox olur, amma təcrübəsizliyin nəyə yarar ki...”

İsgəndər xatirələrə dalaraq, gənclik illərinə qayıtdı. Onun da başı işə, ailəyə elə qarışardı ki, hərdən valideynlərinə zəng vurmağı belə unudardı. “Bəlkə də ürəklərində məndən inciyiblər, amma bir dəfə də olsa üzə vurmazdılar”. Hərdən anası Sona xanım vətənə gec-gec gəlməyindən şikayət edərdi. Görüşəndə bağrına basıb qoxulayar, kəndin bütün naz-nemətini süfrəyə düzərdi, oğlunun başına dolanardı. Atası Əhəd kişi kəndin ən hörmətli müəllimlərindən idi. İsgəndər ailədən ayrılıb qürbətdə yaşadığı bütün illər ərzində qazandığı uğurlara görə valideynlərinə borclu idi. Təkcə Katya ilə evlənəndə anası ondan möhkəm incimişdi. Atasının da buna razı olmadığını anasının ağzından eşitmişdi. Sona xanım o zaman demişdi:

Elimizdə, obamızda o qədər gözəl qızlar var ki, ay bala. Ailə qurmaq böyük məsuliyyətdir. Həyatın hər üzü olur, bunu yaşa dolduqca anlayacaqsan.İsgəndər hər dəfə ailəsi ilə vətənə gələndə Səməd və Lenanya rəğmən, Sona xanım gəlini Katya ilə səmimi ola bilmirdi. Ona elə gəlirdi ki, anası rus dilini bilmədiyi üçün sıxılır, istədiyi mehribanlığı göstərə bilmir. Amma sonralar Katya ilə onu qoşa görəndə anasının necə köks ötürdüyünü sezmişdi. Belə vaxtlarda o, anasının boynunu qucaqlayar, üzündən öpər, “Şikayətlənsəm günah olar, mən Katyadan razıyam, xoşbəxtəm” deyərdi. Anası da onun saçlarını tumarlayar, “Bizim də istədiyimiz elə bu deyilmi” söyləyərdi. Əri öləndən sonra Sona xanım heç özünə yer tapa bilmədi, yatağa düşdü. Kiçik qardaşı Aslan hər dəfə telefonda arvadın günü-gündən solduğunu deyirdi. Anası ağırlaşanda İsgəndər məzuniyyət götürüb yanına gəldi. Atasının qəfil ölümü onu o qədər sarsıtmışdı ki, onunla vidalaşmadığına görə özünü qınayır, qürbətdə yaşadığına lənət oxuyurdu. İndi də anasının lap ağırlaşdığını öyrənəndə dözə bilmədi, vicdanı sızıldadı, özünü anasının yanına yetirdi. Onda İsgəndərin qırx beş yaşı vardı. Anasınn yatağından bir an da olsa ayrılmırdı. Sona xanım ölüm ayağında demişdi:

Səndən narahat gedirəm, qürbətdə qalma. Yığış gəl, ömür elə qısadır ki. Vətənində yaşa. Sən öləndə bu torpağa səni kim gətirəcək? Qürbətdə qalıb, qürbətdəmi öləcəksən? Sən mənim balalarımın gözüsən. Arvad elə bu nisgillə də dünyasını dəyişmişdi.

İsgəndər köks ötürdü. Ürəyində “Allah hər ikinizə rəhmət eləsin” dedi.

İndi artıq əlli dörd yaşı vardı. Ömrünün payızına doğru irəliləyirdi. Payız da öz növbəsində bütün müdrikliyi, gözəlliyi, sərinliyi və bolluğu ilə onun canına, qanına hopurdu. Həyatı başqa cür görür, başqa cür hiss edirdi. Ömür vəfa edərsə, qalan həyatını vətənində yaşamaq istəyi içinə doldu. Notbukunu söndürüb otaqdan çıxdı. Otelin həyətində bir az gəzişdi. Ətraf adamla dolu idi. Sanki isanlar vaxtı bir an da olsa boşuna itirməyib, həm gecə, həm də gündüz istirahət etmək, əylənmək istəyirdilər. Heç uşaqların da yuxusu yox idi. İsgəndər qəhvə sifariş verib əyləşdi. Otelin həyətinə gürcü nömrəli avtomobil daxil oldu. Maşından axşam liftdə rastlaşdığı azərbaycanlı qadın, rəfiqəsi və gürcü kişi düşdü. İsgəndər qeyri-ixtiyari gözlərini qadına zillədi. Gecənin qaranlığında otelin bərq vuran işıqları onun üzərinə düşdükcə sarı donlu bu gözəl qadın İsgəndəri daha da valeh edirdi. Hündür boyu, ağ dolu bədəni, çiyinlərinə qədər tökülən qəhvəyi saçları, mənalı duruşu, üzünə yaraşan təbəssümü İsgəndəri gözlərini ondan çəkməməyə vadar edirdi...

Nailə rəfiqəsini qucaqlayıb üzündən öpdü. Sonra əlini Georgiyə uzadıb, ona ayırdıqları zamana və xoş əyləncəyə görə minnətdarlığını bildirdi. Georgi də qadının əlini sıxıb, bir az da yaxınlaşıb onu qucaqlamaq istədi. Amma Nailə kənara çəkilib, bu qədər kifayət edər jestini göstərdi.

Ağlın bəzi qadınlara getməsin, Georgi, bu Nailədir.Maqda gülə-gülə bu sözləri deyib ərinin qoluna girdi. Georgi də onu qucaqlayıb alnından öpdü. Nailənin bu hərəkəti İsgəndərin gözündən yayınmadı. Onlar Nailəni otelin içərisinə qədər ötürdülər. İsgəndər də burda qalmaq istəmədi. Yerindən qalxıb iti addımlarla otelin girişinə tərəf getdi. İçinə qəribə bir hiss doldu. “Bu yaşda bu hisslərin adını nə qoymaq olar ki?” – deyə özünə sual verdi. “Bəlkə bu qadın mənə anamı, müəllimlərimi, uşaqlıq illərimdəki tanış azərbaycanlı qızları xatırladır?.. Bu doğmalıq hardan gəlir?”

O bu yaşına qədər həyatında, ezam olunduğu yerlərdə, iş yerində əksəriyyəti rus olsa da gözəl və baxımlı qadınlarla rastlaşmışdı, hətta bəzi qadınların ondan necə xoşlandığını, bədən dili ilə onu necə ovsunlamaq istədiyini duymuşdu. Amma İsgəndər belə ötəri hissləri qəlbinə yaxın buraxmamışdı. Kiminlə, harda olmasından asılı olmayaraq, heç vaxt evli olduğunu unutmaz, özünəməxsus ciddi baxışları və hərəkətləri ilə belələrini yerində otuzdurmağı bacarırdı. Arvadı Katyadan bəzi qadınların onun haqqında dediyi sözləri də eşitmişdi. Onlar bir ağızdan “Sənin İsgəndərin möhkəm kişidir, bəxtəvər başına, sədaqətli ərin var” deyərdilər. Bu sözlərə baxmayaraq, Katya onu hərdən qısqanır, evdə söz-söhbət salırdı. İsgəndər arvadının ona güvənmədiyindən narahat olar, onu həmişə belə fikirlərdən uzaqlaşdırmağa çalışardı.

Mənim üçün ətrafdakı qadınlar kiminsə anası, bacısı, qızıdır. Ailəli bir insan üçün belə şeyləri ağlının ucundan keçirmək nə qədər doğrudur? Bir kişinin belə şeyləri fikirləşməsi ilə etməsi arasında heç bir fərq yoxdur. Ehtiraslara qapılıb ötəri əyləncələrlə yaşamaq mənə peşmançılqdan başqa nə qazandıracaq ki? Bir də ki səni və balalarımı aldatmaq nə qədər düzgündür? Əslində mən özümü aldatmış olaram.Katya onu diqqətlə dinlyər, onun nə qədər səmimi olduğunu bilsə də, yenə onu yoxlayar, nəzarət edərdi. İsgəndər də vicdanı və ailəsi qarşısında nə qədər təmiz olduğunu bir daha sübuta yetirərdi. O, Katyaya məktəb illərində oxuduğu “Dədə Qorqud” dastanındakı Beyrək obrazından ağızdolusu danışardı:

Beyrəyi əsir götürürlər. Xanın ən gözəl kənizinin Beyrəyə gözü düşür. O isə nişanlısına sədaqətli qalaraq qılıncını yatağına qoyub, “Əgər ona xəyanət edərəmsə, qılıncımla doğranım” söyləyir.Katya isə öz aləmində deyərdi:

Belə kişilər də varmış.Kişilər həmişə olub, olacaq da. Kişi kimi olmurlar ki, kişi kimi doğulurlar.Yaşa dolduqca Katyanın qısqanclığı da geridə qaldı. Uşaqlar təhsil alıb müstəqil həyata atıldıqdan sonra İsgəndərin işinin ağırlığı, qazancı Katyanı dəyişdirdi. Sanki ərinə olan marağı, qayğısı, sevgisi azaldı. Katya evdə qərar tutmur, zamanının çoxunu rəfiqələri ilə gəzməklərdə, restoranlarda keçirərdi. İsgəndərin işinin çoxluğunu, ona vaxt ayırmamasını bəhanə edib özünə haqq qazandırardı. Tez-tez xarici ölkələrə gəzməyə gedərdi. İşdən gələn İsgəndər nə evdə, nə də bağ evində özünə yer tapa bilmirdi. Ailənin içində bir boşluq hiss edirdi. Ev qulluqçusunun yemək, arada çay və qəhvə təklif etməsindən başqa bir səs eşidilmirdi. Lena xaricdə təhsil alır, Səmədsə gündüzlər şirkətdə işləyir, axşamlar dost-tanışlarla əylənirdi. Əslində İsgəndər özünə belə bir həyat arzulamamışdı. Amma gorünən bu idi ki, ailədə soyuq ab-hava hökm sürürdü. O heç də Katyanin əylənməsinə, rəfiqələri ilə çox vaxt keçirməsinə pis baxmırdı. Evdə başqa nə qayğısı vardı ki. İsgəndər ona hər cür şərait yaratmışdı. Uşaqlar boyüyüb hərəsi öz sərbəst həyatını yaşayirdı. Bəzən İsgəndərə elə gəlirdi ki, nəyisə düz etməyib, nələrisə nəzərindən qaçırıb. Axı o bir ata kimi övladlarına hər şeyin yaxşısını arzulayıb və onların xoşbəxt olması üçün əlindən gələni edib. İndi onlarin hər şeyi var: evləri, maşınları, bankda hesabları. Bütün bunlar İsgəndərin bacarığı və ağlı hesabına olmuşdu. O gecə-gündüz bunun üçün çalışıb və çox şeyə nail olmuşdu. O hər şeyi varkən içindəki bu boşluğun hardan qaynaqlandığını bilmək istəyirdi. Qardaşlarını, bacısını xatırladı, onları görmək, dərdləşmək istədi. Bəlkə də elə buna görə İsgəndər Bakıya, sonra isə buralara qədər gəlib çıxmışdı.

Gecə yarıdan keçməsinə baxmayaraq gözünə yuxu getmir, yatağında o yan bu yana çevrilib suallarına cavab axtarırdı. Sonra Katya ilə mübahisəsini xatırladı. Son dörd-beş ildə tez-tez dalaşırdılar. İsgəndər arvadının əvvəlki kimi olmadığını hiss edirdi. Son illər Katya alkoqola aludə olmuşdu. Rəfiqələrinin ad günlərində, ailə şənliklərində içib müxtəlif bəhanələr gətirirdi.

Ətrafda bütün qadınlar içir, burda nə var ki? O qədər çətin günlərimiz olub ki sənninlə, heç doyunca yemək də tapmamışıq. İndi, şükür, hər şeyimiz var. Tanrı mənim və övladlarımın ruzusunu sənə yetirib, sən də bizə verirsən. Ruzunu hə, içkini yox. Sən heç özünü yaşına uyğun aparmırsan, Katya. Bizim nəvələrimiz olanda səni belə görməklərini istəməzdim. Mən hələ nənə olmağa hazırlaşmıram. Səninsə bu lazımsız nəsihətlərin məni cana yığıb.İsgəndərə bəzən elə gəlirdi ki, vətəninə dönsələr, Katya da dəyişər, qardaşı arvadları, bacısı, qohumları onu pis vərdişindən uzaqlaşmağa kömək edər. Bir də ki o, qarşısında içkili qadın yox, mehriban, sevimli xanım görmək istəyirdi. Amma illər ötdükcə Katya heç dəyişmək istəmir, vəziyyəti daha da ağırlaşdırırdı. Pul, mal-dövlət qadının gözünü elə bağlamışdı ki, İsgəndərə belə hərdən atmacalı sözlər tullayır, nə danışdığını bilmirdi. İndi İsgəndər anasının “Həyatın hər üzü olur, ay bala” cümləsini tez-tez xatırlayırdı.

İsgəndər Katya ilə necə evləndiyini, birgə arzularını, xəyallarını düşündü. İkisi də eyni yaşda idilər. İsgəndər institutun sonuncu kursunda oxuyurdu. Hələ belə bərk xəstələndiyi olmamışdı. Qızdırma içində aptekə girib dərman istədi. Aptekdəki qız qızdırmasını ölçdü, soyuqdəymə əleyhinə dərman verdi. Onun bu mehribanlığı, qayğısı iyirmi dörd yaşlı İsgəndərə o qədər xoş gəlmişdi ki. Elə o zaman da sevgi macəraları başlanmışdı. Katya onu ata-anası ilə tanış etmişdi. Tez-tez onlara qonaq gedərdi. Katyanın anasının bişirdiyi dadlı rus yeməkləri yaman xoşuna gəlirdi. Qız gülər üzü, şıltaqlığı, mehribanlığı ilə gənc İsgəndəri o qədər valeh etmişdi ki, onu sevdiyini, onunla evlənmək istədiyini dilə gətirmişdi. Katyanın anası da İsgəndərin necə ağıllı, bacarıqlı və məsuliyyətli bir oğlan olmasını, ondan yaxşı ər tapmayacağını Katyaya tez-tez söyləyirdi. Hərçənd qızın hələ evliliyə hazır olmadığını, bir də ki evlənmək şərt deyil, gəncliyimizi yaşayaq deməsi İsgəndəri ozündən çıxarırdı. O, Katyaya necə ciddi yanaşdığını, onunla ailə qurmaq istədiyini, gələcək məqsədlərini, arzularını səmimiyyətlə danışırdı. Bəzən öz milli adət-ənənələrindən, anasından, bacısından söz açardı. Bu illər ərzində Katyanı öz doğmasına çevirmək üçün nə qədər çalışmışdı. Arvadı isə bunu bacarmamışdı. Cavanlıqda buna o qədər əhəmiyyət verməyən İsgəndər yaşa dolduqca fərqinə varır, yenə də peşmançılıq hissini yaxına buraxmaq istəmirdi. Sonralar övladlarının tərbiyəsində İsgəndər öz milli dəyərlərini qorumaq, onları azərbaycanlı ruhunda tərbiyə etmək, vətəninə, elinə, obasına çəkmək, doğma yerlərin adətlərini, yeməklərini, adamlarını sevdirmək istədi. Hərçənd uşaqların böyüdüyü mühit, imkanlı şərait, ana tərbiyəsi də öz işini görmüş oldu. Buna rəğmən, İsgəndər balalarına özündən bir parça ötürə bildi.

Son mübahisələrindən sonra Katya nə zəng edir, nə də yazırdı. Yəqin ki vətənə gəldiyini Səməd və Lenadan öyrənib... “Ona çox yalvardım ki, mənimlə gəlsin, qohum-əqrəbamla görüşsün. O isə mənə “Orda maraqlı deyil, darıxıram” dedi. Əlli dörd yaşlı qadını zorla gətirə bilməzdim ki. Amma mən bu illər ərzində onunla birgə oldum. Arada işlə əlaqədar hara getsəm belə, yenə də ailəmin yanına qayıtdım, onunla qaldım, xoşbəxtliyimi onunla tapmaq istədim. O isə ancaq özünü, öz arzularını, əyləncələrini sevdi. Mənim qazancımı, pulumu, ona verdiyim gəncliyimi sevdi. Heç vaxt məni başa düşməyə çalışmadı. Qayğılarının içinə sevgi qata bilmədi. Balalarımın anası, evimin qadını, həyatımın yoldaşı oldu. Ürəyimin sahibi olmağı isə unutdu. Mənsə hər şeyimi onunla bağlamışdım...” Beynindəki çək-çevirin onu nə vaxt yuxuya apardığından xəbəri olmadı. Səhər yuxudan ayılanda xəyalına yenə də həmin azərbaycanlı qadın gəldi. Gözlərini yumub açdı. Qadının mənalı gözləri, nurlu çöhrəsi gözlərinin önündən getmədi. Yerindən qalxıb üzünə su vurdu, əynini geyindi, saçlarını daradı. Ağarmış saçlarına, qamətinə diqqətlə baxdı. Ürəyi tez-tez döyünməyə başladı. Naməlum qadının xəyalı onu tərk etmirdi. İsgəndər ilk dəfə idi ki, evliliyi boyu yad qadın haqqında bu qədər düşünürdü. İçindəki mübarizəni boğmaq, ağlından keçən sualları susdurmaq istəyirdi. “Görəsən, niyə tək gəlib? Ərdədirmi? Bəlkə heç ailəli deyil? Sanki içində qəribə bir kədər gizlənib. Amma gözləri necə dərin və mənalıdır. Gözləri ruhunun saflığından, gözəlliyindən danışır. Yox-yox, bu hisslərlə yaşamaq olmaz. O, kiminsə arvadı ola bilər. Axı niyə mən bu qadını unuda bilmirəm? Heç adını bilmədiyim bu qadına hiss elədiyim bu doğmalıq hardan gəlir? Deyəsən, lap ağlımı itirmişəm”. Ürəyində bu sözləri deyib otaqdan çıxdı. Səhər yeməyini oteldə yox, dünən şəhəri gəzərkən rast gəldiyi qəlyanaltıda eləmək istədi. Küçələri gəzdi, bir- birindən maraqlı binaların yanından ötüb keçdi. Sonra çimərliyə üz tutdu. Amma çimərlik əşyalarını götürmədiyinin fərqinə varıb, tənbəllik etməyib otelə qayıtdı, əşyalarını yığıb aşağı endi. Aşağıda yenə də həmin qadın və rəfiqəsi ilə rastlaşdı. İsgəndərin ürəyi şiddətlə döyünməyə başladı. Bu qadında qeyri-adi nəsə vardı, sanki onu tilsimləmişdi. Halbuki, adətən, ətrafında hər kəsi görməzdən gələrdi. Rəfiqələr asta addımlarla çimərliyə doğru getdilər. Sahilə yaxın uzanacaqlarda özlərinə yer seçdilər. İsgəndər bir az aralıda əyləşdi. Maqda ilə Nailə suya girib bir xeyli üzdülər. Sonra Maqda dənizdə sürətlə üzən skuterlərə baxıb Nailəyə dedi:

Bəlkə biz də buna minib əyləncəmizin dadını çıxaraq.Nailə etiraz etdi:

Bu, cavanların işidir, birdən sürə bilmərik. Su çox dərindir, mən qorxuram.Nədən qorxursan? Əynimizdə xilasedici jilet olacaq. Özümüz də pis-yaxşı üzməyi bacarırıq. İkimiz də neçə ildir maşın sürürük, deyirsən yəni bir qayığın öhdəsindən gələ bilməyəcəyik?Bəs birdən nəsə olsa, aşsaq, toqquşsaq, necə olacaq? Xilasedicilər özlərini yetirənəcən o dünyanı görüb gələrik.Sonra Maqdanın xətrinə dəyməmək üçün əlavə etdi:

Yaxşı, gedək, qocalanda baxıb belə şeylərə hefsilənməyək, qorxan gözə çöp düşər. Bu ekstrimi də yaşayaq səninlə. Əgər sınaqdan əla çıxsaq, paraşütə də minərik.Nailə başını bulayıb gülə-gülə Maqdanın qoluna girdi. Onlar skuterlərə tərəf getdilər. Nailə rəfiqəsindən soruşdu:

Heç bunda oturmusan?Həmişə Georgi sürür, mən də arxada otururam. Sən necə?Yox, mən nə oturmuşam, nə də sürmüşəm, ancaq kənardan seyr etmişəm. Deməli, vaxtı indi imiş. Nə deyirsən, mən sürüm, sən də arxada oturursan?Onlar xilasedici jiletləri geyindilər. Nailə həyəcanını boğub sükan arxasına keçdi. Maqda da arxada yerini rahatladı. Nailə oğlandan idarəetməni soruşub sükanı işə saldı. Ətrafdakı skuter sürənləri bir daha nəzərdən keçirib ürəkləndi. Yavaş-yavaş sahildən aralanıb dənizin dərinliyinə doğru sürməyə başladı. Çimənlərə mane olmamaq üçün skuterlər xeyli aralıda hərəkət edirdi. Deyəsən, çətin heç nə yox idi, hər şeyi nəzarətdə saxlaya bilirdi. Bir azdan sürəti daha da artırdı. Arxadan Maqdanın qəhqəhələri eşidilirdi. Beləcə, bir-iki dövrə vurdular. Maqda Nailəni daha da cəsarətləndirdi:

Hə, necədir, dostum? Görürsən necə əyləncəlidir. Sənə halaldır, elə ilk dəfədən yaxşı sürürsən. Nailə ona tərəf çevrilib gülümsədi, gərginliyi azaldı. Bu zaman qarşıdan sürətlə gələn qayıq onların üstünə şığıdı. Qayıqdakı gənc oğlanlar ya içkili idilər, ya da qadınları həyəcanlandırmaq üçün bunu etdilər. Nailə özünü itirdi. Skuterlər toqquşdu. Zərbədən hər iki skuterdə olanlar suya çırpıldılar. Nailə huşunu itirdi. Bütün bunları bir an da olsa nəzərindən qaçırmayan İsgəndər bir göz qırpımında suya atılıb, hadisə yerinə doğru üzməyə başladı. Nailə suyun üzərində halsız vəziyyətdə qalmışdı. Xilasedicilər də özlərini çatdırdılar. Nailənin qolundan qan axırdı. İsgəndər Maqdanı xilasedicilərə verib, Nailəni sahilə doğru apardı. Maqda Nailədən əvvəl özünə gəldi. Tez rəfiqəsini soruşdu. Bir azdan Nailə də gözlərini açdı, öyüməyə başladı. Dənizə düşərkən ciyərlərinə dolan suyu qaytarmaq istədi. Sağ qolunun bərk ağrıdığını hiss etdi. Gənc xilasedici onun qolunun yarasını bağladı. Sonra İsgəndərlə birlikdə otuzdurmağa çalışdı.

Özünüzü necə hiss edirsiniz? Bizi yaman qorxutdunuz, – İsgəndər Nailənin solğun bənizinə baxıb soruşdu.Nailə doğma dilində eşitdiyi bu sözlərə diksindi. Sonra bu adamın dağ gəzintisindən tanıdığı həmyerlisi olduğunu gördü. Amma kişinin suallarını cavabsız qoyub, yanında əyləşən Maqdaya baxıb başını yellədi. Rəfiqəsi həyəcanla dedi:

Georgiyə zəng edəcəm, gəlib bizi aparsın. Qolunu da həkimə göstərərik. Axı bu necə oldu? İsgəndər onların çantalarını yanlarına gətirdi. Maqda təşəkkür edib telefonla danışmağa başladı. İsgəndər Nailəyə yaxınlaşıb soruşdu:

Nəyəsə ehtiyacınız varmı? Sizə necə kömək edə bilərəm?Nailə hələ də halsız vəziyyətdə gözlərini qaldırıb İsgəndərə baxdı və dedi:

Sağ olun, yavaş- yavaş özümə gəlirəm. Sizə də əziyyət verdik.İsgəndərin diqqət və qayğısı Maqdanın gözlərindən yayınmadı. Bir azdan Georgi də gəldi. Qadınlar maşına minib sahildən uzaqlaşdılar. Yolda Maqda qəhrəmanlıqlarından ərinə danışıb, Georgidən bir az danlaq eşitdi.

Bizim heç günahımız olmadı. Nailka əla sürürdü. O cavanlar bizi həyəcanlandırmaq istədilər. Sonunda qəza vəziyyəti yaratdılar. Şükür, heç kimə heç nə olmadı. Nailənin qolu harasa dəyib əzilib. Onu yolüstü həkimə göstərək, ürəyimizdə xal qalmasın.Sonra hardansa onlara qayğı göstərən azərbaycanlını xatırladı. Gözlərini bic-bic qıyıb Nailəyə dedi:

Məncə, onun səndən xoşu gəlib. Dənizdən də səni o çıxarıb. Mənə xilasedicilər dedilər. Sahildə də elə hey ətrafımızda gəzişirdi. Bəlkə elə o da sənin kimi həyatda təkdir.Maqdanın bu şit zarafatı Nailənin heç xoşuna gəlmədi. Bir tərəfdən qolunun ağrısı, digər tərəfdən də baş verən hadisə onu elə sarsıtmışdı ki, rəfiqəsini göydən yerə endirmək üçün mızıldadı:

Axı niyə sənin ağlına belə fikirlər gəlir? Görüb ki həmyerlisiyik, gəlib kömək eləməyə. Burda nə var ki. Sağ olsun.Maqda yenə nəsə demək istədi, amma Nailənin narazı sifətinə baxıb susmağa üstünlük verdi.

Georgi maşını əvvəlcə yerli xəstəxanaya sürdü. Nailənin qolunda çat olmaq sübhəsi aradan götürüldü. Sonra bir neçə dərman alıb evə gəldilər. Nailə uzanıb bir az dincəlmək istədi. Maqda sevimli rəfiqəsi üçün şərait yaratdı. Nailə onun bu hədsiz qayğısından lap utandı. Rəfiqəsi onun üzündəki qayğılı ifadəni görüb cəld dedi:

Mənim üzümdən oldu, Nailə. Axı sən heç minmək istəmirdin.Nailə isə öz növbəsində söylədi:

Narahat olma, hər şey geridə qaldı. Yadda qalan macəra oldu.Həkimin təyin etdiyi sakitləşdiricidən sonra Nailəni bərk yuxu apardı. Yuxusunda Camalı gördü. Onun boyu çox uzanmışdı. Nailəyə nəsə deyirdi, amma qadın onu heç eşitmirdi. Sonra Camal daha kobud səslə qışqırmağa, ətrafında olan hər şeyi qırmağa başladı. Nailə isə onun niyə belə etdiyini, niyə səsini eşitmədiyini anlamağa çalışırdı. Bu dəhşətli yuxudan ayılanda qulaqlarından hələ də Camalın qışqırığı getməmişdi. Axşam düşmüşdü. Qolunun ağrısı bir az keçmişdi. Yadına Aysellə Murad düşdü. Çarpayıdan düşüb qapıya yaxınlaşdı. Maqda onu görən kimi sevincək qucaqladı. Həyətdə oturub qəhvə içdilər. Nailə əvvəlcə Aysellə, sonra Muradla danışdı. Nəvələrini soruşdu. Aysel Emilin bir az soyuqladığını dedi. Nailə qızını tənbeh etdi:

Yəqin dondurma çox yeyib, yanında olmayan kimi uşağı soyuğa verirsən.Maqda gözəl şam yeməyi hazırlamışdı. Georgi də gəldi. Süfrəni bir-birindən dadlı gürcü yeməkləri bəzədi. Maqda yenə də dənizdəki sərgüzəştlərindən, qəhrəmanlıqlarından danışıb gülürdü. Nailənin qırışı bir az açılmışdı. O da Maqdaya qoşulub yaşadıqları macəraya həm gülür, həm də təəssüflənirdi.

Uşaqlar bilsələr, məni o ki var danlayacaqlar. Bu yaşda iki qadının elədiyi hərəkətə bax.Nə yaşınız var ki, – Georgi Nailənin sözünü ağzında qoydu, – ömrünüzün gözəl çağları hələ bundan belə başlayacaq.Maqda ərinin boynunu qucaqlayıb dedi:

Sənsiz mən neylərəm, ay Georgi. Bu kəlmələri gürcü dilində söylədi. Maqda israrla Nailənin onlarda gecələməyini istədi. Nailə isə təkidlə otelə dönəcəyini dedi.

İsgəndər dənizdəki hadisədən sonra heç özünə yer tapa bilmirdi. Fikrini dağıtmaq üçün şəhərin küçələrini gəzdi, sonra qarşısına çıxan türk restoranına daxil olub yemək sifariş verdi. Nə qədər çalışsa da, bu qadını fikrindən çıxara bilmədi. Onun suda halsız vəziyyəti, qolunun yaralanması gözünün önündən getmirdi. “Axı niyə bu qadına görə narahat oluram. Görəsən, indi necədir? Qolu çox ağrımır ki?” – deyə düşündü.

Otelə döndü. Həyətə, otelin girişinə diqqət etdi. Sanki qadını görəcəkmiş kimi, hər tərəfə boylandı. İstədi ki, qeydiyyata yaxınlaşıb onun oteldə olub-olmadığını soruşsun. Amma adını belə bilmədiyi bu qadını kmdən və niyə soruşacaqdı ki?.. Nömrəsinə çıxdı. Həmişəki kimi notbukunu açıb gələn məktubları cavablandırdı. Lenaya, Səmədə yazdı. Katyanı soruşmaq istədi, amma soruşmadı. Sonuncu dəfə Katyanın ona içkili vəziyyətdə dediyi sözləri heç unuda bilmirdi. Qardaşına zəng vurdu, xeyli danışdılar. Qardaşı dedi:

Oohum-əqrəba gəldiyini bilir. Tapşırmışam ki, istirahətinə mane olmasınlar. Yaxşı-yaxşı dincəl.İsgəndər minnətdarlıq edib güldü. Axşam yeməyinə enəndə gözü yenə onu gəzdi. O isə görünmürdü. Yeməkdən sonra bir az Nikolasla söhbət etdi, nərd oynadılar. Onun məzəli söhbətləri, lətifələri İsgəndərin kefini açırdı. Hərdən onunla arvadına mehribanlıqla baxıb qibtə hissi keçirirdi. Nikolas da öz növbəsində dedi:

Yaşlandıqca arvadın qədrini lap çox bilməyə başlayırsan. Tamarasız bir günüm belə olmasın.İsgəndər belə səmimi və mehriban insanlarla tanışlığına sevindi. Arvadı ilə onu baş-başa qoyub, otelin həyətinə çıxıb gəzməyə başladı...

Həyət avtomobillə dolu olduğundan Georgi maşını bir az kənarada saxlamağa məcbur oldu. Nailə onlarla sağollaşıb, zəhmət çəkib içəriyə qədər gəlməmələrini xahiş etdi. Sonra kiçik addımlarla otelin həyətinə daxil oldu. İsgəndər onu görən kimi özünü itirdi, sonra ona doğru gedib, otelin şüşəli giriş qapısına çatar-çatmaz Nailəyə müraciətlə dedi:

Bağışlayın.Nailə yanındakı adamın ona azərbaycan dilində müraciət etməsinə təəccüblənib maraqla baxdı. Amma tanıdığı biri olduğunu görüb gülümsəyərək cavab verdi:

Buyurun.Sonra İsgəndərin sözünü ağzında qoyub, xoş bir tərzdə danışmağa başladı:

Sizə çox minnətdaram. Rəfiqəm dedi ki, məni sudan çıxarmağa kömək etmisiniz. Heç bilmirəm sizə necə təşəkkürümü bildirim.İsgəndər ədəbini pozmadan söylədi:

Əgər vaxtınız varsa, sizinlə bir az söhbət etmək istərdim. Bu mənə edəcəyiniz ən böyük təşəkkür olardı.Gecənin qaranlığında otelin gur işıqlarının altında Nailə İsgəndərin sifətinin necə qızardığını hiss etdi. Ona elə gəldi ki, qarşısındakı kişinin tez-tez vuran ürək döyüntülərini, dilinin topuq çalmasını da eşitdi. Qəfil təklifdən özünü itirsə də, bir söz deməyib, otelin həyətinə doğru yeriməyə başladı. İsgəndər uşaq kimi sevinərək onun arxasınca getdi. Həyatda müxtəlif insanlarla rastlaşmış, müxtəlif insanlarla iş birliyi qurmuş bu adam istənilən birisi ilə danışarkən çətinlik çəkmədiyi halda nədənsə yanındakı qadınla həyəcandan nəyi necə deyəcəyini bilmirdi. Nailə onun bu halını sezərək dedi:

Mən heç xilaskarımın adını belə bilmirəm, sizə necə müraciət edim?Nailənin şirin avazlı xoş səsi onu bu gərginlikdən azacıq da olsa çıxardı.

İsgəndər Ələkbərov, bəs sizin adınızı bilmək olar?Mənim adım Nailədir.Tanışlığımıza çox şad oldum. Əslində meşə gəzintisinə gedəndə söhbətinizə müdaxilə edərkən özümü təqdim etməliydim, amma nədənsə azərbaycanlı xanımlardan çəkindim.Yəqin musiqiçisiniz, ya da musiqimizə çox bağlısınız.Yox, musiqiçi deyiləm, sazdan başqa da heç bir alətdə çala bilmirəm. İnsan qurbətdə yaşayanda vətəninin ətrini, suyunu, musiqisini, yeməklərini daha çox sevir və qiymətləndirir.Elədir, mən heç vaxt qürbətdə yaşamamışam, amma qürbətdə yaşayan ən yaxın adamlarımdan bu etirafı eşitmişəm. Nailənin qolundakı yara sızıldadı, qadın yaxınlıqdakı skamyaların birində əyləşdi. İsgəndər də ondan bir az aralıda oturdu. İçini didən “Niyə təksiniz?” sualı onu rahat buraxmırdı. Odur ki, bilaixtiyar soruşdu:

Bəlkə də verəcəyim sual sizə qəribə görünə bilər, amma düşünəndə ki sizin kimi gözəl bir azərbaycanlı qadın istirahətə tək gəlib və ya tək göndərilib, istər-istəməz “Niyə təksiniz?” sualını vermək keçir ağlımdan...Nailə bir az duruxdu. Yad bir kişiyə gecənin bir aləmində skamyada oturub taleyinimi nağıl edəcəkdi? Niyə tək gəldiyinin səbəbinimi açıqlayacaqdı? Başını qaldırıb cəsarətlə İsgəndərin gözlərinin içinə baxdı. Bir anın içində bütün taleyini, başına gələn müsibəti, təkliyinin əzabını yanındakı kişinin sual dolu gözlərindən ürəyinə, ruhuna köçürmək istədi. Sonra qəfil ürəyini boşaltdı:

Ərimi avtomobil qəzasında itirmişəm. Oğlum, qızım, balaca nəvələrim var. Əslində tək deyiləm. Sadəcə onlarla gələ bilməmişəm. Oğlum və qızım bura gəlib bir az dincəlməyimi istədilər. Mən də onları qırmadım, bir həftəlik də olsa gəldim. Tələbə yoldaşım da burda yaşayır, siz artıq onunla tanışsınız, bəlkə elə buna görə də uşaqlar buranı münasib biliblər.Nailənin dedikləri ilə deyə bilmədikləri sanki bir göz qırpımında İsgəndərin qəlbinə hopdu. Bir tərəfdən Nailənin ağır itkisi, cavan yaşında ərsiz, ailənin başsız qalması onu çox kədərləndirdi, o biri tərəfdən isə dul qadınla söhbət etməyi vicdan əzabını az da olsa sərinlətdi.

Çox təəssüf edirəm, düzü, heç bilmirəm belə vəziyyətdə nə deyib, necə təsəlli vermək olar. Allah rəhmət eləsin!Qadını kədərli vəziyyətdən çıxarmaq üçün İsgəndər söhbətin məcrasını dəyişmək istədi. Beləcə, özündən danışmaq qərarına gəldi:

Mən də səkkiz ilə yaxındır ki, vətənə gəlmirdim. Valideynlərimin vəfatından sonra ilk dəfədir ki, gəlmişəm. Əslən gürcüstanlıyam. Ata evimi ziyarət etdim. Kiçik qardaşımdan başqa, demək olar ki, bütün doğmalarım Bakıya köçüb. Yaşa dolduqca doğulduğu torpaq adamı yamanca çəkirmiş. İllər sonra bir də buraları görmək mənə xoş gəldi. Sonra da bura dincəlməyə, sizi xilas etməyə gəldim.Kişinin son cümləsi hər ikisinin çöhrəsində təbəssüm doğurdu. İsgəndər bir az da ürəklənib soruşdu:

Nə işlə məşğul olursunuz?Müəlliməyəm. Dil-ədəbiyyat fənnindən dərs deyirəm. Düzü, danışığınızdan və davranışınızdan bunu hiss eləmişdim.Nailə gülümsədi. İsgəndər yenə də özündən danışmaq istədi, lakin qadın onu qabaqladı:

Vətənə dönmək, orda yaşamaq istəmirsiniz? Bakı günü-gündən gözəlləşir.Mən də bu haqda düşünmüşəm. İstərdim ki, köçəm, gələm. Burda yaşayıb, burda da öləm. Oğlumu gözəl bir azərbaycanlı qızla, qızımı namuslu bir azərbaycanlı oğlanla evləndirim.İsgəndərin sözlərindəki nisgil, arzularındakı həsrət Nailənin marağına səbəb oldu.

Sizə nə mane olur ki? Maşallah, vətənimizdə elə gözəl və mədəni gənclər yaşayır ki.İsgəndər dərindən ah çəkdi:

Bilirsiniz, onların yaşadığı mühit, sosial şərait heç də mənim istəklərimlə üst-üstə düşmədi. Bəzən hər şey bizim istədiyimiz kimi getmir, ya da keçmişdə etdiyimiz hansısa səhv gələcəyimizə peşmançılıq gətirir.Məncə, siz hər şeyi çox dərinləşdirirsiniz. Bakıda rusdilli gənclərimiz lap çoxdur. İndi qızlarımız və oğlanlarımız xaricdə təhsil alır, geniş dünyagörüşünə malikdirlər.Əlbəttə, bütün bunları eşitmək çox gözəldir. Mənimkilər də Avropada təhsil alıblar. İndi biznesimin çox hissəsini oğum idarə edir.İsgəndər dərin bir nəfəs aldı. O, içində yığışıb qalan qürbət dərdini, yad millətdən olan qadınla evləndiyini, indi tək qalıb çəkdiyi ağır peşmançılığı birnəfəsə söyləmək istəyirdi yanında əyləşən bu füsunkar və mehriban müəlliməyə. Sanki qarşısında doğma adam oturmuşdu və o, İsgəndəri hər kəlməsindən başa düşəcək, hər dərdinə şərik çıxacaq, deyə bilmədiklərini də gözlərindən anlayacaqdı. Nədənsə İsgəndər bunu ürəyinin dərinliyində hiss edir, bütün ruhu ilə duyurdu.

Məncə, gənclər evlənəndə tələsməməlidirlər. Ən çox da qürbətdə yaşayanları deyirəm. Biz nə qədər də inkişaf etsək, hər xalqın özünəməxsus adəti, qanun-qaydası var. Bunu qürbətdə olan başqa millətlər sənə tez anladır. Sən özünü nə qədər onlara oxşatsan da, onlar səni özününkü bilmirlər. Sən elə yadsan ki yad. Gənc yaşlarımda başım o qədər işə-gücə qarışmışdı ki, oturub belə şeyləri düşünməyə nə vaxtım vardı, nə də həvəsim. Amma indi özününkülərin içinə qayıtmaq, özün olmaq istəyirsən. Ən çox da övladlar yarı səndən, yarı başqa millətdən olanda daha çox anlaşılmazlıqla qarşılaşır adam. Ana öyrədər övlada dilini, adətini, ataya olan hörməti, vətənə bağlılığı, torpağa sevgini. Eh, deyəsən, çox danışdım.İsgəndər qəmli-qəmli gülümsəyərək Nailənin üzünə baxdı. Qadın dedi:

Mən sizin nələr çəkdiyinizi başa düşürəm, bu yalnız sizin yaşadığınız problem deyil ki... Sizin kimi nə qədər bacarıqlı insanlar Rusiyaya gedib, taleyini ora ilə bağlayıb, ailə qurub. Bir çoxu qocalanda geri dönüb, qalanları isə ömrünün sonuna kimi orda yaşayıb. Amma deyim ki, arasında məsuliyyətsizlər də az deyil. O qədər ailəsini burada qoyub gedən, ora aparıb sahib çıxmayanlar da var ki...Əlbəttə, doğru deyirsiniz. Bu illər ərzində çox şeylərin şahidi olmuşam.İsgəndər yenidən Nailənin üzündə təbəssüm yaratmaq istədi:

Amma cəsarətli qadınsınız. Dənizin dərinliyindən qorxmadınız, skuteri yaxşı sürürdünüz.Nailə onu ömründə ilk dəfə sürdüyünü, Maqdanın təkidini, bu yaşda elədikləri sərgüzəştləri elə şirin-şirin danışırdı ki, İsgəndər doğma dilində danışan bu məlahətli qadının xoş səsini dayanmadan dinləmək, danışdıqca gülən gözlərində batıb qalmaq istəyirdi. Sanki bir qadın vətənin bütün gözəlliyini, torpağının ətrini, suyunu, havasını, dilini daşıyırmış kimi İsgəndəri özünə çəkir, özünə qaytarırdı. Necə olub ki, Azərbaycan qadınının bu şirinliyini, gözəlliyini, istisini, doğmalığını bu vaxta qədər görməyib. Necə olub ki, bütün bunlardan özünü təcrid edib. Necə olub ki, xoşbəxtliyin məhz belə bir qadının ruhunda gizləndiyini bilməyib. Dünyanın heç bir varı-dövləti bu qadınla skamyada oturub onu dinləməyinin əvəzini verə bilməzdi. Yox, o, vətəninə dönəcək, bu dəfə həmişəlik dönəcək. İçindən gələn bu səsi eşitdi.

Nailənin telefonuna gələn zəng onu xəyallardan ayırdı. Qadın gecənin bu vaxtında Muraddan gələn zəngi görüb təlaşlandı. Ona elə gəldi ki, oğlu kənarda dayanıb və anasının yad kişi ilə skamyada oturub necə şirin-şirin danışdığını görüb. Ürəyi sürətlə döyünməyə başladı. İsgəndərdən aralanıb zəngə cavab verdi.

– Ana, narahat olma. Deyirəm ki, biləsən. Sonra məni danlamayasan ki, niyə sənə vaxtında deməmişəm. Amma yenə də istirahətindən qalma.

– Axı de görüm nə olub?

– Heç, Emilin qızdırması olub, sala bilməyiblər. Aysel xəstəxanadadır, deyəsən, uşağın ağ ciyərləri möhkəm soyuqlayıb, həkimlər əllərindən gələni edirlər.

– Yaxşı, indi özüm danışaram.

O telefonu söndürdü. İsgəndər Nailənin üzündəki pərişanlıqdan nəsə ciddi bir şey olduğunu hiss etdi:

Nəsə olub, bəlkə sizə köməyim dəyər?Yox-yox, sağ olun. Uşaqlardır da, qayğıları bitib tükənmir.Aldığı xəbərdən dilxor olan Nailə əlavə etdi:

Bir daha sizə öz minnətdarlığımı bildirirəm. Allah sizə hər işinizdə kömək olsun.Vətənə isə tez-tez gəlin. Ömür elə qısadır ki. Vətənə gəlmək sizi xoşbəxt edirsə, niyə bunu özünüzdən əsirgəyəsiniz. Xoşbəxt olun! Övladlarınızın xeyrini görün! Daha gecdir, mən gedim.Qadın əlini İsgəndərə uzatdı.

Tanışlığımıza şad oldum.Nailənin əlini tutan İsgəndər onu var-gücü ilə saxlamaq, buraxmamaq istədi. Qadın cəld əlini çəkib, yeyin addımlarla otelə sarı getdi.

Qadının əlinin istisi, dodaqlarından qopan alqışlar İsgəndərə bir anlıq anasını xatırlatdı.

Sonuncu dəfə anası ona belə ürəkdən xeyir-dua vermişdi. İsgəndər heç vaxt özünü belə xoşbəxt hiss etməmişdi.

Nailə otelə qayıdıb çamadanını yığmağa başladı. Qolunun ağrıdığına baxmayaraq, bütün əşyalarını topladı. Nəvəsinin xəstəxanaya düşməsi, reanimasiyada yatması, qızının keçirdiyi həyəcan gözünün önünə gəldi. İstirahətinin bitməsinə hələ iki gün vardı, amma Nailə daha qala bilməzdi. Maqdaya zəng vurdu. Təcili Bakıya qayıtmalı olduğunu söylədi. Maqdanın onu dilə tutmasına baxmayaraq, fikrindən dönməyəcəyini dedi. Oteldəki hər şeyi təhvil verib taksi sifariş etdi və avtovağzala yollandı.

Həmin gecə İsgəndər Nailənin getdiyindən xəbər tutmadı. Ertəsi gün gözü qadını gah otelin restoranında, gah çimərlikdə, gah sahildə, bir sözlə, hər yerdə axtardı. Gürcü rəfiqəsi ilə bir yerdə olduğunu düşündü. Axşam düşəndə otelin həyətində dünən Nailə ilə birgə oturduğu skamyada əyləşdi. “Görəsən, haqqımda nə düşünür?” – deyə özünə sual verdi. “Necə də mədəni və savadlı qadındır. Yəqin ki mənimlə bir daha bu skamyada oturub, bu həyətdə gəzməz, axı evli bir kişi ilə münasibət yaratmaq bu cür qadınlara xas olan şey deyil. Kaş onu bir də görəydim, əhvalını soruşaydım”.

Vaxt keçir, Nailə isə görünmürdü. İsgəndər gecənin yarısına qədər otelin həyətindəki kafedə oturub, gözlərini gah otelin şüşə qapılarına, gah da darvazadan içəri keçən maşınlara dikdi. Nailə hər axşam öz nömrəsinə gələrdi. Bu beş-altı gün ərzində İskəndər təsadüfən də olsa Nailə ilə hər gün rastaşırdı. Bəlkə nəsə olub? Üəyinə qəribə narahatlıq doldu. Otelə girib qeydiyyat şöbəsinə yaxınlaşdı. Gecə növbəsindəki oğlandan Nailə adlı Azərbaycandan gələn bir qonağın oteldə olub- olmadığını soruşdu. Oğlan əvvəlcə kompyuterə, sonra qapıların kartlarına nəzər saldı. Nəhayət, ciddi səslə dedi:

Nömrəsində yoxdur, düzdür, hələ iki günü vardı, amma otağı təhvil verib. Otelimizi tərk edib.İsgəndər aldığı məlumatdan qəribə bir sarsıntı keçirtdi. Sonra portmanatından pul çıxarıb oğlana uzatdı.

İstəyirsiniz ünvanını verim, – oğlan qəfil dilləndi.İsgəndər sevincək razılığını bildirdi. Oğlan cəld ünvanı balaca bir kağıza yazıb, qarşısındakı yaraşıqlı kişiyə uzatdı. İsgəndər təşəkkürünü bildirib liftə sarı getdi. Ünvana baxa-baxa liftin düyməsini basdı. Otaqda özünə yer tapa bilmədi. Nailənin qəfil çıxıb getməsi onu sualların içində boğdu. Səhəri diri gözlə açdı. Daha burda qala bilməzdi.

Tbilisidən Volqoqrada uçan təyyarə hava limanına vaxtında endi. Sərnişinlər təyyarənin qapısına doğru irəlilədilər. İsgəndər gəldiyini heç kimə xəbər verməmişdi. Bircə təyyarə Tbilisidən qalxarkən şəxsi sürücüsü ilə əlaqə saxlayıb, onu qarşılamasını tapşırmışdı. Pilləkənlərdən endi, sürücüsü Ayaz onu hava limanının çıxışında gözləyirdi. Mehribanlıqla görüşüb, hal-əhval tutdular. Evə gedəcəyini deyən İsgəndər maşına əyləşdi.

Sahibinin kədərli görünüşü Ayazı bir az narahat etdi. Altı il idi ki, bu ailəyə sürücülük edirdi. İsgəndərin yorğun, gərgin, əsəbi hallarını çox görmüşdü, amma belə kədərli baxışlarla birinci dəfə idi ki rastlaşırdı. Görəsən, vətəndə, qohum-əqrəbada hər şey qaydaşındadırmı?

Şükür, hər şey yaxşıdır, vətənində yaşayan adamın nə dərdi ola bilər ki, –İsgəndər cavab verdi.Sonra Ayaz İsgəndərin son bir neçə ayda dalğın göründüyünü xatırladı. Amma bu dəfə heç istirahətdən dincəlib gələn adama bənzəmirdi. “İsgəndər yaxşı adamdır, çox yaxşı adamdır” – Ayaz ürəyində özü ilə danışdı. “Nə qədər adama qəriblikdə arxa durub, çörək verib. Allah canını sağ eləsin, nə problemimiz olsa, onun yanına qaçırıq. Hələ heç bir həmyerlisini nagüman buraxdığını görməmişəm. Şəhərdə çox hörmətli adamdır. Öz bacarığı, savadı, insanpərvəliyi ilə çox şeylərə nail olub. Heç vaxt heç yerdə haqqında pis söz eşitməmişəm. Həm imkanlı adamdır, həm də oxumuş, dünyagörmüş bir kişidir”. Ayaz ara-sıra iştirak etdiyi ailə şənliklərini xatırladı. “Məclislərdə necə gözəl şeirlər deyər, maraqlı söhbətlər edərdi. Sazı da xüsusi ahənglə çalırdı. Azərbaycanlı dostları ona yaxşı mənada qibtə edərdi. Hər şeyə vaxt tapırsan, mükəmməl adamsan deyərdilər. Doğrudan da, işinin ağırlığına, tez-tez ezamiyyətlərdə olmasına, hər şeyi nəzarətdə saxlamasına rəğmən, sözə-saza marağı, həvəsi hardan alırdı, görəsən?.. Kabinetində, evində kitabxanası vardı. Dünya ədəbiyyatının ən görkəmli şairlərinin, yazıçılarının kitablarını ora yığmışdı. Kəsəsi, İsgəndər maraqlı insan idi”. Ayaz bu düşüncələr içində maşını şəhərin geniş küçələri ilə sürdü.

Hara getməsindən aslı olmayaraq, İsgəndər Volqoqrada həvəslə dönərdi. Ömrünün çox hissəsini bu şəhərdə yaşamış, burda oxumuş, işini, ailəsini burda qurmuşdu. Şəhərin hər yeri, adamları belə ona əziz gəlirdi... Gəzib gördüyü şəhərlərin içində Volqoqradın öz yeri vardı. Qəhrəmanlar şəhəri müharibənin ağır üzünü görmüşdü. Torpağı nə qədər insanın qanı bahasına qorunmuşdu bu gözəl şəhərin. “Bu şəhər mənə çox şeylər bəxş etdi. Ruzumu, bərəkətimi verdi, mənə özümü tanıtdı...” Yolda fikrindən danşınıb, Ayaza şirkətə sürməsini buyurdu. Həm Səmədi iş başında tutmaq, həm də vəziyyətə nəzarət etmək istədi. Hər şeyi canlı görməyin öz yeri var.

Maşın şirkətin önündə dayandı. İşçilər İsgəndəri xüsusi hörmət və mehribanlıqla qarşıladılar. Ən çox da oğlu Səmədin sevinci yerə-göyə sığmadı:

Gəldiyini niyə xəbər verməmisən, ata? Özüm səni qarşılayardım.İşlər necədir? Evdə nə var, nə yox?İşlərimiz yaxşıdır. Türkiyədən elə yaxşı xəbərlər almışıq ki. Sənin elektron poçtuna sənədləri göndərmişəm, yəqin ki oxumağa imkanın olmayıb. Belə getsə, orda da iş qura biləcəyik. Elə bil ürəyinə dammışdı. İki il bundan əvvəl İstanbulda ev alanda yəqin işlərinin ora qədər gedib çıxacağını bilirdin. Ata, kaş sənin bu iş uzaqgörənliyin mənə də keçəydi. Düzünü de, şəhərə vurulub orda ev aldın, yoxsa beynində artıq orda da iş qururdun? Yadımdadır, anam nə qədər buna qarşı çıxıb deyinirdi. Amma indi başa düşürəm ki, çox ağıllı iş görmüsən. Əvvəlcə ev aldın, sonra da türklərlə iş qurdun.Hər şey Yaradanın izni ilə olur. Xoşbəxt o kəslərdir ki, onların planları ilə Allahın planları üst-üstə düşür. Görünür, bu dəfə də Allah könlümüzcə verdi. Mənim yerimə sən ora iş görüşünə gedəcəksən. Dilimizdə yaxşı danışırsan, zənnimcə, ünsiyyət qurmaqda çətinlik çəkməyəcəksən.Ata, nə yaxşı ki mənə öz dilində danışmağı öyrətdin. Mən öyrəndim, Lena isə öyrənmədi. Onu da anam qoymadı. Uşaqlıqda sənin öyrətdiyin sözləri təkrarlayanda anam hirslənib “Ana dilində danış” deyərdi.İsgəndər onun dediyi son kəlmələrdən bir an tutulub dedi:

Səməd, mən vətənə dönmək, orda yaşamaq qərarına gəlmişəm. Bilirəm ki, bu sizin o qədər də ürəyinizcə olan xəbər deyil, amma mən yenə də öz istəyimi dilə gətirirəm.Səməd qaşlarını çatdı:

Ata, niyə bu fikrə düşmüsən? Axı burda hər şeyimiz var, hər şey qurub yaratmısan. Bakıya gedib nə edəcəksən? Bacım, anam bu işə nə deyəcək? Biz heç oraları yaxşı tanımırıq. Bir də mən öz adıma deyim ki, başqa yerdə yaşaya bilmərəm. Uşaq vaxtı getsəydik, bəlkə də hər şey başqa cür olardı, amma indi çox gecdir.Səməd, mən sizi heç nəyə məcbur edə bilmərəm. Sən də, bacın da müstəqil adamlarsınız. Şirkətin burdakı işlərinə sən nəzarət edəcəksən. Evi, bağ evini sizin adınıza keçirəcəm. Hər ikinizin əlini çörəyə çatdırmışam. Səni də, Lenanı da çox sevirəm, sizinlə fəxr edirəm.Səməd bu sözlərdən sonra atasının nə qədər ciddi olduğunu anladı. İsgəndər şirkətdə bir az da ləngiyib evə getdi. Həmişəki kimi, qapını evin qulluqçusu açıb onu gülər üzlə qarşıladı. Xoş gəldin edib, çay, qəhvə, yemək təklif etdi. Amma İsgəndər heç nə istəməyib iş otağına çəkildi. Nə Səməddən, nə də xidmətçi qadından Katyanın harda olduğunu soruşmadı. Yəqin yenə hansısa rəfiqəsigildədir, ya da gözəllik salonundar, ya da... Bu haqda düşünmək belə istəmirdi. “Əgər bu dəfə də içkili vəziyyətdə evə gəlsə, onunla qəti surətdə danışacam. Elədiklərinin və danışdıqlarının cavabdehliyini daşımırsa, yaşadıqlarımıza, övladlarımıza hörmət qoymursa, birgə yaşamağımızın nə mənası var ki?.. Deyəsən, bundan belə mən onun bankdakı hesabına pul köçürməkdən başqa heç nəyə gərək deyiləm. Biz heç vaxt doğmalaşa bilmədik. O heç mənim dilimdə beş kəlmə söz belə danışmaq istəmədi. Bir dəfə də olsa daxili dünyama nəzər yetirib məqsədlərimə qoşulmadı. Ancaq öz kefinə yaşadı. Son illərsə tamam öz aləminə qapandı. Bahalı geyimlər, maşınlar, gözəllik salonları, xaricə səyahətlər, daha nələr... Bəlkə elə düşünür ki, onun hər hərəkətinə övladlarımın anası olduğu üçün göz yumacam, yəni onu heç vaxt tərk etməyəcəm. Buna birdəfəlik son qoymaq lazımdır. Əgər ağlını başına yığmayacaqsa, onu tərk etməkdən başqa çarə buraxmır. Mən ondan bu və digər səbəblərdən ayrılmaq istəməmişəm... Amma son illər çox içməyi, kobudluq etməyi qadınlığa sığmayan hərəkətlərdir”. Dözmədi, arvadının əl telefonunu yığdı. Katya zəngə cavab vermədi. Bu saymamazlıq İsgəndəri lap sarsıtdı. “İyirmi gündür ki, danışmırıq. Bir dəfə də olsa məni axtarmayıb. Gedəndə belə, yola salmağa gəlmədi. Sonuncu dəfə mubahisəmizdən sonra ondan bərk incidiyimi bilsə də barışmağa cəhd göstərmədi. Axı bizi nə bir-birimizdən bu qədər uzaqlaşdırıb yadlaşdırdı, soyutdu?.. Ailəmizdə heç vaxt yüksəkdən səs gəlməzdi. Həmişə bir-birimizə hörmətlə yanaşardıq...” Arada Katyanın qısqanclığı, ya da uşaqların tərbiyəsində bəzi problemlər İsgəndərin xoşuna gəlməsə də, bunlar tez yoluna qoyulardı, dava-dalaşsız keçib gedərdi. Uşaqlar xaricə təhsil almağa getdikdən sonra Katya daha da sərbəstləşdi. Tez-tez uşaqların yanına gedir, boş vaxtlarını rəfiqələri ilə müxtəlif əyləncə mərkəzlərində, qonaqlıqlarda keçirərdi. Artıq uşaqlar da geri dönüb. Düzdür, ikisi də müstəqil gənclərdir, amma ailədə hamı bir yerdə yaşayır, mehribanlığı qoruyub saxlayırdılar. İsgəndər bir anlıq keçmiş günlərə dönmək, ailəsini bir araya toplayıb meşəyə gəzməyə getmək, kabab çəkmək, uşaqların suallarına cavab vermək, göbələk yığmaq, şənlənmək istədi. Amma zaman hər şeyi keçmişdə qoymuşdu. İndi yanında nə Katya, nə qızı, nə də oğlu vardı. O birdən-birə özünü ailəsinin içində yad adam kimi hiss etdi. Otaqdan çıxdı. Xidmətçi qadından arvadını soruşdu. O, qonaqların gələcəyini, Katyanın yeməklər sifariş verib getdiyini və bir azdan dönəcəyini dedi. Sonra İsgəndər onun evə içkili gəlib-gəlmədiyini soruşdu. Xidmətçi qız başını aşağı salıb susdu. İsgəndər cavabını almış adam kimi başını bulayıb həyətə çıxdı. Darvazanın önündə taksi saxladı. Katya maşından düşüb həyətə girdi. Əlində bir neçə kağız qutu vardı. İsgəndər arvadına yaxınlaşdı. Heç bir şey olmamış kimi, Katyanı mehribanlıqla qucaqlamaq istədi. Qadın onu soyuq baxışlarla süzüb, yad adam kimi qarşıladı. İsgəndər ciddi səslə soruşdu:

Zəngimə niyə cavab vermirsən?İyirmi gündür ki yoxsan, arvadına zəng vurmaq təyyarədən düşəndə ağlına gəldi?! Məni nə hesab edirsən?! Zənginə cavab verəcəyimi zənn edirdin?!Katya, sənə çox qəzəblənmişdim. Biz səninlə oturub açıq başla söhbət etməliyik. Münasibətlərimizə aydınlıq gətirməliyik. Sənin evdə darıxdığını, rəfiqələrinlə qonaqlıqlarda olduğunu, xaricə Lenanın yanına getməyini, hər şeyi başa düşürəm, amma içkiyə qurşanmağını, mənimlə kobud davranmağını heç cür anlaya bilmirəm. Doğrudanmı, sən ərinlə necə danışacağını unutmusan, bilə-bilə ki belə şeylərə nifrət edirəm. Vətənimdən təzə döndüm. Nə qədər ailədə qonaq oldum. Sən yaşda qadınların nə içdiyini gördüm, nə də əri ilə pis davrandığını.Katya onun dediklərinə , deyəsən, heç əhəmiyyət vermək istəmirdi.

Qonaqlarım gələcək, Lyuba ilə Tanya. Deyirsən, indi onlarla oturub yemək süfrəsində bir az çaxır içə bilmərəm?! Sənin yerinə olsaydım, bizimlə birgə oturub məclisi şənləndirərdim. Sağlığımıza içərdik, kefimiz açılardı. Gəzdiyin yerlərdən bizə danışardın. Hərçənd mənə görə, Qafqaz darıxdırıcı yerdir. Katya sözünü bitirib evə doğru addımladı. İsgəndər onun arxasınca gəlib möhkəm səslə dedi:

Deməli, mən sənin üçün darıxdırıcı adamam. Səni ancaq kef, gəzmək, içki, bahalı geyimlər maraqlandırır. Öz vətənində yeyib-içib kef edirsən. Səni mənim qohum-əqrəbam, vətənim niyə maraqlandırsın ki?!.Unutma ki, mənim vətənimdə belə imkanlı kişi olmusan, yaxşı idi qalaydın, gəlməyəydin, səni kim zorla bura gətirmişdi ki?!Bu nə cür danışıqdır?! Sən elə bilirsən yaşadığın bu gözəl həyat sənə göydən qızıl zənbillə düşüb? Yoxsa unutmusan ki, sənə bu cah-cəlalı bəyənmədiyin qafqazlı oğlan yaradıb? İsgəndərin hirsindən əlləri, dodaqları əsirdi. Katya isə kirimək bilmirdi:

Bəs nə bilmişdin, sənə belə gözəl, tərbiyəli balalar doğmuşam, böyütmüşəm. Oğuldan oğlun, qızdan qızın. Yadından çıxıb, evlənəndə heç nəyin yox idi. Nə qədər yataqxanada qaldıq, nə gədər çətin günlərimiz oldu. İndi hər şeyimiz var, niyə qoymursan kef eləyək, İsgəndər!Mən bu illər ərzində ancaq sənin və uşaqlarım üçün yaşamışam. Sizin üçün hər şərait yaratmışam. İndi mənə minnətdarlığını belə bildirirsən?! İçkidən ağlın azıb, nə danışdığını belə bilmirsən. Birdən Katyanın maşınsız gəldiyinin fərqinə varıb soruşdu:

Maşının hardadır? Niyə taksi ilə gəlmisən? Katya əvvəl özünü itirdi, sonra maşını Səmədin təmirə verdiyini dedi.

– Maşın keçən il alınıb, nəyini təmir etdirirsən?! Niyə Səməd mənə heç nə deməyib?!

Katya İsgəndərin lap qızışdıgını görüb, qadına məxsus xüsüsi incəliklə ərinə yaxınlaşdı, onun qoluna girib, sakit və günahkar səslə söylədi:

– Maşını vurublar, yox, mən vurdum, orası-burası əzilib.

İsgəndər arvadına diqqətlə baxdı:

– Özünə heç nə olmayıb ki?

– Yox, hər şey yaxşıdır, bir az maşın əzilib.

– Hardan gəlirdin?

– Atamgildən, qardaşımın oglu gəlmişdi. Yıgışdıq, hamımız yedik-içdik, gələndə yolda gözümə işıq düşdü, idarəetməni itirdim, maşını yolun kənarındakı dirəyə çırpdım.

– Gör nələr baş verir, mənimsə heç nədən xəbərim yoxdur, Kayta!

– Səmədə zənq etdim gəldi, az qalıb, bu gün-sabah təmirdən çıxaracaq maşını.

– Görürsən, içkili olmagın sənə nələr yaşadır? Belə olmaz. Sən buna son qoymalısan. Mən öz evimdə içki istəmirəm, arvadımın da heç yerdə içməyinə razı deyiləm.

Unutma ki, bura mənim də evimdir.Katya bunu deyib İsgəndəri soyuq tərzdə özündən araladı:

Sən mənim sevdiyim şeylərə qadaga qoya bilməzsən. Bura sənin üçün müsəlman ölkəsi deyil, mən də sənin üçün hicablı qadın. Mənimlə kölə kimi davrana bilməzsən. Hadisədir də olub. Sag-salamatam, bir az içmişdik, nə olsun ki.İsgəndər hirsini boğmaq, onu danlamaq, qadınlar haqqında bu cür danışmasına görə onu tənbeh etmək istədi. Amma əlli dörd yaşlı Katyanın Azərbaycan qadını haqqında təsəvvürünü nə dəyişə bilərdi ki? O özünü onların hamısından agıllı, yaraşıqlı və gözəl bilirdi. Ona görə yox ki onun bəxti gətirmişdi. Ona görə ki İsgəndər onu buna layiq bilmişdi. Onu özünə həyat yoldaşı seçib, övladlar qazandırıb, hörmət sahibi etmişdi.

İsgəndər Katyanın üzünə baxıb, haqqında düşündüklərini üzünə demək istədi. Amma dəhlizdən gələn rus qadınlarının qəhqəhəsi ona mane oldu. Əllərində şərab şüşələri Katyaya yaxınlaşıb göruşən rəfiqələrlə İsgəndər ciddi şəkildə xoşgəldin etdi.

– Bəlkə bizimlə oturub bir az da siz içəsiniz, – deyə ona müraciət etdilər.

O isə üzrxahlıq edərək işlərinin çox oldugunu söylədi və otaqdan çıxdı.

Heyf deyil bizim kişilər, heç vaxt heç nəyə etiraz yoxdur. İçməkdəsə onlara dünyada heç kəs çata bilməz.Katya saymazyana söylədi:

– Onunla işiniz olmasın, yaşlandıqca lap darıxdırıcı olur.

– Elə demə, Katya, kimin əri yanındadır ki? Amma sənin ərin yanındadır, üstəlik belə yaraşıqlı və imkanlı kişidir.

– Eh, daha yaraşıqdan bir şey qalmayıb. Onu ancaq qoyasan öz azərbaycanlıları ilə çalıb oxusun. Çiçəyi çırtlayır onlardan birini görəndə, güya ki özləri içmirlər, elə məni görür gözləri. Lap bezdirib qadagaları ilə. Onunla vətəninə getməmişəm deyə, bilmir hirsini necə çıxarsın. Çəkmir məni oralar, darıxıram, özümə yer tapa bilmirəm orda.

– Bəs birdən desə Vətənimə gedək, onda neyləyəcəksən?

– Deməz, ay qız, onun hər şeyi burdadır – ailəsi, işi-gücü. Bizi qoyub hara gedəcək ki?..

– Yəni sən onunla getməzsən, hə?

Başına söz qəhətdir, gəlin başqa şeylərdən danışaq. Lyuba, şərabı aç içək özümüzün sağlığına. Qocalmayaq, qızlar, qocalmayaq.İsgəndər Katya ilə son danışığından sonra özünə yer tapa bilmirdi. Bu söhbətlər onları dərin bir uçurumun kənarına gətirmişdi. “Katya heç düzələnə oxşamır, axı nə tapıb bu içkidə, nəyi çatmır? Niyə mənimlə yaşamağa, mehriban olmaga can atmır?” Həyətdə gəzişməyə başladı. Agaclara, güllərə tamaşa etdi. İndi onu nə qurub yaratdığı bu ev, nə öz əlləri ilə əkdiyi agaclar, nə də güllər sevindirirdi.

“Bəs birdən Katya düzəlməsə, içkiyə daha çox qurşansa, necə olacaq? Onunla birgə ömrümü necə paylaşacam? Yox, mən onu bu dəhşətli içki bəlasından xilas etməliyəm. Birtəhər dilə tutaram, Azərbaycana köçərik. Mühiti dəyişər, içkini atar. Burda hamı içir, gənc də, qoca da. Birdən getmək istəməsə, ayrılmaq istəsə, necə olacaq? Bu yaşımızda boşanmağamı üstünlük verəcəyik? Biz evlənmədik ki, hər şeyi quraq, yaradaq, uşaqlarımızı böyüdək, təhsil verək, sonra da ayrılaq”. Birdən rəhmətlik anasının “Həyatın hər üzü olur” cümləsi yadına düşdü. “Görəsən, o nurlu qadın bunları əvvəlcədən duyub söyləyirmiş, yoxsa ona həyat dedizdirirmiş bu kəlamları?” Bu yaşda İsgəndərə ayrılmaq çox ağır gəlirdi. Dostları, tanışları, qohum-əqrəbası, övladları gəldi gözünün önünə. Sonra Nailəni xatırladı. Batumidən çıxandan elə bir gün olmamışdı ki, o xoşsifət, yaraşıqlı azərbaycanlı qadını xatırlamasın. Dərindən köks ötürdü. Evə qayıtdı. Katyagil qonaq otağında danışıb gülür, yeyib içirdilər. İsgəndər oğluna zəng vurdu.

Evə çatıram, ata, nəsə lazımdır?Yox, heç nə lazım deyil. Bəlkə hardasa baş-başa oturub yemək yeyək, söhbət eləyək?Gözüm üstə, ata, böyük məmnuniyyətlə. Hazırlaş, səni şəhərdə təzə açılmış gözəl bir məkana götürəcəm.Ata-bala restoranın ən mənzərəli yerlərindən birində oturub yemək sifariş verdilər. Səməd atasından niyə bu qədər kədərli olduğunu soruşdu. İsgəndər dərindən ah çəkib dedi:

Ananın maşınını təmirə vermisən, bəs mənim niyə bundan xəbərim yoxdur? Birdən özünə bir şey olsaydı, bacın da burda yoxdur. Elə bilirsən ki, daha böyümüsünüz. Mənə nəyisə deməyə ehtiyac duymursunuz.Yox, ata, elə demə. Ciddi nəsə olsaydı, sözsüz, sənə deyəcəkdim. Şükür, yaxşı qurtarıb, bir-iki günə maşını çıxaracağam. Anamız bizi yüngülvari xərcə salıb.Səməd, ailəmizdə ciddi problem ananın içkiyə qurşanmasıdır. Bu məni çox narahat edir. Lena gəlsin, hamımız bir yerə yığışaq, onunla söhbət edək. Bəlkə utanar, vicdan əzabı çəkər. Deyək ki, içkidən əl çəkməsə, hamımız ondan üz döndərəcəyik. Bəlkə qorxar, çəkinər.Heç ağlım kəsmir, ata. Mən onunla qəzadan sonra xeyli söhbət etmişəm, çox danlamışam, hətta, deyəsən, təhqir də etdim. Düzü, sənə görə çox pis oldum. Axı sən buna layiq deyilsən. Nə qədər başa salıram ki, atam şəhərdə hörmətli adamdır. Həmyerliləri çoxdur. Belə şeylər onların arasında yaxşı qarşılanmır, ümumiyyətlə, onun davranışı son zamanlar çox sərtləşib. Mən əlimdən gələni etdim. Məndən inciyib, çünki hələ də dediyim sözlərə görə üzr istəməmişəm. Lazım gələrsə, üzr istəməyə də hazıram. O mənim anamdır. Mən hər ikinizin seçiminə hörmətlə yanaşıram. Sən aranızda yaranan bu xoşagəlməz münasibətdə nə qərar versən, yanında olacam. Səni cox sevirəm, ata. Səndən bir övlad kimi cox razıyam. Sən her yerdə mənim arxam, dayağımsan. Sən olmasan, bu vəziyyətə necə gəlib cıxardım.Oğlunun söylədikləri İsgəndəri yaman kovrəltdi. Oğlunu özünə tərəf çəkib alnından öpdü.

Halalın olsun, bala, xosbəxt olasan. Mən nə etdimsə, sizin xosbəxtliyiniz üçün etdim. Səməd, hələ gənciliyinin ən gözəl çağıdır. Ailə quranda ehtiyatlı ol, ömür-gün yoldaşını elə seç ki, sonra peşmançılıq çəkməyəsən. Kişi qadınının arzuları ilə yasayır. Bax mənim halıma, anan içkidən və kefdən başqa heç nə arzulamır. Deməli, onunla yaşamağımın hec bir mənası yoxdur. Ata-bala dadlı balıq yeyə-yeyə doyunca söhbət etdilər. İsgəndər oğlu ilə qürur duyurdu. Sonra Lenaya da zəng etdilər, onunla da görüntülü danışdılar. İsgəndər balalarını belə şən gördüyü üçün çox sevinirdi.

Gecədən xeyli keçmiş evə gəldilər. Evin bütün işıqları yanırdı. Qonaq otağına keçdikdə Katyanın kresloda sərxoş halda oturub qaldığını gördülər. İsgəndər və Səməd bir-birindən xəcalət çəkirmiş kimi, nə edəcəklərini bilmədilər. İsgəndər oğlunu otağına yola saldı.

Sabah işə gedəcəksən, mənə görə narahat olma.Səməd ağır addımlarla yataq otağına sarı getdi. İsgəndər qonaq otağının işıqlarını söndürüb kresloda oturdu. Səhəri diri gözlə açdı. Gecə Katya bir neçə dəfə su istədi. İsgəndər ona su verdi, üstünə nazik ədyal örtdü. Xidmətçi qadın səhər yeməklərini hazırlayıb ailəni süfrəyə dəvət etdi. Səməd qəhvə içib şirkətə yollandı. Sonra İsgəndər ailə həkimləri Viktor Qriqoryevə zəng etdi. Bu günə vaxt təyin edib Katya ilə gələcyini bildirdi. Günorta saat üçdə həkimin qəbulunda olmalıydılar. İsgəndər otağa kecəndə Katya hələ də yatırdı. O, kabinetinə keçib, dünən Türkiyədən gələn iş təklifinə nəzər saldı. Hər seyi diqqətlə izlədi. Deyəsən, özü getməli olacaqdı, amma bu haqda düşünməyi sonraya saxladı. İlk növbədə Katyanı bu dəhşətli bəladan xilas etmək lazım idi. Onunla olmaq, ona cox vaxt ayırmaq, ciddi söhbət etmək lazım idi. Tezliklə Lena da gələcək. Katya onun qarşısına bu vəziyyətdə çıxa bilməzdi. İsgəndər ailəsinə gələn bu dəhşətli bəladan qurtulmaq, sakit həyat yasamaq istəyirdi. Əgər Katya razılıq verərsə, İstanbula da getmək olardı. İşləri yaxşı gedərsə, bir müddət orda yaşaya bilərdilər. Bəlkə bu, Katyanın içkiyə olan meylini tamamilə yox edərdi, hər halda orda başqa mühit, başqa adətlər vardı...

Katya yuxudan ayılıb var-gəl etməyə başladı. İsgəndər onun xidmətçi qızdan ağrıkəsici istədiyini esitdi. O, arvadının yanına gəldi. Katya kresloda oturub başını yelləyirdi. İsgəndər ciddi səslə dedi:

Dur hamamlan, qəhvə iç, özünə gəl. Saat üçdə həkimin qəbulunda olmalıyıq.Katya onu dinləyir, amma nə dediyini anlaya bilməyən bir ifadə ilə üzünə baxırdı.

Həkimdən sonra səninlə ciddi danışacam, ağlın başına gələndə. İndi isə ayağa qalx və dediklərimi elə. Sənə baxanda xəcalət çəkirəm. Tay-tuşların nəvə tərbiyə edir, sənsə bu səviyyəsiz halınla, mən bir yana, oğlunun qarşısına çıxdın. Lena səni bu vəziyyətdə görməməlidir. Əgər belə davam edərsə, hamı səndən üz döndərəcək. Məni də, özünü də biabır edəcəksən. Mənim də səbrimin bir həddi var. İndiyə kimi sənə heç nədə etiraz etməmişəm, bütün şıltaqlıqlarına dözmüşəm. Amma indi lap dözülməz həddə çatmısan.İsgəndər daha çox şey söyləmək istədi. Amma Katya hələ içkinin təsirindən tam ayılmamışdı, ərinin dediklərini anlamaq iqtidarında deyildi. O heç yerindən belə qımıldanmırdı. Birdən Katya əli ilə başını tutdu. Xidmətçi qadından içki istədi. İsgəndər başı ilə xidmətçi qadına yox işarəsi verib arvadına yaxınlaşdı. Onu kreslodan qaldırıb möhkəm silkələdi, vurmamaq üçün özünü güclə saxladı. Katya sanki ətini kəsirmişlər kimi qışqırıb İsgəndərə kobud sözlər deməyə başladı:

Burax qollarımı, əl çək məndən. Bezdirmisən acı sözlərinlə. Öz evimdə, öz rəfiqələrimlə yeyib içməyə də haqqım yoxdur? Nə edirəmsə, xoşuna gəlmir.Biz bu gün həkimə gedəcəyik. Ordan da şəhəri gəzməyə çıxarıq. Əvvəllər olduğu kimi, sevdiyimiz yerləri gəzərik. İstəsən oturub bir yerdə nahar da edərik.Səninlə heç yerə getməyəcəm. Bu gün evdə qalacam. Məni zorla həkimə apara bilməzsən. Axı mən niyə həkimə getməliyəm?!Onda məni başa sal görüm, niyə bu qədər içirsən? Bəlkə bilmədiyim bir dərdin var? Ürəyin hara istəyir səni aparım. İstəyirsən Lenanın yanına gedək. Avropanı bir də gəzək.Sən bilirsən ki, mən bir getdiyim yerə ikinci dəfə getməyi sevmirəm. Avropanın ən gözəl yerlərində olmuşam, daha harasını gəzəcəm ki?Onda mənimlə vətənimə gedək. Uşaqlar da böyüyüblər. Səməd burdakı işlərimin öhdəsindən yaxşı gəlir.Bu axmaq fikir ağlına haradan gəlir?! Səninlə heç yerə getməyəcəm. Qoca atamı, anamı, qardaşımı, rəfiqələrimi qoyub qürbətə gedə bilmərəm.Kişinin özü harda, arvadı da orda olmalıdır. Biz bura qədər bir yerdə gəldik, qocalığımızı da bir yerdə keçirməliyik.Mən hələ qocalıq barədə fikirləşmirəm. Bu günlə yaşayıram, indi yaşayıram!Katya bağıraraq xidmətçi qızdan bir də içki istədi. İsgəndər onun bu halına daha dözə bilməyib öz növbəsində qışqıra-qışqıra dedi:

Sən harınlamısan, ağlını itirmisən, necə yaşadığını düşünmürsən! Sənə bu cür gözəl və rahat həyat verilib, onu içki ilə havaya sovurursan! Sənə verdiyim hörmət və dəyəri beləmi qiymətləndirirsən?! Ətrafına bax. İçki nə qədər insanın həyatını məhv edib, ailəsini dağıdıb. Dərddən və acizlikdən içənləri başa düşə bilərəm, amma sənin kimi kefindən içənləri heç cür anlamaq iqtidarında deyiləım! Sonunu özün yaşayıb görəcəksən. Özünü məhvə sürüklədiyini başa düşməsən, heç birimiz, heç həkim də sənə kömək edə bilməyəcək.Bəsdir mənə ağıl öyrətdin. Öz köhnə fikirlərinlə hər şeyi şişirdirsən. Əvvəla, mən çox içmirəm, ikincisi də özüm bilərəm.Bu hələ başlanğıcdır. Çox görmüşəm sənin kimi çox içmirəm deyib həyatını içkiyə qurban verənləri. Amma məni də, uşaqları da biabır etməyinə imkan verməyəcəm. Unutma ki, mənim soyadımı daşıyırsan. Əgər mənim ailəmdə nəsə qaydasında getmirsə, bu problemi həll etmək üçün əlimdən gələni edərəm. Yox, əgər bu işdə mənə kömək etmək istəmirsənsə, səni boşamaqdan başqa əlacım qalmır. Otur, düşün bu haqda. Səni ən layiqli xanım kimi saxlayıram. Bəlkə səndən sevgimi və diqqətimi əsirgəmişəm?! Sənə olan münasibətimdə həmişə səmimi olmuşam. Sənsə bu yaşımda mənə bunumu mükafat verirsən? Nə qədər ki mənim arvadımsan, bu evdə heç bir içki olmayacaq. Rəfiqələrini də evimdə görmək istəmirəm.Bura həm də mənim evimdir və mən öz vətənimdə yaşayıram. Qarşında uşaq dayanmayıb ki, ona qadağalar qoyasan, necə danışırsan mənimlə?! Yox, mən bu qədər alçalmağa dözə bilmərəm!Sən mənim yanımda özünü uca görürsən. Bir gün sənin yanında olmayanda hansı səviyyədə olduğunun fərqinə varacaqsan. Bax onda bunu özünə dərd edib içərsən. Mənim yoxluğuma içərsən!İsgəndər bunu deyib yan otağa keçdi. Xidmətçi qadından paltarları yığmağı xahiş etdi. Özü isə kabinetdən bəzi əşyalarını götürüb Ayaza zəng vurdu:

Bağ evində olacam, Ayaz, məni hər gün ordan işə aparacaqsan.Evdən çıxanda Katyanın oturduğu otağa bir də keçdi. Qadın azacıq sakitləşib qəhvə içirdi. İsgəndər ciddi səslə dedi:

Saat üçdə həkimin qəbuluna yazılmısan. Viktor Qriqoryevlə danışdım. Getmək istəsən şirkətə gəl, birgə gedək. Amma unutma ki, hamıdan əvvəl özün öz həkimin olmalısan. Bu yaşında başımıza gətirdiyin bəlaya bir bax.Mən xəstə-zad deyiləm. Sən məni xəstə gözündə görürsən. Heç bir yerə getmək fikrim də yoxdur.Katya, mən bağ evində qalacam. Səni bu halda gördükcə özümə nifrət edirəm. Ağlını başına yığ. Əgər, həqiqətən də, mənə həyat yoldaşı olmaq istəyirsənsə, içkidən tamamilə əl çəkib yanımda sağlam başla, namusla addımlamalısan. Məni evimə, sənin həyatına necə döndərmək yolları haqqında yaxşı-yaxşı fikirləş. Salamat qal.Get, hara getsən də, yenə yanıma qayıdacaqsan.Ayaz maşını evin önündə saxlayıb çamadanları baqaja yüklədi. İsgəndər arxada həmişəki yerində oturdu. Maşın həyətdən çıxdı. O, yol boyu kəlmə kəsmədi. Ayaz sahibini bağ evinə gətirdi. Həyətdəki bağban onu qarşıladı. İsgəndər əşyalarını rahatlayıb həyətə çıxdı, bağı gəzməyə başladı. Əkdiyi ağaclara baxdı. Bu ağacların tinginin çoxunu qardaşı Gürcüstandan göndərmişdi. Hər dəfə bağçada gəzəndə, bu ağaclara baxanda doğma yerləri bir də xatırlayırdı. Şaftalıdan bir neçəsini dərib yudu, sonra həvəslə yeməyə başladı. “Biz tərəfin alması, şaftalısı necə də dadlıdır” deyə düşündü. Sonra bağbanla xeyli söhbət etdi. Ona bağa belə yaxşı baxdığı üçün təşəkkür etdi. Evə gəlib iş otağına keçdi. Əlində gətirdiyi bir neçə şaftalını da iş masasının üstünə qoydu. Kompyuterini açdı, Türkiyədən gələn əməkdaşlıq təklifini bir də nəzərdən keçirdi. İnşaat sektoru ilə qurulacaq iş birliyi haddında düşünüb, bəzi layihələri gözdən keçirdi. Bu sevindirici təklifi əslində çoxdan gözləyirdi. Hələ Türkiyəyə ilk dəfə gedəndə bu barədə düşünmüşdü. Avropa ilə Asiyanı birləşdirən, füsunkar şəhər olan İstanbul onu elə ilk baxışdaca valeh etmişdi. Sonralar hər dəfə bu şəhərə gələndə ona daha çox bağlanır, öz işi ilə əlaqədar burda nəsə yaratmaq istəyirdi. Son iki ilini, demək olar ki, bu layihələrə həsr etmişdi. Tez-tez İstanbula gedirdi. Bir tərəfdən şəhərin gözəlliyi, digər tərəfdən doğma dilində danışan türklərin qonaqpərvərliyi ona çox əziz gəlirdi. Elə bu səbəbdən İstanbulda ev də almışdı. Hər dəfə ora gedəndə evin eyvanından saatlarla dənizə baxar, İstanbulu seyr edərdi.

Başı işə qarışdığından vaxtın neçə keçdiyini duymadı. Bərk acdığını hiss etdi. Mətbəxə keçdi. Ayaz sağ olsun, yaxşı bazarlıq etmişdi. Tələbəlik illərini xatırlayıb özü üçün nəsə hazırlamaq istədi. Əvvəlcə ağlından kartof qızartması keçdi, sonra yadına düşdü ki, həkimə getməlidir. Kolbasanı doğrayıb tavaya tökdü, üstünə də yumurta vurdu. Salat hazırlayıb çörəyi doğradı. Heç vaxt tək yeməyi xoşlamazdı. Həyətə çıxıb bağbanı da çağırdı. Hər ikisi iştahla yeməyə başladılar. Sonra İsgəndər bağbana dəymiş meyvələrdən yığmağı tapşırdı. Özü isə mətbəxi səliqəyə salıb qabları yudu. Əynini geyinib maşına tərəf getdi. Bağban meyvə ilə dolu səbəti Ayaza verdi.

O artıq saat üçdə illərdən bəri tanıdığı, ailəsinin həkimi olan yaxın dostu Viktorun kabinetində oturmuşdu. Meyvələri Viktora verib “halallıqla ye” dedi. Katya hələ gəlməmişdi. Onlar xeyli söhbət etdilər. İsgəndər fikirli-fikirli dedi:

Katya son zamanlar çox içir. Müxtəlif məclisləri, şənlikləri bəhanə edib içir. Ona necə kömək etmək olar, Viktor? Belə getsə, ailəm dağılacaq. Səhər bir az dalaşdıq. Bilirdi ki, saat üçdə həkimə gəlməlidir.Onunla özüm danışaram, İsgəndər. Adətən, içkiyə hansısa səbəblərdən qurşanırsan. Görünür, onu içkiyə meylləndirən kimsə və ya nəsə var. Ətrafına, rəfiqələrinə nəzarət etmək lazımdır.Mən onun mühiti haqqında çox düşünmüşəm. Bu yaxnlarda Türkiyəyə gedəcəm. Əslində vətənimə dönmək, orda məskunlaşmaq istəyirəm. Torpaq məni yamanca çəkir. Ora getsə, bəlkə Katya da bu axmaq vərdişindən əl çəkər. Amma o buna heç cür razı düşmür.Hansı mərhələdə olduğunu aydınlaşdırmaq lazımdır. Əgər ilkin mərhələdədirsə, nəsə eləmək olar. Yox, əgər asılılıq yaranıbsa, hara aparırsan apar, heç nə kömək etməyəcək. İçmək üçün hər şeyə əl atacaq. Tapmadıqda isə evdə dava salacaq, sənə nifrət edəcək. İsgəndər, öz sağlamlığına da fikir ver. Bu yaşda sənə əsəbiləşmək, fikir eləmək, sarsıntı keçirmək olmaz. Bir də ikiniz də elə yaşdasınız ki, problemi həll etmək üçün kifayət qədər soyuq ağlınız və təcrübəniz var. Əgər Katya həyat tərzini dəyişmək istəmirsə, bu onun seçimidir. İtirən özü olacaq. Sən, yaxşısı budur, özünü qoru. Mən onunla söhbət edərəm.Dostu İsgəndərin ürəyində az da olsa ümid işığı yandırdı. O, evində həmişə söz sahibi olmuşdu. Arvadını nə qədər sevib, hörmət etsə də, son söz həmişə İsgəndərin olub. İndi içkidən ağlını itirən Katya ağzına gələni danışır, hamını təhqir edirdi. Bir həyat yoldaşı, bir ər kimi İsgəndərin ürəyi qırılmışdı. Arvadının içkidən hünərlənib dediyi sozləri unuda bilmirdi. Bəlkə, doğrudan da, Katya bunları ürəkdən deyirdi. Ömrünün payızına doğru irəlilədiyi yolda rastlaşdığı bu mənzərə ruhunu sarsıtdı. “Mən elə bilirdim ki, xoşbəxtəm, amma həyatımda baş verən son hadisələr mənə ən dəhşətli zərbəni vurdu. Vətəndən, eldən uzaq, qürbətdə günümün xoş keçməsi xoşbəxtlik deyilmiş. Bu vəziyyətə gəlib çıxmağım, qurub yaratdığım hər şey belə məni indiki halımda niyə xoşbəxt edə bilmir? Katyanın içkili halda mənə dediyi agır sözlər xoşbəxt kişiyə ünvanlana bilərdimi? İçimdə hər şeyi öldürdün, Katya. Sonunda özümün nə qədər gərəksiz və yad olduğumu hiss etdim. Məgər sonda bu sözləri eşitmək üçün səninlə ömrümün ən cavan və gözəl çağlarını paylaşdım?.. Deməli, sənin yaratdığın xöşbəxtlik yalan və saxta imiş”. İsgəndər sinəsində kəskin agrı hiss etdi, sol qolu və barmaqları keyidi. Özünü maşına, Ayazın yanına güclə yetirdi. Ona maşını evə sürməsini buyurdu.

İsgəndər artıq iki gün idi ki, evdən çıxmırdı. Səməd hər axşam onunla görüşməyə gəlirdi. Gecə yarısına qədər söhbət edir, bəzən oğlu qalmaq istəyəndə, “Ananı tək qoyma, evə get” deyə İsgəndər israr edirdi. Səməd gedəndən sonra gözünə yuxu getməz, öz həyatı, taleyi haqqında dayanmadan düşünürdü. Sanki taleyüklü bir dönəmin astanasında dayanmışdı. Həyat ondan verəcəyi qərarı gözləyirdi. İndiyə kimi yaşadıqlarının puç, əfsanə olduğunu, ona xoşbəxtlik gətirmədiyini dərk edən İsgəndər ya geri dönüb Katya ilə birgə yaşamalı, onun hərəkətlərinə göz yumub, danışdıqlarını, təhqirlərini heç nə olmamış kimi qəbul etməli idi. Qazanıb gətirməli, Katya da yeyib-içib həyatını cəhənnəmə çevirməli, o isə susub-susub taleyinə lənət oxumalı idi. Ya da bu şəhərlə bağlı hər şeydən, Katyadan ayrılıb vətəninə dönməli, qalan ömrünü orda sürməli idi. Bu fikirlər onu gecə-gündüz rahat buraxmırdı. Bəlkə elə buna görə idi ki o, Qara dənizin sahillərinə qədər gedib çıxmışdı...

Axşam Səməd gələndə İsgəndər ona bir neçə gündən sonra İstanbula uçacağını dedi:

Layihələri çox bəyəniblər. Getməyim mütləqdir. Dörd-beş günə gayıdaram, Lenanın da gəlməyinə bir şey qalmadı.Bu sənin ən böyük arzularından biridir, ata, – Səməd sevincək cavab verdi.İsgəndər gülümsədi. Əlini ürəyinin üstünə qoyub dərindən ah çəkdi.

Hər şey yaxşı olacaq. Sən anandan muğayat ol. Viktor Qriqoryevlə görüşəsi olsa, onunla get. Onu tək buraxma.Onsuz da tək qalmaqla heç arası yoxdur. Bütün günü rəfiqələri ilə yeyib- içməkdədir. Ata, məncə, o, həkimə getmək istəmir.Yenə içir?Bu gün onu Lyubagildən evə gətirdim. Gecəni onlarda keçirmişdi. Həmişə olduğu kimi, yenə içkili idi.Deməli, heç nədən nəticə çıxarmayıb. Öz bildiyindən dönmür. Düşündüm ki, peşman olub gəlib üzr istəyər. Heç evdə də gecələmir. Bu da bizim sonumuz. Bir dəli şeytan deyir ki, onun pul hesablarını dondur, onun üçün açdığın apteki də bağla. Bəlkə onda ağlı başına gələr. Digər tərəfdən də, bu namərdliyi edə bilmirəm. Övladlarımın anasına qarşı bu cür rəftar etmək mənə yaraşmaz. Mən Türkiyədən qayıdıb gələnəcən Viktor psixoloq dostu ilə birgə Katya ilə görüşüb söhbət etməlidir. Mən ona və dostuna çox güvənirəm.Katya İsgəndərin gözlərində analıq və qadınlıq ləyaqətini itirsə də, o, həkimlərin arvadına kömək edəcəyinə ümid edirdi. Elə bu düşüncələrlə də Türkiyəyə yola düşdü. Getdiyi bütün iş səfərlərindən, demək olar ki, həmişə müvəffəqiyyətlə qayıtmışdı. Bu dəfə də belə olacaq, nə İsgəndərin, nə də Səmədin buna şübhəsi yox idi.

Qapını xidmətçi qız açdı. Viktor Qriqoryev və dostu otağa daxil oldular. Katya hələ də otağından çıxmamışdı. Viktor illərdir tanıdığı bu evə indi həyəcanla gəlmişdi. Katyanı dünən telefonda güclə razı sala bilmişdi. Xidmətçi qız onlara çay, qəhvə təklif etdi, amma Viktor “Söhbətimiz alınsın, sonra içərik” dedi.

Katya onları xeyli gözlətdikdən sonra otaqdan çıxdı. Üzündə bu insanların gəlişinə çox da sevinmədiyi bir ifadə vardı. Süni təbəssümlə əvəlcə Viktorla, sonra onun yanında gələn psixoloqla salamlaşdı. Qadının sifəti şişmiş, gözlərinin altı qaralmışdı, əzgin görünürdü.

Bizə çay gətir, – Katya qıza səsləndi.Necəsən, Katya? İsgəndər haqqında bir az danışıb. Gözümüzü yolda qoydun, gəlib çıxmadın. Amma yenə də sağ ol ki, bu gün məni qırmadın, görüşməyimizə razı oldun. Sənə yaxın dostum İqor Matveyevi təqdim edim. Çox savadlı, işini bilən psixoloqdur.Bircə psixoloqum çatmırdı. İsgəndər mənə xəstə kimi baxır, nə deyirəmsə bəyənmir, nə edirəmsə xoşuna gəlmir. Onunla vətəninə getmədiyimə görə məndən qisas alır. Yaxşı olardı ki, İsgəndəri bu psixoloqla görüşdürəydin. Bəlkə onda mənimlə danışığına, hərəkətlərinə fikir verərdi.Viktor belə sərt münasibət gözləmədiyindən özünü bir anlıq itirdi. Psixoloq söhbətə qarışdı:

Katerina İvanovna, yoldaşınız son zamanlar çox içdiyinizdən və içkinin təsirindən yaranan pis rəftarınızdan narahat olub, bizə də bu səbəbdən müraciət edib. Elə bilirəm ki, çox qayğıkeş və mehriban adamdır, görün necə də qeydinizə qalır.O özündən savayı heç kimin qeydinə qalmır. İşi-gücü ancaq məni danlamaq, təhqir etmək, qolumu sıxıb göyərtməkdir. Burda nə var axı, əlli dörd yaşım var, məgər bu yaşda öz həyatımı yaşaya bilmərəm?! Rəfiqələrimlə şənlənirəm, qonaq çağırıram, məclislərdə oluram, yeyib-içirik. Bizim məclislərin də bəzəyi içkidir, burda təəccüblü nə var ki? Mənim heç kimə pisliyim dəyməyib ki?.. Belə vəziyyətlərdə pislik anacaq özünüzə dəyə bilər, bəlkə bir az bu haqda düşünəsiniz.Mən nəyi necə etdiyimi çox yaxşı bilirəm, cənab psixoloq. Bu ağıl dərslərinizi də bir başqasına keçərsiniz. İsgəndərin mənimlə necə kobud davrandığını bir bilsəniz! Ötən dəfə az qalırdı ki, məni döysün. Səbəb?! Rəfiqələrimlə öz evimdə oturub şənlənirdik. Viktor, axı burda nə var ki?Katya qəhərlənib ağlamağa başladı:

Mən həmişə onu başa düşməyə çalışmışam, ömrümü, cavanlığımı ona xərcləmişəm.Qadının hərəkətlərini diqqətlə izləyən psixoloq ona su gətirdi. Katya suyu içib davam etdi:

O, həmişə vətənindən qayıdandan sonra belə edir. Viktor, bilsən onunla yaşamaq necə çətin və darıxdırıcıdır. Hər şeydə nəsə bir yamanlıq axtarır. Ora getmə, bunu alma, evimdə bunu istəmirəm, onu istəmirəm, onunla rəfiqəlik etmə, onlar bizə gəlməsin və s. Çox sıxıldım. İndi də vətəninə köçmək fikrinə düşüb, məni də buna məcbur edir, bu isə mənim üçün ən dəhşətli şeydir. Bəlkə sən olduğun məclislərdə özündən xəbərsiz çox içirsən? Katya, mən eşitdim ki, maşınını da əzmisən.Mənim günahım deyildi. Qarşıdan gələn avtomobilin uzaq işıqları gözümə düşdü. Yol hərəkəti qaydalarını bilməyən o qədər səfeh adamlar var ki.Sən maşını içkili halda sürürdün? Bir az içmişdim. Qardaşım oğlu Piterdən qonaq gəlmişdi, bu munasibətlə necə içməyəsən? – qadın bunu deyib, heç nə olmamış kimi gülümsədi.Mən İsgəndəri neçə illərdir tanıyıram, lap cavan yaşlarından. Düşünürəm ki, o səni incitməz.Sən onu yaxşı tanımamısan, Viktor. Yaşa dolduqca xasiyyəti lap dözülməz olub. Hər şeyə, hər işə qarışır. Məni hər şeydən təcrid edir. Hər sözünün başında da, ayağında da gah anasını mənə misal gətirir, gah da bacısını. Mən onlar kimi deyiləm, ola da bilmərəm, olmaq da istəmirəm.Katya yenə qəhərlənib ağladı.

Evdə içməyə, bir az kefimi açmağa heç nə yoxdur. Hamı mənə nəzarət edir. Gör nə gündəyəm ki, xidmətçi də məni güdür. Səmədi necə öyrədibsə, məni heç danışdırmır. Siz də deyirsiniz ki, qayğıkeş ərdir. Viktor, danış onunla, məni incitməsin. Mənimlə uşaq kimi davranmasın. Uşaqları mənə qarşı öyrətməsin. Öz həyatıma özüm cavabdehəm. İsgəndər mənim sərbəstliyimi əlimdən ala bilməz. Xəstə-filan da deyiləm. Heç kimə də ehtiyacım yoxdur.Qadın yerindən qalxıb Viktora yaxınlaşdı.

Mən içmək istəyirəm, bir bilsən, içəndə necə yaxşı oluram, kefim açılır, əsəbi də olmuram. Katya bu sözləri deyib mətbəxə sarı getdi. Soyuducuya baxdı, barı ələk-vələk etdi, amma içməyə heç nə tapmadı. Hər şey yığışdırılmışdı.

Görürsən, heç nə yoxdur. Axı mən niyə bütün bunlara dözməliyəm! – çığırıb mətbəxdəki bir neçə qədəhi yerə çırpdı.Viktor onu güclə sakitləşdirib divana uzatdı, vəziyyət düşündüyündən də ağır idi.

İsgəndərgildən ayrılan həkimlər məyus halda maşına oturdular. Səmədin suallarına cavab verməyən Viktor dostu İsgəndərin gəlişini gözləməyi məsləhət gördü.

Sağ-salamat ezamiyyətdən qayıtsın, son qərarı özü versin. Səməd atası ilə danışanda həkimin sözlərini ona catdırdı. Bir tərəfdən uğurlu gedən iş danışıqlarına sevindiyi halda, digər tərəfdən Katyanın düşdüyü çıxılmaz vəziyyətə kədərləndi. Volqoqrada qayıdan kimi qəti qərar verəcəyini bildirdi.

Boşanma prosesi bir neçə ay idi ki, davam edirdi. Ərlə arvadın birgə yaşadığı müddətdə əldə etdiyi mənfəət, hər şey nəzərdən keçirilirdi. İsgəndər şirkətin bir hissəsini Səmədin adına keçirib, digər işlərə də nəzarət etməsi barədə vəkalətnamə verdi. Boşanma zamanı Katyanın ürəyindən keçən hər şeyi vəkillə araşdırdı. Malı-mülkü qanuni yolla bölüb halallaşmaq istəyirdi. İstanbuldan gələndən sonra Viktor və psixoloqla söhbət edib, Katyanın vəziyyətini bir daha öyrəndi. Həkim ona xəstəxanada müalicə almağı, sonra isə psixoloqun seanslarına getməyi tövsiyə edirdi. Qadın bunu eşidəndə həngamə qopardı, onsuz da ağır olan vəziyyətini bir az da mürəkkəbləşdirdi. Lenanın gəlişini qeyd etmək məqsədi ilə keçirdikləri qonaqlıqda hədsiz içmiş, özünü tamamilə rüsvay etmişdi. İsgəndərin boşanmaq istədiyini eşidəndə əvvəlcə inanmamış, onu qınamış, sonra isə “Nəhayət, məni rahat buraxacaq, sərbəst yaşayacam” demişdi. Elə də oldu, otuz illik ailə həyatı məhv olub getdi. İsgəndər vəkilin gətirdiyi sənədə sonuncu imzanı qoyanda ürəyi yenə sancdı, gözləri yaşardı. Beləcə, məhkəmənin qərarı ilə İsgəndər və Katyanın birgə nikahına son verildi.

İsgəndər boşandıqdan sonra bağ evinə yerləşdi. Gün ərzində başını müxtəlif işlə qatmağa çalışsa da, axşamlar evdə təklik ona çox ağır gəlirdi. Nə telivizor, nə kitablar, nə də ki bağda gəzintilərlə bu boşluğu doldura bilmirdi.

İstirahət günləri Səməd və Lena ilə vaxt keçirməsi yeganə təsəllisi idi. Amma bu da ona həmişə nəsib olmurdu. Uşaqlar öz işləri ilə məşğul olur, öz həyatlarını yaşayırdılar. Bu müddət ərzində İsgəndər bir dəfə də olsa Katyanı görməmiş, uşaqlardan soruşmamışdı. Səməd evi satıb, özünə və anasına ayrı evlər almışdı. Lena isə işi ilə əlaqədar onsuz da şəhərdə az olurdu. Gələndə də atası ilə qalmağa üstünlük verirdi.

İsgəndər bu il Novruz bayramını Bakıda bacısı və qardaşları ilə birgə keçirmək fikrində idi. Doğmalarının ona hər il Novruz sovqatı göndərməsinə baxmayaraq, nədənsə bu il özü əziz bayramı Azərbaycanda keçirmək qərarına gəldi. Halbuki əvvəllər, adətən, yaz tətillərində ailəsi ilə birlikdə Moskvaya, Piterə və ya Avropa şəhərlərindən birinə səyahət edərdi. Bu dəfə isə özü Bakıya gedib bayramı canlı yaşamaq, sobadan təzəcə çıxmış, soyumağa macal tapmamış şəkərburadan, paxlavadan, qoğaldan yemək, yumurta döyüşdürmək, tonqalın üstündən hoppanmaq istəyirdi. Şirin arzuları qəlbində sevinc hissi oyatdı. Uşaqlıq illərini xatırladı. Qapı-qapı gəzib necə torba atdıqlarını, sonra topladıqları nemətləri aralarında necə bölüşdürdüklərini gözünün önünə gətirdi. Belə şeylərdən necə də xoşbəxt olmaq mümkün idi. Sonra yadına bayram ərəfəsində atasının bağ-bağatı sahmana salması, anasının evi dibdən-dibəcəkdən yığışdırması düşdü. Novruz əsl yeni ildir, yeni arzuların, yeni məqsədlərin, yeni həyatın başlanğıcıdır. İsgəndər elə bu xoş duyğuların təsiri altında telefonu götürüb Bakıya bilet sifariş etdi. Bayram günlərində vətəninə uçan həmyerliləri çox olduğundan bilet tapmaq çətin idi. İsgəndər ürəyində düşündü: “Nə yaxşı ki dədə-babalarımız bu gözəl bayramı bu günə qədər yaşadıb, qoruyub, saxlayıblar. Bu bayram qürbətdə yaşayan azərbaycanlıların vətənə gəlməsi üçün əsl çağırış idi. Gələcəyimi heç kimə deməyəcəm. Qoy onlar üçün bayram hədiyyəsi kimi əziz olum”. Birdən yadına yenə həmin azərbaycanlı qadın düşdü, ürəyi titrədi, sanki ruhu yerindən oynadı. Görəsən, onu yenidən görə biləcəkdimi?..

Cib kitabcasını vərəqlədi, oteldəki oğlanın verdiyi ünvana bir daha baxdı. Hər dəfə bu kağız parçasına açır, baxır, sonra yenə səliqə ilə büküb kitabçanın içərisinə qoyardı. Bu dəfə ünvanı telefonuna qeyd etdi. Sonra öz-özünü tənbeh edirmiş kimi dedi: “Nə adla bu unvana gedib onu görə bilərəm ki? Nə düşünər haqqımda? Bəlkə də heç məni xatırlamır. Sözsüz ki, xatırlamır. Mən onun üçün kiməm ki?..”

Amma içində qəribə bir səs ona deyirdi: “Kaş onu bir də görəydim, o həzin və məlahətli səsini eşidəydim. Onu görmək üçün nələrdən keçməzdim. Ancaq bu mümkün olan şey deyil. O boyda Bakı şəhərində hardan, hansı küçədən keçim ki, onu bir daha görüm? Görüb nə deyəcəm? İndi artıq boşanmışam, azad kişiyəm, səninlə yaxından tanış olmaq istəyirəm? Ora Azərbaycandır. Oranın öz yazılmamış qanunları, ənənələri var”. Bu xəyallar onu ümidsizliyə sürükləyir və sanki əlçatmaz bir arzu kimi qəlbini oyub tökürdü.

Təyyarə Bakı hava limanına endi. İsgəndər pilləkənlərdən düşdükcə Bakının nəmli, neft qoxulu, doğma havasını içinə çəkdi. Ürəyindən qəribə bir hiss keçdi: “Gözəl vətən, nə yaxşı ki sən varsan! Hara getsək də, sonda gələcəyimiz yer sənsən. Sənə qovuşanda anama qovuşmuş kimi oluram. Vətənində cəsarətlə addımlamaq dünyanın ən böyük xoşbəxtliyidir”.

Taksi ilə bacısı Xavərgilə gəldi. O axşam Xavərlə ailəsinin sevinci yerə-göyə sığmadı. Bacısı ertəsi gün bütün qohum-qardaşı bir araya yığıb, həm Novruzu, həm də İsgəndərin gəlişini qeyd etdi. Gedib-gəlib İsgəndəri bağrına basan, qucaqlayıb öpən, başına dolanan Xavərin hələ qardaşının başına gələnlərdən xəbəri yox idi. Qadın elə tez-tez deyirdi:

Nə yaxşı ki gəldin, bacın sənə qurban. Kaş uşaqları da, Katyanı da gətirəydin.İsgəndər də cavabında söyləyirdi:

Ay bacı, evdə daha uşaq yoxdur. Hamısı böyüyüb müstəqil gənclərdir. Hər kəs öz həyatını yaşayır.Elə demə, uşaqlar nə qədər böyüsələr də, bizim gözümüzdə yenə də balacadırlar. Hər şeylərinə gərək nəzarət edəsən. Elədikləri hər şeyə görə cavabdehliyi sənin verdiyin tərbiyə, əməllərin daşıyır. Görürsən, qız köçüb, oğlan evlənib, nəvələr böyüyür, mən yenə də onların hayındayam. Biz beləyik, çox bağlıyıq balalarımıza, onlar üçün yaşayırıq.İsgəndər bir az tutuldu. Sonra heç nə olmamış kimi, Xavərin nəvələrinə baxıb gülümsədi. Qohum-əqrəbanın mehribanlığı, xoş rəftarı, doğmaların əhatəsi onu sevindirir, kədərini dağıdırdı. Hələ ardı-arası kəsilməyən qonaqlardan vaxt tapıb şəhərə gəzməyə çıxa bilməmişdi. Axır ki uyğun məqam tapıb şəhərə gəzintiyə çıxdı. Yolunu İçərişəhərdən saldı. Bura ən çox sevdiyi yer idi. Bəlkə də inşaatçı-memar oduğu üçün, bəlkə də keçmişlə bağlı ab-havası olan bu yer onu həmişə özünə çəkirdi. Bakıya hər dəfə yolu düşəndə İçərişəhəri görməmiş getməzdi. Şəhər bayram libasın geyinmişdi. Bakının belə gözəlləşməsi, yeni tikililər, abadlıq işləri onu heyran edirdi. İsgəndər küçələri gəzir, hər yerə diqqətlə baxırdı. Məşhur Nizami küçəsindən keçəndə yorğunluğunu almaq üçün kafelərin birində ayaq saxladı. Türk qəhvəsi sifariş verib ətrafdakı insanlara, qonaqlara diqqət yetirməyə başladı. Özündən xəbərsiz gözləri bu qədər izdihamın içində Nailəni axtarırdı. Bəzən qadınların arasında ona bənzər kimisə görür, amma Nailə olmadığının fərqinə varanda heyfsilənirdi. Xavərə ailəsinin dağıldığını, Katya ilə ayrıldığını danışmağın yollarını fikirləşdi. “Heç Xavərin ürəyini ağrıtmaq istəmirəm, qoy bayram keçsin, sonra bir yolunu tapıb hər şeyi danışaram”, – deyə düşündü. Xavər ona ana əvəzi olan yeğanə bacısı idi. “Bəlkə heç nə danışmayım, amma nəyi gizli saxlamaq olur ki... Kənardan eşitsə daha pis olar, ona güvənmədiyim üçün məni qınayar. Doğmalarım sevincimə də, kədərimə də şərik olmalıdır”.

Telefonuna zəng gəldi. Xavər evə nə vaxt dönəcəyini soruşdu. ”Heç yerdə yemək yemə, sənin xoşladığın xörəklərdən bişirmişəm, çox gecəyə də qalma”, – bacısı ərkyana deyib telefonunu bağladı. Bacı ki bacı. Onun bu bacı qayğısı, narahat olması, yeməklər bişirib qardaşını gözləməsi İsgəndəri o qədər sevindirdi ki... Böyük bacısının yanında özünü lap balaca oğlan kimi hiss etdi. Yerindən qalxıb metroya tərəf getdi. Xavərin gözünü yolda qoymaq istəmədi. Həmişəki kimi, qardaşları, yeznəsi süfrə ətrafında oturub İsgəndəri gözləyirdi. Hamı um-küs edirdi ki, niyə İsgəndər onlarda qalmır. İsgəndər də öz növbəsində “Anamın iyini bircə Xavərdən alıram” deyirdi. “Xavərin istisi Rusiyada donmuş ürəyimi əridir” deyib gülürdü. Əslində bütün qardaşı arvadları onun xətrini istəyir, hörmətlə yanaşır, qulluğunda dururdular, amma Xavərin sevgisi, qayğısı bir başqa idi. Sanki İsgəndər balaca uşaq kimi bacısının köksünə sığınıb kədərini ovutmaq istəyirdi. Ürəyini boşaltmaq, ona əzab verən taleyinin acısını paylaşmaq istəyirdi. Düşünürdü ki, Xavər onu anlayar, bağışlayar.

Günlər keçirdi. Hamı bayram günlərinə ayrılmış istirahətini başa vurub işə-gücə qayıtmışdı. Xavər çay süzüb İsgəndərin yanında əyləşdi:

Bacın qurban, çox sevinirəm ki, Bakıda qalmaq xoşuna gəlib, bəlkə elə birdəfəlik bura köçüb gələsən. Uşaqlar da böyüyüb, maşallah, Lenanı burda yaxşı bir oğlana ərə verərik, Səmədi də gözəl bir azərbaycanlı qızla evləndirərik. Nə var qürbətdə, orda o ki var yaşadın. İşini Səmədə verib buralara gəl. Səməd cavandır, bacarıqlıdır, öhdəsindən gələr, inşallah.Yaşlandıqca, rəhmətlik atam demişkən, torpaq adamı çəkir. Yaxşı bir yerdən də sizə ev alarıq. Katya da səni çox sevir, buralara alışar. Bir də ki Bakı hər yerdən gözəldir, müasirdir, insanları mehriban, mədənidir. Vallah, heç darıxmazsınız.Xavər elə şirin-şirin danışıb nəsihətlər verirdi ki, İsgəndər bacısının sözünü kəsib bəd xəbər vermək istəmirdi. Amma nə qədər gizlədə bilərdi ki...

Bacı, biz Katya ilə ayrılmışıq. Üç aydan artıqdır ki, ər-arvad sayılmırıq. Mən belə olacağını, bu yaşda ayrılacağımı ağlımın ucundan da keçirmirdim. Amma gör fələk mənim üçün nələr sayırmış.Eşitdiyi xəbərdən özünü itirən, gözlərindəki sarsıntını gizlədə bilməyən Xavər dinməzcə stula çökdü.

Niyə ayrıldınız? Yəni tamamilə boşanmısınız? Mən də elə hey fikirləşirəm ki, Katyadan nə əcəb, heç zəng etmir, günlərdir səni tək buraxıb. Hiss edirdim ki, dalğınsan, amma bu heç ağlıma gəlməmişdi. Axı necə oldu? Adətən, adamlar bu yaşında bir-birindən daha bərk yapışırlar, sizsə heç uşaqlarınızı belə yerbəyer etməmiş boşanırsınız. Bəs uşaqlarınızı düşünmədiniz? Nə ciddi şey baş verib ki, ayrılmısınız? Xavər sualları yağış kimi yağdırırdı. İsgəndər də uşaq kimi pörtüb hardan başlayacağını bilmirdi. Ağzından ikicə kəlmə söz çıxdı.”Yaman içirdi, Xavər”.

Necə yəni içirdi, bəs sən hara baxırdın? Sənin arvadın heç içki düşkünü ola bilərmi? Sənin günahındır. Niyə ona vaxtında nəzarət etməmisən? Vay, başımıza gələnə bir bax!Uşaqlar təhsilini xaricdə alandan evdə tək qalırdı, rəfiqələri, tanışları ilə çox vaxt keçirməyə başladı. Bilirsən, rusetdir, orda hamı içir. Əvvəlcə şənlikdən-şənliyə bir az içirdi. Sonradan onun şənlikləri, bizdəki yığıncaqlar, ad günləri bitib tükənmək bilmədi.Tez-tez qızımızın yanına gedirdi. Fikirləşdim ki, əlli dörd yaşında qadındır, ağlı başında, düşüncəsi yerində. Ona bir həyat yoldaşı kimi çox güvənmişəm. O isə içkini daddıqca ondan asılı vəziyyətə düşüb. Günü-gündən nə danışığını bilirdi, nə də hərəkətlərinə məhəl qoyurdu. Heç kəsi eşitmək istəmirdi. Həkimlər onunla söhbət etdilər, heç bir xeyri olmadı, sərbəst yaşamağı seçdi.Yollarımız ayrıldı.İsgəndər Katya ilə mübahisələrini, onun təhqirlərini bacısına danışmaq istəmədi. Xavər yerindən qalxıb İsgəndəri bərk qucaqladı:

Bacın qurban boyuna, nələr yaşamısan! Bu xəcaləti neçə qüruruna sığışdıra bilmisən. Rəhmətlik anam ölənə qədər səni deyib durdu. Heç sənin onunla birgə qocalacağına inanmırdı. Səndən xəlvət mənə həmişə deyərdi ki, ay Xavər, görəsən, bu İsgəndər ömrünün sonuna qədər bu rusla yaşayacaq? Ondan İsgəndərə arvad olmaz, hələ cavandır, dünyanın işlərindən bixəbərdir. Atalarımız deyib ki, elini hürküt, axsağından yapış. Bu nə elində qaldı, nə də axsağından yapışdı. Heç onların axırını görmürəm. Bu nisgil də mənim ürəyimdə qalacaq. Bu dərdlə də qəbrə gedəcəm. Bəs uşaqlar bu işə nə dedilər?Sonra özü öz sualına İsgəndərin yerinə cavab verdi:

Nə desinlər, kor kor, gör gör. Şükür, ağıllı, savadlı, müstəqil uşaqlardır. İkisinə də ayaqlarını torpağa möhkəm dirəməkdə dayaq olmusan. Sən onlara hər şey vermisən. Özləri öz həyatlarının ağasıdır. Təki xoşbəxt olsunlar. Amin!Xavər başını bulaya-bulaya otaqdan çıxdı. İsgəndər soyumuş çayından bir qurtum aldı. Günorta bir tanışı ilə görüşməli olduğundan əynini dəyişib evdən çıxdı. O gedəndən sonra Xavər heç özünə yer tapa bilmirdi. Əvvəlcə zəng edib qardaşı arvadı Zümrüdə ürəyini boşaltmaq istədi, sonra nə fikirləşdisə öz-özünə “Hamı bir yerə yığışanda söz salaram” dedi. “Can qardaşım, bundan belə sənin taleyin necə olacaq? Sənə arvad bundan belə lazımdır.Yaman yerdə axşamladıq. Qardaşlarımın gözüdür İsgəndər. Necə də bacarıqlı, savadlı iş adamıdır. Heç bizim nəsildə arvad boşayan olmamışdı. Gör Katya onu nə səviyyəyə gətirib ki, hər şeyini ona qoyub, ayrılıb gəlib”. Birdən özündən asılı olmayaraq yüksək səslə “Yox, bu dəfə qoymayacam həyatını məhv edəsən. Bakıda da iş açıb işləmək olar. Gəlsin, onunla ciddi danışacam, birdəfəlik yığışıb bura köçsün. Həm bizimlə darıxmaz, həm də, kim bilir, bəlkə taleyi üzünə gülər, onu başa düşən, sevib dəyər verən ağıllı bir azərbaycanlı qadınla evlənər”.

Xavər bu ümidlə də ev işini görməyə başladı. Hərdən başından tüstü çıxan adamlar kimi balkona çıxır, öz-özünə danışırmış kimi, hərəkətlər edirdi. Hiss olunurdu ki, İsgəndərin ailəsinin dağılması ona yamanca yer eləyib. Bir azdan nəvəsi Kamil də dərsdən gəldi. Uşağa yemək verib rahatladı. Nəvəsi ilə söhbət etmək onu fikirlərdən bir az ayırdı.

Axşam ailə, həmişəki kimi, bir yerə yığıldı. Hamı İsgəndərin maraqlı söhbətlərinə qulaq asır, uşaqdan böyüyə onu dinləməkdən zövq alırdı. Mehriban və xoş davranışına görə bütün qohum-əqrəba onu çox sevir, xüsusi hörmət göstərirdi. Heç kəs məclisi tez tərk edib getmək istəmirdi, təkcə Kamil ədəbiyyat fənnindən təqdimat hazırlayacağını deyib, könülsüz halda süfrədən ayrıldı. Bu, İsgəndərin gözündən yayınmadı. Oğlan dərslərindən bir neçəsini edib, tez böyüklər olan otağa qayıtdı. İsgəndər bunu görüb gülə-gülə soruşdu:

Qoçaq oğlan, nə tez elədin dərslərini?Yarısını etmədim, təqdimatı eləmək mənim üçün çətindir.Xavərin gəlini Nəzrin uşağa göz ağartdı. Kamil üz-gözünü turşudub, “Bir azdan edərəm, ana” dedi.

Bəlkə bir yerdə hazırlayaq, qoçaq, onsuz da elə bir işim yoxdur. Sən məni uşaqlıq illərinə apararsan, mən də sənə elə bir təqdimat hazırlayaram ki, bütün sinif yoldaşların ondan danışar.Kamil sevindiyindən atılıb-düşməyə başladı. İsgəndər onu sakitləşdirib kompyuterin yanına gətirdi:

Gəl otur görüm, mövzunu de, başlayaq.Kamil tez gündəliyini açıb mövzunu oxudu:

İçərişəhər haqqında təqdimat hazırlamaq.Sənin lap bəxtin gətirdi ki. İçərişəhər haqqında nə qədər istəsən məlumat məndə, şəkilləri də internetdən götürərik. Saata bax, on beş, uzağı, iyirmi dəqiqəyə hazır olacaq. Dərslərinə həmişə ciddi hazırlaş. Nə qədər çox oxuyub mütaliə etsən, bir o qədər savadlı və güclü olarsan.Vaxtını dəyərləndir.Heç yarım saat keçmədi ki, onlar çox maraqlı təqdimat hazırladılar.Yazıda İsgəndərin memar dünyagörüşü xüsusilə hiss olunurdu.

Kaş mən də böyüyəndə sizin kimi savadlı bir inşaatçı olaydım.Hər şey sənin özündən asılıdır.Yaxşı oxusan və qarşına hədəf qoya bilsən, mütləq arzuna çatarsan. Nəzrin onların hər ikisinə çay gətirdi: – İsgəndər babanı da yordun, ay Kamil, beş-on günlük istirahətə gəlib.

Yox- yox, o qədər xoş oldu ki Kamillə bunları hazırlamaq. Maşallah, ağıllı baladır.Ana, sabah Nailə müəllimədən beşim hazırdır.İsgəndər Nailə adını eşidəndə diksinib heyrətlə Kamilin üzünə baxdı. Ürəyi sürətlə döyünməyə başladı. Nəsə demək istədi, amma bacarmadı. Nailə müəllimə kəlməsi qulağında əks-səda verdi. Bəlkə elə həmin Nailədir, həmin azərbaycanlı müəllimə. Yox-yox, bu qədər təsadüf ola bilməz. Bakıda o qədər Nailə adlı müəllimə var ki... Bəs birdən həmin Nailə olsa necə? Bəlkələr ürəyini didməyə başladı. Kamildən Nailə müəlliməsi haqqında soruşmaq istədi. Sonra nədənsə çəkinib, altıncı sinif şagirdindən bunu soruşmağı düzgün hesab etmədi. Kamil təqdimatı bir də nəzərdən keçirib çantasına qoydu, sonra İsgəndəri bərk-bərk qucaqlayıb dedi:

Sağ olun, hər şeyə görə bir də sağ olun.İsgəndər ürəyində dedi: “Əgər sənin müəllimən mənim tanıdığım Nailə olacaqsa, ay qoçaq, ən böyük sağ ol sənə düşür”. Əyilib Kamilin alnından öpdü.

Səhərə qədər həyəcandan yata bilmədi. Kamilin müəlliməsinin həmin Nailə olub-olmadığını fikirləşirdi. O üzə bu üzə çevrilib, Allahdan həmin müəllimənin tanıdığı Nailə olması üçün dualar etdi. Özü ilə nə baş verdiyini belə anlamadan, hisslərini necə adlandıracağını bilmədən, adı çəkiləndə ürəyinin çırpındığını, ruhunun oynadığını, içinə xoş bir duyğunun dolduğunu dərk edirdi. Birdən o müəllimə Nailə olmasa necə? Axı niyə bu qadını unuda bilmirdi? Onu görmək, səsini eşitmək istəyirdi. Sonra nədənsə içinə dolan cəsarətdən diksinərək, “Harda olsan, səni mütləq axtarıb tapacam” dedi.

Səhər yeməyi zamanı Xavərdən Kamilin hansı məktəbdə oxuduğunu soruşdu. Günorta dostları ilə görüşəcəyini bəhanə edib evdən çıxdı. Məktəbin qarşısında taksidən enib həyətə doğru addımladı. Birdən zəng səsi eşidildi. Dərslərini bitirmiş şagirdlər məkətəbdən çıxmağa başladılar. Çöldə onların çoxunu valideynləri gözləyirdi. İsgəndər bir kənara çəkilib, məktəbdən çıxan müəllimələrə diqqət yetirdi. Bir azdan hamı dağılışdı və məktəbin həyətinə sakitlik çökdü. İsgəndər bura niyə gəldiyini, kimi axtardığını, nə baş verdiyini bir də çək-çevir etdi.Yaşına yaraşmayan bu hərəkətindən utandı, əsas yola çıxıb taksiyə mindi. Bir tərəfdən də, Kamildən təqdimatının necə keçdiyini soruşmaq hissi onu tərk etmirdi. Evə gələndə Xavərin “Nə tez gəldin?” sualına “Dostlarımın işi çıxdı, görüşüm sabaha qaldı” dedi. Sonra bacısından soruşdu:

Kamil hələ gəlməyib?Dərsdən sonra idmana gedəcəkdi. Bir-iki saata gəlib çıxar. Deyəsən, darıxırsan. Axşam Talıbgil qonaq çağırıblar.Niyə darıxım ki. Adam vətənində heç darıxmır. Səmədlə də danışdım, hər şey yolundadır. Lena da öz işi ilə məşğuldur. Doğmalarım, qardaşlarım, hamısı yanımdadır.Sən heç nəyin fikrini eləmə, İsgəndər. Bu həyatda nə olursa yaxşılığa doğru olur.Hə, doğru deyirsən. Mən də hər şeyin yaxşı olacağına inanıram. Xavər, burda özümə ev almaq istəyirəm. İndiyə kimi almadığıma çox peşmanam. Şəhər elə gözəlləşib ki. Hər dəfə burda ev almaq istəyəndə Katya min bir bəhanə gətirib məni fikrimdən daşındırırdı. Amma indi ciddi fikrim var, mütləq ev alacam. Gərək bir-iki dost-tanışla məsləhətləşib gözəl bir yerdən ev alım. Sizə də artıq zəhmət vermək istəmirəm.Nə danışırsan, bacın qurban. Sən mənim evimin ən əziz adamısan. Elə bilirsən ki, ev alsan, səni orda tək qalmağa qoyarıq. Ev almağına al, amma səni bir gün belə tək buraxa bilmərəm, yeməyini, içməyini özüm edəcəm. Allah hər işini avand eləsin, qardaş. İnşallah, işlərin burda da alınar. Bir az da özün üçün yaşayarsan. Kim bilir, bəlkə səni bundan belə daha gözəl günlər gözləyir.İsgəndər dərindən ah çəkdi. “İçimdəki boşluğu nə aldığım ev, nə iş, nə də başqa bir şey dolduran deyil. Mənim ruhum təklənib”, – deyə pıçıldadı.

Sonra otağa çəkilb, bir az yatıb dincəlmək istədi. Bütün gecəni yatmadığının səbəbini özü bildiyindən, elə öz dərdi ilə baş-başa çarpayıya uzandı. Bir azdan qapının zəngi çalındı. Kamilin səsi otağı bürüdü:

Nənə, acından ölürəm, nə bişirmisən? Tez ol yemək ver!İsgəndər yerindən dik atılııb dəhlizə çıxdı. Kamil onu görən kimi üstünə yüyürüb dedi:

İki dənə beş aldım, biri sizin, biri də mənim. Müəllimə o qədər təriflədi ki təqdimatımı. Soruşdu ki, sənə kim kömək edib? Mən də dedim ki, Rusiyadan qonağımız var, İsgəndər baba, onunla hazırlamışam. Göstərim sizə beşlərimi? – oğlan bunu deyib çantasına əl atdı.İsgəndər gündəlikdəki “Afərin” və “Əla” sözlərini oxudu. Xavər onları yeməyə çağırdı. Hər ikisi sevinərək yeməyə oturdular. Xavər dedi:

Deyirsən ki, çoxlu “5” almısan?Kamil ağzında tikəsi başını yellədi.

Nailə savadlı və tələbkar müəllimədir. Kamilgilə dərs deyəndən, maşallah, uşaqlar çox inkişaf ediblər. Elə düz deyiblər ki, şagird əvvəlcə müəllimini sevər, sonra onun fənnini. O qədər mədəni və xeyirxah insandır ki... Heyf ki onun da bəxti gətirməyib.Sonra Kamilin ona necə heyrətlə baxdığını görüb susdu. Uşağın yanında artıq-əskik danışmamaq üçün otaqdan çıxdı. İsgəndər onun ardınca gəldi:

Xavər, müəllimənin nəyi var ki, belə ah-vay elədin?Heç istəmədim Kamil eşitsin, uşaqdır, başqalarının yanında ağzından qaçırar. Elə gözəl insandır ki, amma cavan yaşında dul qalıb. Yoldaşı beş-altı il olar ki, yol qəzasında ölüb.Xavər yenə nəsə danışırdı, amma İsgəndər onu eşitmirdi. O, ürəyində düşündü: “Bu qədər təsadüf ola bilməz. Bu elə həmin qadındır, mənim Batumidə tanış olduğum Nailə müəllimə. Buna mənim daha heç bir şübhəm yoxdur. Sən taleyin işinə bir bax. Onu göydə axtarırdım, o isə gəlib yerdə əlimə düşüb. Burda nəsə var. Həyat mənə bu qadınla rastlaşmaq üçün bir də fürsət verir. Sən bir dünyanın işinə bax.Yatsam heç yuxuma da girməzdi. Bu odur. Bütün şübhələrimə son qoymaq üçün sabah yenə məktəbə gedəcəm. Onu görməsəm rahatlanmaram. Əgər, həqiqətən də, bu müəllimə axtardığım Nailədirsə...”

İsgəndər heç cür özünə yer tapa bilmirdi. Xavərdən, Kamildən Nailə haqqında daha çox eşitmək, suallarına cavab almaq istəyirmiş kimi var-gəl edirdi. İçindən bir səs bu müəllimənin Nailə olduğunu deyirdi. İsgəndər bu səsə çox inanırdı. Ürəyinin səsi onu heç vaxt aldatmamışdı.

Ertəsi gün sevinc hissi ilə yataqdan qalxıb, səhər yeməyini iştahla yedi. Xavərlə bir az zarafat da etdi. Onun belə şən görünməyi Xavəri çox sevindirdi. Gələndən İsgəndəri belə şən görməmişdi. Günortaya yaxin səliqə ilə geyinib güzgünün qarşısına keçdi. Özünə diqqətlə baxdı. Neçə vaxt idi ki, özünə belə tumar verdiyi olmamışdı. “Əgər bu qadın Nailədirsə, onu görməmiş evə gəlməyəcəm. Baxacam, gözləyəcəm, yeri gəlsə içəri keçib qapıçıdan soruşacam. Bu şübhələrə son qoyacam”. Sanki İsgəndərin içində gənc bir oğlanın qətiyyəti, cəsarəti, qəhrəmanlıq eşqi oyanmışdı. O özünü tanıya bilmirdi. Elə bu hisslərlə də evdən çıxıb, məktəbə, Nailənin iş yerinə yollandı. Məktəbin həyəti yenə şagird və müəllimlərlə dolu idi. Bir azdan həyət tamamilə boşaldı. Məktəbin enli qapılarının ağzında dayanan bir neçə valideyndən başqa heç kim qalmadı. İsgəndər çıxanları diqqətlə izləmişdi. Onların arasında Nailəni görməmişdi. Özündə cəsərət tapıb, qapıya doğru irəlilədi. Qapıçı qadınla mehribanlıqla salamlaşdı:

Bağışlayın, Nailə müəlliməni necə görmək olar? O, şagirdləri ilə hazırlıqdadır. Çox vacibdirsə, zəng edim, aşağı ensin.Yox, narahat etməyək, mən gözləyərəm. Təxminən nə vaxta çıxar?Yəqin ki iki saatdan gec olmaz.Sağ olun, mən bir də gələrəm.Əgər gələ bilməsəniz, onu soruşanın kim olduğunu deyim? Uşağınız hansı sinifdə oxuyur?Özüm iki saata gələrəm.O necə gəlməyə bilərdi ki?! Əgər bu müəllimə Nailədirsə, İsgəndər saatlarla burda qalıb onun gəlişini səbirsizliklə gözləməyə hazır idi. Məktəbdən çıxıb qarşıdakı parka keçdi. Çayxanada çay sifariş edib, zamanın ötməsini gözlədi. Vaxtsa uzanır, gəlib keçmək bilmirdi. İki saat oturmağa səbri çatmadı. Bir az parkı gəzib, deyilən vaxtdan tez məktəbin həyətinə gəldi. Məktəbdən şagirdlər dəstə ilə çıxır, şən söhbət edərək yanından keçib gedirdilər. İki saat keçdi. Nailə müəllimə görünmürdü. Bəlkə Nailə heç bu məktəbdə dərs demir? O, vaxtını boşuna keçirib özünü aldadır? Həyatda oxşar taleli o gədər adama rast gəlmək olar ki... Axı niyə o bu qadının Nailə olduğuna bu gədər inanır? Birdən ümidsizliyə qapıldı. İri addımlarla məktəbin həyətindən çıxıb yola tərəf getdi. Sonra ani olaraq arxaya çevrilib bir də qapıya nəzər yetirdi. Elə bu zaman qapıdan İsgəndərin yüzlərlə qadının içindən tanıya biləcəyi nur üzlü, füsunkar qadın məktəbdən çıxdı. Nailə sağa-sola baxdı. Yəqin qapıçı arvad onu kiminsə gözlədiniyi söyləmişdi. Amma yaxında heç kimin olmadığını görüb, məktəbin həyətində dayanan maşına tərəf getdi. Qapını açıb əyləşdi.

İsgəndər gördüyü mənzərədən özünü itirmiş kimi nə irəli, nə də geri gedə bildi. Nə edəcəyəni, nə söyləcəyini bilmədən yerində donub qalmışdı. Nailə maşınla onun yanından keçib əsas yola çıxdı. Bu o idi, Nailə, həmin azərbaycanlı qadın. Bu yeddi ay ərzində heç dəyişməyib. Əvvəlki kimi gözəl görünürdü. İsgəndərə elə gəldi ki, Nailənin saçları uzanıb və qadın bir az arıqlayıb. Amma onun nurlu çöhrəsində, ciddi görünüşündə heç nə dəyişməyib. İsgəndər özünə gələndə uşaq kimi sevinməyə başladı. Evə necə gəldiyinin fərqinə varmadı. Əvvəlcə qapını açan Xavəri qucaqlayıb öpdü, sonra dərsdən təzə gələn Kamili bağrına basıb, “Sən nə qocaq oğlansan, halaldır sənə” dedi. Nə balaca Kamil, nə də Xavər onun əhvalının nədən belə yüksək olduğunu anlaya bilməyib, müxtəlif yerlərə yozdular. Bir tək İsgəndər bilirdi sevincinin səbəbini. Bu sevinc onun gözlərində coxdan bəri sönmüş odu alovlandırdı. Bu alov onun bütün urəyini bürüdü. İsgəndər bu alovda alışıb yanmaq istədi...

Bir neçə gün idi ki, ev almaq üçün mənzilləri nəzərdən keçirirdi. Sonuncu baxdığı mənzil çox xoşuna gəlmişdi. Alacağına qərar verib, sənədlərin tezliklə hazırlanmasını istədi. Xavər bu xəbəri eşidəndə bir az kədərləndi:

Nə tez bizdən ayrı yaşamaq istədin?Sənə də artıq zəhmət verirəm, onsuz da ailən böyükdür. Belədə ki hər gün gəlib gedəcəm. Heç səni tək qoyaram. Daha nə səndən, nə də qohum-əqrəbadan ayrı yaşamaq istəmirəm. Həm də istəyirəm ki, Səmədlə Lena Bakıya gələndə mənim evimdə qalsınlar. Bilirəm ki, mənim üçün bərk darıxanda Azərbaycana üz tutacaqlar. Bir evləri də atalarının vətənində olsun. İsgəndər bu sözləri söyləyəndə elə xoşbəxt görünürdü ki. Xavər onun bu sevincinin daha bol olmasını arzuladı:

Yeni evində qonaqlığı özüm verəcəm. İnşallah, birinci qonaqlığımızı edək ki, sonra da həmişə xeyir işlər qismət olsun. Evin ruzulu, bərəkətli olsun! İnşallah, qonaqların çox olsun. Min yeyənin olsun, bir deyənin olmasın.Xavərin bu alqışları İsgəndərə anasını xatırlatdı.Yadına ilk dəfə anasının Rusiyaya onun evinə gəlməyi düşdü. Oğlunun əldə etdiyi hər şeyə baxıb ürəyi açılır, xeyir-dua verirdi. Xavər də yaşa dolduqca anasına, nənəsinə bənzəyirdi. İsgəndərin ruhunu oxşadı bu alqışlar. Bəlkə də elə ona həmişə uğur gətirən bu ürəkdən edilən alqışlar, dualar olub. Həyatında müxtəlif millətlərlə rastlaşıb işləmişdi, amma heç vaxt heç kəsin dilindən belə gözəl sözlər və alqışlar eşitməmişdi. O, bacısına yaxınlaşıb qucaqladı, üzündən öpdü.

Nə yaxşı ki varsınız, nə yaxşı ki bu sözləri söyləyən ürəyiniz var. Allah atamıza da, anamıza da rəhmət eləsin.İsgəndər bir neçə gündən sonra evinə köçdü. Mebelləri Xavərlə birlikdə seçdilər. Ev bacısının yaman xoşuna gəlmişdi. Sevincinin həddi-hüdudu yox idi. Ən cox da İsgəndərin Bakıda qalıb yaşaması onu sevindirirdi.

Axşam hamı evinə çəkildi. İsgəndər tək qaldı. Nailəni bir də görmək, onunla söhbət etmək arzusu yenə baş qaldırdı. Əslində bu arzu onu bir an da olsa tərk etmrdi. Bəs ona necə yaxınlaşsın? “Görəsən, məni xatırlayırmı? Bəlkə heç mənimlə danışmaq istəməyəcək...”

Həftənin cümə günü Nailənin işdən neçədə çıxdığını bildiyi üçün məktəbin önünə gəldi. Bu dəfə qadının maşınının yanında durub gözləməyə başladı. Nailə məktəbdən çıxıb maşına yaxınlaşanda özündə cürət tapıb ona doğru addımladı. Ürəyi sürətlə döyünməyə başladı.

Salam, Nailə müəllimə. Kəlmələrini ağzından güclə çıxara bildi. Nailə başını qaldırıb ona müraciət edən adama diqqətlə baxdı. Qadının üzündə bu adamı hardansa tanıyırmış kimi qəribə bir ifadə yarandı:

Sizsiniz? Nə qəribə təsadüf. Siz hara, bura hara? – deyə İsgəndərin üzünə heyrətlə baxmağa davam etdi.İsgəndər qadının baxışlarındakı təəccübdən, verdiyi sualdan, ən əsası da onu tanımasından sevinərək dedi:

Unutmayın ki, mən də azərbaycanlıyam. Vətənimə baharı qarşılayıb, Novruzu keçirməyə gəlmişəm. Məncə, burda təəccüblü heç nə yoxdur. Sizinləsə bu xoş görüşü bacımın nəvəsi Kamilin mənə verdiyi Novruz hədiyyəsi kimi qəbul edirəm. Bu, zarafat deyil.Bu sözləri eşidəndə Nailənin dodaqları qaçdı, üzünə xoş bir təbəssüm qondu.Gülərək dedi:

Vətənə xoş gəlmisiniz! Düzünü desəm, xəyalıma belə gətirə bilməzdim ki, sizinlə bir daha rastlaşa bilərəm.Hə, elədir. Dağ dağa rast gəlməz, amma insan insana rast gələr. Batumidən elə tez getdiniz ki... O gecədən bəri sizi heç yerdə görə bilmədim.Doğrudur, nəvəm bərk xəstələnmişdi. Eşidən kimi özümü saxlaya bilmədim, elə gecəylə də Bakıya qayıtdım.İndi necədir nəvələriniz, uşaqlarınız?Sağ olun, hamısı yaxşıdır. Nəvələr böyüyür, uşaqlar da işləyirlər. Sizinkilər necədirlər?Mənimkilər də yaxşıdırlar. Onlar özlərini işə veriblər, internet vasitəsi ilə danışıb görüşürük.Yəqin ki tezliklə yanlarına dönərsiniz. Canlı görüşərsiniz, – Nailə gülümsəyərək söylədi.İsgəndər ciddi səslə dedi:

Mən vətənimə həmşəlik qayıtmışam. Bəlkə işlə əlaqədar gedib gələ bilərəm, amma burda qalıb yaşamağa qərarlıyam. Artıq ev də almışam, demək olar ki, Bakı sakinlərindən biri də artıb, daha məni də öz vətəndaşınız hesab edə bilərsiniz.İsgəndər zarafatla gülümsündü.

Onda onlar mütləq sizi görmək üçün yanınıza gələcəklər. Anadan-atadan ayrı qalmaq asan iş deyil.Tək gəlmişəm. Anaları mənimlə gəlmək istəmədi. Bəzi səbəblər ucbatından onunla ayrıldıq. Bağışlayın, bu haqda danışmaq mənim üçün çox ağırdır.Təəssüf edirəm, – Nailə köks ötürdü.Ortaya süküt çökdü. İsgəndər bu aramsız sükutu pozmaq üçün dedi:

Kamilin təqdimatını çox bəyənmisiniz. Qiymətindən hiss olunurdu.Hə, maraqlı məlumatlar qeyd etmişdi. Elə bil təcrübəli memar yazmışdı.Elə bil niyə? Həmin memar qarşınızdadır. Əgər sizə başqa memarlıq nümunələri haqqında məlumat lazımdırsa xidmətinizdə hazıram, – İsgəndər gülümsündü.Nailə İsgəndərin danışığındakı yumor hissini bəyəndi. Nəsə cavab vermək istədikdə yanından keçən bir neçə valdeyinin ona baxdığını hiss etdi. Özünü itirdi. İsgəndər onu bu vəziyyətdən çıxarmaq üçün cəld dedi:

Deyəsən, söhbət etmək üçün münasib yer seçməmişik. Nailə, vaxtınız olarsa, başqa bir yerdə görüşüb danışardıq. Cəsarət edib sizə bu təklifi etdiyimə görə məni bağışlayın. Amma inanın ki, sizə deyəcəyim sözlər çoxdur. Bəlkə bir gün İçərişəhəri gəzək. Elə bilirəm ki, bu daha maraqlı olar. Həm biri-birimizi daha yaxından tanıyarıq. İnanın ki, vaxtınızın xoş keçməsi üçün əlimdən gələni edərəm.İsgəndər yenə gülümsündü. Nailə nə cavab verəcəyini bilmədi. Bir tərəfdən bu görüşün təsiri, digər tərəfdən də qarşısında dayanan insanın onunla ayrıca görüşmək, söhbət etmək istəyi və istəkdən daha nələrin doğacağı onu təşvişə saldı.

Bilirəm, bəlkə də ədəbsizlik edirəm, amma nə qədər səmimi olduğuma inanmağınızı rica edirəm.Yaşımın bu çağında məktəbin önündə, qarşınızda dayanmaq mənə çox ağır gəlir.Nailə başını qaldırıb, onun gözlərinin içinə baxdı . Sonra sakit səslə dedi:

Bəs mənim yaşımın bu çağında sizinlə burda dayanıb, etirafınızı eşitməyim nə qədər düzgündür?Mən sizi başa düşürəm, Nailə, çox yaxşı başa düşürəm. Harda olduğumu, kiminlə danışdığımı anlayıram. Amma mən təsadüflərə heç inanmıram. Axı deyirlər təsadüflər zərurətdən doğur. Çox danışıb vaxtınızı almaq istəmirəm, ancaq inanın, sizinlə görüşməyimiz heç də əbəs yerə deyil.İsgəndər danışdıqca Nailə onun hər sözünü diqqətlə dinləyir, bu yaraşıqlı və maraqlı kişinin nə istədiyini anlamağa çalışırdı. İsgəndər yenə inadla dedi:

– Sizə deyəcək sözlərim çoxdur. Əgər mənimlə bir neçə saatlığa da olsa görüşüb söhbət etsəniz, çox xoşbəxt olaram. Bəlkə istirahət günü Bakını gəzintiyə çixaq, hə, nə deyirsiniz? İnanın ki, sizi heç nə ilə yormaram. Əksinə , qədim binalara, memarlıq abidələrinə birgə baxarıq. Sizə maraqlı məlumatlar verərəm. İstəsəniz lap Qız qalasının yanında yerləşən kafedə oturub çay da içərik. Məşhur əfsanəni özündə yaşadan qalanın yanında sizinlə çay içmək mənə çox xoş olar.

İsgəndər elə ürəkdən danışır, Nailəni dilə tutmağa çalışır, bunu elə gözəl və səmimi edirdi ki, qadın susub nə deyəcəyini bilmədi. Sonra birdən özündən aslı olmayaraq ciddi səslə söylədi:

– Adətən, istirahət günləri uşaqlar bizə gəlirlər. Nəvələrimlə vaxt keçirirəm. Bilirsiniz, məncə, bu heç də yaxşı fikir deyil. Bir də ki mən sizi heç doğru-düzgün tanımıram. Tanımadığım bir kişi ilə gəzintiyə çıxmaq, çay içmək... Yox-yox, bu əsla mümkün deyil, amma yenə də təklifinizə görə sağ olun.

İsgəndər bütün cəsarətini toplayıb bir daha dedi:

– Mən sizi görən kimi tanımışdım. Elə bil yüz ildir tanıdığım biri idiniz. Ürəyim məni heç vaxt aldatmayıb. İcazə verin sizə özümü olduğum kimi tanıdım. Xahiş edirəm, mümkünsə məni dinləyin. Sizi saat ikidə Qoşa qala darvazasının yanında gözləyəcəm. Gəlsəniz də, gəlməsəniz də gözləyəcəm. Mən sizi bir daha heç vaxt itirmək istəmirəm.

Nailə heç nə demədən maşına oturdu. Ürəyi sinəsindən çıxırmış kimi halı vardı. Evə necə gəldiyini özü də bilmədi. Yol boyu diqqətini güclə toplayır, başından İsgəndərin sözlərini çıxara bilmirdi. “Axı bu adam mənimlə nədən danışmaq istəyir? Bu nə qəribə təsadüfdür. Əvvəlcə Batumidə, indi də dərs keçdiyim məktəbin önündə qarşıma çıxıb. Hələ dərs dediyim şagirdin də yaxın qohumu sayılır”. Sonra Xavərin gəlini Nəzrini xatırladı.Valideyn iclasında həmişə görüşərdilər. Çox mehriban qaynana-gəlindir. Deməli, o, Xavərin doğmaca qardaşıdır. Bəlkə düşünür ki, mən dul qadınam və aramızda nəsə ola bilər? Axı nə ola bilər?Ağlı yəqin rusetə gedib. Bir də qarşıma çıxsa, ona nə deyəcəyimi yaxşı bilirəm. Amma necə də mədəni davranır. Hiss olunur ki, dünyagörmüş insandır. Onun cəsarətlə danışması məni lap təəccübləndirdi. Yox, kobudluq edə bilmərəm. Amma yenə də bu işin mümkünsüzlüyünü ona çatdırmalıyam”. Sonra hardansa ağlına Maqdaya zəng etmək gəldi. Dəstəyin o başında rəfiqəsinin səsini eşidən kimi birnəfəsə dedi:

Heç bilirsən, nə olub? Yadındadır, Batumidə bir azərbaycanlı kişi ilə rastlaşmışdıq. Sən dedin ki, dənizdən məni çıxarmağa o kömək edib.Hə, yadımdadır.Onu görmüşəm, özü də burda, iş yerimin qabağında. Maşına minirdim ki, evə gedim, baxdım ki, kimsə mənə yaxınlaşıb salam verir. Başımı qaldıranda onu gördüm.Maqda bir az duruxdu, sonra həmişəki şən səsi ilə dedi:

Bu kişini lap Məcnun etmisən ki, ay qız. O hara, sənin iş yerin hara? Yəqin elə vurulub ki, neçə aydır araşdırıb, axır ki səni tapıb.Sonra qəhqəhə çəkib gülməyə başladı. Nailə narazı səslə dedi:

Eh, sən də zarafatından qalmırsan, heç düzəlmədin də...Nailə, nə deyim, deyim ki yol azıb gəlib çıxıb sənin məktəbinin qarşısına. Gülməli olar axı, deməli, orda işlədiyini də, maşınla gedib gəldiyini də, hansı saatda işdən çıxdığını da bilirmiş. Əcəb operativ işləyir, – Maqda bunu deyib yenə gülməyə başladı.Nailə onun sözlərindən diksindi. Axı bunlar heç onun ağlına gəlməmişdi.

Ay qız, görəsən, səni necə tapıb, interpolla, yoxsa öz kanalları vasitəsilə?Yox, Kamilin vasitəsilə.Kamil kimdir?Dərs dediyim şagird. Həm də sinif rəhbəriyəm. Bakıya bayramı keçirməyə gəlibmiş, mən də şagirdlərə təqdimat vermişdim. Hardan biləydim ki, Kamilin nənəsinin qardaşıdır.Təqdimatın söhbətə nə dəxli var?Belə başa düşdüm ki, memar-inşaatçıdır. Təqdimat İçərişəhərə aid olduğundan uşağa kömək edib. Kamil də evdə yəqin mənim adımı çəkib, sonrası da məlum...Lap nağıla oxşadı ki, özü də maraqlı nağıla...Sən adamdakı həvəsə, yaddaşa, marağa, hünərə bax eee. O qədər Bakıda Nailə müəllimə var ki... Nə qəribə insandır, ümidini itirməyib, səni axtarıb tapıb. Görünür, məktəbə bir neçə dəfə gəlib, kənardan baxıb, tam əmin olub ki, sənsən, sonra yaxınlaşıb, salamlaşıb. Burda nə var ki. Amma, öz aramızdır, bu cür həvəs göstərməyi nədənsə xəbər verir.Nailənin yadına qapıçı qadının ona dediyi sözlər düşdü.

Hə, doğrudur, qapıçı mənə demişdi ki, sizi bir kişi soruşur. Mən də fikirləşdim ki, valideynlərdən kimsə görmək istəyir. Çölə çıxanda heç kəsi görmədim. Deməli, gələn İsgəndər imiş.Özü də Makedoniyalı İsgəndər. – Maqda bu dəfə özünü gülməkdən güclə saxlaya bildi.Nailəni fikir götürdü.

Çox fikirləşmə, ay qız.Axı ona nə vacib düşüb ki, bir neçə dəfə məktəbə gəlib, mənə kənardan baxıb.Nə düşəcək, səndən xoşu gəlib. Aşiq olub sənə bir könüldən min könülə.Sən, deyəsən, çox şişirdirsən. Bu, təsadüfdən başqa bir şey deyil. Kamilin təqimatı olmasaydı, mən hardan tapacaqdı ki?Tək gəlib, soruşmadın?Hə, dedi ki, tək gəlib.Nailə bir anlıq susdu. Maqdanı maraq götürdü.

Başqa nəsə demədi ki?Sözarası dedi ki, həyat yoldaşından ayrılıb. Belə başa düşdüm ki, münasibətləri çoxdan korlanıbmış, odur ki, ayrılmaq qərarına gəliblər. Uşaqları da böyüyüb, iş-güc sahibidirlər. Bu da vətəninə gəlib, dediyinə görə, həmişəlik.Sağ ol, Makedonniyalı İsgəndər, gedib hər şeyi yoluna qoyub, Nailəsinin qarşısına subay-soltan çıxıb.Başlama yenə, bir o qalmışdı ki, kiminsə ailəsinin dağılmasına bais olum.Zatafat edirəm, pis başa düşmə. O yaşda arvaddan ayrılmaq üçün, görünür, ağır səbəbləri olub. Bəlkə də yazıq dərdini dağıtmaq üçün Batumiyə gəlibmiş. Orda da sən çıxmısan qarşısına. Hər halda maraqlıdır, görəsən, arvadından niyə ayrılıb? Yüz faiz arvadı rus imiş. O qədər belə şeylər eşitmişik ki. Nailə, düzünü de, əgər bu adam səninlə yaxından tanış olmaq istəsə, nə edərsən, hə?Maqda, məni gəzməyə, çay içməyə dəvət etdi. Görüş yerini də dedi. Gəlsəniz də, gəlməsəniz də gözləyəcəm dedi.Telefon nömrəni istədi?Yox, istəmədi. Bir də ki nömrəmi bacısından da götürə bilər. Bu o qədər də çətin iş deyil. Valideynlərin çoxunda mənim nömrəm var.İnanmıram ki, bacısına nəsə demiş olsun. Cəsarətli adamdır. Qarşına çıxıb, səninlə söhbət etməyə cəhd edib, özü də sizin yerlərdə. Oranın axı öz yazılmamış qanunları, adətləri var. Deməli, ya nə istədiyini biləndir, ya da sənə layiq olduğun dəyəri verib. Oxumuş, dünyagörüşlü, maraqlı birinə bənzəyir.Yaşı əllini keçmiş olar. Hər halda nə istədiyini yaxşı düşünüb-daşınıb. Bəs sən onun təklifinə nə cavab verdin?Heç nə, maşına minib evə gəldim.Hə, səndən elə bunu gözləyirdim. Heç təəccüblənmədim.Nə etməliydim ki?! Yoxsa yad kişi ilə gəzməyə çıxıb, çay süfrəsində oturmalıydım? Məni görən qohum-əqrabam nə fikirləşərdi? Nailə qırx doqquz yaşında sevgi macərası yaşayır.Dediyi sözlərə özü də güldü.

Başqalarının nəsə deməyi önəmli deyil, əsas sənin istəyindir. Bir də ki dul qadınsan. Sənə nə yasaq ola bilər ki... O qədər bir evdə yaşayıb bir-birinə yad olan ər-arvad var ki. Məncə, sən ona bir şans verməlisən. Görüş, söhbət elə, lap çay da iç. Bəlkə, o həqiqətən də, səni xoşbəxt edəcək insandır. Sevgi yaşa baxmır ki. Əgər hər şey dediyi kimidirsə, o da bekardır, sən də təksən. Bəlkə, həqiqətən də, sizi Allah qovuşdurur. Mən belə şeylərə çox inanıram, Nailə. Bəzən insanlar ömürlərinin ikinci baharını layiq olduğu xoşbəxtliklə yaşayırlar. Bu yaşda adamlar nəyi və kimi istədiklərini daha yaxşı bilirlər. Dediklərim haqqında düşün. Hə, bir də onun sənə qarşı etdiyi hərəkətləri diqqətlə götür-qoy et. İşlədiyin yerə gəlib, səni axtarıb, bəlkə də saatlarla səni gözləyib, bu yaşında qəlbindən nələri keçirib. Özünü də “kim nə deyər, nə düşünər” tikanlı məftilləri ilə az sarı. Təklik çox pis şeydir, heç kəsə arzulamıram.Maqda sonuncu kəlmələri elə ciddi şəkildə dedi ki, elə bil az əvvəl danışıb-gülən bu deyildi. Nailə onun sözlərindən tutulub nə deyəcəyini bilmirdi. Onlar mehribanlıqla sağollaşdılar. Nailə telefonu söndürüb oturduğu yerdən xeyli müddət qalxmadı. Taleyinə əsən bu bahar rüzgarının qəlbinə nələr gətirəcəyini düşündü. Birdən yerindən durub soyuducuya yaxınlaşdı. Yadına düşdü ki, bu gün nə Zoya xala ilə danışıb, nə də ona yemək verib. Tez bir boşqab yemək çəkib aşağı mərtəbəyə endi. Qapını özü açarla açıb içəri girdi. Əvvəlcə yataq otağına boylandı, sonra Zoya xalanın divanda oturub mürgülədiyini gördü. Televizor yanılı idi, müğənni qızın səsi otağı bürümüşdü. Xörəyi masanın üstünə qoydu. Zoya xala gözlərini açıb Nailəni görən kimi dedi:

Ay bala, bu gün məni lap unutmusan. Gözlərim qapıda qaldı. Elə darıxdım ki sənsiz, Allah səni xoşbəxt eləsin!Can Zoya xala, bu gün yaman yorulmuşam, üzrlü say, sənə baş çəkməyi unutmuşam, – Nailə fikirli halda cavab verdi.Yorğunluqdan çox səsində kədər var, bala, bir az da həyəcan. Mən qocanı aldada bilməzsən. Səbəbini də soruşmuram, çünki bilirəm, bir baharı da Camalsız qarşıladın. Rəhmətlik yaxşı adam idi. Kaş mən onun çiynində qəbrə gedəydim. O mənim ümidim, güvən yerim idi. Səni də tək buraxdı, məni də.Sonra dərindən ah çəkdi. Yerindən güclə qalxıb bir-iki addım atdı. Yemək masasına yaxınlaşdı. Günü-gündən xörək yeməyə də çətinlik çəkirdi.

Bişirdiyin dadlı yeməkləri də heç iştahla yeyə bilmirəm. Oturub ölümü gözləyirəm. O isə hələ də məndən yan gedir. Nə qəribə həyatdır. Birini ölüm qəfil haqlayır, o birisi isə gecə-gündüz onu çağırır. Allaha yalvarıram ki, mənə ucuz bir ölüm göndərsin, canım qurtarsın. Yaşamaqdan bezmişəm, doxsanı haqlayıram. Çoxdan gərəksiz və mənasız bir ömür yaşayıram. Camalla sən olmasaydın, Allah bilir, aqibətim necə olardı? Məni qocalar evinə getməyə qoymadı. Dedi “Ölməmişəm ki, sənə özüm baxacam”. Oğul kimi qayğımı çəkdi. Amma sonuna qədər sözünü tuta bilmədi. Vaxtsız qoyub getdi, səni də, məni də.Arvad için-için ağladı. Nailə də ona qoşuldu. Zoya xala yaxşı vəzifələrdə işləmişdi. Bu evi də ona hələ çox-çox əvvəl iş yerindən vermişdilər. Nailəgil bu binaya köçəndə Zoya xala tək yaşayırdı. Əri şəkər xəstəliyindən dünyasını çoxdan dəyişmişdi. Gəlini evdən getmiş, uşağı da Zoya xalaya buraxmışdı. Nəvəsini özü böyüdüb tərbiyə eləmişdi. Sonradan oğlu Rusiyaya getmiş, bir daha geri dönməmişdi. Əvvəl heç olmasa pul göndərib, uşağının maddi problemlərini çözərdi. Sonra anasına arxayın olub, hər şeyi və hər kəsi unutmuşdu. Zoya xalanın dediyinə görə, arada zəng edib kefini soruşur, amma Nailə buna da inanmırdı. Nəvəsi də böyüyüb təhsil aldı. Nə qədər ki yanında idi, çöl-bayır işlərini görür, arvadı tək qoymurdu. Zoya xala çox təmizkar qadın idi, dadlı yeməklər bişirərdi. Sonra nəvəsi də atasının yanına işləməyə getdi. Zoya xala çox çalışdı ki, Andrey heç yerə getməsin, burda qalıb işləsin. Özünün aldığı təqaüd, nəvəsinin də qazancı onu qane edirdi, amma, görünür, oğlan daha yaxşı yaşamaq istədi və günlərin bir günü evi tərk edib getdi. İllər keçdi, heç kəs geri dönmədi. Təklik onu lap əldən saldı. Bir gün Camalı həyətdə gəzərkən görüb, yalvar-yaxar edib ki, “Əgər ölsəm, məni yerdən götür, ya da qocalar evinə yazdır. Heç olmasa öləndə evdə qalıb iylənməyim, adət-ənənə ilə basdırılım”. Camal da sağ olsun, onun evini təmir elətdirdi, bazarlıq edib hər gün ziyarətinə gələrdi. Sonra bir gün Camal da gedər-gəlməzə yollandı. Biçarə Zoya xala bütün ümidini Nailəyə bağladı. Nailə və uşaqları da onu tək buraxmadılar. Uşaqlar evləndikdən sonra ayrılıb hərəsi bir tərəfdə yuva qurdu. Nailə də bütün meylini gündüzlər işə, axşamlarsa Zoya xalaya saldı. Hər gün yanına gələr, bişirdiyindən ona da pay gətirərdi. Nə yaxşı ki Zoya xala vardı, yoxsa heç özünə yemək də bişirməzdi. Şənbə-bazar uşaqlar yanına gələndə Nailə mətbəxə keçər, həvəslə müxtəlif yeməklər bişirərdi. İndi uşaqlar da tez-tez gələ bilmirdi, başları işə, ailə problemlərinə qarışmışdı. Zoya xala da əvvəlki kimi yemək yemirdi. Nailə göz yaşlarını axıdaraq keçmiş xatirələrini bir daha vərəqlədi. Sonra sakitləşib Zoya xalaya su gətirdi. Qadının başını sığalladı, sonra qucaqlayıb dedi:

Yeməyini ye, sonra səni çimizdirim, həm bədənin yumşalar, həm də dincəlmiş olarsan. Gecəni də yaxşı yatarsan.Zoya xala yeməkdən bir-iki tikə aldı. O vaxta qədər Nailə hamamda suyu isitdi, dəyişək paltarlar götürdü. Otağa keçib Zoya xalaya hamama gəlmək üçün kömək etdi.

Yeməyim qalsın, bəlkə hamamdan sonra yenə yeyərəm. Çox gətirirsən, ay bala, qalıb xarab olur. Daha yeməyim də kəsilib.Nailə Zoya xalanı yaxşıca çimizdirib yerinə uzatdı. Çay gətirmək üçün mətbəxə keçdi. Geri qayıdanda Zoya xalanın nəsə pıçıldadığını eşitdi. Çayı çarpayının yanına qoydu. Zoya xala pıçıltılarını kəsib Nailənin üzünə baxdı.

Rəhmətlik nənəm deyərdi ki, çiməndən sonra təmiz bədənlə dua edin. İndi mən də sənə dua edirəm. Qoy uca Allah dualarımı eşitsin və səni xoşbəxt etsin. Mən səndən o qədər razıyam ki, qızım, Allah da səndən razı olsun. Özümə ediləcək heç bir duam yoxdur. Sən yanımdasan, varsan, güclü qadınsan, məni dəfn edəcəksən. Bütün dualarım sənin üçündür. Səni Allah bu təklikdən və kədərdən xilas etsin. Mən özümdən də çox səni düşünürəm, Nailə. Analıq, nənəlik gözəl hissdir. Uca Yaradan bunların heç birini səndən əsirgəməyib. Sən çox yaxşı anasan, elə yaxşı anadan yaxşı da nənə olur, amma sənə verilən bu ömrü özün üçün də yaşamalısan. Sən cavansan, hələ canın suludur. Bu yaşda tək qalmaq özünə qəsd etməkdir. İndi işlə başını qatırsan, tutaq ki on beş-iyirmi ildən sonra da təqaüdə çıxdın. Bəs sonra həyatını nə ilə dolduracaqsan? Hamı öz həyatını yaşayır, bala. Oğul da, qız da gözəl nemətdir. Nəvə onlardan da əzizdir. Amma onlara görə təkliyinə baş əymə. Allah sənin qarşına halal birini çıxarsın. Həyat adamlarla doludur. Hərəni bir tale, bir bəxt birləşdirir.Çayını iç, Zoya xala, soyutma. Niyə tək oluram ki. Şükür, bütün doğmalarım, əzizlərim, sən də yanımdasan. Sən mənə görə narahat olma.Zoya xala çayından bir-iki qurtum içib, başını astaca yellədi.

Sən yaxşı bilirsən mən nədən danışıram. Bu, həyatın qanunudur. Qadın da, kişi də tək qalmamalıdır. Hələ yaran təzədir, amma inan ki, vaxt gələcək, təkliyin insana necə faciələr yaşatdığını görəcəksən.Zoya xala susdu. Nailə bir anlıq öz-özünə dedi: “Görəsən, bu zavallı qarı niyə məhz bu gün belə söhbətlər edir?..”

Maqdanın arxasınca Zoya xalanın dedikləri ona İsgəndəri bir də xatırlatdı. Keçib qarının ayaq ucunda sakitcə oturdu. Hər ikisi uzun müddət susdular. Nailə əslində hər gün bu təkliyin acısını yaşayırdı.Yenidən kiminləsə taleyini bağlamaq onun heç ağlından da keçməmişdi. İndi birdən-birə hardansa İsgəndərin peyda olması, onunla yaxından tanış olmaq istəyi... Nailə çevrilib Zoya xalaya baxdı və dedi:

Zoya xala, daha mənim üçün belə dualar etmə.Yoxsa sənin dualarındır bu adamı mənim taleyimə çıxaran.Amma qarı elə şirin yuxuya getmişdi ki, Nailənin dediklərinin heç birini eşitmirdi. Zoya xalanı oyatmamaq üçün ayaqlarının ucunda otaqdan çıxdı. Qabları yuyub yerinə qoydu. Sonra qapını qıfıllayıb mənzilinə qalxdı.

Gecə düşmüşdü. Əvvəlcə Murada zəng vurdu, oğlu qayınanasıgildə idi. Sonra Aysellə danışdı. Qızı sabah onlara gələ bilməyəcəyini dedi. Toya gedəcəkdi, uşağı da baldızına verəcəkdi. Nailə nəvəsinin onunla qalmağını xahiş etdi, amma Aysel bibisinin onun üçün çox darıxdığını deyib sağollaşdı. Nailə istədi desin ki, “Bəs mən darıxmamışam, axı mən də sizin üçün çox darıxmışam”. Amma sonra qızının əhvalını pozmaq istəmədi. “Gecən xeyrə qarşı” deyib dəstəyi asdı. Televizoru yandırdı, kanalları çevirdi, internetə daxil olub maraqlı nəsə axtarıb baxmaq istədi. Ancaq nədənsə bu gün onun nəzərini heç nə cəlb etmirdi. Çox həyəcanlı idi. Onu narahat edən hissi boğduqca nə gözünə yuxu gedir, nə də sakitləşə bilirdi. İsgəndərin onunla görüşmək istəyini xatırladıqca haldan-hala düşürdü. “Yox, onunla görüşə bilmərəm, bu yaşdan sonra nə görüşmək, nə tanış olmaq, hələ sevgidən danışmağa belə dəyməz. Muradla Aysel belə bir xəyala düşdüyümü bilsə, buna necə reaksiya verərlər?.. Hələ kürəkənimi, gəlinimi, qudalarımı demirəm.Yox, bu söhbət mənim üçün qapanmış bir mövzudur. Bu haqda fikirləşməyə belə dəyməz. Yaxşısı budur, sabah harasa gedim, amma hara, kiminlə? Qardaşım dünən gəlmişdi, bacımgildə keçən həftə olmuşam. Başqa qohumlarıma da getməyə utanıram. Deyərlər ki, təkdir, gəzməyə yer axtarır. Rəfiqələrim də ərləri ilə birgə istirahət edirlər. Gərək elə harasa gedəm? Qəribə adamam, evdən qaçmağa bəhanə axtarıram. Yaxşısı budur, evi səliqəyə salım”. Sonra ətrafına baxdı. Hər yer təmiz və səliqəli idi. “Kim tökür ki, mən də yığışdırım”. Sonra cavanlığında uşaqların tör-töküntüsünü yığışdırdıqca deyinməyini xatırladı. “Kaş uşaqlar yenə də tökəydilər, mən də yığaydım. Eh, ən yaxşısı heç nə etməməkdir, elə təkliyimlə baş-başa qalmaqdır. İndi ondan yaxın nə dostum var, nə də düşmənim”. Nailə heç yerinə də keçmədi, divanda uzanıb yatmaq istədi, onsuz da çox vaxt divanda yatardı.Yataq otağına keçməzdi. İndi də fikirlərini çək-çevir edə-edə üstünü örtüb yuxuya getməyə çalışdı, amma bacarmadı. Bu dəfə də İsgəndərin görünüşü, səmimi davranışı, onu görmək üçün məktəbə gəlməsi bir-bir gözünün önünə gəldi. Bu adam sanki onun təkliyinə qarşı üsyan edən birisi kimi təsəvvüründə canlandı. İçindən bir səs İsgəndərin bu döyüş meydanından qalib çıxacağını ona söyləyirdi. Sanki bu insan mənə güvən, məni sev, məni alqışla deyirdi...

Ertəsi gün yuxudan gec durdu. Səhərlər doyunca yatmağı çox sevdiyindən şənbə-bazar günləri rahatca yatardı. Çaydanın altını yandırıb hamama keçdi. Üzünü yuyub saçlarını daradı. Özünə qəhvə süzüb eyvana çıxdı və yazın isti nəfəsini içinə çəkdi. Qəhvəsini qaynar-qaynar içməyə başladı. Sonra yuyulacaq paltarını maşına atdı, evi tozsoranladı, sildi, mebellərin tozunu aldı. Sonra Zoya xala üçün şorba bişirdi. Aşağı enib qarını yedizdirdi. Bu qədər iş gördüyünə baxmayaraq, zaman keçmək bilmirdi. Hiss etdi ki, evdə sıxılır. Mağazaları gəzmək qərarına gəlib evdən çıxdı. Özünə bir neçə təzə şey aldı. Evə getməyə tələsmədi. Ticarət mərkəzinin içindəki kafelərin birində dondurma sifariş edib əyləşdi. Dondurmadan yeyə-yeyə İsgəndər və onun görüş təklifini bir daha fikirləşdi. “Qəribə insandır, məndən razılıq almamış görüşə gəlib məni gözləyəcək. Hələ dediyi sözə bax, “Gəlsən də, gəlməsən də, səni gözləyəcəm”. Ya çox tərs adamdır, ya da məqsədinə nail olmağı sevən biridir. Əgər məni axtarıb tapıb, hünər edib görüşə çağırırsa, deməli, məqsəqyönlüdür. Mənim gəlib-gəlməməyimə baxmayaraq, səni gözləyəcəm deməyi artıq ondan xəbər verir ki, qərar verməyi bacarır”. İsgəndərin qətiyyəti Nailəyə xoş gəldi. “Xasiyyətində yumor hissi də var. Bu da mehriban adam olduğunu göstərir. Üzündə qəribə nur var bu adamın, qəlbinin işığı üzündə də əks olunur. Digər tərəfdən də, ciddi görünüşü və yaraşıqlı qaməti var...” Nailə dondurmasını bitirib ayağa qalxdı. Evə yollandı. Əlindəkiləri qapının ağzına qoyub aşağı endi, yenə Zoya xalaya baş çəkdi. Hər şeydən arxayın olub evə qayıtdı. Aldığı əşyaları yerləşdirdi. Televizoru yandırdı, ətrafa musiqi səsi yayıldı. Özünə çay süzüb, kitab mağazasından aldığı kitabların birini açıb oxumaq istədi. Aysel toyda olduğundan ancaq Murad və Nəzrinlə danışdı. Oğlu dedi:

Gəlim səni götürüm, sabah bizimlə gəzməyə gedək.Siz gedin, cavansınız, gəzin dolanın. Balacaya mən baxaram, – Nailə cavab verdi. Amma Murad razı olmadı:

Onu da özümüzlə götürəcəyik, ayrı qala bilmərik.Nailə gülə-gülə dedi:

Bala dadı bal dadır, həmişə gəzməklərdə, bircə uşağı soyuğa verməyin.Sonra yenə kitabı vərəqləməyə başladı. Baxışları sətirlərin üzərində gəzsə də, fikri İsgəndərin görüş istəyinə bağlanmışdı. Bu fikirdən uzaqlaşmaq üçün mətbəxə keçib yemək istədi. Amma nə etməyindən aslı olmayaraq, görüş fikrini yadından çıxara bilmirdi. “Sabahkı günü də birtəhər yola verim, o biri gün tezdən durub işə qaçacam” deyə fikirləşdi.Yenə divan, yenə təklik, yenə kitab, o biri tərəfdə də telefon, televizor, Zoya xaladan hal-əhval tutmalar, balkondan ətrafa baxmaq, evdə özünə iş axtarmalar, uşaqlarla hərdən görüşmək, nəvələrə baxıb sevinmək, məktəbdə dərslər... Yuxudan ayılıb saata baxdı, yerindən qalxmağa tələsmədi. Gündəlik elədiyi hərəkətləri gözlətmək istədi. Divardan asılmış tabloya, pərdələrə həmdəmi olan kitaba, telefona, pulta baxdı. Dərindən ah çəkdi. “Bircə bu gün də tez gəlib keçəydi, sabah işə gedib başımı dərslərlə qatardım” dedi. Zoya xalaya dünən aldığı meyvələrdən apardı. Onları doğrayıb, boşqabda masanın üstünə qoydu. Sonra qarıya sıyıq bişirdi. Evə qalxanda yenə gözləri saata sataşdı. Saat birə iyirmi dəqiqə qalırdı. Özündən aslı olmayaraq, yataq otağına keçib dolabı açdı, paltarlarına baxdı, dünən aldığı donu geyinib güzgünün qabağına gəldi. Diqqətlə özünə baxdı. Sonra nə fikirləşdisə, paltarını çıxarıb çarpayının üstünə atdı. Qonaq otağına keçib televizoru yandırdı. Ev ona həmişəkindən daha soyuq, daha qəmli göründü. Bir də otağa qayıdıb çarpayının üstündəki paltarını geyindi. Telefonu çantasına qoydu.Qapının yanındakı asılqandan qısa gödəkçəsini götürdü, evdən çıxdı. Əvvəlcə sükan arxasına keçdi, sonra nə fikirləşdisə piyada getmək istədi. Metroya enib İçərişəhər stansiyasına gedən qatara oturdu.

İsgəndər görüş yerinə bir neçə saat əvvəl gəlmişdi. Həyəcandan özünə nə evdə, nə də çöldə yer tapa bilmirdi. Neçə gün idi ki, bu görüş haqqında düşünürdü. Nailənin gəlib-gəlməyəcəyini fikirləşirdi. Digər tərəfdən də, kədərli taleyini, qadının onun haqqında nə düşündüyünu anlamağa çalışırdı. Ömründə ilk dəfə idi ki, azərbaycanlı qadınla görüşə çıxacaqdı. Bir tərəfdən bu onu çox sevindirir, digər tərəfdənsə söhbəti hardan, necə başlayacağının həyəcanını yaşayırdı. “Bəlkə Nailəni görüşə çağırmaqla düzgün etmədim. Bilə-bilə ki yarası hələ təzədir, neçə illik həyat yoldaşını o cür faciə ilə itirib, bilə-bilə ki bu yerlərin özünəməxsus qayda-qanunları var”. İsgəndər onu da yaxşı bilirdi ki, azərbaycanlı qadınlar ərləri öldükdən sonra yenidən ailə qurmağa meylli olmurlar. Ailəyə, uşağa çox bağlı olurlar. Digər tərəfdən də, Nailə onu heç tanımır. Tanımadığı birini necə sevə bilər ki. Bəlkə də o qadın çoxdan qapayıb içində bu cür duyğuları, bəlkə də ərini çox sevib. İnsanlar belə şeylərdə çox həssas olurlar. İsgəndər dərindən ah çəkdi. Nailənin evli qızı, oğlu, balaca nəvələri var. Övladları analarının bu işə münasibətini necə qarşılayarlar? Hələ qohum-qardaşını, bəlkə də sağ olan valideyinlərini demir... Suallar İsgəndərin üzərinə quş kimi şığıyır, rahatlıq vermirdi. Sonra özünün tale yarası gözündə canlandı. “Mənim ailəm dağılıb, nə olsun ki övladlarım böyükdür, ayaqları üstə tam durublar, axı onlar da başsız qalıblar. Katyanın içkiyə qurşanması, neçə illik həyat yoldaşına verdiyi saxta dəyər ailəsinin boynunu qırmışdı”. İsgəndər nəyi necə edəcəyini bilmirdi. Əvvəl ona elə gəlirdi ki, gərəksiz birinə çevrilib. Katyanın onun taleyində açdığı yaradan sonra İsgəndər hansı qadına güvənə bilərdi ki? Amma Nailəni görüb tanıdıqdan sonra yaralı ürəyində bir ümid, bir işiq yanmışdı. Bu qadını bir neçə dəfə gördüyünə baxmayaraq, ona qarşı bir doğmalıq hiss edirdi. Sanki yüz ildir tanıdığı və illərlə ona tərəf gələn birinə çevrilmişdi. Bu yolda nələrlə qarşılaşacağını artıq hiss edirdi. “Bəlkə, həqiqiətən də, hər ikimiz bu tale acısını yaşayıb görüşməli idik? Bəlkə həyatımızda baş verənlər bizi bu yolda qovuşdurmaq üçün imiş?..” Bu bəlkələr İsgəndəri haldan-hala salırdı. “Kaş gələsən, Nailə, kaş içimi didib-tökən bu suallara birdəfəlik son qoyasan. Gəlməsən də səni başa düşəcək qədər ürəyimdə hörmətin və izzətin var. Mən başımı itirmişəm, Nailə. Vətən mənə can oldu, qan oldu. Ona söykənib durmağı öyrətdi mənə. Vətən məni kimsəsiz qoymadı. Elə istərdim ki, başımı sənin çiyinlərinin üzərinə qoyub, yenidən həyata qayıdım, Nailə. Əgər sən bu görüşü qəbul edib gəlsən, and içirəm ki, nə olursa olsun, qarşılaşdığım bütün çətinliklərə dözərəm. Sonuna qədər gedərəm bu yolu. Səni təkliyin amansız caynağından alıb xoşbəxt etməyə çalışaram. Sən xoşbəxt olduqca mən də xoşbəxt olaram...” İsgəndər saatına baxdı. On dəqiqədən sonra saat ikini göstərəcəkdi. Qəbində umid, ağlında nagümanlıq Qoşa Qala darvazalarına tərəf getdi. Nailə qatardan düşəndə artıq saat ikini göstərirdi. Metrodan çıxıb üzü aşağı getməyə başladı. Hərçənd ağlından “Hara gedirsən?” sualı keçirdi. Qadın cavabını bilmədiyi bu sualın əlindən daha sürətlə getməyə başladı. Ürəyi sanki yerindən çıxacaqdı. Görüş yerinə az qalmış bir anlıq dayandı. Sonra yenə iti addımlarla qalanın darvazasına yaxınlaşdı. İsgəndər qadını uzaqdan görüb, cəld ona tərəf addımladı.

– Xoş gördük, Nailə, xoş gördük. Sizi görməyimə çox, özü də çox şad oldum. Heç bilmirəm gəldiyinizə görə sizə necə minnətdarlığımı bildirim. İnanın ki, sizə bunun peşmançılığını heç vaxt yaşatmaram.

Nailəni görənə qədər ürəyində fikirlərlə əlləşən İsgəndər indi hər şeyi unutmuşdu.

– İstəyirsinizsə, əvvəlcə bir çay içək. Sonra İçərişəhərin dolanbac küçələrini gəzərik.

Həyəcandan dili-ağzı qurumuş, ürəyinin döyüntüsü qullaqlarını kar etmişdi. Nailə “Olar” deyib, İsgəndərlə yanaşı addımlamağa başladı.

– Bakıya gələndən buranı özümə məskən seçmişəm. Hiss edirsinizsə, bu balaca şəhərciyə keçən kimi adam sanki başqa bir aləmə duşur. Elə bil qala divarları, küçələrin quruluşu ətrafdan gələn bütün səsləri boğur. Özündən başqa heç nəyi görməyə qoymur. O qədər saf bir ruhu var ki bu şəhərciyin. Amma heyf ki, bəzi tikililər onun gözəlliyinə xələl gətirib. Hərçənd yenə də gözəldir, maraqlıdır.

Nailə başını aşağı salıb onun yanında gedir, İsgəndər danışdıqca həyəcanı bir az səngiyirdi. Elə bil onun yanında özünü güvəndə hiss etdiyini anlayırdı. Onlar Qız qalasının yanında salınmış kiçik bir çayxanada ayaq saxladılar. İsgəndər münasib bir yer seçib çay sifarış verdi. Ofisiant çox keçmədi ki, çay dəstgahı açdı. Armudu stəkanlara çay süzüb onların qarşısına qoydu. Nailə çaydan bir neçə qurtum aldı. Bu onu bir az da sakitləşdirdi.

– Nailə, bu görüşə gələnə qədər nə qədər həyəcan keçirdiyinizi yaxşı başa düşürəm. Yaşadığınız mühiti, buranın adət-ənənələrini bilmək mənim üçün çox da çətin deyil. Axı mən də azərbaycanlıyam. Bilirəm ki, belə bir addımı atmaq sizin üçün nə qədər mürəkkəb olub, amma yenə də sağ olun ki, məni qırmadınız, gəldiniz. – Hə, elədir, – deyə Nailə cavab verdi.

Səsindəki kədər, gözlərindəki qəm İsgəndəri sarsıtdı. Sonra söhbətin məcrasını dəyişdi.

– Məktəbinizdən çox xoşum gəldi. Xavərgil də çox razılıq edir. Təhsil sistemində işləmək böyük fədailik istəyir. Çox yorulmursunuz ki?

– Yox, uşaqlarla, yeniyetmələrlə işləmək çox maraqlıdır, peşəmi də sevirəm. Əvvəllər ailə qayğılarından işdən evə tez qaçardım. Amma indi heç evə getmək istəmirəm. – Tək yaşayırsınız?

– Hə, oğlum da, qızım da ayrı yaşayır. Düzü, oğlum çox israr etdi ki, onlarla yaşayım. Amma mən razı olmadım. Gəncdirlər, qoy həyatlarını yaşasınlar. Qızım da onun kimi. Elə bilirəm ki, bu yaşdan sonra adama öz evindən başqa heç yer xoş gəlmir. Bu həftə bəzi işləri çıxdı. Amma həmişə baş çəkməyə gəlirlər, ya da mən tez-tez onlara gedirəm. Nəvələr o qədər şirin olur ki. Sizin neçə nəvəniz var? – Mən hələ bunu dadmamışam. Qızımın iyirmi yeddi, oğlumun iyirmi doqquz yaşı var. Hələ heç biri ailə həyatı qurmayıb. – Qurarlar, İnşallah. Əsas odur ki, xeyirli, uğurlu ailələri olsun. Heç vaxt peşmançılıq hissi yaşamasınlar. Mənim bəxtim onda gətirdi ki, hər ikisi öz seçimləri ilə ailə qurdular. – Özünüz necə, öz seçiminizlə ailə qurmuşdunuz?

İsgəndərin bu qəfil sualı Nailəni diksindirdi.

– İndi bu haqda danışmaq düzgün olmaz. Bizim vaxtlarda valideynlərin məsləhətinə çox üstünlük verilirdi. Mən də böyüklərin sözündən çıxmadım. – Mənsə heç məsləhət almadan evləndim. Amma indi düşünürəm ki, övladlar hər halda valideynlərindən xeyir-dua almalıdırlar. – Doğrudur, haqlısınız. Mən də belə şeylərə çox əhəmiyyət verirəm, amma unutmayaq ki, insanlar bir-birini sevəndə hamıya xoşbəxt olsun deməkdən başqa bir şey qalmır. Şair də gözəl deyib:

İki könül bir-birini tutmasa, Alan da yazıqdır, gedən də yazıq.

Nə qədər də gözəldir sizinlə söhbət etmək, siz də mənim kimi şeir-sənət vurğunusunuz.Hər halda bu mənim peşəmin bir hissəsidir. Axı mən dil-ədəbiyyat müəlliməsiyəm. Sizsə...Mənsə memaram. Rusiyada İnşaat Universitetini bitirmişəm. Uzun müddət inşaat sahəsində çalışdım, sonra elə bu sahə üzrə də öz işimi qurdum. Ömrümüm çox hissəsini bu sahəyə, layihələrimə, inşaata həsr etmişəm. İndi oğlum işimi davam etdirir. Elə bilirəm ki, öhdəsindən gəlir. Qızım da hüquqşünasdır. Xaricdə təhsil alıb, qardaşının yanında, şirkətimizdə işləyir.Belə gözəl ailəniz olduğu halda sirr deyilsə, arvadınızdan nə üçün ayrılmısınız?İsgəndər bu sualı çoxdan gözləyirmiş kimi köks ötürdü.

İndi burda sizinlə bu haqqda danışmaq istəməzdim. Daha doğrusu, bu mənə çox ağır gəlir. Onsuz da neçə aydır bu acını yaşayıram. Bəlkə də sizinlə rastlaşmasaydım, tamamilə ümidsizliyə qapılardım. Amma yaxşı kı sizə rast gəldim. Bəlkə nə vaxtsa uyğun bir zamanda sizə hər şeyi danışaram. İndi isə, söz verdiyim kimi, tarixi abidələrə baxış keçirəcəyik.Onlar həvəslə çay evindən çıxıb, əvvəlcə Qız qalasını, sonra digər memarlıq nümunələrini gəzdilər. İsgəndər bu abidələrin tikiliş qaydasından, memarın bacarığından, tikinti materiallarından, o vaxtın texnikasından və şəhər salmadan ürəklə danışdi. O, arada Nailədən nəyin maraqlı olub-olmadığını soruşur, sonra yenə böyük həvəslə davam edirdi. Söhbətlərindən yorulub-yorulmadığını üzündən oxuya bilməsi üçün tez-tez qadına baxırdı. Nailə onu diqqətlə dinləyir, necə savadlı mütəxəssis olduğunu, işini nə qədər sevdiyini görürdü. Amma hərdən ətrafa da boylanır, tanışlardan kiminləsə rastlaşmaqdan çəkinirdi. Sonra İsgəndər qurduğu layihələrdən, gördüyü işlərdən ağızdolusu danışdı. Onu dinləmək, onunla həmsöhbət olmaq necə də xoş idi. İsgəndər Qız qalası haqqında deyilən əfsanələrə öz münasibətini bildirdi. Onun sözə-sənətə verdiyi dəyər, milli ədəbiyyatı yaxşı bilməsi Nailəni lap heyran etmişdi. İsgəndər heç susmur, başqa ölkələrdə gördüyü memarlıq nümunələrindən, inşaat işlərindən də danışırdı. Vaxtın necə keçdiyini duymayan bu iki insan, deyəsən, təkliyin varlığını da unutmuşdular. Gəzə-gəzə gəlib İçərişəhərdəki restoranların birinin önündə dayandılar. İsgəndər azacıq tərəddüd edib dedi:

Bəlkə şam yeməyini də birgə edək, yəqin ki acmısınız. Neçə saatdır gəzirik, həm ayaqlarımızın yorğunluğunu çıxararıq, həm də yemək yeyərik.Sağ olun, daha axşam düşüb, evə çatınca gec olar. Mən getsəm yaxşıdır, – Nailə tez dilləndi.İsgəndər “Bir az da qalın, getməyin, sizi buraxmaq istəmirəm, istəsəniz sizi evinizə qədər ötürərəm” demək istədi. Ancaq bunun indi doğru fikir olmadığını anlayıb, minnətdarlıqla Nailənin üzünə baxıb dedi:

Siz sağ olun, Nailə. Sağ olun ki gəldiniz, sağ olun ki, təklifimi rədd etmədiniz. Sizi gördüyümə, həm də belə yaxından tanış olduğuma bilsəniz nə qədər şad oldum. Amma bir gün birgə şam edəcəyimizə də ümid edirəm. Bu gün bəlkə də sizə çox şeyləri deməyi uyğun bilmədim, əslində deyəcəklərim çoxdur. Sizə anladacaqlarımı bilmək istəsəniz, onda gələn şənbə elə bu restoranda saat altıda sizi şam yeməyinə dəvət edirəm.Nailə yenə də nə deyəcəyini bilmədi. – Ola bilər ki, uşaqlar istirahət günlərini mənimlə keçirsinlər. Harasa gedərlərsə, nəvələrimi mənə eibar edərlər. – Hə, əlbəttə, sizi başa düşürəm, amma bəxtimi bir də sınamaq istəyirəm. Söz verin ki gələcəksiniz, gözlərimi yolda qoymayacaqsınız. – Çalışaram gəlim. Dəqiq söz verə bilmərəm. Onlar iki dost kimi ayrıldılar. Fikirləri bir-birinin yanında qalsa da, ayaqları onları evdə səbirsizliklə gözləyən tənhalığın yanına aparırdı. Nailə yol boyu İsgəndər haqqında düşündü. Ən əvvəl özünə verdiyi suala cavab axtarırmış kimi, onun hərəkətlərini bir-bir xatırlayır, necə oldu ki, bu adamın görüşünə gələ bildim deyirdi. Amma onunla söhbət etmək, onu dinləmək necə də xoş idi. Maraqlı adam idi İsgəndər. Xasiyyətində heç bir sərtlik, kobudluq, davranışında qeyri-səmimi heç nə yox idi. Sözsüz ki, ailəsinin dağılması onu bərk sarsıtmışdı, bununla belə şən, mehriban görünürdü. Nailə ilk görüşdə İsgəndərdən aldığı xoş təəssüratlarla evə nə vaxt çatdığını bilmədi. Həmişə olduğu kimi, əvvəlcə Zoya xalaya baş çəkdi. Sonra evə qalxıb, bir az yemək yedi, sabahkı dərslərini gözdən keçirdi. Nədənsə əhvalı xoş idi. Daha nə divarlar, nə də sükut onu sıxmırdı. Gecəni də yataq otağında rahat yatdı. Səhər işə gedəndə güzgünün qarşısında özünə xeyli tamaşa etdi. Aynadan ona sanki başqa bir Nailə baxırdı. Bu Nailənin gözlərindəki kədər sanki harasa yoxa çıxmışdı. Bu dəfə işə də bir başqa həvəslə getdi. Axşam Murad, Nəzrin və balaca Nurel qonaq gəldilər. Murad onun boynuna sarılıb çox darıxdığını dedi. Nailə nəvəsini qucağından yerə qoymurdu. Onlara qəşəng süfrə açdı. Hamısı birgə şam etdilər. Nailə sözarası bu şənbə-bazar nə edəcəklərini soruşdu. Murad bəlkə “Bölgələrdən birinə gəzməyə gedək” deyə təklif etdi. “Hava xoş olsa getmək olar” deyə Nailə də onun təklifini bəyəndi. Uşaqları yola salib, Aysellə də danışdı. İsgəndər evinə köçəndən bəri Xavərin günü qardaşıgildə keçirdi. Bu gün də dadlı yemək bişirib İsgəndərgilə yığışmışdılar. Onların gəlişi İsgəndər üçün həmişə xoş idi. Gecənin yarısına qədər oturub söhbətləşir, sonra evlərinə dağılışırdılar. İsgəndər bacısına Nailə haqqında nəsə söyləmək istəyirdi, amma uyğun məqam tapa bilmədiyi üçün susurdu. Çox istəyirdi ki, bacısı onun Nailəyə olan münasibətini bilsin. Xavər mətbəxdə qabları yuyanda, nəhayət, ürəklənib ona yaxınlaşdı. – Xavər, heç bilmirəm hardan başlayım. Xavər qardaşının üzündəki ifadədən və həyəcanından nəsə ciddi bir şey deyəcəyini anladı. Amma İsgəndər susub, bəlkə başqa vaxt söyləyərəm qənaətinə gəldi. Xavər gözlərini ona dikib, deyəcəklərini üzündən oxuyurmuş kimi dilləndi: – Səni təklik sıxır, bilirəm.

İsgəndər yenə də susub dillənmədi.

– Hər şeyin var, biz də səni darıxmağa qoymuruq. Amma həyatın öz qanunları var. Bilirəm, hələ Katyanın sənə etdiyi yamanlıqdan özünə gələ bilməmisən, onsuz da bu ağrı həmişə ürəyinin bir küncünə qısılıb sənə əzab verəcək, amma tək də qala bilmərsən axı. Xavər bir qədər susub davam etdi: – Vallah, birlmirəm bunu sənə necə deyim, ay İsgəndər. Ancaq baxıram sənə, ürəyim yanır, elə qardaşların da mənimlə həmfikirdirlər. Biz çox istəyirik ki, sən təkliyinə son qoyasan. Yəni əgər sən də uyğun bilirsənsə, o qədər özümüzünkülər arasında yaxşı abırlı qız, qadın var ki. Birini sənə məsləhət görərdik, sən də xoşuna gələrsə evlənərdin. Şükür, övladların var, ikisinin də, maşallah, əli çörəyə çatıb. Bundan belə övlad qayğısından uzaqsan. Sənə nə lazımdır. Evə gələndə qapını üzünə açan, yeməyini hazırlayan, səninlə dərdləşməyi bacaran, mehribanlıqla qulluğunda duran biri. Onu da bilirəm ki, sənin kimi dünyagörüşlü, mədəni, maraqlı adamın kiminləsə həmdəm olmağı asan iş deyil. Amma təkliklə də mübarizə aparmaq çətindir. Xahiş edirəm, sözlərimi qəribçiliyə salma, heç səni tələsdirmək fikrimiz də yoxdur. Amma, bacın qurban, əgər nə vaxtsa belə bir fikrə düşsən, mənə bir işarə də kifayət edər. Şükür, nə qədər qohum-əqrəba , tanış-biliş var, soraqlaşaram, yaxşı bir qısmət tapılar.

İsgəndər heç nə demədən mətbəxdən çıxdı. Xavər ürəyini boşaldan adam kimi dərindən nəfəs alıb qabları sildi. Həftə Nailə üçün həmişəkindən daha uzun göründü. Həftəarası bacısı Sevdagilə qonaq getdi. Oturub xeyli söhbət etdilər. O, İsgəndər haqqında Sevdaya danışmaq istədi, amma sonra “Bəlkə bir az səbr edim. Bircə dəfə görüşə gedib söhbət etmişəm, aramızda nə ciddi söhbət olub ki, hələ Sevdaya da danışım” fikri onu çəkindirdi. Sevda ilə nə qədər ordan-burdan danışsa da, işdə başını dərslərlə qatsa da, İsgəndər haqqında düşünmədən durmurdu. Şənbəyə bir gün qalmış Muradı işdən təcili harasa ezamiyyətə yolladılar. Ona görə də istirahət günləri şəhərdən çıxıb bölgələrdən birinə gəzməyə getmək planı alt-üst oldu. Dərs gününün sonunda Aysel zəng vurub balacanın yenə bərk xəstələndiyini dedi. Nailə işdən sonra onlara gedib qızıgildə qalmaq istədi. Amma uşağın qızdırması düşüb, əhvalı yaxşı olan kimi gec də olsa evə qayıtmaq qərarına gəldi. Artıq gecə düşmüşdü. Tez Zoya xalaya baş çəkdi. Zavallı garı son günlər yemək də yemirdi. Nailəyə elə gəlirdi ki, Zoya xala son günlərini yaşayır. Sonra evə dönüb yorğun olduğundan tez də yuxuya getdi. Səhər duran kimi Emilin vəziyyətini soruşmaq üçün Aysellə danışdı. Sonra həmişə kimi bir fincan qəhvə süzüb balkona çıxdı. “İsgəndər məni saat altıda gözləyəcək”, fikrindən bilaixtiyar keçdi. Ozündən asılı olmayan cəldliklə evlərə əl gəzdirdi. Zoya xalaya sıyıq bişirib apardı, evə dönüb hamamlandı, saçlarını səliqəyə salıb, dolabdan ən çox sevdiyi paltarını götürüb geyindi. Bir az arıqladığının hiss etdi. Paltara uyğun ayaqqabı və çanta seçib, özündən məmnun halda güzgünün önündə fırlandı. Nailə içinə dolan bu qəribə hissin nə olduğunu duyurdu. Bu duyğu ona İsgəndərdən xoşlandığını deyirdi. Bu dəfə maşınla getməyi düşündü, elə də etdi. Düz saat altıda restoranın önünə gəldi. İsgəndər yenə onu böyuk sevinclə qarşıladı.

Nailə, inanırsınızmı, gələcəyinizə bir an da olsa şübhə etmirdim. Güvənib gəldiyinizə görə çox şadam, məni tək buraxmadınız. Sizə çox minnətdaram. İsgəndərin sevincinin həddi-hüdudu yox idi, görüşə də xüsusi geyinib gəlmişdi. Nailə onun kostyumda necə də yaraşıqlı göründüyünə diqqət etdi. Sanki İsgəndərin üzü də, ürəyi də gülürdü. Nailə gəlişi ilə İsgəndərə bəxş etdiyi bu xoşbəxtlikdən sanki özü də razı galırmış kimi təbəssümünü saxlaya bilmirdi. İsgəndər qadını əvvəlcədən sifariş etdiyi masanın kənarına gətirərək əyləşdirdi, özu də keçib onunla üzbəüz oturdu.

– Mən siz gəlincə menyuda olan yeməklərə nəzər yetirdim. Siz də baxın. Ürəyinizdən nəsə keçərsə, birlikdə yeyərik.

Nailə menyuya baxıb gülə-gülə dedi:

– Bunların çoxunu evdə bişirirəm.

Onda icazə verin, kabab sifariş edim, çünki onu ancaq kişilər mükəmməl çəkə bilər. Nailə razılıq əlaməti olaraq gülümsədi. Ofisiant sifarişləri alıb masadan aralandı. İsgəndər sözə başladı.

Nailə, bu həftə mənə o qədər uzun göründü ki... Sizdən ayrılandan sonra elə bir gün olmayıb ki, sizi düşünməyim. Gözlərimi yumuram, sizsiniz, gözlərimi açıram, yenə də sizsiniz. Deyəcəyim sözlər heç də sizi həyəcanlandırmasın, amma sizə qarşı keçirdiyim hissləri gizlətmək məcburiyyətində deyiləm. Mən istəyirəm ki, siz bir şeyi biləsiniz. Sizinlə taleyimi bağlamaq istəyirəm, ömrümə xoş gəldiniz.Nailə qarşısındakı kişinin səmimiyyət dolu sevgi etirafından həyəcanlandı, qadının üzü allandı. İsgəndər sözünə davam etdi.

Düzünü desəm, heç vaxt ağlıma gəlməzdi ki, bu yaşımda öz millətimdən olan belə gözəl, ağıllı bir qadınla rastlaşaram. Və o məndə heç vaxt heç bir qadına qarşı hiss etmədiyim ən gözəl duyğuları yaradar. Mən də onunla belə üzbəüz oturub bu sözləri söyləməkdən zövq alaram. Elə bil sizi çoxdan tanıyıram, bəlkə də bu siz deyilsiniz, içinizdəki ruhdur mənə doğma, əziz gələn. Bəlkə də dünyaya gələndə haralardasa azsam da, sonra sizə olan yolumu tapmışam və bu yoldan sapdırmaq istəmirəm. Nailə, mən, əlbəttə ki, sizi heç nəyə məcbur edə bilmərəm. Sözsüz ki, sizin də buna öz münasibətiniz olmalıdır və sizə bu haqda qərar vermək mənim düşündüyümdən çox ağırdır. Əgər siz də mənimlə bu yolu sonuna qədər addımlamaq istəsəniz, mənə qarşı hisslərinizdə əmin olsanız, inanın ki, bizi bu yoldan heç nə, heç kim çəkindirə bilməz.Masaya müxtəlif kabablar düzüldü. İsgəndər böyük bir incəliklə Nailənin boşqabına hər növ kababdan çəkdi:

Kabab mətbəximizin şah yeməyi sayılır. Fikir vermisinizsə, bütün dünyada kababı kişilər çəkir. Hiss olunur ki, aşpaz çox məharətlidir, kababın bütün gözəlliyini qoruyub saxlayıb. Deyilənə görə, mən də çox dadlı kabab çəkirəm. Tərifləmək kimi çıxmasın, dostlar, tanışlar mənim çəkdiyim kababı çox bəyənir. Bir gün qismət olsa, bu sahədə sizə öz bacarığımı göstərərəm. Onda görərsiniz ki, özümü boş yerə tərifləmirəm.Onlar birgə gülüşdülər. İsgəndər sözünə davam etdi.

Kababı elə manqalın böyründəcə isti-isti, ya çörəyin arasında, ya da şişdə yeyəsən. Masaya gələnə qədər sanki dadını dəyişir. Necə deyərlər, kabab qanlı, igid canlı.Elədir, ətin tamını saxlamaq adamda xüsusi məharət istəyir.Bütün yeməklər elədir, adamdan xüsusi qayğı, həvəs istəyir.Hə, həvəsə varam. İnsan gərək bir işi həvəslə görsün, görmürsə, onda nə özü xeyir tapar, nə də başqaları.İsgəndər bu gün Nailə haqqında çox şey öyrənmək istəyirdi. Yemək ərəfəsində ata-anası, bacı-qardaşı, övladları ilə bağlı suallar verdi. Nailə də bu sualları həvəslə cavablandırırdı. Sonra İsgəndər Nailənin nəyi arzuladığını, hansı arzularına çatmadığını soruşmağa başladı. Bu sual Nailəni tərəddüd içində qoydu.

Mən balaca olanda müəllimlərimin “Kim olmaq istəyirsən?” sualını “Müəllimə olacam” deyə cavablandırırdım. Elə də oldu. Məktəbi bitirib universitetə daxil oldum, sonra ailə qurdum. Sanki yaradan özü mənim üçün hər şeyi planlaşdırmışdı. Çox gözəl valideynlərim var. Sağlam, tərbiyəli övladlarım, nəvələrim var. Sevimli işim, sevimli şagirdlərim var. Ən əsası isə həyatı sevirəm və həmişə hər şeyin yaxşı olacağına ümidim heç tükənmir.Nailə köks ötürüb əlavə etdi:

Bir də mənə elə gəlir ki, qadının mehriban, onu sevən, sədaqətli həyat yoldaşı varsa, deməli, o bütün arzularına çatıb.İsgəndər dedi:

Sizinlə razıyam. Düzünü desəm, həyatınızı öyrənmək, məlahətlı səsinizi dinləmək mənə o qədər xoş gəlir ki. Sizin kimi bir xanımın arzuları üçün yaşayıb yaratmaq necə də gözəl olar. Nailə, bəlkə də indi deyəcəyim sözlər sizi bərk həyəcanlandıra bilər, amma sizinlə tanış olandan bəri mənasız və qaranlıq görünən həyatıma yeni bir nəfəs, yeni bir ruh gəldi. Sizə rast gəldiyim üçün taleyimdən o qədər razıyam ki. Və bu hisslərin qarşılıqlı olması üçün əlimdən gələni etməyə hazıram.Nailə başını aşağı salıb susdu. Mənalı gözlərinə kədər çökdü. İsgəndər həmin an Nailənin gözlərindəki qüssəni silmək üçün nələr etməzdi. O, ümidlərinin üzərinə qonan bu qüssəni dağıtmaq, məhv eləmək üçün hər şeyə hazır idi. İlk ağlına gələn Nailəyə şahidi olduğu maraqlı və məzəli hadisələrdən danışmaq oldu. Qadın onu dinlədikcə gülümsəyir, bəzən heyrətlə dinləyir, sonra yenidən gülürdü. İsgəndər Nailəni gülən gördükcə özündən razı halda yeni-yeni mövzular açmağa çalışır, qadını darıxmağa qoymurdu. Kənardan baxan bu iki orta yaşlı insanın necə də xoşbəxt göründüyünə həsəd aparardı. Əsrarəngiz mənzərə idi. Sanki ruhlar danışır, ruhlar sevinirdi. İsgəndər şam yeməyindən sonra Nailəni maşına qədər ötürdü. Ayrılarkən qeyri-ixtiyari ona darıxacağını söylədi və telefon nömrəsini istədi. Nailə qeyri-ixtiyari telefon nömrəsini ona dedi. İsgəndər söylədi:

Hərdən sizi görmək üçün məktəbin yanına gəlmək istərdim, amma bilirəm ki, sizə söz gələr, dedi-qodu çıxar. Belədəsə heç olmasa səsinizi eşitmək şansım olar. Söz verirəm ki, sizi tez-tez narahat etməyəcəm.Nailə əlini uzadıb bugünkü yeməyə və maraqlı söhbətə görə minnətdarlığını bildirdi. İsgəndər ona tərəf uzanan bu soyuq əli azacıq ovuclarının arasında isidib sağollaşdı. – Siz sağ olun, mənə bəxş etdiyiniz bu xoş saatlara görə. Hər şeyə rəğmən, bura gəlməyinizə, məni bu qədər xoşbəxt etməyinizə görə sizə nə qədər xoş söz desəm azdır. Nailə maşına minib ordan uzaqlaşdı. O getdikdən sonra İsgəndər uzun müddət özünə gələ bilmədi. Yaxınlıqdakı parkda oturub Nailə haqqında düşünməyə başladı. Görəsən, onun barəsində nə fikirləşir, İsgəndərin sevgi etirafını necə cavablandıracaq? O özü ilə bacara bilmirdi. İçində gənc bir oğlanın sevgi hissi çuğlayırdı. Heç vaxt heç bir qadını belə sevməmişdi. İllər sonra həyatına gələn bu sevgiyə nə minnətdar ola bilirdi, nə də ondan əl çəkə bilirdi. Bildiyi yalnız bu idi: nəhayət, arzuladığı qadınla rastlaşmışdı. O bu qadını həyatında, evində, qohumlarının, doğmalarının yanında görmək istəyirdi. Bu yaşa qədər işləyib, qurub, yaradıb, sonda da həyat yoldaşı tərəfindən aldığı ən ağır zərbədən sonra Nailəni həyatının ən böyük mükafatı kimi dəyərləndirib sevinmək, xoşbəxt olmaq istəyirdi. Nailə onun ürəyinə hakim kəsilmişdi. Bu qədər ruh yaxınlığı hardandır axı? “Gözləri o qədər doğmadır ki, sanki illərdir tanıdığım biridir. Onda olan hər şeyi bəyənirəm. Nə qədər də güclü və savadlıdır. Xavərlə mütləq danışmalıyam.Yəqin ki bunu eşidən kimi sevinəcək. Bəlkə tələsməyim, axı Nailədən doğru-düzgün cavab da almamışam. Gəzintiyə gəlmək, bir yerdə oturub şam etmək hələ məni bəyənməsi, mənimlə taleyini bağlamaq istəməsi anlamına gəlmir ki... Yox, Nailə çox tərbiyəli və ağıllı qadındır. Əgər o bu addımı atıbsa, deməli, düşünüb-daşınıb, deməli, ümid etmək olar ki, onun da mənə könlü var. Məni yeganə narahat edən onun övladlarının, qohum-əqrəbasının bu işə olan münasibətidir. Bəzən elə reallıqlar olur ki, ən güclü hisslər belə onun qarşısında aciz qalır. Mən həyatımı artıq Nailəsiz təsəvvür etmək istəmirəm. Elə bu gün Xavərlə danışacam”.

İsgəndər taksiyə minib Xavərgilə getdi. Bacısı onu həmişəki kimi bağrına basıb mehribanlıqla qarşıladı. Evdə qonaqları da vardı. Söhbət etmək üçün uyğun vaxt seçmək lazım idi. İsgəndər fürsət tapan kimi Xavərə yaxınlaşıb dedi:

Bacı, səninlə ciddi söhbətim var. Sabah səni evdə gözləyəcəm. Tək gəl.Xavər tez cavab verdi:

Mənim gözüm üstə, mütləq gələrəm. Elə o başdan durub Kamili məktəbə aparıb, maşını düz sizə sürdürəcəm.İsgəndər gələn qohum-əqrəbanın yanına keçib, gecə yarısına qədər söhbət elədi. Hərdən özünə qapanır, Nailəni düşünür, ürəyi sevinc hissi ilə dolurdu.

Ertəsi gün Xavər gəldi. İsgəndər sevimli bacısını gülə-gülə qarşılayıb dedi:

Sənə deyəcəklərim hələlik aramızda qalsın. Əgər hər şey yaxşı gedərsə, sonradan özün qardaşlarıma deyərsən.Xavər səbirsiz halda soruşdu:

Ay İsgəndər, ürəyim partladı, de görüm, nə məsələdir? Dünən sən gedəndən gözümə də yuxu getmir ki, qardaşımın nə ciddi söhbəti var, hələ o qədər ciddidir ki, səhər tezdən məni evinə çağırıb.İsgəndər birbaşa mətləbə keçdi:

Xavər, mən yayda Batumiyə getmişdim, yadındadır?Hə, əlbəttə, yadımdadır. Getdin Aslangilə, ordan da Batumiyə. Nə olub ki?Elə o vaxtlar Katya ilə ayrılmaq ərəfəsində idik. Özüm vətənə gəldim, Batumiyə getdim ki, fikrimi dağıdaram. Fikirləşdim ki, müvəqqəti ayrılığımız Katyanı da düşünməyə vadar edər. Bu yaşda ailə dağıtmaq dəhşətli bir şeydir. Bunu heç düşmənimə də arzulamaram.İsgəndər kədərini bir də yaşayırmış kimi köks ötürdü.

Batumidə nəsə olub sənə? Ürəyim çəkildi, denən də?Hə, olub, Xavər. Mən orda bir azərbaycanlı qadınla rastlaşdım. Heç bilirsən o kim idi?Yox, hardan bilim ki. De, mən də bilim.Nailədir.Hansı Nailə? Mən axı Nailə-filan tanımıram.Kamilin müəlliməsi Nailə.Sən hardan bilirsən ki, o, Kamilin müəlliməsidir?Xavər, bu, Allahın mənə bəxş etdiyi ən böyük nemətdir. O qədər xoşbəxt oldum ki, onu yenidən görəndə. Bacı, inan, səndən başqa ürəyimdən keçəni açıb söyləyəcək bir yaxınım yoxdur.Xavər aldığı xəbərdən yerində qurcalanmağa başladı.

Onda başdan danış görüm, sən hara, Nailə hara?İsgəndər hər şeyi təfsilatı ilə danışmağa başladı. Xavər gah heyrətlənir, gah da gülümsəyərək onu dinləyirdi. Bir tərəfdən, qardaşına görə sevinən Xavər, o biri tərəfdən də, bu işin baş tutacağına heç ümid etmirdi. Nailənin oğlu, kürəkəni, hələ sağ olan qayınanası, qayınatası vardı. Adətən, bu yaşda, nəvələri, kürəkəni, gəlini olan qadınlar ikinci dəfə ailə qurmurlar. Xavər nə ətrafında , nə tanıdığı, bildiyi adamların içində beləsinə rast gəlməmişdi.Yaşı keçmiş qız, qadın, cavan yaşda dul qalan, ərdə olub çıxmış qadınların ailə qurduğunu eşitmişdi, amma İsgəndərlə Nailənin vəziyyətində olub ailə quran adamlara rast gəlməmişdi. Xavərə görə, belə şeylər ya kinolarda olardı, ya da başqa millətlərin arasında. Hətta hansısa qadının ağlından belə keçərsə, el-obanın qınağından, “nə deyərlər?” söz-söhbətindən qorxub fikrindən daşınardı. Nailə övladlarının, ən çox da oğlunun töhmətindən qorxar, utanar. Hələ qudaları da var. Bu izdivac çox böyük söz-söhbətə səbəb ola bilərdi. İsgəndərin ağlı gedib rusetə. Kim harda kiminlə nə vaxt istəyir evlənir. Burda bu mümkün olmaz.Yazıq qadını o qədər qınayarlar ki... Bu yaşında eşqə düşüb deyərlər. İsgəndər Xavərin nə düşündüyünü gözlərindən oxudu. Sonra bacısına tərəf gəlib dedi:

– Xavər, deyəsən, mən onu sevirəm. – Deyəsən yox, sən əməlli-başlı Məcnuna dönmüsən. Bəxtin Məcnuna oxşamasın. Amma çox çətin vəziyyətə düşə bilərsən, – deyə Xavər gülümsəyərək cavab verdi. – Bilirəm, amma kiminlə nəyi necə danışacağıma hazıram. – Düzü, mən fikirləşdim ki, yaşı keçmiş qızla, ya sonzuz bir qadınla səni tanış edərdik. Bəlkə kimsə könlünə yatardı. – Xavər, ağlın başqalarına getməsin. Əvvəla, mən heç vaxt sevmədiyim qadınla evlənmərəm. Şərt tək qalmamaq üçün kiminləsə həyatını bağlamaq deyil, ən əsası odur ki, xəyallarının qadını ilə rastlaşasan və ömrünün qalan hissəsini xoşbəxt və firavan yaşayasan. Kiminlə gəldi yaşamaqdansa, elə tək yaşayıb ömrü başa vurmaq yaxşıdır. Mən indi elə yaş dövründəyəm ki, nə istədiyimi, kimi istədiyimi yaxşı bilirəm. Cavan olanda belə şeylərin fərqinə varmırsan. Həyat eşqi, ehtiraslar bəzən sənin yerinə öz sözünü deyir, amma mənim indi ruhum sevir bu qadını. Bu yaşda belə sözləri söyləmək heç də asan deyil. Mən hisslərimin dərinliyini, hansı məsuliyyətin altına girdiyimi çox yaxşı bilirəm. Nailə məni baxışlarımdan oxuyacaq qədər ağıllı, başa düşəcək qədər güclü biridir. Əgər bu iş baş tutarsa, elə fikirləş ki, mən bu dünyada həqiqi xoşbəxtliyimi tapmışam və indiyə kimi yaşadığım həyat bu xoşbəxtliyin yanında o qədər mənasız görünür ki... Mənim hər şeyim vardı. Elə bilirdim ki, bir kişinin əldə edə biləcəyi hər şeyi qazanmışam, ancaq nə qədər yanılmışammış. Bir kişi ona layiqli dəyər verən qadının yanında olmalıdır. Sən mənə kömək etməlisən. – Necə kömək edim, İsgəndər? Nailə ilə danışım? Maşallah, özün hər şeyi danışıb demisən. İkiniz də yetkin adamlarsınız. Taleyiniz öz əlinizdədir. Başqa sənə necə kömək edim ki? – Mən kişiyəm, o qadın. Mənə burda nəsə etməyə kimsə yasaq qoya bilməz. Amma onun nə qədər adamın söz-söhbətindən, rişxəndindən, çək-çevirindən, dedi-qodusundan keçməsi gərəkir. Qorxuram ki, onsuz da tək qalan Nailə lap təklənə. Nailə çox gözəl anadır. O, balalarını canından cox sevir. Əgər övladlarından hansısa bu işə razılıq verməsə və ya qohumlarından kimsə üstünə getsə, onun halı necə olacaq?.. Bu yaşa qədər qoruyub saxladığı adını, hörmətini yerə vurmaq, yazılmamış, amma həyatına girmiş bəzi qanunları necə adlayıb keçəcək? Bəzən insan bir şeyi çox istəyir, lakin buna nail olmaq üçün özünü tapdayıb keçmək məcburiyyətindədir. Bunu etdikdən sonra isə özünə nifrət etməyə başlayır. Mən Nailənin özünə nifrət etməsinə tab gətirə bilmərəm. Amma onu da bilirəm ki, xoşbəxt olmaq hər ikimizin haqqıdır. Bu xoşbəxtlik üçün biz mübarizə aparmalıyıq. Nədənsə ürəyim mənə deyir ki, onun doğmaları bunu yaxşı qarşılamayacaq. Bizim bir-birimizə qovuşmağımız xəyaldan başqa bir şey deyil. – Allahdan ümid kəsilməz, İsgəndər. Hər şey yaxşı olacaq. Lazım gələrsə, qohum-əqrəbası ilə də görüşüb söhbət edərik. – Hələ yox, görək Nailə özü bütün bunlara nə deyəcək. O hələ mənə heç bir söz deməyib. Ona olan münasibətimdən danışanda susur. Hərçənd onun da mənə qarşı nəsə hiss etdiyini bilirəm. – Hə, əlbəttə ki, taylı tayını tapar. İkiniz də savadlı, mədəni adamlarsınız. Amma o, igid qadındır, qorxmayıb, çəkinməyib ki, görən olar, səninlə görüşə gəlib. Mən onu çox tərbiyəli, namuslu qadın kimi tanıyıram. Kollektivdə, valideynlər arasında çox hörməti var. – Elədir, bacı, mən də çox həyəcan keçirdirdim ki, ilk görüşümüzə gəlməyəcək. Batumidə də davranışlarına nəzər yetirmişdim, əxlaqlı qadındır, oturuşunu, duruşunu bilir. Hətta söhbət edərkən belə danışığını biləndir. – Əlbəttə, İsgəndər, müəllim adamdır, özü də gözəl insandır. Adamla elə mehriban danışır ki. Kamilin ən sevimli müəlliməsidir. – Əri haqqında nə bilirsən, Xavər? – Mən heç nə bilmirəm, amma valideynlərdən hər şeylə, hər kəslə maraqlananlar var da. Onların ağzından eşitmişəm ki, dörd-beş il olar əri avtomobil qəzasına düşüb, dünyasını dəyişib. Nəvələri var, yəni qızı köçüb, oğlu da evlənib. Maşın sürür. Hə, bir də Kamil ondan həmişə razılıq edir, bilirsən də, şagirdlər yaxşı və savadlı müəllimi tez tanıyırlar. Onun fənnini həvəslə oxuyur, adı dilindən düşmür. Uşaq müəllimini sevməsə, onun fənnini sevməz. – Hə, Xavər, onu sevməmək mümkün deyil. – Can, ay qardaş, sən lap aşiq olmusan ki. Mən də gecə-gündüz sənin dərdini çəkirəm ki, görən, İsgəndər fikir eləmir. Sən demə, qardaşım çoxdan bənd olub. Doğrusu, əvvəlcə çox təəccübləndim, işə bir bax, sən rusetdən gələsən, o da Bakıdan, görüşəsən Batumidə. – Bəzən adamın ağlına gəlməyən şeylər başına gəlir. Düzü, onu Batumidə görəndə fikirləşdim ki, görəsən, niyə tək gəlib, ya da belə gözəl qadını kim tək buraxıb? Allah yetirdi onu mənə, Xavər. Elə vəziyyətdəydim ki. Katyanın mənə göstərdiyi hörmətsizlik, içkiyə qurşanması, bir sözlə, harınlaması məni çox sarsıtmışdı. Başımı götürüb vətənə gəldim, ordan da Batumiyə. İnan ki, heç getmək istəmirdim Batumiyə. Aslan əl çəkmədi. Maşınına etibarnamə verib göndərdi məni ora. – Qardaşlarımın hamısı xeyirxahdır. – Elə orda da Nailə ilə rastlaşdım. Onu görəndə hiss elədim ki, bu qadın mənim üçün yaranıb. – Sən lap öncəgörənsənmişsən ki, ay İsgəndər, – Xavər yenə zarafat elədi. – Yox, öncəgörən-zad deyiləm, mən həmişə ürəyimin səsinə qulaq asmağı bacarmışam. Ürəyimsə məni heç vaxt aldatmayıb. – Ürəyinə qurban, ay qardaş, Allah səni xoşbəxt eləsin. O qədər insanlara, qəriblərə yaxşılıq edib çörək vermisən ki... Ürəyin həmişə Allahla düz olub. O da heç vaxt bəndəsini darda qoymaz. Şükür, ziyanın yarısından dönmək özü belə xoşbəxtlikdir. Səninlə Katya ayrı-ayrı dünyaların adamlarısınız. Axırda hərəniz öz yolunuzu seçdiniz. Mən çox sevindim ki, Nailə ilə tanış olmusan. Əgər Nailə də səninlə görüşməkdən çəkinməyibsə, deməli, sənə dəyər verib, İsgəndər. Görünür, ağıllı qadındır, adam tanıyandır. Amma məni bəzi şeylər qorxudur. – Bilirəm, bacı, Nailə çox şeylərlə üz-üzə duracaq. Bax onda bilmirəm hansı qərarı verəcək. – Hm... İndi bəlkə də təklikdən cana doyub sənə tərəf gəlib, bəlkə də heç keçmiş ərini sevməyib. Səndən xoşlanıb. Adamdır da, mən onu heç nədə qınamaq istəmirəm. Ancaq qadını başa düşmək çətin olur. Qadın həm anadır, həm bacıdır, həm də arvaddır. Bəzən ömrünü ana ilə bacı olmağa o qədər həsr edir ki, qadın olduğunu unudur. Bizim qadınlar ərin çox şeyinə dözürlər, getdiyi ocağın qayda-qanununa öyrəşirlər. Özlərini övladlarına fəda edirlər, – deyə Xavər köks ötürdü. Sonra əlavə etdi: – Bax, İsgəndər, Nailə səni çox sevsə belə, seçim qarşısında qalarsa, kimin tərəfində duracağı məlum olmaz. Bir də ki ağlın rusetə getməsin, görüşüb edəndə ehtiyatlı ol. Mən inanıram ki, o çox şeyləri göz önünə alıb, bəlkə də təkliyin amansız pəncəsindən qaçıb gəlib sənin yanına. Qadındır, hisslərə qapılar, başını itirər. Sən ona həyat yoldaşı olmaq istəyirsənsə, hər şeyi nəzərə al. Bura Azərbaycandır, elin ağzı torba deyil ki, yığıb bağlayıb çaya atasan. – Bilirəm, bacı, elə buna görə də sənə ürəyimin sirrini açdım. Bir bilsən onu necə xoşbəxt etmək istəyirəm. Nədənsə içimdə bir səs mənə deyir ki, ailəsinin olmasına, övladlarını yerbəyer etməsinə rəğmən, heç vaxt bir qadın kimi xoşbəxt olmayıb. Mən ona layiq olduğu sevgi və qayğını verə bilərəm. Bir sözlə, bu yoldan dönən deyiləm. Bu yaşdan sonra nə elədiyimi yaxşı bilirəm. Qərarlıyam, Xavər. Sən də Nailə ilə danış, söhbət elə, qoy hər şey onun istədiyi kimi olsun. – Elə sabah ona zəng edərəm, lap istəyirsən məktəbə yanına gedim. Uşaq deyil ki. Biləcək nəyə görə gəlmişəm. Sən hələ qismətə bax, ay İsgəndər, o qadını bir müəllimə kimi çox istəyirəm, elə həmişə onu görəndə ürəyimdə deyirdim ki, taleyi niyə belə gətirdi bu qızın. Cavan yaşında ərini, özü də o cür faciə ilə itirdi. Yatsam heç yuxuma da girməzdi ki, bir vaxt onun yanına qardaşıma görə getməli olacam. Çox qəribə həyatdır. Xavər İsgəndərlə sağollaşıb maşına oturdu. Maşın tərpənəndə qardaşına göz vurub gülümsədi. Bacısı gedəndən sonra İsgəndərin ürəyindən sallanan daş sanki qopub düşdü. Özünü rahat, qayğısız hiss etdi. “Nə yaxşı ki bu dünyada bacı-qardaşlarımız var”, – deyə düşündü. Sonra evə dönüb Lena ilə Səmədə zəng vurdu. Uşaqlarla da hər şey qaydasında idi. Səməd işdə heç bir problem olmadığını, hər şeyi nəzarətdə saxladığını söylədi. Bu, İsgəndəri daha da sevindirdi. Məktəbdə birinci növbənin dərs saatının qurtarmasına lap az qalırdı. Xavər qapıçıdan icazə alıb, Nailənin dərs keçdiyi otağa yaxınlaşdı. Şüşə pəncərədən Nailəni görən Xavər söhbəti necə açacağını fikirləşdi. Yaxşı olardı ki, Nailə ilə ayrı yerdə, ev şəraitində söhbət edərdilər. Bu, telefon söhbəti də deyildi. Məktəbisə heç uyğun görmürdü... Zəng vuruldu, şagirdlər sinif otağını tərk etdilər. Xavər Nailəyə yaxınlaşıb salamlaşdı. Nailə onu görən kimi pörtüb, mehribanlıqla salamını aldı. – Nailə xanım, sizinlə söhbət eləmək istəyirəm, yəqin mənə bir az vaxt ayıra bilərsiniz. – Hə, əlbəttə, buyurun, keçin əyləşin. Xavər ön sıradakı partanın arxasına keçib əyləşdi. Nailə ona yaxın oturub dedi: – Sizi dinləyirəm, Xavər xanım. – Heç bilmirəm nədən başlayım, bir az həyəcanlıyam, evdən çıxanda bundan ürəkli idim. Nailə söhbətin İsgəndər haqqında olduğunu təxmin edirdi. – Bəlkə də bura edəcəyimiz söhbət üçün cox da uyğun yer deyil, evinizə də icazəsiz gəlmək doğru olmazdı. Nailə, mən İsgəndərin bacısıyam. – Bilirəm, Xavər xanım. – O sənin haqqında mənə danışıb. Daha doğrusu, aranızda olan münasibətdən söhbət açıb. Bunu eşidəndə çox təəccübləndim. Nailə, ikiniz də yetkin adamlarsınız. Nə istədiyinizi, nə elədiyinizi yəqin ki yaxşı bilirsiniz. İsgəndərin fikri ciddidir. Bu yoldan dönməyəcək. Sənsə çox çətinliklərlə üzləşə bilərsən. Əgər İsgəndərlə bir neçə dəfə görüşmüsünüzsə, deməli, sənin də könlün var. Mən qardaşımı tərifləmək istəmirəm, amma biləsən ki, bu seçim səni xoşbəxt edəcək. – Mən İsgəndəri hələ yaxşı tanımıram, daha doğrusu, onun ailəsinin niyə dağıldığını bilmirəm. Xavər xanım, məni onun görüşünə aparan hisslərin adını qoymaq çətindir, xahiş edirəm, ağlınıza pis bir şey gəlməsin. – Nailə xanım, qardaşım sizə dəyər verməsəydi, indi sizin qarşınızda oturmazdım. Mən bilirəm ki, sizin də ondan xoşunuz gəlir. Qardaşım olduğu üçün demirəm, o çox ağıllı, bacarıqlı və yaraşıqlı kişidir. Mən çox danışmaq istəmirəm, əgər icazə versəydisiniz sizə gələr, daha ətraflı söhbət edərdik. İstəyirsiniz doğmalarınız da bu söhbətə qoşulsun. Nailə nə deyəcəyini bilmədi, özünü itirib bircə bunu söylədi: – Yox- yox, tələsməyin, mən özüm gərək bacımla, qardaşımla... – sözünü axıra çatdıra bilməyib birdən hıçqıraraq ağlamağa başladı. Xavər onu sakitləşdirmək üçün ayağa qalxdı, masanın üstündəki qutudan nəm safet çıxarıb Nailəyə verdi, sonra dözməyib onu bərk-bərk qucaqladı. – Mən gedim, Nailə xanım, icəzə versəniz, bu axşam sizə qonaq olaram. Evdə dərdləşərik, amma xahiş edirəm göz yaşları olmasın. Onsuz da həyat sizə çox şey çəkdirib. Nailə göz yaşlarını silib başı ilə razılığını bildirdi. Xavər sinif otağından çıxdı. Bir azdan Nailə də özünü toparlayıb əşyalarını çantaya yığdı, məktəbdən çıxıb maşına oturdu. Evə çatar-catmaz Zoya xalagilə keçdi. Qarı həmişəki kimi divanda oturub mürgüləyirdi. Nailə ona günorta yeməyi verdi. İstədi desin ki, axşam bəlkə gələ bilmədi, qonağı olacaq, amma utandı. Anası rəhmətə getdikdən bəri Zoya xaladan sirr saxlamazdı. Zoya xala da hər şeydə onu dəstəkləyər, gözəl məsləhətlər verərdi. İndi də ona başına gələnləri danışmaq istədi. Nədən İsgəndərlə görüşdüyünü, Xavərin bu gün məktəbə gəldiyini, hələ qohumlarından heç birinin bilmədiyini, bir sözlə, ürəyini boşaltmaq istədi. Sonra “Sabah danışaram, bu gün onu həyəcanlandırmayım” deyə düşündü. Amma Zoya xala onun fikirli olduğunu hiss edirmiş kini dilləndi:

– Nailə, bala, son günlər yaman fikirlisən, bəlkə sənə, ya uşaqlara nəsə olub, demək istəmirsən? Fikirləşirsən ki, bu qarıya nəsə danışaram, o da ağırlaşar. Mən onsuz da hiss edirəm ki, oləcəm. Aman Allah, insan qocalıb əldən düşəndə lap köhnəlmiş mebelə, divana, çarpayıya oxşayır. Bircə ölsəydim, məni də aparıb köhnə yararsız əşya kimi atardınız torpağın altına.

Zoya xala bunu deyib çiyinlərini ata-ata güldü.

Elə demə, Zoya xala.Düzünü deyəndə nə olar ki, balam. İnsan cavan olanda onu yaşadan həyat eşqi, ehtirası, arzuları olur. Məni yaşadan sənsən, Nailə. Sənin bu qayğın olmasa, çoxdan sümüklərim də çürümüşdü. İndi mənə nə danışmaq istəyirsənsə de, ya da fikirli olmağının səbəbini aç söylə. Sənin fikirli görünməyin ərinə görə deyil. Mən əvvəlcə elə bilirdim ki, Camal üçün darıxırsan, çarəsiz qalırsan. Amma sonradan hiss etdim ki, gah əhvalın yaxşı olur, gah gül kimi açırsan, gah da bulud kimi dolub yağmağa hazırlaşan yağışa bənzəyirsən.Nailə qarının müşahidəsinə, hissiyyatına heyranlıqla cavab verdi:

Zoya xala, sən bütün bunları hardan çıxarısan? Mən də elə bilirəm ki, yemir, içmir Zoya xalam, halı da, kefi də yoxdur.Hə, o dediklərinin hamısı öz yerində, bədənim daha heç nə istəmir. Amma bəs ruhuma nə gəlib? Səni çox istəyirəm, qızım, sənə nəsə olanda içim sızıldayır. Məncə, bu danışmaq istədiyn söhbətin hec uşaqlara da dəxli yoxdur. Bu nədirsə, səninlə baş verir, özü də səni yamanca çək-çevirə salıb.Qarı birdən Nailənin üzünə diqqətlə baxıb bu sözləri dedi:

Qızım, həyatında kimsə var? Kimsə taleyinini səninlə bağlamaq istəyir? Yoxsa xətrinə dəyənmi olub? Dul qadınlara söz atanlar, xətrinə dəyənlər çox olur. Amma sən mərd qadınsan. İnanıram ki, çoxlarını yerinə oturda bilərsən.Yox, mən qarını hissləri aldada bilməz, səni hərdən sevincli də görürəm. Bu kimdənsə xoşlanan, bəlkə də sevən qadının hərəkətindən xəbər verir. İndi deyəcəksən ki, Zoya xala qoca yaşında ağzına gələni çərənləyir. Bağışla, bala, bəlkə də zənnim məni aldadır, sənə bu sözləri deməyə heç ixtiyarım da yoxdur, amma nə düşündümsə, onu da dedim.Zoya xala bir az ara verib, sözünə davam etdi:

Sən Camala yaxşı arvad oldun, gözəl balalar böyüyüb tərbiyə elədin. Ona qoyduğun hörməti, göstərdiyin qayğını heç kəs dana bilməz, amma sevgi dediyin başqa bir aləmdir, qızım. Sevən qadının gözləri parıldayar, üzü gülər, ruhu uçunar. Qadın gül kimidir, onu alıb evə qoymaq, ya da bağında əkmək şərt deyil ki. Onun qayğısını çəkmək, gözəlliyindən məst olub, özünü necə xoşbəxt hiss etdiyini bu gülə eşitdirmək də lazımdır. Gülə necə gəldi su verməzlər ki, onu güllə danışa-danışa, sevə-sevə verərlər. Heyf ki, bəzi insanlar evləndikdən sonra ər-arvad olmağı sadəcə vəzifə bilirlər, sevməyi unudurlar, ya da bir ömür ər-arvad olurlar, amma sevgili, dost ola bilmirlər. Eh, bu qarını az danışdır, ay bala. Yaxşısı budur, de görum sənə nə olub?Deyəcəm, Zoya xala, əlbəttə, deyəcəm. Amma bu gün yox, sabah danışaram.Hə, bu başqa məsələ, yoxsa Nailəmi belə fikirli görmək istəmirəm.Nailənin birdən yadına düşdü ki, Xavər ev ünvanını götürmədən getdi. Valideynlərdən də heç kəs onun harda yaşadığını bilmir. “Yəgin gələnə yaxın əl telefonumu yığar, mən də ünvanı deyərəm” – özlüyündə düşündü. Evə qalxdı, divana uzanıb bir az yuxuya getmək istədi, amma özündən asılı olmayaraq, İsgəndəri düşünməyə başladı. Onun maraqlı söhbətlərini, necə savadlı və dünyagörüşlü biri olduğunu xatırladı. Ruhuna bu qədər yaxın olan adamı sanki illər uzunu tanıyırmış. Bu doğmalığın hardan qaynaqlandığını özü də bilmirdi. Bildiyi bircə şey vardı: İsgəndər onun ruhuna, qəlbinə yol tapmış, ürəyində sevgi toxumu əkmişdi. Bütün bunları kiməsə söyləmək və qarşılıqlı anlaşma gözləmək nə qədər də çətin idi. Həyatında baş verən bu hadisəni, keçirdiyi hissləri bacısı Sevdadan başqa kiməsə danışmağı düzgün hesab etmirdi, amma onun da bütün olanlara nə deyəcəyini əvvəlcədən bilirdi. “Sevda məni asıb-kəsəcək, bu yaşımda mənə yaraşmayan şeylərdə günahlandıracaq. Hələ qardaşım eşitsə, nələr ola bilər. Uşaqlarıma necə söyləyəcəm?..” Nailəni soyuq tər basdı. Hamam otağına keçib üzünə su vurdu. Güzgüdə özünə baxıb dedi: “Nailə, bütün bunların axırı necə olacaq? Səni çox qınayacaqlar. Xavərlə nə söhbət edəcəm? Yəqin ki o mənim vəziyyətimi başa düşüb, amma qardaşına təsəlli vemək üçün bu addımı atıb. İsgəndər əsl kişi kimi hərəkət edib dedi ki, bu yoldan dönməyəcək, mənsə onun görüşünə getməklə ona ümid verdim...” Hava qaralmışdı. Nailə Xavərin gəlişini hiss edirmiş kimi, divandan qalxıb çay süfrəsi açdı. Əl telefonuna baxdı. Xavərdən bir xəbər yox idi. Həmişəki kimi, özünə qəhvə dəmləyib balkona çıxdı. Ətrafa göz gəzdirib qəhvəsindən bir neçə qurtum içdi. Həyətə maşın gəldi. Maşından Xavər və İsgəndər düşüb bloka tərəf addımladılar. Nailənin ürəyi bərk döyünməyə başladı. Qapının zəngi çalındı. Nailə özünü ələ alıb qapını açdı. Xavər qapının önündə tək dayanmışdı. – Buyurun keçin, Xavər xanım, xoş gəlmisiniz, – deyə Nailə gülümsədi.

Həmişə xoş gününüzə gəlim, Nailə müəllimə.Onlar qonaq otağına keçdilər. Nailə Xavərə yer göstərdi, özü isə mətbəxə çay gətirməyə keçdi. Xavər divanda yerini rahatlayıb otağı nəzərdən keçirdi. Otaq zövqlə bəzədilmiş, səliqəli və ürəkaçan idi. Bir azdan Nailə də gəldi. Çay dəstgahını süfrəyə düzüb, Xavərin yanındakı kresloda əyləşdi. – Nə zəhmət çəkirsiniz, Nailə xanım. – Heç bir zəhməti yoxdur, özünüzü evinizdəki kimi hiss edin. – Sağ olun. İsgəndər sizdən danışanda eşitdiklərimə inana bilmədim. Sonra qardaşımın sizə nə qədər dəyər verdiyini, sözün əsl mənasında sizi nə qədər sevdiyini görəndə bura gəlməyə qərar verdim. Əslində Allahdan çox razıyam ki, başına gələn ailə faciəsindən sonra qarşısına sizin kimi gözəl, mədəni bir xanım çıxıb.Yəqin ki İsgəndər sizə ailəsində baş verən qalmaqaldan, arvadının etdiyi ləyaqətsiz hərəkətlərdən söz açmayıb.Ya uyğun bilməyib danışmağı, ya da utanıb Katyanın əməllərindən. Nə bilim, bəlkə də kişiliyinə sığışdırmayıb keçmiş həyat yoldaşı haqqında danışmağı. Hər halda onların otuz illik ailə həyatı olub... Xavər çayını içə-içə söhbətinə davam etdi: – O mənim qardaşlarımın gözüdür. Bütün nəslimiz, dost-tanış – hamı onu sevir. Özü hamının hörmətini qazanıb. Ömrünün otuz ilini Rusiyada yaşayıb. Məktəbi bitirib, burda müəyyən səbəblərdən instituta qəbul ola bilmədi. Ora dayısının yanına oxumağa getdi. Həm oxudu, həm də işlədi. Özünə imkan, şərait yaratdı. Anam rəhmətlik hər dəfə o, evimizə gələndə “Səni buralardan evləndirəcəm, elimizdə-obamızda elə gözəl qızlar var ki. Adam elini hürküdər, axsağından yapışar” deyərdi. Amma, görünür, o vaxtlar İsgəndər bu sözlərin mahiyyətini, qiymətini duya bilmirdi. Özünün sözləridir, həmişə deyir ki, gənclik səhvlərlə dolu olur. İsgəndərin də həyatının birinci və mən deyərdim ki, ən böyük səhvi Katya ilə evlənməyi oldu. Kəndə gələndə özünü xoşbəxt kimi göstərirdi. Oğlu, qızı vardı. Hamımız anama “Dərd çəkmə, şükür, oğlunun hər şeyi var, gəlinin də gözəl qızdır” deyərdik. Amma rəhmətlik ölənə qədər bununla barışa bilmədi. Atam kişi olduğundan duyğularını üzə vurmurdu. Anamsa bunu bacarmır, elə hey deyirdi ki, Katyadan ona arvad olmaz. Ana ürəyidir də, görünür, əvvəlcədən hiss edirmiş balasının başına gələcəkləri. Xavər dərindən ah çəkdi. Çayını axıra qədər içib stəkanı masanın üstünə qoydu. Nailə onu maraqla dinləyirdi. – Mən elə bilirdim ki, İsgəndər yaşadığı acıdan sonra taleyini heç kiminlə bağlamaz, çünki həyata olan baxışlarına, xasiyyətinə bir bacı kimi bələdəm.Vətənə gəlməyindən də belə başa düşdüm ki, daha orda qalmaq istəməyib, Katya ilə bir şəhərdə yaşamaq, bir havanı udmaq ağır gəlib. Amma balalarının fikrini çox çəkir. Mən bacıyam, yanında demək istəmirəm, ancaq hamıya məlumdur ki, uşaqları da ana tərbiyə edər, ana yönəldər. İkisinə də gözəl təhsil verib, işlə təmin edib. Maşallah, ağıllı balalardır. Müstəqil həyatlarını yaşayırlar. Lakin heç biri burda İsgəndərlə birgə yaşamaq istəmir. Təbiidir, bura ancaq İsgəndərin vətənidir. Uşaqlar gözlərini orda açıb, böyüyüb, oxuyub, analarının dilində danışıb, boy atıblar. Ata qazanıb gətirib, ana da gəzib kef eləyib, axırda da içkiyə qurşanıb.Yazıq qardaşım çox çalışdı ki, onu bu yoldan döndərsin. Dediyinə görə, həkimlə, psixoloqla danışıb. Heç biri arvadına kömək olmayıb, daha doğrusu, Katya özü heç kimi dinləməyib, sonunda da bir ailənin faciəsi baş verib. İsgəndər heç birimizə Katya ilə danışmağa icazə vermədi. Bir də ki onunla nə danışım ki. Qardaşıma sonunda verdiyi dəyərə görə Katyaya nə desəm azdır. Bu yaşda ailəni içkiyə, özbaşına həyata qurban vermək olarmı? “Qızıl balıq” nağılındakı kimi, bəzi qadınlar kişilərinə dəyər vermir, hər şeyi puça çıxarırlar. İsgəndər onun üçün, uşaqları üçün hər bir şey yaratdı. Ömrünün otuz ilini ləyaqətlə o qadına xidmət elədi. Nə istədisə, imkanı daxilində yerinə yetirməyə çalışdı. Ona ən xoş günləri yaşatdı. Nə vaxt soruşurdun, deyirdi ki, Katya xarici ölkələri gəzir, istirahətdədir, restorandadır, rəfiqələri ilə yeyib-içmək məclisindədir. Adını da qoyurdu ki, uşaqlar böyüyüb, xaricdə oxuyurlar, evdə tək oluram, darıxıram, İsgəndər işdə olur, mənə vaxt ayırmır, daha neçə-neçə bəhanələr. Xavər qəzəbini güclə saxlayaraq sakitləşməyə çalışırdı. Hiss olunurdu ki, qardaşına görə çox pərişandır. İsgəndərin başına gələnlər Nailəni məyus etdi. Belə şəxsiyyətli bir adamın həyat yoldaşının içkiyə qurşanması, ərinə, övladlarına dəyər verməməsi kimi olsa kədərləndirərdi. Adam bilmir başına nələr gələcək. Axı heç kim özünə belə acınacaqlı ailə sonu arzulamaz. Xavərin sözləri onu fikirdən ayırdı: – Hərdən İsgəndərin qızı Lena ilə danışıram. Deyirəm ki, bibin qurban, gəl sən də Bakıda yaşa. Şəhərimiz günü-gündən gözəlləşir. O qədər yaxşı, savadlı gənclərimiz var ki. Ürəyim qalıb onun yanında, qız xeylağıdır. O da gülür, deyir ki, bibi, mən hələ ər haqqında fikirləşmirəm. Düzünü desəm, Katyanı da soruşuram, deyir ki, yenə dost-tanışla yeyib içməyindədir. Heç birimizi eşitmir. Qız yazıq anasına görə çox utanır, amma neyləmək olar. Katya öz seçimini edib, yenə də dualar edirəm haqq yoluna gəlsin, ömrünü içkiylə çürütməsin deyə. İsgəndər də ona hər şeyini qoyub gəlib. Qardaşımın qədrini bilmədi, heç olmasa öz ömrünün, sağlamlığının qədrini bilsin, balalarına hörmət qoysun. Xavər danışdıqca lap alovlanırdı. Nailə ona nə cavab verəvəyini, necə təsəlli edəcəyini bilmirdi: – Mən bunların heç birini bilmirdim. İsgəndər ancaq ayrıldığını söyləmişdi, bir az da övladları haqqında danışmışdı. Onu yaxından tanıdıqca mədəni, savadlı, səmimi insan olduğunu hiss edirdim. Sən demə, o nə qədər ağır sarsıntı keçiribmiş. Gör nə qədər güclü biri olasan ki, sənə vurulan belə ağır zərbədən sonra özündə güc tapıb vətənə dönəsən. Burda yeni həyata, yeni məqsədlərə doğru can atasan. Ailəsinin dağılmasına çox təəssüf edirəm. Onu da bilirəm ki, içki, narkotik, qədərsiz pul yıxan evi heç nə yıxmır. Xavər başı ilə onun sözlərini təsdiqlədi. Bir müddət otağa dərin sükut çökdü. Nəhayət, Xavər dilləndi:

– Bağışlayın, bəlkə də çox şeyi sizə deməməliydim. Əgər sizə toxunacaq nəsə söylədimsə üzr istəyirəm. Amma bu həyatda nə olursa, hər şey yaxşılığa doğrudur. İsgəndərlə rastlaşmağınız sanki Allahın möcüzəsidir. İnanın ki, əgər taleyiniz birləşərsə, bu, qardaşımın çəkdiklərinin müqabilində qazandığı ən böyük mükafat olacaq. Nailə xanım, mən valideynlərdən eşitmişdim ki, siz ərinizi avtomobil qəsazında itirmisiniz. Qızınız,oğlunuz var. Hər ikisi də ailə qurub, sizdən ayrı yaşayırlar. – Hə, elədir. Mən tək yaşayıram, yoldaşım dörd ildir ki, dünyasını dəyişib. Qızı birgə yerbəyer elədik, oğlana isə ömrü vəfa eləmədi. Oğlum çox istədi ki, onunla bir evdə yaşayım, amma mən razı olmadım. Cavan ailədirlər, qoy sərbəst yaşasınlar, öz evinin, ailəsinin məsuliyyətini özü çəksin. Bir də ki hörmətli qalmaq üçün ayrı yaşamaq gərəkir. Sözsüz ki, hər şey imkana baxır. Düzdür, təklik adamı çox sıxır, ancaq illər keçdikcə ona da alışırsan. – Nailə xanım, İsgəndər haqqında yəqin ki heç kimə bir söz söyləməmisiniz. – Elədir, heç kimə heç nə söyləməmişəm. Necə deyəcəyimi də bilmirəm. Onların arasında məni başa düşəcək bir kimsə tapa bilmirəm.

Nailə qəhərləndi, sonra qəmli səslə davam etdi:

– Hamı məni qınayacaq, heç kəs içimdən keçən hisslərin nə olduğunu, nə yaşadığımı başa düşməyəcək.

Nailənin göz yaşları yanaqları ilə üzü aşağı süzülməyə başladı:

– Elə bil İsgəndəri lap çoxdan tanıyıram, bunu onu görən kimi hiss etdim. Bilirsiniz, elə şeylər var ki, onları dilə gətirmək olmur, sankı içimdəki ruh onu tanıdı. Eşidəcəyim bütün qınaqları, söyləyəcək butun təhqirləri göz önünə alıb onunla görüşdüm. Özümlə bacara bilmədim. İsgəndər mənim üçün elə birinə çevrildi ki, onun yanında özüm oluram. Bəlkə də kənardan elə görünə bilər ki, mən təkliyimdən qaçıb onunla görüşmək istəmişəm, amma bu belə deyil. Onu Bakıda, iş yerimin yanında görəndə bunu anladım. Düşünürəm ki, Kamil olmasaydı belə, o məni tapacaqdı. – Sizdən ünvan almadan bura gəldim. Məni İsgəndər gətirdi. Ünvanı Batumidə olanda oteldəki xidmətçi oğlandan alıbmış, yəni vəsiqənizdə yazılan ünvanı deyirəm. Mənə dedi ki, Nailənin görən andan həyatımı onsuz təsəvvür edə bilmirəm. Nə olursa olsun, onu görmək, onu tapmaq istədim. Nailə, o sənə görə Bakıda qalıb yaşamaq istəyir. Səninlə danışdıqca onu lap yaxşı başa düşə bilirəm. – Bilirsiniz, Xavər, mən məqsədlərini görürmüş kimi, ona qarşı addımlamışam. Mən İsgəndərin ruhu ilə danışmağı bacardım, eləcə də o buna nail oldu. Bizi elə xoşbəxt edən də budur. Bu xoşbəxtliyi çox arzulamışdım, onu həyat yoldaşım Camalda tapmaq istəmişdim. Onunla birgə ailə həyatımızda bu səadəti tapmaq üçün çox çalışdım. Amma illər ötdükçə heç nə əldə edə bilmədim. Ürəyimin bir küncündə bu arzumu qıfılladım, boğdum, susdurdum. İsgəndərsə ürəyimdə közə dönmüş, sönmüş bir sevgi qığılcımını alovlandırdı. Əvvəlcə nə baş verdiyini özüm də başa düşmürdüm, amma indi mənə hər şey gün kimi aydındır. İsgəndər illər sonra doğru zamanda doğru bir insan kimi həyatıma gəldi və görünür, biz bu sevgidən qaça bilmədik. Xoşbəxt o adamdır ki, yaşının neçə olmasına baxmayaraq sevməyi bacarır və bu sevgi onun bütün həyatına hakim kəsilir. Ömrümün payızında məni haqlayan bu sevgimə həm sevinirəm, həm də, gördüyünüz kimi, ağlayıram. Sevinirəm ona görə ki, sevgiyə ürəyimi açdım, ona meydan verdim, İsgəndəri tanıdım, onu sevməyi bacardm. Bu bacarığı İsgəndərin ruhunda da gördüm və ona təslim oldum, amma bilsəniz nə qədər ağırdır bunu ətrafındakı əzizlərinə və doğmalarıma anlatmaq. Məni əhatə edən bu mühitdə, bu yaşında nələrisə söyləmək, içimdəki hisslərə qol-qanad verərək danışmaq üçün özümdə güc tapmaq çox çətindir. Onları da başa düşməyə çalışıram, digər tərəfdən, məni xoşbəxt edən bu insandan da uzaq dura bilmirəm. İnanın ki, nə yerdəyəm, nə də göydə. Nailə daha göz yaşlarını boğa bilməyib hönkür-hönkür ağladı. Xavər ona yaxınlaşıb bağrına basdı. Nə deyəcəyini, necə təsəlli verəcəyini bilmədən qeyri-ixtiyari bu sözləri pıçıldadı: – Sizi bu yaşda görüşdürən görüşdürdü. Bu möcüzə dilə gəlməz, ağla sığmaz. Birləşdirən də birləşdirsin. Nə olursa olsun, İsgəndər həmişə sənin yanındadır, buna əmin ola bilərsən. Xavər getdikdən sonra Nailə uzun müddət divanda oturub taleyi haqqında düşündü. Həyat bəzən onunla amansız və qəddar, bəzənsə mərhəmətli və xoş davranırdı. Gözünün önünə valideynlərinin Camalla ailə qurmaq təkidi, məsləhəti gəldi. İyrimi bir yaşlı Nailə kitabdan, dəftərdən, universitet ab-havasından, müəllimlərindən doymamış, öyrəndiklərini həyatda tətbiq etməyə belə macal tapmamış ərə getməyə məcbur olmuşdu. Atasının haqqı-sayı, anasının nəsihətləri, doğmalarının, qohumlarının xeyir-duası ilə Camalla ailə qurmuşdu. Heç kim Nailənin ürəyindən keçənləri nə görmüş, nə də duymuşdu. Çünki bu heç kimi nə maraqlandırır, nə də düşündürürdü. Ən əsası, ailəni xoşbəxt göstərmək üçün çalışıb vuruşmaq idi. Bunu isə Camal və Nailə bacardı. Camalın kobud və tündməcaz xasiyyətinə dözmək məcburiyyəti Nailənin vəzifə borcuna çevrildi, çünki anası “Kişilərin əksəriyyəti belədir” deyirdi. Atası isə “Qızım ac qalmır, susuz qalmır, əri məsuliyyətli adamdır” söyləyirdi. Hərdən Nailəyə elə gəlirdi ki, Camal onu asanlıqla əldə etdiyi üçün lazımi hörmət qoymur və dəyər vermir. Axı Camala da Nailə ilə evlənməyi valideynləri məsləhət görmüşdü. Onlar bir-birini sevməmiş, qovuşmaq üçün heç bir həsrət çəkməmişdilər. Bir-birindən xoşlanmaq, bir-birinə bağlanmaq, ailə qayğıları ilə yaşamaq, bir-birinə dözmək hələ sevmək anlamına gətirib çıxarmırdı ki... Camal illər boyu Nailənin onu sevməsi üçün heç bir şey etməmişdi, daha doğrusu, bunu bacarmamışdı. Nailənin ruhuna boylanmaq, onun nazını çəkmək istəməmişdi. Nailənin onda görmək istədiyi alicənablığı öz kobud xasiyyəti ilə zədələmişdi. Evləndikdən sonra Camal bütün xasiyyətini çılpaqlığı ilə göstərdi. Nailə ilk başda onun bir çox xüsusiyyətini görməmiş, ya da gənc və təcrübəsiz olduğu üçün dərk etməmişdi. Hərdən anasına, ya da bacısına qısqanc və dalaşqan olduğunu deyəndə, onlar “keçib gedər” kəlmələri ilə təsəlli verərdilər. Hərdən Camal mehriban və xoşrəftar kimi görünməyə, Nailənin onun haqqında düşündüklərini alt-üst etməyə çalışırdı, amma sonra bu maskanı tez soyunar, elədiklərini zavallı qadının burnundan ustalıqla tökərdi. Bir sözlə, Camal Nailə ilə yaşadığı ailə həyatında onun ümidlərini doğrultmayaraq dünyasını dəyişdi. Xatirələrdə yaxşı kürəkən, yaxşı ata, yaxşı bacanaq, yaxşı yeznə, yaxşı ər kimi iz salaraq həyatı tərk etdi. Bu titulları Camala verənlərin heç biri onunla bir evdə yaşayib, bir həyatı paylaşmadı Nailədən başqa. İndi ömrünün elə bir vaxtında qarşısına İsgəndər kimi adam çıxıb ki, könlü onu sevir, onunla qalan ömrünü yaşamaq istəyirdi. Mühit, ətrafdakılarsa bunun Nailəyə lazım olmadığını başına qaxaraq, yenə də taleyində söz sahibi olmadığını xatırladacaqlar. Onların heç biri İsgəndəri doğma biri kimi qarşılamayacaq və xoşlamayacaq. Nailə yəqinliklə bilirdi ki, nə qardaşı, nə oğlu buna imza atmayacaq, çünki bu onların dünyasında ağlagəlməz bir şey idi. Onlar Nailədə görmək istədiklərini görmək istəyirdilər. Nailənin içindəki ruhu, çəkdiyi əzabları, ürəyinin səsini görmək və eşitmək üçün qulaqları çoxdan kimlərinsə “Nə deyərlər?” kəlməsi ilə tıxanmışdı. Nailəni gözləyəcək iztirabın havası sinəsinə doldu. Ya bu yaşında ürəyində cücərən sevgi hissi ilə mübarizə aparmalı, bu dəfə onu yerlə-yeksan etməli, ya da üzərinə şığıyan qınaqları qılıncdan keçirib, bu döyüşdən qalib çıxmalıdır. Nailə itirəcəkləri ilə qazanacaqlarını götür-göy etdikcə acizləşir, gücdən düşür, ümidsizliyə qapılırdı. Mümkünsüzlük ona əl yelləyir, ağlını başına yığ deyərək qəhqəhə çəkirdi. Sonra hardansa İsgəndərin xəyalı gözünün önündə canlandı. Nailə yerindən dik qalxıb “Mən nəsə etməliyəm” dedi. “Olum, ya ölüm mübarizəsinə qalxım. Hər iki halda ölümə məhkumam. Əgər içimdəki sevgini öldürsəm, onunla bərabər özüm də öləcəm. Sonra da Zoya xala kimi quru cismimi torpağa basdırmaq üçün ölümümü gözləyəcəm. Açıb hər şeyi danısşam, onlar yığışıb məni diri-diri basdıracaqlar. Birində özüm üçün yaşayıb, hamı üçün öləcəm, digərində onlar üçün yaşayıb, özüm üçün öləcəm. Özünü öz içində öldürən nə qədər insan var həyatda, mən də onlardan birinə çevrilim? Həyatda ən ağır günah insanın öz-özünə elədiyi xəyanətdir, özünü öz içində öldürməyidir. Ölən arzularına, ümüdlərinə baxıb ağlamaqdır. İlahi, axı mən əlimi öz qanıma batırmaq istəmirəm? Mən onsuz da illər uzunu sevmədiyin birinə hörmət, xidmət, dözüm və səbr nümayiş etdirdim. Ağlıma belə gətirmirdim ki, bir gün yad ölkədə, yad insanların arasında doğma birinə rast gələrəm. Nə qəribəsən, həyat? Bu adamla nədən gənc yaşlarımda rastlaşmadım? Nədən sevmək və sevilmək üçün bu qədər gec qaldım, hə?..” Birdən qapı bərk döyüldü. Nailə göz yaşlarını silib, qapıya tərəf getdi. Gələn Murad idi. Anasını qucaqlayıb içəri keçən oğlu masanın üstündəkilərə nəzər salıb dedi: – Qonağın var idi, ana? – Hə, valideynlərimdən biri gəlmişdi. – O niyə məktəbə gəlmir? Səni evdə istirahət etməyə də qoymurlar. – İşi vardı, oğlum. – Valideynin məktəbdənkənar səninlə nə işi ola bilər ki? – Ay Murad, nə sorğu-suala tutmusan məni? – Soruşmaq da olmaz, ay ana? – Sən soruşdun, mən də dedim.

Murad anasının üzünə diqqətlə baxıb soruşdu:

– Ağlamısan? Kimsə xətrinə dəyib? Bunun gələn qonaqla əlaqəsi varmı? – Yox, ay oğul, hardan çıxarırsan sən bu fikirləri? – Ana, fikrim həmişə sənin yanında olur. İşdən yorğun gəlirəm, səni hər gün görə bilmirəm. Gərək sözünə qulaq asmayaydım. Hamımız bir evdə yaşayaydıq. Mən də rahat olardım, sən də. – Oğul, hər dəfə bu söhbətə qayıdırsan. Mənə görə, cavan ailə sərbəst yaşamalıdır. Müasir gənclərsiniz, baban rəhmətlik özü sənə evini bağışladı. Bir də mən qocalıb əldən düşməmişəm ki, köməyə ehtiyacım olsun. Bir gün hiss etsəm ki, özümü idarə edə bilmirəm, onda sənin himayənə gələrəm. – Yenə də narahat oluram, ana. Elə bilirsən məni qınamırlar. Deyirlər ki, anasını damın altında tək qoyub. Bu da özünə kişi deyir. Sən bizim mühitin yazılımamış qanunlarını yaxşı bilirsən də... Bir də heç qınamasalar belə, məncə, bu düz iş deyil. – Yaxşı, bəsdir özünü incitdin. Anan sağ-salamatdır. Aclığın varsa, yemək gətirim. – Yox, ac deyiləm, yemək yemişəm, amma çay içərəm.

Nailə Murada da, özünə də çay süzdü. Murad dedi:

– Qonşularda nə var, nə yox? Zoya xala necədir? Məhlə uşaqlarından soruşdum, dedim bir səndən də soruşum. – Şükür, salamatlıqdır. – Nəyə ehtiyacın var? Ətin hələ qurtarmayıb ki? – Sənə neçə dəfə demişəm ki, öz evinə bazarlıq et. Mən özümü dolandırıram, heç nəyə ehtiyacım yoxdur. – Belə sözlərin məni bərk incidir, ana. Mən heç vaxt unutmuram ki, atamdan sonra bu evin kişisi mənəm.

Nailə oğluna baxıb gülümsədi:

– Sən də, Aysel də mənim gözümdə həmişə uşaq olaraq qalacaqsınız. Bu təbiidir. Halbuki özünüz artıq valideynsiniz. Nə vaxtdır böyüyüb həyata atılmısınız. Bu məni çox xoşbəxt edir. Allah sizi qorusun! Amin!

Sonra Murad qızının hərəkətlərindən, onu necə tanımasından, qığıltılarından ağızdolusu danışdı. Oğluna elə gəlirdi ki, qızı hər saat böyüyür və atasını hamıdan çox sevir. Murad danışdıqca elə xoşbəxt görünürdü ki, Nailə ondan gözlərini çəkə bilmir, onun yerinə sevinirdi. O da ürəyindən keçənləri, həyatında baş verənləri oğluna danışmaq istəyirdi, amma Muradda onu dinləməyə güc, anlamağa mərhəmət yox idi.Yadına oğlu ilə bağlı bir əhvalat düşdü. Toy şənliklərinin birində Nailənin gənc xalası oğlu onu rəqsə dəvət etmişdi. Nailə rəqs etməyə başlayanda Murad oğlanı itələmiş, “Onun əri var, anam ancaq atamla rəqs edə bilər” demişdi. O vaxt hamı onun hərəkətinə gülmüş, uşaq qısqanclığına heyrətlənmişdi. İndi həmin Murad böyüyüb yekə kişi olmuşdu, xasiyyəti də özü ilə bərabər böyümüşdü... Oğlu getdikdən sonra Nailə tamam ümidsiz halda divanda oturub qaldı. Günlər keçir, Nailə nə evdə, nə də işdə qərar tuta bilmirdi. Hərdən qızı Ayselə nəsə demək, ürəyini boşaltmaq istəyirdi, ya da bacısı Sevdanı düşünür, könlündən ona nəsə anlatmaq keçirdi. “Bəlkə də Sevda məni dinləyər, asar-kəsər, başa düşməyə də çalışar, amma nə ilə kömək edə bilər ki... Hər halda Sevdadan başlasam yaxşıdır. O mənim həm bacımdır, həm də dostum. Ona qəlbimin bütün sirlərini, keçmişdə Camalla bağlı bir çox dərdimi danışmışam. Bir də Sevda qədər məni tanıyan, mənə canı yanan kim ola bilər ki... Maqda üçün hər şeyin həlli cox asandır, Zoya xala da cəsarətli ol deyəcək. Amma bu iki adamın sözləri üstümə şığıyan qınaqları, dedi-qoduları susdurmaq üçün cox zəifdir”.

Sevdaya zəng etdi. Onunla ciddi söhbət edəcəyini söylədi. Bacısı evlərinə dəvət etsə də, Nailə “Sizdə danışa bilmərəm, yaxşısı budur, axşam bizə tək gəl, oturaq dərdləşək, amma Vaqifə və evdəkilərə demə ki, ciddi söhbət etmək üçün gəlirsən. De ki, Nailə bir az xəstələnib, baş çəkməyə gedirəm” dedi. Sevda nigaran qalsa da, mütləq gələcəyini bildirməklə kifayətləndi. Axşam iki bacı üzbəüz oturub söhbətə başladılar. Nailə bütün cəsarətini toplayıb dedi:

Sevda, mən həyatımı biri ilə bağlamaq istəyirəm.Sevda yerindən dik atıldı. Heyrətdən bərəlmiş gözləri ilə Nailəni süzüb dedi:

Yəni ailə qurmaq istəyirsən?Hə, düz başa düşdün, amma sən canın, sakit oturub məni dinlə, söyləyəcəklərini sona saxla.Səni eşidirəm, Nailə.O tamam fərqli biridir, maraqlı insandır, geniş dünya görünüşü olan adamdır. Bacısı evə gəlib mənimlə söhbət etdi. Onun mənə olan münasibətinin ciddi olduğunu dedi. Daha məni niyə çağırmısan? Oğlan evində toydur, qız evinin xəbəri yoxdur, hə? Bir də sən bəyi o qədər tərəflədin ki, belə başa düşürəm, bacım illəri boşuna ötürməyib, əri ölən kimi özünə təzə yar tapıb.Sevda, sənin bu tikanlı sözlərini eşitmək mənə çox ağır gəlir.Mənə də yaşı əlliyə çatmış bir qadının bu söylədikləri yüngül gəlir. Sən, deyəsən, ağlını itirmisən, Nailə. Nə danışdığının, nə düşündüyünün heç fərqindəsən? Heç ağlın kəsmir? Ağlı başında olan qadın nəinki dilinə, heç ağlına da belə sözlər gətirməz. Yaşından, başından, balalarından, nəvələrindən utanmırsan?Nailə susaraq Sevdanın ürəyini boşaltmasını gözlədi. Bacısı isə heç cür sakitləşmək bilmədi:

Sən, Nailə, kiminləsə görüşə çıxanda, demədinmi görən olar, bilən olar, dillərə düşərsən? Qızın var, gəlinin var. Sən hardan bilirsən o kişinin maraqlı, fərqli adam olduğunu? Alnında yazılmamışdı ki. Sözsüz ki, görüşüb söhbət eləmisən. Bacım olmasaydın, səni tanimasaydım, lap layıqli söz deyərdim. Anamız deyərdi ki, hörmətə qalxmaq çox çətindir, adamın illərini alır. Hörmətdən düşmək isə bir anın içində olur. Sənə hörmətdən düşmək üçün bircə kəlmən bəs eləyər. Sabah hamımızı yığ bir araya, de ki ərə gedirəm, ər istəyirəm, tək qalmaq istəmirəm. Nahaq məni tək çağırmısan.Sevda durub özünə bir stəkan su süzdü, suyu başına çəkib, otaqda var-gəl etməyə başladı:

Müəllimə adamsan. Bu yaşda ər həvəsinə düşmüsən. Ərdə olmusan da. Oğlun, qızın var. Allah səndən heç nə əsirgəməyib. Nə vacib düşüb ki, adının üstünə bir ad da goyub ərə getmək sevdasına düşəsən. Axı nəyin çatmır, Nailə? Darıxırsan, oğlunun, gəlininin yanında yaşa. Təzə doğulmuş nəvənə bax.Yox, mən dəli olacam, sən nələr danışırsan, ay qız? Qardaşın, oğlun bilsə, nə həngamə qopararlar. Həqiqətən də, sən ağlını itirmisən.Sonra iki əli ilə başını tutub stulda oturdu. Nailənin üzünə baxıb bir də başladı:

Səni kim yoldan çıxarıb? Düzünü de? Kim bunu sənin başına salıb? Ətrafda sənin yaşda, sənin vəziyyətində kim ərə gedir? Sən harda yaşayırsan? Unutmusan ki, Azərbaycandasan? Buranın öz yazılmamış qanunları var. Qızının yerini soyutmaqmı istəyirsən? Nə desin qayınanasına, qayınatasına?! Desin ki, anam ərə gedir?! Hələ gəlinini demirəm.Yad bir kişini bu qədər qohum-əqrəbanın içinə neçə salacaqsan? Bax, Nailə bu sözü mənim yanımda demisən, bir də heç kimin yanında demə. Bizi də, özünü də heç kimin yanında rüsvayi-cahan eləmə. Eşidirsən məni, ay bacı?!Nailə göz yaşları içində dedi:

Mən İsgəndəri sevirəm.Bunun üçün ərə getmək lazımdır ki?.. Ürəyində sev də. O qədər ürəyində kimisə sevib qovuşmayan insanlar var ki. Ona de ki, bu, baş tutan şey deyil. Getsin o qədər evdə qarıyıb qalmış qız var ki, evləsin də. Səndən uzaq dursun. Doğrudan da, düz deyiblər ki, sevginin gözü kordur. Bütün hörmətini, ad-sanını qurban verirsən bir-iki dəfə gördüyün adama. Bu yaşda nə sevgi, nə istək? Ay Allah, sən mənim bacımı sonrakı ayıbından qoru! Sevda, mən ilk dəfədir ki, sevməyin nə olduğunu bu adamla kəşf etdim. Mən sanki illər uzunu bu insanı gözləmişəm, sanki illərdən bəri onu tanıyıram. Onunla danışmaq, onu dinləmək adama elə zövq verir ki... Yadındadır, mən həmişə Camalla görüşdən gələndə sual verirdin ki, o necə biridir? Mən də onun dalaşqan, kobud, qısqanc olduğunu deyirdim. Bəzən elə olurdu ki, Camal məni ağlatmasa sakitləşmirdi. Onunla danışanda həmişə gərgin olurdum. Evləndik, uşaqlarımız oldu, illər ötdü, amma xasiyyəti dəyişmədi. Onunla evlənəndə gənc idim, həyatdan nə anlayırdım ki... Danışıb söhbət elədiyim oğlan da Camal idi.Vaxt keçdikcə yanlış bir adamla ailə qurduğumu anladım, amma ailə xətrinə dözdüm, övladlarımı böyütdüm, yerbəyer elədim. Ailəmi dağıtmaq, ayrılmaq ağlıma belə gəlmədi. Taleyimlə barışıb yaşadım. Sevda, sən özün şahidi olmusan mənim Camal kimi çətin bir adamla necə yaşadığıma, nələrə göz yumduğuma. Mən bu taleyi özümə arzulamadım ki... Mənim saydığım bir yana, fələyin saydığı bir yana oldu. Camal ağır yol qəzasında öldü. Heç vaxt ağlıma gəlməzdi ki, həyat yollarında belə fərqli, belə dünyagörüşlü biri ilə rastlaşacam. Əslində bir-birimizi sevmək üçün heç nə etmədik. Sadəcə bir-birimiz üçün yarandığımızı dərk etdik. Bəlkə də bütün bunları başa düşmək sənin üçün çox çətindir, amma sevginin yaşı olmur ki... O səni hansı yaşda olsa belə haqlaya bilər, yetər ki, onu tanıyasan, onun ruhunun bir parçası olduğunu biləsən. İnan ki, təkliyim bəhanə olmayıb verdiyim qərara. Əvvəlcə hisslərimlə mübarizə apardım, bunun adını nə qoyacağım haqqında günlərcə fikirləşdim. Mən gənc qız deyiləm, hisslərimin ötəri olub-olmadığına əmin olmayım. Mən bu qərarı vermək üçün hər şeyi göz önünə almış biriyəm. Sənin gözündə bəlkə də ən bədbəxt qadınam, amma öz gözlərimdə çox xoşbəxtəm, çünki nə istədiyimi, kimi istədiyimi yaxşı bilirəm. Mən içimdəki bu gözəl duyğunu necə məhv edim? Özüm öz qatilimə çevrilmək istəmirəm. Mən xoşbəxt olmaq istəyirəm. Biz insanların həyat məqsədinə çevrilib hamının gözündə xoşbəxt görünmək istəyirəm. Qadın olmaq dözüm olmaqdırsa, mən öz dözüm müddətimi başa vurmuşam, qalıb ölümü gözləmək...Bir müddət hər iki bacı susdu. Nailənin acı etirafı Sevdanı sarsıtdı. O, qəfil yerindən dik qalxıb Nailəni bərk-bərk qucaqladı.

Canım mənim, səni başa düşməyə çalışıram, amma haqq qazandıra bilmirəm. Sən bu həqiqətini heç kimə qəbul etdirə bilməzsən. Sənin bu sevgin qurban tələb edir.Mən bütün gəncliyimi sevmədiyim birinə qurban verdim. Mən valideynlərimin üzünə ağ olmamaq üçün şəxsiyyətimi qurban verdim. Mən övladlarıma bu həyatı bəxş etmək üçün, xoşbəxt böyütmək üçün sağlamlığımı qurban verdim. Ömrümün beş ilini də təkliyə qurban verdim. Hamını razı sala bildim. Hamı məni alqışladı. İndi özümü sevgimə qurban vermək istəyirəm, hamı məni qınamağa, söyməyə, təhqir etməyə hazırdır.Nailə, bu bizim ailədə, mühitdə mümkün deyil. Sənin ərdə qızın, evli oğlun var. Ya gərək hamının üstündən xətt çəkib öz bldiyini edəsən, ya da palaza bürünüb ellə sürünəsən.Sevda, sən dayanmadan ancaq başqalarının buna münasibətindən danışırsan. Bircə dəfə də olsa onunla mənim barəmdə danışa bilərsən? Ən azından soruşa bilərsən ki, o kimdir? Necə tanış olmusunuz? Hardan gəlib, hara gedir?Sevda duruxub başını aşağı saldı.

Nə bilim, ay qız, eşidən kimi əsəbiləşdim də. Əvvəla, bacım olanları mənə niyə indi danışır, ikincisi də, ay Nailə, elə bildim ağlını itirmisən, səni kimsə yoldan çıxarıb.Vallah, sən deyəndə ki ciddi söhbətim var, fikirləşdim ki, ya gəlinlə problemin var, ya da Ayselə nəsə olub, amma bu söhbət heç ağlıma da gəlməzdi. Bağışla, Allah xətrinə, özümü elə itirdim ki, hay-küy saldım. Sənə də aman vermədim ki, ağzını açasan. Ümumiyyətlə, bu yaşında belə fikirləşməyin məni dəli elədi, əgər o adam haqqında nəsə danışmaq istəyirsənsə danış, səni eşidirəm.Biz Batumidə tanış olduq. Təsadüfi bir hadisə bizi yaxınlaşdırdı. Nailə Maqda ilə dəniz sərgüzəştindən, İsgəndərin köməyə gəlməyindən, sonra otel həyətindəki qısa söhbətlərindən danışdı.

Əvvəlcə onun bu yanaşmasında ciddi bir şey görmədim, amma söhbət uzandıqca fikrimi dəyişdim. Bizi elə bil hansısa qüvvə birləşdirməyə çalışıb. Ertəsi gün Emin xəstələndiyindən dözməyib Bakıya qayıtdım. İsgəndər məndən nigaran qalıb. Ev ünvanımı da oteldəki qeydiyyatçı oğlandan götürüb. Bəlkə də mənimlə görüşmək üçün müxtəlif yollar tapa bilərdi, amma təsadüf bizi yenə də məktəbin önündə qarşılaşdırdı. Mən onunla Bakıda cəmi iki dəfə görüşmüşəm, amma elə bil yüz ildir tanıyıram. Sevda, İsgəndər mənim könlümə, ruhuma yol tapmasaydı, heç vaxt səninlə burda oturub bu haqda söhbət eləməzdim. Mən hisslərimə əminəm, onu sevirəm və bunu səndən gizlətməyimin heç bir mənası yoxdur.Sevda bacısı danışdıqca onu heyrətlə süzür, qarşısındakı qadının Nailə deyil, tamam başqa bir qadın olduğunu – sevgi dolu, bir kişi haqqında danışdıqca necə həyəcanlanan, onu tanıdığına uşaq kimi sevinən, onun həyatına gəlişini Yaradanın mükafatı kimi qəbul edən biri kimi görürdü. Qəribə də olsa, Nailə ona dəyə biləcək zərbələrin önündə xoşbəxt görünürdü. Elə bil başqa bir dünyanın adamı kimi danışırdı. O, bacısını bu illər ərzində heç vaxt belə görməmişdi. Sevda dərindən ah çəkdi. Bir tərəfdən Nailənin ürək yanğısı, sevgi etirafı, digər tərəfdən də ona olunacaq qınaqlar, dedi-qodular Sevdanı lap çıxılmaz vəziyyətə salmışdı: – Nailə, mən heç bilmirəm, sənə necə kömək edə bilərəm. Əhədlə danışım, ya Vaqifə deyim Əhədlə danışsın? – Məncə, qardaşımızla sən özün danışsan yaxşı olar. Hər halda Vaqifin ona deməyi qüruruna toxunar. Bir də ki nə bilirsən Vaqif bunu necə qarşılayacaq, hələ Əhədə nə formada söyləyəcək. – Hə, düz deyirsən, qardaşımla birbaşa özüm danışacam. Sözsüz ki, hər şeyi səndən eşitmək istəyəcək. Buna hazır ol. Hər an bura gəlib səninlə dalaşa bilər. Mən İsgəndərlə görüşdüyünü ona deməyəcəyəm, eləcə ağzını arayacam, görüm ilkin münasibəti necə olacaq. Hələ heç nə deməmişəm, amma ürəyim əsir. Dəliqanlılıqda Murad da dayısına çəkib. Nailə, bəlkə başına bu oyunu açmayasan, hə... Taleyinlə barışıb həyatını yaşayasan, oğlunla , qızınla, nəvələrinlə... İsgəndərə də ümid vermə. Onun ağlı rusetə gedib. Orda qadın neçə dəfə istəsə, kimi könlü tutsa ərə gedir. Nə yaşları veclərinədir, nə də qohum-əqrəba. Uşaqlarına da təzə ərlərini canla-başla təqdim edirlər. Orda hər kəs öz həyatını yaşayır. Bura isə başqa aləmdir. Burda adamın həyatını “nə deyərlər” kəlməsi ölçüb-biçir. Cızığından çıxanda ya abırsız olursan, ya da demək istəmirəm... Bu qanunları biz yazmamışıq, biz də pozaq. Pozmağa cəhd edənlərin aqibətini də hamımız yaxşı bilirik. Bu addımı atmazdan əvvəl yüz ölç, bir biç. Sevda son kəlmələrini qüssə dolu peşmançılıqla söyləyib getdi. Pilləkənləri düşdükcə sanki üstündə ağır yük daşıyırmış kimi güclə nəfəs alır, ayaqlarını yerdən güclə qaldırırdı. Bir tərəfdən Nailəni xoşbəxt görmək arzusu keçirdi ürəyindən, digər tərəfdənsə bacısının rüsvay olacağından qorxurdu. “Əgər mən bacısı belə hay-küy saldımsa, gör indi o birilər necə didib tökəcək yazığı, halbuki onun dediklərində dəhşətli nə var ki... Atamla anam ona Camalla evlənməyi məsləhət gördülər. Heç soruşan olmadı ki, ay bala, sevirsən, ya sevmirsən. Atam rəhmətlik dədə-baba qaydasından kənara çıxmadı. Hər ikimizi, hətta Əhədi də evləndirəndə öz sözünü dedi. Elə tez-tez deyirdi ki, qocanın gözü ilə qız seç, cavanın gözü ilə at. Bizim yerimizə özü qərar verdi. Heç birimiz də ona olan hörmətimizdən üzünə qayıda bilmədik. Bəzən valideynlər övladlarına şəxsi əmlakı kimi baxırlar, taleymizin hökmünü özləri verirlər. Taleyimiz gətirməyəndə də döz otur, yola ver, düzələr deyirlər. Balalarına şükür, onların xətrinə yaşa deyirlər. Balalardan sonra da nəvələr başlayır. Ömrümüzdən hamıya pay verə-verə yaşayırıq. Sonunda da ölüm səni haqlayır. Nailəyə ömrünün qalan hissəsini İsgəndərlə yaşamaq sevinci nəsib olub. Onu da başa düşmək gərəkdir. İsgəndər haqqında danışanda gözləri parıldayır, ürəyi açılırdı. Mən onu heç vaxt belə xoşbəxt görməmişdim. Bir qadın kimi onu anlamaq mənə o qədər də çətin deyil, digər tərəfdən də indiyə kimi qazandığı xətir-hörməti, oğul-qız məhəbbətini itirməyindən qorxuram. Hələ qudaları nə düşünə bilər... Bir də ki Nailənin qoca qayınanası, baldızı var. Nə olsun ki, Camal yoxdur, axı o hələ də onların gəlini sayılır”. Sevdanı öz-özü ilə danışdıqca soyuq tər basırdı. “Yox-yox, bu, ağlabatan iş deyil. Yaxşısı budur, Nailəni bu yoldan çəkindirmək üçün bir də söhbət edim...” Evə gələn Sevdanın qaş-qabağı açılmırdı. Fikirli gəzir, Nailənin dediklərini düşünürdü. “Əhədlə mütləq danışmaq lazımdır, qoy Nailənin ağlını başına yığsın. Bəlkə onun qışqır-bağırı Nailəni özünə gətirər, fikrindən daşındırar...” Qardaşına zəng vurub hal-əhval tutdu, sonra xahiş etdi ki, sabah mütləq onlara gəlsin. Əhəd onun səsindəki həyəcanı xeyrə yozsa da bir az təəccübləndi:

Nə olub, yenə də nə qaynatmısan? – deyə zarafat etdi. Sevda bu zarafata məhəl qoymayıb söylədi:

İşdən bir az tez gəlsən lap yaxşı olar, istəmirəm ki, Vaqif sənə dediklərimi eşitsin, yəni məsləhət olarsa, özün sonra deyərsən.Ay qız, ürəyimi partlatma, de görüm nə olub axı? Vaqif xətrinə dəyib? Mən sənə indidən deyim ki, nə olursa olsun, mən Vaqifin tərəfindəyəm.Yox-yox, Vaqiflik bir iş deyil. Sadəcə bacı-qardaş bir az dərdləşərik.Yaxşı, sabah çalışaram bir az tez gəlim. Dadlı bir yarpaq dolması bişir, yeznə ilə yeyib içək.Mənim bu qara gözlərim üstə, – Sevda bunu deyib Əhədlə sağollaşdı.Ertəsi gün Əhəd işdən tez çıxıb Sevdagilə gəldi. Bacısı onu mehribanlıqla qarşıladı, kef-əhval tutdu. Sonra çay süzüb, keçib qardaşının qənşərində əyləşdi. Əhəd dilləndi:

Canfəşanlığından belə hiss edirəm ki, nəsə mühüm bir söhbət var. Kişi ilə dalaşana da oxşamırsan. De gəlsin, İnşallah, xeyir xəbər olar.Sevda tutuldu. Verəcəyi xəbərin Əhəd üçün heç də xeyirli olmadığını bildiyindən, söhbəti nədən başlayacağını bilmədi. Qardaşı həmişəki kimi hövsələsizlik etdi:

Ay qız, istəyirsən sənə yalvarım?! Başla görüm nə danışacaqsan. İşdən də tez qaçıb gəlmişəm ki, Sevda xanımın həyati vacib söhbətini dinləyim.Sevda udqunaraq dedi:

Sağlığına, bu söhbət heç də bizim üçün əhəmiyyətsiz deyil. Əhəd, bacın qurban, Nailə məni evlərinə çağırdı, ürəyini açdı. Qurban sənə, ağlına pis şeylər gətirmə, amma Nailənin dediyinə görə, onunla evlənmək istəyən biri var. Bacısı da Nailəgilə gəlib, adamın nə qədər ciddi olduğunu söyləyib.Əhəd əvvəlcə bacısının şit zarafat etdiyini düşündü, sonra Sevdanın üzündəki ifadəni görüb çımxırdı:

Sizin başınız xarab olub?! Bu yaşda ər söhbətini kim çıxarıb?! Nailə Camalın arvadıdır. Onun qohum-əqrəbasının gəlinidir. Nailə Muradın, Ayselin anasıdır, nəvələrinin nənəsidir! Hansı nadürüst mənim bacıma, xalxın gəlininə elçi göndərmək istəyir, gör gəlib hansı zəmanəyə çıxmışıq! Nailə də səni çağırıb deyib ki, get qohum-əqrəbama çatdır, mənə xeyir-dua versinlər?! Tamam ağlını itirib o qız! Hamısının da günahı Muraddadır. O vaxt ona çox dedim ki, ananla birgə yaşa, qadın xeylağının evdə tək qalması düzgün deyil. Özü də əri ölmüş birinin tək yaşaması çətindir. Nailə özünü öldürürdü ki, yox, qoy ayrı yaşasınlar, gəncdirlər. Axırı da bu. Təklikdən ağlını itirib, elədiyi söhbətə bax! Dur gedək onlara, söhbətimizi orda davam edək. Söz-söhbət çıxmamış, Murad heç nə duymamış məsələni həll edək.Necə həll edəcəksən, Əhəd?..Nə lazımdır deyəcəyəm, ağlı gələcək başına.Mən çox dedim, eşitmədi.Sən qadın kimi demisən. Bilirəm də sizi, yəqin əvvəl-əvvəl asıb kəsmisən, sonra da Nailə sənə ürəyini boşaldıb, çünki belə olmasaydı, cəsarət edib mənə bu söhbəti açmazdın.Əhəd yerindən hirslə durdu, balkona çıxıb bir siqaret yandırdı. Əsəbdən əlləri əsirdi, geri qayıdıb Sevdaya “hazırlaş, gedirik” dedi. Bacı-qardaş yol boyu kəlmə də kəsmədilər. Hərdən Əhəd öz-özünə danışırmış kimi, əlini sükana vurub dilinin altında nəsə danışırdı. Nailə qapını açanda qardaşı salamsız-kəlamsız içəri girdi. Oonaq otağına keçib var-gəl etdi, sonra qəfil dayanıb yüksək səslə dedi:

Sevdanın dediklərini öz ağzından eşitməyə gəlmişəm. Namusunu əri ilə birgə torpağa basdırıb, qardaşına yenidən ərə gedirəm deyən mərifətsiz bir bacının söhbətini dinləməyə gəlmişəm. Hə, niyə dillənmirsən? Danış da, de görüm hansı şərəfsiz sənə bu təklifi edib?! Onun anası, bacısı, qızı yoxdur?! O səni yiyəsiz, sahibsiz görüb?! Bəs nə bilmişdin, tək damın altında qalanda belə də olmalıydı. Qadının başının üstündə atası, əri, qardaşı, oğlu, kürəkəni – biri olmalıdır da... Atanla ərin ölüb getdilər, mənimlə oğlunu da rüsvayçılıqla sən öldürərsən, bitər, sonra da ərə gedərsən, hələ o yana da keçərsən, nəvələrinə də təzə babalarını göstərərsən. Adın düşər nəslimizin tarixinə nəvələrinə təzə baba seçən nənə kimi.Nailə qardaşının bir anlıq susduğunu görüb yavaşca dedi:

Məni təhqir etməkdən hələ yorulmadın ki?..Səni təhqir etmək azdır, başqa qardaş olsa!.. Mən yaşımdan, başımdan çəkinirəm. Biz sənin doğmalarınıq, mən də, Sevda da ayıblarını ört-basdır edərik, bəs Ayselin qayınanasına, qayınatasına, kürəkəninə nə deyəcəksən, səfeh qadın?!Nailə susurdu. Əhəd yenə qızışdı:

Anası gəzən ağacı balası budaq-budaq gəzər. Elə bilirsən ki, sənin bu hərəkətindən sonra onlar qızına gün verəcəklər?! Ay hay, başına yüz dəfə qaxıb həyatını zəhərə döndərəcəklər. Elə sözbaz qayınanası bəs eləyər elə-aləmə. Niyə qızının isti ocağına soyuq su tökürsən?! Hələ mən Muradı demirəm. Murad olanları duysa, nə həngamə qopacaq, onu heç kim bilmir. Qısası, ağlını yığ başına. İndiyə kimi qazandığın hörməti ayaqlar altına atma. Özünü biabır eləmə. Mən səni müdrik, yaxşı bir adam bilirdim, halbuki sən bu yaşında ağılsız hərəkət etməyə qadirmişsən. Mən uşaq deyiləm, Nailə. Əgər bu adam sənin evinə bacısını göndəribsə, deməli, ona könlünün olduğunu bilib, səni tanıyıb, söhbət eləyib. Mən aramızdakı pərdəni götürmək istəmirəm, amma gözlərimdə az da olsa hörmətli qalmaq istəyirsənsə, o dəyyusun ya telefonunu, ya da ünvanını ver, məni dağa-daşa salma. Nailə İsgəndərin mobil telefonunu yazıb Əhədə uzatdı:

Harda yaşadığını bilmirəm. Əhəd kağızı cibinə qoyub bacısına dedi:

Səninlə söhbətim hələ bitmədi. Gedirəm, amma bir şeyi unutma, bir anaya bu dünyada övladlarının xoşbəxtliyindən vacib heç nə və heç kim ola bilməz.Evdən çıxanda qapının ağzında Sevdanın əri ilə rastlaşdılar. Vaqif Əhədin tələm-tələsik Sevda ilə birlikdə Nailəgilə getdiyini eşidib narahat olmuş, maşını birbaşa onlara sürmüşdü. Hal-əhval tutduqdan sonra Əhədi kefsiz görüb səbəbini soruşmaq istədi. Sevda “Evdə danışarıq” deyib, birlikdə aşağı endilər. Hamı getdikdən sonra Nailə yenə üzərinə gələn divarların arasında sıxılaraq tək qaldı. Bu təhqirləri, hədə-qorxuları sevdiyi və doğma bildiyi insanların ağzından eşitməsi ona o qədər ağır gəlmişdi ki... Nədənsə Nailəyə elə gəldi ki, bu adamlar nə doğru sevməyi, nə də doğru nifrət etməyi bacarırlar. Onlar sanki doğru düşünməkdən də məhrum olublar. Nailəni telefona gələn zəng diksindirdi. İsgəndərin səsi idi. Sanki Nailənin kədərli əhvalını duyub, ona dəstək olmaq istəyirdi:

Necəsən? Səni narahat etmədim ki?Yox, narahat etmədin.Səsini eşitdiyimə çox sevindim. İşlərin necədir? Yaxşısanmı? İsgəndər Naillənin səsindəki kədəri duydu və bu kədərin onunla bağlı olduğunu bildi. Nailə isə ona Əhədin təhqirlərini, Sevdanın qınaqlarını demək istəmədi. Amma dili deməsə də, İsgəndər telefonda olan sükutdan anlayırdı ki, Nailə özünü yaxşı hiss etmir. Dözə bilməyib dedi:

Səni görmək istəyirəm. Bəlkə görüşüb nəyisə yoluna qoymaq üçün bir şey fikirləşərik. Onu bil ki, nə olursa olsun, mən sənin yanındayam və sənə bunları yaşatdığım üçün çox əzab çəkirəm. Amma başqa cür nə edə bilərdim ki. Əl-ələ verib, bir evin içində yaşayıb, ətrafımıza bunu elan edə bilməzdik ki. Onda vəziyyətimiz indikindən də ağır olardı. Nailə göz yaşlarını saxlaya bilmədi. İsgəndər onun ağlamasına dözə bilməyib dedi:

Biz səninlə mütləq görüşüb danışmalıyıq. İndi isə sakitləş, gözünün yaşını sil, üzünə su vur. Səni belə görmək istəmirəm. Sabah dərsdən sonra həmişəki yerimizdə, Qız qalasının yanında səni gözləyəcəm.Mən daha səninlə görüşə bilmərəm, nahaq görüşüb sənə ümid verdim.Sən mənə ümid verməmisən, sən mənə həyat vermisən. Mən bu həyatı məhv etməsinə heç kimə imkan vermərəm. Əgər kiminləsə danışmalıyamsa, buna hazıram. Bircə sən ağlama. Nailə istədi desin ki, Əhəd sənin nömrəni götürüb, amma sonra fikrindən daşındı. İki kişinin söhbətinə qarışmaq düz olmazdı. Hər halda onlardan biri doğma qardaşı, digəri isə sevdiyi kişi idi. İsgəndər qadının yenə susduğunu görüb, təkidlə görüşmələrini istədi:

Nailə, səni mütləq görməliyəm. Bunu da heç vaxt unutma ki, gəlsən də, gəlməsən də səni gözləyəcəm. Mən həmişə sənin yanında olmaq istəyirəm. Çətin günlərində də, xoşbəxt günlərində də. Sən özünü heç nədə günahkar bilməməlisən. Heç kəsin qarşısında günahın yoxdur.Nailə telefonu söndürdü.Yenə göz yaşlarını saxlaya bilməyib, hönkür-hönkür ağladı. Ertəsi gün İsgəndər lap tezdən evdən çıxdı. Nailənin iş yerinin qarşısına gəldi. Nailə hələ gəlməmişdi, maşını həyətdə yox idi. Qadının ağlayaraq telefonu söndürməsi, ümidsiz danışması səhərə qədər İsgəndəri narahat etdiyindən, bu sabah onu uzaqdan da olsa görmək istəmişdi. Bir azdan Nailə gəldi. Maşından düşüb asta-asta məktəbin qapısına tərəf addımladı. Üzündəki kədərə baxmayaraq, onunla salamlaşan valideyn və şagirdlərdən təbəssümünü əsirgəmirdi. Sonra yanında balaca oğlan uşağı olan ahıl yaşlarında bir qadın ayaq saxladı. Hiss olunurdu ki, Nailəyə xoş sözlər söyləyir, çünki o, şagirdin üzünə baxıb gülümsəyirdi. İsgəndər onu azacıq da olsa gülümsəyən görüb dərindən nəfəs aldı. Sonra taksiyə oturub ordan uzaqlaşdı.Yol boyu Nailənin gülümsəyən üzünü xatırladı. Ürəyindən qəribə bir arzu keçdi. Nə olursa olsun Nailəsinə qovuşmaq və sevdiyi qadının üzündə daima təbəssüm görmək... İsgəndərə elə gəlirdi ki, Nailəyə təbəssüm çox yaraşır. Sevda səhər yeməyini süfrəyə düzüb çayları süzdü. Vaqif hamamdan çıxıb mətbəxə keçdi.Yerini rahatlayıb telefonu açdı. Çayından bir-iki qurtum içib dedi: – Sevda xanım, bəlkə bu gün deyəsən Əhədin hirslənməyinin səbəbini. Dünən məni evə keçməyə də qoymadınız. Əhədin də üzünə bıçaq çəksən qan çıxmazdı. Evə də gəldik, susdun, dillənmədin. Nə məsələdir? Dünən dedin ki, bu gün danışacaqsan, bəlkə ucundan-qulağından deyəsən, mən də bilim. Yoxsa sizin məndən gizlin söhbətləriniz də var? – Səndən gizlədəcək heç nəyim yoxdur, Vaqif. Axır-əvvəl yəqin ki bunu biləcəksən, çünki bacım fikrindən dönənə oxşamır. Əhəd telefonunu bir tərəfə qoyub, Sevdaya maraqla baxdı: – Belə başa düşdüm ki, Əhəd Nailənin tək yaşamasını istəmir, məcbur edir ki, Muradgilə köçsün, hə? – Yox, ay Vaqif yox, başqa məsələdir. Nailənin şəxsi həyatı haqqında danışırdıq. O biri ilə tanış olub, ailə qurmaq istəyir. Həmin adam da bacısını göndərib ki, Nailə qohum-əqrəbasına desin. Nailə də məni çağırdı, hər şeyi danışdı. Mən də əvvəlcə gözümü yumub ağzımı açdim. Onu biabır elədim, sonra da fikirləşdim ki, Əhədə deyim, bəlkə Nailənin ağlını başına yığar, özünü rüsvay etməz. Sən də gəldin söhbətin üstünə çıxdın. Vaqif eşitdiyi sozlərdən bərk tutuldu: – Nə etibarsız həyatdır, siz qadınlar hamınız beləsiniz. Ona görə də qədimdə ər öləndə arvadı da onun yanında basdırardılar. Allah Camala rəhmət eləsin! Sabah mən də başımı yerə qoysam, sən də qalıb nə olacaqsan ki... Olsa-olsa bacının yoluyla gedərsən. Dəb salarsınız qohum-əqrəbaya, elə-obaya ər öləndən sonra ərə getməyi. Sevda qulaqlarını çəkib masanın üstünə vurdu: – Allah eləməsin,Vaqif, nə danışırsan. Hamının taleyi bir olmur ki. Allah səni üstümüzdən əskik etməsin. – Başa düşə bilmirəm, bu Nailəyə nə düşüb ki, ərə getmək istəyir. Yəqin onu yolundan çıxaran olub. Kimdir ki onunla evlənmək istəyən? – Vaxtilə Rusiyada yaşayıb, indi vətənə dönüb. Evli olub, arvadı rus imiş, ayrılıblar, iki uşağı da var, amma böyükdürlər. – Elədir də, bizimkilər gedir rusetdə evlənir qalır, sonra yaş ötəndə başa düşür ki, bütün cavanlığını, sağlamlığını orda qoyub. Qocalanda gəlir ki, mənə baxmağa bir azərbaycanlı tapım evlənim. Qulaq as, bu rusetşik Nailəni harda görüb ki? – Batumidə... – Sağ ol səni baldız, ömründə bir dəfə harasa tək getdin, onda da təzədən evlənmək xəyalına düşdün. Ona görə də arvadı, qızı heç yana tək buraxmaq olmaz. Görürsən, indi qardaşı nələr çəkir? Hələ oğlu bilsə nələr edəcək. Qadında ağıl olmur ki... – Deyirsən, yəni Nailə heç kiminlə ailə qura bilməz, elə ölənəcən tək yaşamalıdır? – Tək niyə olur? Oğlu, qızı, nəvələri var. Kişiyə baxma, kişi arvadsız yaşaya bilməz. Qadına nə düşüb ki, bu yaşından sonra ərə getmək xəyalı qurur. Nailəyə de ki, özünü yığısdırsın. Qardaşını, oğlunu, qızını pis vəziyyətə salib camaata güldürməsin. El-oba bizə nə deyər, Sevda?! Vaqif başını bulaya-bulaya mətbəxdən çıxdı. Sevda onun arxasınca gedib yalvarmaq, Əhədi yola gətirmək, bir yol tapmasını xahiş etmək istədi, amma başa düşdü ki, xeyri yoxdur, əgər dərinə getsə, Vaqif aradakı pərdəni götürüb, ona nalayıq sözlər deyə bilər. Məyus halda ərinin arxasınca baxdı... İsgəndər Nailənin işdən sonra görüş yerinə gələcəyini səbirsizliklə gözləyirdi. Həmişəki kimi, görüş yerinə ertədən gəlmişdi. Ürəyində Nailəyə deyə biləcəyi hər şeyi bir də dərindən düşünürdü. Xavərin danışığından sonra belə qərara gəlmişdi ki, Nailənin qohum-əqrəbası onun bu izdivacını heç vaxt qəbul etməyəcək, yəni Nailə tərəzinin bir gözünə özü ilə İsgəndəri, o biri gözünə isə bütün doğmalarını qoymalı idi. Sözsüz ki, doğmaları olan tərəzinin bu gözü Nailəni özü ilə çəkib apara bilərdi. Bu cür düşünmək İsgəndərə çox ağır gəlirdi. “Doğrudanmı, Nailə ilə qovuşmaq mümkün deyil?” sualı onu içdən didib parçalayırdı. “Yox, nə mən, nə də o ümidsizliyə qapılmamalıyıq. Bu vəziyyətdə ikimiz də bir-birimizə söykənib bir tərəfə baxmalıyıq, bir-birimizə arxalanmalıyıq. Axı biz nə ayıb iş tutmuşuq ki... İkimizin də xoşbəxt olmağa haqqımız var. Bizim evlənməyimiz kimin həyatına son qoyur ki... Mən gərək özüm Nailənin yaxınları ilə danışaydım. Nailəni meydana tək buraxmayaydım. Dünən onun göz yaşlarına tab gətirə bilmirdim. Sözsüz ki, ya bacısına, ya da qızına nəsə danışıb, onlar da zavallı qadını ən ağır sözlərlə qınayıblar. Əgər Nailə görüşə gəlsə, düşündüklərimin hamısını ona deyəcəm. Qoy bütün təhqir və danlaqları mənim üzümə söyləsinlər. Ona söz deməsinlər, lazım gəlsə, hamısı ilə bir-bir görüşüb danışacam, yetər ki, onun üstünə gedib onsuz da kövrək olan ürəyini bir daha qırmasınlar...” Bu düşüncədəykən mobil telefonuna tanış olmayan nömrədən zəng gəldi. İsgəndər fikirlərindən ayrılıb telefonu açdı. Salamsız-kəlamsız danışan adamın sərt səsi onu diksindirdi: – Mən Nailənin qardaşıyam. Sizinlə görüşüb söhbət eləməliyəm. Elə bu gün Sahil parkındakı çayxanalardan birinə gəlin! İsgəndər aldığı qəfil əmrdən özünü itirdi. Sonra təmkinli səslə dedi: – Hə, əlbəttə, mən də sizinlə tanış olmağa, söhbət etməyə çox şad olaram. Əhəd hansı çayxanada nə vaxt onu gözləyəcəyini deyib telefonu söndürdü. Deyilən vaxta az qalırdı. İsgəndər tələsik Nailəyə zəng edib, vacib bir işi çıxdığını, sonra ona hər şeyi anladacağını söylədi. Nailə hiss etdi ki, İsgəndər Əhədlə görüşəcək, amma ona heç bir söz demədi. İsgəndər də Nailənin narahat olacağını bilib, ona heç nə demək istəmədi. Həyəcandan ürəyi titrəyən Nailə özünə yer tapa bilmirdi. Əvvəlcə Sevdagilə getmək istədi. Sonra fikirləşdi ki, Sevda olanları yəqin ərinə danışıb. O, Vaqiflə rastlaşarsa, yeznəsinin nə deyəcəyini, sərt, qınaq dolu baxışlarından necə qaçacağını düşündü. “Ən yaxşısı, evə gedib Zoya xalanın yanında oturum, ona sığınım”, – öz-özünə dedi. “Bircə o zavallı qarı məni başa düşər, amansız sözlərlə təhqir edib qınamaz, yaşımı başıma vurub alçaltmaz...” Elə də etdi. İşdən çıxıb evə yollandı, həmişəki kimi, yemək, meyvə götürüb, aşağı Zoya xalagilə endi. Gətirdiklərini masanın üstünə düzüb, divanda əyləşən Zoya xalanı bərk-bərk qucaqladı. Zoya xala da onu bağrına basıb dedi: – Sən məndən hələ çoxmu gizlədəcəksən ürəyindəkiləri? Bəlkə elə bu gün danışasan səni didib parçalayan bu qüssəni, qızım. Nailə doluxsundu, gözlərindən süzülüb gələn yaş damcılarını silib, Zoya xalanın əllərini ovuclarına aldı. – Mən ağlımı itirmişəm, Zoya xala, bu yaşımda bir kişini sevmişəm. Onunla taleyimi bağlamaq istəyirəm. – Sevgi yaşa baxmaz ki, canım mənim, görünür, sənin də sevmək vaxtın indi imiş. Nailə onun əllərini tumarlayıb gülümsədi: – Vaxtsız gəlib bu sevgi ürəyimə, çox gecikib. Bu gecikmiş məhəbbəti nə qucaq açıb qarşılaya bilirəm, nə də xoşluqla yola sala. Nə göydə yer tapıram ona, nə də yerdə. Onunla özüm oluram, onsuz heç kim. Mən özümlə bacara bilmirəm. Zoya xala, elə bilirdim ki, güclü və səbirli qadınam, amma bunu çəkməyə nə gücüm, nə də səbrim çatır. – Sən, hər şeydən əvvəl, cəsarətli olmalısan, qızım. – Cəsarətim təhqirlərə, qınaqlara tab gətirə bilmir. Heç kəs məni görmür, hamı məndə görmək istədiyi Nailəni axtarır. Mən heç bilmirəm ki, onlar məni sevdiklərindənmi qınayırlar, yoxsa nifrətlərindəmi qoruyurlar. Hamısı eyni sözü təkrarlayır, taleyinlə barış otur. Mən barışmaq istəmirəm, Zoya xala. Hamı bir ağızdan deyir ki, hörmətdən düşəcəksən, halbuki təhqir və qınaqları ilə məni özləri hörmət dedikləri ucalıqdan endirirlər. – Möhkəm ol, qızım. Heç kəsin haqqı yoxdur səni qınamağa. Tanrı özü buyurub ki, kimsə kimsəni qınamasın. Hər kəsə öz həddini bildir, Nailə. Bu sənin həyatındır. Bundan belə özün istədiyin kimi yaşamalısan. – Gecdir, yaşamaq üçün də gecikdim, seçmək üçün də. Mənim içimdəki qadın çoxdan daş heykələ dönüb. Əslində mənim ətrafımdakılar heykələ hörmət edən adamlara bənzəyirlər. Elə ki bu daş heykələ sevgi ruhu qonub dillənməyə başladı, hər tərəfdən daşlamağa qalxdılar. – Rəbbim İsa səni qorusun, ay bala. Tanrı qorusun səni, ay bala. Qoy kimin günahı yoxdursa, daşı da birinci o atsın. Öz ürəyinin səsinə qulaq as. Eşit mən qarını, ay qızım. Bu dünyanı görə-görə gəlmişəm. Həyat mənə hər üzünü göstərib. Mən hamının etibarını dişimə vurmuşam, sonumu da görürsən. Bu həyat sənə də, mənə də bir daha verilməyəcək, qızım. Əgər o adam sənin ürəyinə yol tapıbsa, nədən ömrünü onunla paylaşmağa izn verməyəsən. İnsan yaşa dolduqca ehtirasları tükənir, o gənclikdir qaynadır səni. Elə bilirsən ki, heç vaxt qocalmayacaqsan. İnsanın çox şeyləri tükənəndə yanında kimsəni tapa bilmir. Hamıya da qismət olmur həyat yoldaşı ilə birgə qocalığı yaşamaq. Kimi ömrünün sonuna qədər gəlir, sonra da ərinin çiynində məzara goyulur. Kimi də vaxtsız ərini itirib kimlərəsə möhtac olur. Nailə, bu dünyada ən gözəl və dəyərli bir şey varsa, o da sevgidir. Həyatın mənası da elə bu sevgini duymaq, yaşatmaqdır. Elə bir sevgi ki, içində şəvqəti, mərhəməti olsun. Gənclik şəhvət dolu sevgi ilə insanın ağlını əlindən alır. Yaşa dolduqca isə qayğıya, hörmətə, sevgiyə daha cox ehtiyac duyursan. Bilirsən məni yaşadan nədir? Sənin hər gün gəlib mənə baş çəkməyin, kefimi soruşmağın, üzümə gülümsəməyin, qeydimə qalmağın. Sən elə bilirsən ki, insan bədəni yeməklə, içməklə xoşbəxt olub yaşayır? Bəs ruhumuzu kim qidalandıracaq? Bilirsən niyə ətrafda hər şeyi olub, amma heç xoşbəxt olmayan insanlar var? Çünki ancaq vücudları üçün yaşayırlar. Bədən həzzi isə o qədər ötəri bir şeydir ki, gəlib keçir, bir anlıq ya sevinc verir, ya da quru peşmançılıq. Bu yaşda sənin ancaq ruhun sevə bilər, Nailə. Ruhu sevənsə dünyanın ən bəxtəvər adamıdır. Səni qınayanlar özlərini aldadanlardır. Bu bəxtəvərliyi yaşayıb arxasınca getmək istəyirsənsə, sənə heç kim və heç nə mane ola bilməz. Sənin ruhun sevməyi bacarır. Sən doğmalarını da belə sevirsən. Kim sənin əlindən oğluna, qızına, əzizlərinə olan sevgini ala bilər? Əlbəttə ki, heç kim. Sən onlara olan sevgini də qoru, amma ən əvvəl özünü sev. İnsan özünə olan sevgidən dolayı başqalarını da sevməyi bacarır. Özünü incitmə, özünü sənə deyilən pis sözlərlə yorma, yaralama sevən qəlbimi. Nailə, həyatda o qədər bir damın altında illər boyu yaşayıb, lakin bir dəfə də olsa bir-birinin iç dünyasına varmayan bədbəxt ər-arvad var ki... Ailə xətrinə hamının gözündən pərdə asmaqdan qolları yorulan , dizləri bükülən, qəlbi çürüyən insanlar görmüşəm. Onu xoşbəxt edən adamı həyatından uzaqlaşdırıb, ona xoşbəxtliyi oynamağı öyrədən adamı tutan kəslər də var, hətta saxta xoşbəxtliyini adamların gözünə soxmağa çalışan bədbəxtlər də. Onların çəkdiyi əzablar sənin çəkdiyin iztirablarla müqayisədə o qədər ağırdır ki... Onlar ürəkdən nə gülə bilirlər, nə də ağlaya. Səbəbini də bəxtinə, taleyinə, qismətinə bağlayıb öz-özünü aldadır, təsəlli verirlər. – Mən ərə gedəndə anamla nənəm nəsihət verib dedilər ki, arvad olmaq istəyirsənsə, dilini lal, gözünü kor, qulağını da kar edəcəksən. Mən illər uzunu Camalla ailə həyatımda bu nizamnamədən kənara çıxmadım. Nənəm deyirdi ki, qızı ailə eləyən onun anası olur. Qız şikayətləndikcə ağzının üstündən vurub gərək ailəsinə bağlayasan. Sonunda mən hamını razı salıb yaxşı ana, yaxşı arvad olmağa çalışdım. İndi də məni bu qınaqlarla yaxşı adam eləmək istəyirlər. Hamının gözündə yaxşı olmaq üçün öz gözlərimdə ən pis adama çevrilməkdən başqa çarəm qalmayıb. – Sən pis adam ola bilməzsən, qızım. Pis adam xəlvətdə işini tutan, yalançı, xain, qorxaq və aciz biridir. Sənsə öz hisslərini gizlətmədən doğru yolu tutmusan. Sən özünü aldada bilmirsən, çünki qəlbindəki ilahi sevgi buna yol vermir. Bəlkə də bu mənim sənə deyiləcək son nəsihətim olacaq. Səni nə xoşbəxt edirsə, onun arxasınca getməkdən, onun uğrunda mübarizə aparmaqdan usanma. Sonra Zoya xala var-gücü ilə Nailənin əlini sıxıb dedi: – Sevdiyin insanın əlini buraxma, Nailə. Nailə göz yaşlarını silib Zoya xalanın çoxdan nuru sönmüş gözlərinin içinə baxdı. Bu gözlərdə Zoya xalanın deyə bilmədiyi daha nələr vardı. Nailə onu sanki sonuncu dəfə görürmüş kimi diqqətlə baxdı. Deyə bilmədiklərini də gözlərindən oxumaq istədi... İsgəndər deyilən vaxtda Sahil bağındakı Əhədin söylədiyi çayxanaya gəldi. Oturanlara nəzər yetirib, Nailənin qardaşının kim olduğunu tapmaq istədi. Hissiyyatı onu aldatmadı. Çayxananın sol tərəfində, masanın kənarında tək oturub, heç nə sifarış verməyib kimisə gözləyən adama yaxınlaşdı. Əhəd yerindən durmadan ona əyləşməyi təklif etdi. Zənni onu aldatmamışdı. İsgəndər onunla üzbəüz oturub nə deyəcəyini gözlədi. Əhəd onu çox gözlətmədən söhbətə başladı. – Rusiyadan gəlmisən. Özünlə də ailə-məişət qayda-qanunlarını yığıb gətirmisən. Özünlə gətirdiklərinin yaxşısından-pisindən danışmaq mənə düşməz, amma görünən budur ki, yanlış ünvana gəlmisən və buna görə də səninlə oturub söhbət eləmək məcburiyyətindəyəm. İndi mənə diqqətlə qulaq as. Əgər unutmusansa, mən sənə bəzi şeyləri xatırladım. Bizlərdə qadının əri öləndə o qadın həmin ailənin üzvü olaraq qalır, yəni əri ilə bərabər ərinin qohum-əqrəbası, qayınatası, qayınanası, oğlu, qızı dünyasını dəyişmir ki?.. Onun tək yaşaması hələ tək olması anlamına gəlmir. Bu yaşa qədər hörmət-izzət içində yaşayan birini indi sən birdən-birə ortalıqda peyda olub biabır eləmək istəyirsən?! Vicdanın necə yol verir ki, övladları ilə onu qarşı-qarşıya qoyursan?! Onun evli qızı, oğlu, nəvələri var. Gəlmisən vətəninə, xoş gəlmisən. Yenidən evlənmək istəyirsənsə, Allah xeyir versin, amma kiminsə anası, gəlini ilə sənin nə işin var? Görünür, ağlını kimlərəsə vermisən, bizlərdə belə şeyləri başqa cür qarşılayırlar. Yaşımıza, başımıza yaraşmaz ki, duraq burda əlbəyaxa olaq. Hiss olunur ki, dünyagörmüş adamsan. Qadını hörmətli tutan onun əri, qohum-qardaşıdır. Nailənin əri rəhmətə getsə də, biz onu hörmətli tuturuq. Belə bir qadını hörmətdən salmaq ən azından günahdır. Bu yaşında belə bir günahın altına girmək sənə yaraşarmı? İsgəndər onu səbirlə dinləyir, qarşısındakı adamın fikirlərinə də, Nailəyə olan qayğısına da hörmətlə yanaşırdı, lakin taleyinin həll olunduğu bu məqamda ürəyindən keçən bir çox şeyləri dilə gətirməyi özünə borc bildi: – Sən heç Nailənin özündən onun bu barədə nə düşündüyünü sorumusanmı? – Nə soruşacam?! Ağlı başında olan qadın ailə dəyərlərinə, illər ərzində qazandığı hörmətə ziyan vurarmı? Ona nə düşüb ki, bu addımı atır? Dul qadın o vaxt ərə gedər ki, baxanı yoxdur, kimsəsizdir. Şükür, bacımın bunlarla bağlı heç bir problemi yoxdur. Tək qalmağını da özü istəyib. Oğlu ilə birgə yaşamaq istəmədi, amma əvvəl-axır onlarla yaşamağa məcbur olacaq. O qədər onun kimi ərini itirmiş qadınlar var ki. Hamısı taleyi ilə barışıb oturublar. Uşaqlarını böyüdüb, nəvələrinə baxırlar. İndən belə ona nə lazımdır ki? Balalarının, nəvələrinin xoş gününə baxıb sevinsin. – Bəlkə, o ömrünün sonuna qədər tək yaşamaq istəmir. Nə olsun ki, hər şeyi var. Elə bilirsiniz ki, hər şeyi olan insanlar xoşbəxtdirlər? – Başqaları haqqında heç nə deyə bilmərəm, amma bir ananın xoşbəxtliyi onun balalarının xoşbəxtliyidir. Əgər bir ana övladlarına baxıb ürəyi açılırsa, ətrafında onu sevən doğmaları varsa, adama daha nə lazımdır? – Bəs onun şəxsi hissləri, bir qadın kimi onun sevmək, sevilmək haqqı sizi heçmi düşündürmür? – Burda saxla, mənimlə belə danışmağa və bacımın şəxsi hisslərini araşdırmağa sənə heç kim ixtiyar verməyib. Mənim bacım kifayət qədər əri tərəfindən sevilib də, sevib də. O ki qaldı sənin dediyin hisslərə , o yaşda qadına bu hisslər elə peşmançılıq gətirər ki, bütün həyatını məhv etmiş olar. Nəinki öz həyatına, hətta yaxınlarına da, doğmalarına da ziyan vurmuş olar. – Amma tam əksi də ola bilər. Kimsəyə ziyan vermədən xoşbəxt bir həyatı ola bilər Nailənin. – Niyə sizə elə gəlir ki, bacım xoşbəxt deyil. İnsan xoşbəxt olanda onun qədrini bilmir ki. Ancaq itirdikdən sonra başına vura-vura qalır ki, qədrini bilmədim. Sizin sözlərinizdən belə çıxır ki, Nailənin indiyə kimi yaşadıqları heç nədir. Sizinlə evlənən kimi xoşbəxt olacaq. Onun həyatında nəyi dəyişə bilərsən? Hamının dilini, gözünü bağlayacaqsan ki, tənələri, qınaqları eşitməsin?! Sən bizim həyata baxışlarımızı, yazılmamış qanunlarımızı dəyişə bilməzsən. Bir sözlə, sənin bu məsələdə itirəcək heç nəyin yoxdur. Sən büdrəsən, ayağa qalxıb getməyə özündə güc taparsan. O yıxılsa dura bilməz. Allah ona görə qadını kişiyə əmanət edib ki, həmişə onun qolundan tutsun. Nailə büdrəsə, hamımızı yıxacaq. Buna da nə mən qardaşı, nə də oğlu razı olacaq. Qısası, bacımdan uzaq dur. – Durmasan neyləyəcəksiniz, öldürəcəksiniz məni? Əlinizdən nə gəlirsə edə bilərsiniz, amma bacınıza olan hörmətimi, sevgimi əlimdən ala bilməzsiniz. Siz heç mən yaşda bir adamın nə danışdığının fərqinə varırsınız? Siz elə bilirsiniz ki, qarşınızda aciz, qorxaq birini görürsünüz. Elə bilirsiniz ki, mənə onunla evlənməyi kimsə məsləhət görüb, mən də özümüzünküdür deyib evlənirəm.Yoxsa fikirləşirsiniz ki, tək qaldığıma görə, onu da tək gördüyümə görə həyatımı onunla bərabər yaşamaq istəyirəm. Bu yaşdan sonra şəxsi həyatında kimisə görmək üçün elə bir dəyərli insanla rastlaşmalısan ki, ona görə hər şeyi göz önünə alasan, hətta indi burda onun qardaşı ilə üzbəüz oturub, hansı hissləri keçirdiyini ondan gizlətməyəsən. Bilirəm ki, bunları eşitmək sizin üçün ağır və dözülməz ola bilər, amma bacınızla söhbət eləməyi özünüzə sığışdırmadınız. Mənisə eşitməyi bacarmırsınız. Hər halda aramızda o qədər də yaş fərqi yoxdur. Mən sizdən Nailəyə qarşı keçirdiyim hisslərin heç birini gizlətmək istəmirəm. Ömrümün elə çağındayam ki, nə istədiyimi və bu istəyin mənə nə qədər gərəkli olduğunu, bütün həyatımı dəyişdirib xoşbəxt edəcəyini bilirəm. Hər kəs öz düşüncələri ilə həyatını doldurur. Bu düşüncələrdən kimsə onları qopara bilməz. Nailə mənim həyatımda baş verə biləcək ən gözəl hadisədir. Bəlkə də mən özümdən xəbərsiz ömrüm boyu belə gözəlliklə qarşılaşacağımı düşünmüşəm. Biz günahkar deyilik ki, sevgi bizi bu yaşımızda haqlayıb. Bu elə bir hissdir ki, nə özümüzdən asılıdır, nə də yaşımızdan. Mənim yaşımda bunu ötəri hiss kimi, əyləncə kimi düşünmək gülməli olar. Bunun əsl adı arzuladığım qadınla qarşılaşmışam deməkdir. Ona qovuşmaq üçün mənə mane olan hər şeyi nə görmək, nə də eşitmək istəyirəm. Mənim ailəm dağılıb, ona görə yox ki, mən özüm onu dağıdıb gəlmişəm. Bir qadın həyat yoldaşını məqsədlərinə çatdıranda onunla birgə addımlaya bilir. Ər də onun arzuları üçün yaşayıb yaradır. Keçmiş həyat yoldaşımdan mənimlə eyni tərəfə baxmadığı üçün, məqsəd və ümidlərimi puça çıxardığı üçün ayrıldım. O mənə seçim qoymadı. Bəlkə də nə vaxtsa bu haqda eşidəcəksiniz. Bəzən insan özünü elə dərdə salır ki, ona heç kim kömək edə bilmir, çünki bu dərd ona iztirab verdikcə həyatının mənasına çevrilir və o, həyatını bunsuz təsəvvür edə bilmir. Mən ağır bir ailə faciəsi yaşadığım vaxtda Nailə çıxdı qarşıma və varlığı ilə mənə onun kimi ləyaqətli, dəyərli qadınların da olduğunu göstərdi. Adətən, kişilər qadınların gözlərindəki təbəssümü sevər, cəlb olunarlar, məni isə, əksinə, onun gözlərindəki kədər cəlb etdi. Belə gözəl bir qadının nədən kədərli göründüyünü bilmək arzusu keçdi ürəyimdən. Bəlkə də onun gözlərində mənə tanış olan kədəri, təklik hissini, ya da arzuları ürəyinin bir küncündə qapanmış birini sezdim. Bu bəlkələrlə çox çarpışdım və sonunda özümə və sizə deməyə cürət tapıb bunları söyləyirəm. Ona olan hisslərimi sizdən gizlətmək istəmirəm. Kişi kişini, qadın da qadını daha tez anlayar. Mən Nailəni ruhumla sevdim. Bu sevgi mənim həyata baxışlarımı, qadınlar haqqında düşüncələrimi büsbütün dəyişdirdi. Bu qadına olan hörmətim və onun gözümdəki dəyəri məni bir daha həyata, yaşamağa qaytardı. Bu sevgi mənə güc və cəsarət verdi. Mən heç kimin ailəsini dağıdıb, şərəfsiz iş görməyə qalxmamışam. Bu sevgi ruhuma elə hakim kəsilib ki, ondan vaz keçmək üçün düşündüyünüz qədər ağılsız və vicdansız deyiləm. İsgəndər sözlərini bitirib, Əhədin gözlərinin içinə baxdı. Əhəd də indi ona diqqətlə nəzər yetirməyə başladı və bu adamın nə qədər səmimi və cəsarətli olduğunu gördü. İsgəndər masadan qalxıb dedi:

– Məni dinlədiyinizə görə sağ olun.

Sonra iti addımlarla oranı tərk etdi. Əhəd başını əllərinin arasına alıb, onun arxasınca xeyli baxdı, yerindən güclə qalxıb Nailəgilə üz tutdu. Bu dəfə daha ağır və təmkinli görünürdü. Nailə ilə bu mövzuda danışmaq ona çox ağır gəlirdi. O, qardaş qüruruna sığmayan tərzdə dedi: – Onunla görüşüb söhbət elədim və elə bilirəm ki, qanacağı varsa səndən uzaqlaşar. Nailə başını aşağı salıb Əhədi dinləyirdi, qardaşı sözünə davam etdi: – Bax, Nailə, mənə çətindir səninlə bu mövzuda danışıb söhbət etmək, amma aramızdakı pərdəni götürməyi sən istədin. Mən də məcburam indi eşidəcəyin şeyləri sənə deməyə. Onun söhbətindən səni necə sevdiyini anladım. Əvvəlcə elə bildim ki, sizi təklik bir araya gətirib, çünki bu yaşda bir kişiyə tək qalmaq əl vermir. O da səni ən yaxşı namizəd kimi seçib, taleyini bağlamaq istəyib, amma bu gün ondan eşitdiklərim məni səninlə bir daha danışmağa vadar edir. Sənin onu sevib-sevmədiyini soruşmaq arıma gəlir, amma nə dediyindən asılı olmayaraq, bunu bilməyin çox vacibdir. Bəlkə də deməyim artıqdır, özün müəllimə adamsan, hər şeyi yaxşı bilirsən. Hisslər adamı həmişə düz yola aparıb çıxarmır. Elə hisslər var ki, insan onu qəlbinin gizli guşəsində qoruyub saxlasa yaxşıdır. O qədər ürəyində sevgisi ilə yaşayıb ölən adamlar olur ki... Hamı bir-birinə qovuşmaz ki. Sənin vəziyyətində durub aləmə faş eləmək ki, onu sevdiyim üçün ərə getmək istəyirəm, bu çox böyük biabırçılıq olar. Belə hisslər adamın ağlını başından alanda kənardan biri çıxıb həmin adama doğru yolu göstərməlidir. Bir qardaş kimi, mənim də boynumun borcudur sənə bu sözləri demək, sənin adını və hörmətini qorumaq. İnan ki, sənin xoşbəxt olmağını mən hamıdan çox istəyirəm və səni bu həyatda nə xoşbəxt edəcəyini də səndən yaxşı bilirəm. Sən bu həyatda tək yaşasaydın, nə vardı ki... Ürəyin nə istəyir, necə istəyir, o cür də yaşayardın, amma burda bizimlə yaşadığına görə əməllərinin, hərəkətlərinin bizə birbaşa dəxli var. Məni, Muradı, qaynın Arifi camaatın ağzına salacaqsan. Ən çox da qorxduğum Ayselin qayınanası, qayınatasının qıza rişxənd edib həyatını zəhərə döndərməsidir. Qız da ya gərək səni silə həyatından, ya da yığışıb gələ, otura yanında, özünə təzə ər axtara. Bəzən bir səhv o birilərinə yol açır. Çıxdığın bu yolda ya gərək gedəsən, ya da öləsən. Bu haqda fikirləşmək özü belə dəhşətlidir. Necə olur ki, bunları yaşamağı bizə rəva bilirsən. Özbaşınalıq etmək istəsən, gərək bu şəhərdən səni tanımadıqları bir yerə köçəsən. Üz döndərəsən hər birimizdən, illər boyu səninlə bir addımlayan doğma və əziz adamlarından. Görüm onda necə xoşbəxt olacaqsan, vicdanın səni necə rahat buraxacaq, qızını, oğlunu, nəvələrini görmədikcə. Bu qədər adamın sevgisini, hörmətini xətrini tanımadığın birinəmi qurban verirsən? Bu qurbanı ona layiq bildiyin halda, bizə də rüsvayçılığı, ona-buna barmaqla göstərilməyi, onun-bunun yanında dilimizin qısa olmağını, elə-obaya çıxmamağımızı rəva bilirsən? Hələ Murad bilsə, nələr edəcəyi bəlli deyil. Allah göstərməsin, əlindən xəta çıxar. Hamımız sümüyümüzə qədər yanarıq. Ona da dedim, sənə də deyirəm. Kişi yıxılanda durub heç nə olmamış kimi yoluna davam edir. Qadın yıxılanda isə durmağı çox çəkər, dursa da, əvvəlki kimi yeriyə bilməz. Səni yıxılmaqdan qoruyanları, qolundan tutub qaldıranları baltalama, Nailə. Bura kimi ağılla-başla gəlmisən, bundan belə xətir-hörmətini saxlayaraq yaşa. Əhəd bir az ara verib, yenidən sözünə davam etdi: – Elə bilirəm ki, biz səninlə bir daha bu söhbətə qayıtmayacağıq. Hə, bir də düşünmə ki, o səni xoşbəxt edəcək, bacarsaydı, elə arvadını xoşbəxt edərdi. Əhəd getdikdən bir qədər sonra Ayselgil gəldilər. Onların qəfil gəlişi Nailəni bir az təşvişə saldı. Kədərini nə qədər gizlətməyə çalışsa da, bu, Ayselin gözündən yayınmadı. Onun boynunu qucaqlayıb dedi: – Ana, sənə nəsə olub? Yenə atamı düşünürsən? Səni belə görmək mənə ağır gəlir. Bəlkə başqa bir dərdin var, deməyə çəkinirsən? Nailə qızının suallarını cavabsız qoyaraq hönkür-hönkür ağlamağa başladı. Aysel özünü itirib ona necə təsəlli verəcəyini bilmədi, anasına qoşulub o da ağlamağa başladı. Balaca Emin otağa gəlib gördüyü mənzərədən heç nə başa düşmədi, qaçaraq atasına nəsə dedi. Aysel də onun arxasınca gedib, heç nə olmamış kimi, ərinin üzünə baxdı. Amma gec idi. Emin atasına nənəsinin və anasının ağladığını söyləmişdi. Həmin axşam Aysellə əri Fuad Nailədən nigaran halda evə qayıtdılar. Aysel heç rahatlıq tapa bilmirdi. Sonra xalasına zəng edib, onunla görüşmək istədiyini bildirdi. Anasının dünən ağladığını və səbəbini də söyləmədiyini dedi. Sevda bacısı qızını sakitləşdirməyə başladı: – Bu, telefon söhbəti deyil, yaxşısı budur, bir bəhanə tap, uşağı da götür gəl bizə. Aysel daha dözə bilmədi, Emini geyindirib Fuada zəng etdi. Xalasıgilə gedəcəyini dedi. Sevda sevimli bacısı qızını dilxoşluqla qarşıladı. Ordan-burdan danışıb mətləbə keçməyə məqam axtardı. Aysel gələnəcən ona nəyi necə deyəcəyini ürəyində götür-qoy etdiyinə baxmayaraq, qızın keçirdiyi həyəcan onu daha da gərginləşdirirdi. Aysel xalasının nə vaxt anasından danışacağını səbirsizliklə gözləyirdi. Sevda isə Ayselə hər şeyi olduğu kimi danışmaqla düzgün hərəkət edib-etməyəcəyini fikirləşirdi. Ürəyində “Bəlkə Aysel heç bilməsə yaxşıdır, bir az da səbr edək, Nailə fikrindən daşınar, hər şey əvvəliki kimi öz axarına düşər” deyirdi. Qızı qayğılandırmaq istəmirdi, onsuz da cavan anadır, təzə-təzə ailə həyatına alışır, şükür, əri ilə mehriban dolanır. İndi ona anası ilə baş verən şeyləri danışsa, nəticəsi neçə olar? Aysel anası haqqında nə düşünər?..” Amma sonra Ayselin olanları başqasından eşidəcəyindən qorxub, elə özüm desəm yaxşıdır qənaətinə gəldi: – Aysel, qızım, düzü, sənə bu sözləri deməklə nə qədər səhv və ya düz elədiyimi zaman göstərəcək. Amma ox artıq yayından çıxıb. Bilirəm ki, ananın ağlamasının səbəbini məndən eşitməkdə qərarlısan, çünki Nailə ilə nə baş versə, hamıdan qabaq mənim bildiyimi güman eləyirsiniz. Mən də əvvəlcə elə bildim ki, illər keçsə də, Camalın qəfil faciləli ölümü ilə barışmayıb ağlayır. Həyat yoldaşının nisgilini çəkir, hər halda ən ağır zərbə ona dəyib. Bir neçə gün bundan əvvəl məni evinizə çağırdı, kövrəlib ağladı. – Xala, bizdən əvvəl dayımla söhbət eləmişdi. Fikirləşdim ki, bəlkə dayım onun xətrinə dəyib, çünki o, anamın tək yaşamağının əleyhinə idi, dayanmadan “Muradla yaşasan yaxşıdır” deyirdi. Nə qədər yalvardım ki, niyə ağladığını desin, nə mənə, nə də Fuada bir söz söyləmədi. – Söyləyə bilməz, qızım. Bu elə sözdür ki, şair demişkən “Desəm öldürərlər, deməsəm ölləm...” – Yəni deyirsən ki, hər şey bu qədər ciddidir?! Bəlkə, o, pis xəstəliyə düçar olub və bizdən gizlədir?! Ürəyimi partlatma, de görüm axı nə olub?! – Pisdir, yaxşıdır bilmirəm, ürəyinin də bundan partlayıb-partlamayacağını deyə bilmərəm, amma söhbəti uzatmağımın da yeri yoxdur. Qısası, anan ərə getmək istəyir. Aysel cərəyan vurmuş adam kimi yerindən dik qalxdı: – Zarafat edirsən, xala? – Yox, xalan qurban, səninlə zarafat etməyə nə halım var, nə də həvəsim. Eşitmək istədiyini sənə dedim. Mən də, dayın da ona bunun mümkünsüzlüyünü anlatmağa çalışdıq, o isə dediyindən dönməyib həmin adamı sevdiyini, bundan sonrakı həyatını onunla bağlamaq istədiyini deyir. Aysel ağır eşidirmiş kimi lap yaxına gəldi, pıçıltı ilə soruşdu: – Həmin adam kimdir ki? – Mən də tanımıram, görməmişəm. Özünüz öz əlinizlə ananızı Batumiyə tək yola saldınız. O da yanınıza, göründüyü kimi, sürprizlə qayıdıb. – Xala, sən nə danışırsan, az qala bir il olacaq ki, anam Batumidən gəlib. Getməyi ilə gəlməyi heç beş gün çəkmədi. Demək istəyirsən ki, bu söhbət neçə vaxtdır var, sadəcə mənim xəbərim yoxdur. Bu necə ola bilər? – Sevgi gələndə günə, saata baxmır ki... Görüblər, bir-birindən xoşları gəlib, necə deyərlər, “bir-birinə quşları qonub”, ya da sizin dillə desək, elektrik alıblar. Nə isə, uzun söhbətdir. Lazım bilsə, özü sənə hər şeyi danışar. Sonra həmin bu qəhrəman qayıdıb Rusiyaya arvadını boşayıb gəlib ki, daha subay-soltanam, gəl evlənək. Onun balaları rusdandır, çox elə veclərinədir ki, atamız kiminlə evlənir. Məni sizin dərdiniz götürüb. İmkanlı iş adamıdır, oğluna, qızına, arvadına hər şeyini qoyub gəlib, burda da özünə ev alıb. Ananı da görən kimi deyib ki, istədiyim yar idi, yetirdi pərvərdigar. Elə bilib ki, Nailənin də qohum-əqrəbası onu təmtəraqla qarşılayıb deyəcəklər, nə yaxşı gəldin, səni gözləməkdən gözümüzün kökü saralmışdı, səni bizə göydən Allah göndərib, ala bu Nailəmizi evlən. Daha fikirləşmir ki, hara düşüb. Nailənin onunla evlənməyi hamının üstündən xətt çəkməyə bərabərdir. Ağlı gedib rusetə, kim kimi harda tapsa evlənir, harda da istəsə boşayır. Oğul anasının işinə qarışmır, qardaş da bacısının. – Ay xala, bəs indi necə olacaq? Mən Fuada, qayınanama, qayınatama nə deyəcəm? Vay-vay, biabır olacam. Elə qayınanam bəsdir. Bütün günü anamdan danışacaq. Mən də bu deyilənlərə necə dözəcəm?! Fuadın da gözündən məni salmağa çalışacaq. Heç iki ay deyil ki, Fuadın xalası oğluna nişan qoymuşdular, qaytardılar. – Niyə, ay qız, oğlan evi qaytarıb? – Hə, sən demə, qızın atası ilə anası ayrı-ayrı adamlarla evli olublar, bir yerdə işləyəndə bir-birindən xoşlanıblar, ailələrini dağıdıb təzədən evləniblər, qız da bu izdivacdan doğulub. Kimsə nişandan sonra mərdiməzarlıq edib ki, qohum olduğunuz ailənin arxivində nələr varmış. Xala gözünə döndüyüm də ayağını bir başmağa dirədi ki, nişanı qaytarmaq lazımdır, bizə beləsindən gəlin olmaz, heç oğlunun sevgisinə də məhəl qoymadı. Bəhanəsi də bu oldu ki, qız da anasının yolunu gedər, ondan oğluna arvad olmaz. Oğlan yazıq nə qədər çalışdı ki, ata-anasını yola gətirsin, mümkün olmadı. Dedilər ya biz, ya da o. İndi mənim anam da kiminsə ailəsini dağıdıb, bu yaşında ərə gedir. Rus olanda nə olar ki?! Onun məgər ürəyi, qəlbi yoxdur? Yox-yox, xala, bu mümkün olan şey deyil. Anamı yaxşı tanıyıram, o belə iş tutmaz, buna razı olmaz. Niyə bizi dilə-dişə salsın ki bu yaşında?.. İndi onun nəvələrinə, balalarına baxıb sevinən vaxtıdır. Kiminləsə taleyini bağlamaq nəyinə gərəkdir? – Mən də elə fikirləşirdim, amma o hər şeyi gözünün önünə alıb. Bu yoldan dönmək istəmir. Bir tərəfdən, Nailənin də xoşbəxt olmağını istəyirəm. Sən bəlkə də çox şeyləri bilmirsən. Əslində o sənin atanla heç vaxt xoşbəxt olmayıb, rəhmətliyin kobudluğuna, tündməcazlığına, ağır xasiyyətinə dözüb. – Mən bunu həmişə hiss eləmişdim, xala, amma neyləmək olardı. Atamın xasiyyətini dəyişdirə bilməzdi ki...Valideynləri seçmirlər. Mən atamı çox sevmişəm, ondan çox razı qalmışam. Allah ona rəhmət eləsin! Qəbri nurla dolsun! Heç vaxt razı olmaram ki, anam ikinci dəfə ailə qursun, onun yanında başqa bir kişini görmək mənə söyüşdür. Eminin ona baba deməsi mənim üçün ölümə bərabərdir. Anamla özüm danışacam, yəqin təklik onu çox sıxıb, fikirləşib ki, daha tək qalır, kimsəyə gərək deyil, bundan bezib. Belə anlarda insan dərk etmir ki, nələrini itirə bilər, tale ilə zarafat etmək olmaz. Bu ağır seçim onu qəbir evinə qədər yandıra bilər. Bəlkə o adamla yola getməyəcək, bu lap dəhşətli zərbə olar. – Bəs Murada deməyəcəksən? – Sevda soruşdu. – Lazım gəlsə deyəcəm. Sabah Muradla birgə gedib onunla danışarıq. Onu nə qədər sevdiyimizi və onun bu hərəkətinin bizə xoş gəlməyəcəyini deyərik. – Hələ tələsmə, qızım. Sən Muradla bir deyilsən. O kişidir, dəliqanlıdır. Kişi xeylağının anası haqqında belə şeylər eşitməyi bir tərəfə, anasının belə fikrə düşməyi onu sındırar. Bir də ki anan hələ qəti qərar verməyib... – O heç istəsə də bu qərarı verə bilməz. Biz buna razı olmarıq. O bizi tapdayıb keçə bilməz. Biz onun budaqlarıyıq, Eminlə Nurel onun çiçəkləridir, o bizi necə budaya bilər ki... Sadəcə bunu ona bir daha xatırlatmaq lazımdır. Mən elə bu dəqiqə ona zəng vuracam. Aysel mobil telefonunu əlinə alıb anasına zəng etdi: – Ana, necəsən? Mən xalamgildəyəm. Bura sənin dünən nədən ağladığının səbəbini öyrənmək üçün gəlmişdim. İndi hər şeyi bilirəm, Muradın da bilməyini istəyirəm. Ayseli ağlamaq tutdu. Telefonu söndürüb xalasına sarıldı: – Atam öldü, anam da bizi tapdayıb ərə getməyə hazırlaşır. Mən bunu necə qəbul edim?! Valideynlər başa düşmürlər ki, hələ bundan belə bizə gərəkdirlər. Biz onlara arxalanıb irəli gedirik, onlardan ilham alırıq. İndi anamın bizi başına yığıb öz istisini, qayğısını verən vaxtıdır. Elə bilir ki, bizi yerbəyer edib azadlığamı çıxıb? Biz onun gələcəyi, onun arzularıyıq. O isə gör nələr düşünür, nələr qərarlaşdırır. Sevda Ayselin başını tumarlayıb, qızın bu etiraflarının qarşısında nə deyəcəyini bilmədən ona qoşulub sakitcə gözünün yaşını axıtdı. Ayselin zəngindən sonra Nailə ilan vurmuş adam kimi özünə yer tapa bilmədi. Onun üçün ən dəhşətli sənhə övladları ilə üz-üzə durub, onların qınaq dolu baxışlarını görmək, “Nədən belə etdin?” sualına cavab vermək idi. Telefonuna yenidən zəng gəldi. Nailə Ayselin yarımçıq qalmış sözlərinə davam edəcəyini düşünüb açdı, İsgəndərin səsi onu diksindirdi. “Yenə o. Yenə qəhərdən boğulan vaxtımda zəng etdi. Sanki məni görür, duyur, sanki ürəyi mənim qüssəmlə döyünür...” – Salam, Nailə, necəsən? – Salam. – Hiss edirəm ki, yaxşıyam deməyə dilin gəlmir, amma inan ki, hər şey yaxşı olacaq. O gün görüşə bilməməyimin səbəbini açıb danışmalıyam. – Sənin nədən görüşməməyinin səbəbini bilirəm. – Ona nə dediklərimi mənim ağzımdan eşitmək istəmirsən? Sənin nə düşündüyünü və nə cavab verəcəyini eşitmək mənim üçün o qədər əhəmiyyətlidir ki... Çox istərdim ki, gözlərimin içinə baxıb verəcəyin qərarı deyəsən. Nailə susurdu. İsgəndər bu sükutu pozaraq dedi: – Eşidirsən məni, sən mənim qarşıma doğru zamanda, doğru yerdə çıxan ən doğru birisən və mən bu sevgidən qaça bilməzdim. Bunu bilməyini çox istərdim. Evdə dörd divar arasında oturub yaşadığın təkliyə, çəkdiyin iztirablara niyə son vermək istəmirsən? Sənə bunları yaşadan mənəmsə, deyiləcək sözün yoxdurmu? Xahiş edirəm, bir saatdan sonra həmişəki görüş yerimizə gəl, səni gözləyəcəm. – Gəlsəm də, gəlməsəm də gözləyəcəksən? – Hə, sən çoxdan mənim ürəyimin və gözlərimin sahibinə çevrilmisən. Gəlsən də oradasan, gəlməsən də... Nailə İsgəndərin gözünü yolda qoymaq istəmədi. Bir-biri ilə görüşmək üçün onsuz da ömürlərinin çox hissəsini yol gəlmişdilər. Bir saatdan sonra hər ikisi üzbəüz oturub, bir-birindən gözünü çəkmədən sanki ruhlarının dili ilə danışırdılar. Nailə onun yanında hər şeyi – yaşadığı kədərini, qınaqları, çətinliyi unudurdu. – Əhədlə görüşüb söhbət elədim, onu dinlədim. O da sağ olsun, mənə sona qədər qulaq asdı. Ona heç bir halda bu yoldan dönməyəcəyimi söylədim. Bizim heç də pis iş tutmadığımızı o və ətrafındakılar axır-əvvəl başa düşəcək. Bilirəm, sənin üçün ən ağırı oğlunla söhbətin olacaq. Qardaşın da onun buna razı olmayacağını israrla söylədi. Mən heç vaxt kiminsə yerinə özümü qoyub, onu da öz yerimə qoymaq istəməmişəm. Mənə mane olacaq bir şey varsa, o da oğlunla aramızdakı yaş fərqidir. O sənə nə deyəcəyindən asılı olmayaraq, mənimlə mütləq görüşmək istəyəcək. – Mənə ən çətin gələn şey övladlarıma bu acı həqiqəti yaşatmağımdır. Bu gün qızım mənimlə telefonda çox ağır danışdı. Onu danışdıran hissin qısqanclıq olduğuna əminəm. Bəzən övladlarımız bizə ərk edərək istədikləri sözü deyə bilirlər, özlərini bizdən ağıllı sayırlar. Əslində özümüz günahkarıq, onları dünyaya gətiririk, bəzən onların nə düşündüyünə, nə istədiyinə əhəmiyyət vermirik. Özümüzü o qədər müdrik sayırıq ki, hətta onlar sənət seçəndə, ailə quranda, hər işlərinə qarışırıq. Sonra da biz yaşlandıqca onlar bizimlə eyni şeyi edirlər. – Mən səninlə razıyam, Nailə, amma belə bir fikir də söyləyirlər ki, uşaqları valideynlərindən çox düşdükləri mühit tərbiyə edir. Əgər sənin övladların bizim birgə yaşamağımıza belə sərt münasibət göstərirsə, deməli, yaşadıqları mühit bunları diqtə edir. Mən bu mühitin bizi hamının gözündə günahkara çevirməsinə imkan verməyəcəm. Söz ver ki, məni bu yolda tək buraxmayacaqsan. İsgəndər astaca qadının əlini ovuclarına aldı. Nailə əllərini geri çəkməyə cəhd edəndə Zoya xalanın son kəlmələri yadına düşdü: “Sevdiyin adamın əlini buraxma”. İsgəndəri yuxudan Lenadan gələn aramsız telefon zəngi oyatdı: – Ata, salam, bağışla ki, səni gecə vaxtı narahat edirəm, amma nə edəcəyimi bilmirəm. Tamam başımı itirmişəm, sənə ehtiyacım var, ata. Lena ağlaya-ağlaya yenə nəsə deyirdi, amma İsgəndər həyəcandan heç nə başa düşmürdü: – Qızım, axı nə olub? Niyə ağlayırsan? Sənə nəsə olub? Səməd yaxşıdır? – Biz yaxşıyıq, amma anam yaxşı deyil. Dünən Tanya xala ilə hardansa gələndə ikisi də içkili olub, maşını da özü sürürmüş, qəza törədiblər. Anam bərk yaralanıb, xəstəxanaya yerləşdirmişik. Ata, xahiş edirəm, gəl. Ayılandan bəri ancaq sənin adını çəkir, səni çağırır. Səməd razı olmadı ki, sənə zəng edim, amma mən dözə bilmirəm. Nə olar, ata, gəl bura. – Həkim nəsə qorxulu bir şey deyib? – Yox, möhkəm əzilib, kəllə-beyin travması alıb, yaraları da var. O çox qorxub, ata. Sən gəlsən yaxşı olar. – Yaxşı, qızım, sən ağlama, mütləq gələrəm. Elə indi bilet sifariş edəcəm, tezliklə görüşərik. İsgəndər bilet sifariş etmək üçün məlumat bürosuna zəng etdi. Axşam saat beşdə təyyarə uçuşunun olduğunu öyrənib, bilet sifariş verdi. Sonra Səmədə zəng etdi. Səməd ona anasının vəziyyətinin orta ağır olduğunu dedi, amma İsgəndər israr etdi:

Hər şey ola bilər, Lena da ağlayır, axşam Bakı vaxtı ilə saat beşdə uçacam. Onun yanında kim qalır?Lena yanındadır, yəqin elə səninlə də ordan danışıb. Mən istəmədim sənə desin, anam özü günahkardır.Elə demə, oğlum. Allah eləməsin, əgər sizə nəsə olarsa, ananız yanınızdan çəkilməzdi. O sizi çox sevir. Bəlkə bu hadisə onu həyata yenidən qaytarar, ağlını başına yığar, içkini birdfəlik atar. Siz uşaq vaxtı xəstələnəndə hamıdan çox o təlaşlanırdı. Yadındadır, sən bir dəfə velosipeddən necə yıxılmışdınsa, barmaqlarını sındırmışdın. Sən sağalınca ananın üzü gülmədi. Nəsə, səni də yuxudan elədim. Məni sən qarşıla, birlikdə xəstəxanaya gedək.Hə, əlbəttə, ata, gələrəm. Sağ-salamat çat.Sağ ol, oğlum, görüşənədək.İsgəndər telefonu söndürüb saata baxdı. Yeddiyə on dəqiqə qalırdı. “Nailə bəlkə yuxudan durmuş olar. Hər halda dərsi saat səkkizdə başlayır”, – deyə düşündü. “Təcili gedəcəyimin səbəbini ona deməliyəm, amma belə tezdən zəng edib bu xəbəri vermək düz olmazdı. Onu bu vəziyyətdə qoyub getmək heç istəməzdim, lakin Lenanın göz yaşlarına dözə bilmədim. Səməd də gələcəyimə çox sevindi. İndi onların yanında olmalıyam. Bir tərəfdən, anaları avtomobil qəzasına düşüb, ağır vəziyyətdə xəstəxanada yatır, digər tərəfdən də, yanlarında heç kim yoxdur. Nailəyə və Xavərə Rusiyaya gedəcəyimi deməliyəm”. İsgəndər bir azdan zəng edib Nailəyə hər şeyi danışdı. Nailə onu dinləyib çox təəssüf etdiyini söylədi: – Təyyarə nə vaxt uçur? – Bizim vaxtla saat beşdə. – Deməli, saat üçdə hava limanında olmalısan. – Hə, niyə soruşursan ki? – Səni kim yola salacaq? – Birinci səni yığmışam, özümünkülərə hələ heç nə deməmişəm. – Səni özüm yola salmaq istəyirəm. Nailənin sözləri İsgəndərə o qədər xoş gəldi ki: – Sənə zəhmət olmaz ki? – Yox, nə zəhmət, amma ehtiyat edib maşınıma oturmaq istəmirsənsə, məcbur edə bilmərəm. Hər halda skuterdəki kimi ehtiyatsızlıq etmərəm. Qadının bu sözünə hər ikisi güldü. Nailə onu hardan götürəcəyini dəqiqləşdirib sağollaşdı. İsgəndər hələ də üzündə təbəssüm Nailənin məlahətli səsinin əks-sədasını eşidirdi. O bu səsi yenidən eşitmək üçün saatın tez keçməsini, Nailənin onu yola salacağı zamanı səbirsizliklə gözləməyə başladı. Arada Xavərlə əlaqə saxlayıb, bir neçə günlüyə Rusiyaya gedəciyini dedi. Onu narahat etməmək üçün Katyadan heç nə danışmadı. Sadəcə uşaqlardan ötrü bərk darıxdığını dedi. Nailə deyilən vaxtda İsgəndəri hava limanına çatdırdı. Ayrılarkən İsgəndər ona “Qoy bu bizim ilk və son ayrılığımız olsun. Bundan belə bu limandan istədiyimiz yerə birgə uçaq” deyib sağollaşmaq üçün əlini uzatdı. Nailə də onun əlini tutub yaxşı yol dilədi. İsgəndər qeydiyyat şöbəsindən keçənə qədər Nailə onu gözləri ilə yola saldı. Ordan birbaşa evə qayıdıb, Zoya xalaya bir daha baş çəkdi. Hər şeydən arxayın olub mənzilinə qalxdı. Əynini dəyişmək üçün yan otağa keçdi. Elə bu vaxt qapının bərk-bərk döyüldüyünü eşitdi. İçindən bir səs Muradın gəldiyini deyirdi. Əvvəlcə qapını açmaq istəmədi. Oğlu ilə görüşməyə cəsarəti çatmadı, amma qapı dayanmadan döyülürdü. Nailə bütün gücünü toplayıb, qapıya doğru gedib, astaca qapını açdı. Murad qapını itələyərək içəri soxuldu. Nailə onun arxasınca qapını bağladı. Oğlunun ona nələr deyəcəyini yəqin etdiyi halda başını qaldırıb Muradın gözlərinin içinə baxdı. Murad da ona qəzəblə baxıb soruşdu: – Danışılanlar doğrudur?!

Sonra səbirsizliklə cavab gözləyən baxışlarla anasına baxdı. Sanki yox, heç biri həqiqət deyil kəlmələrini eşitmək istəyirdi, amma Nailənin susduğunu görüb hər şeyi anladı: – Yox, bu, həqiqət ola bilməz, hamısı yalandır, – deyərək qəzəbli halda otağa keçdi. – Sən bunu necə bacardın? Səni buna nə vadar elədi? – divana çöküb dedi. Əlləri ilə başını tutub ofuldamağa başladı. Ətrafa ani bir sükut çökdü. Çox keçmədi ki, Murad bu sükutu pozaraq kədərli səslə dilləndi: – Nə qəddar səhnədir, hə, Nailə xanım, iyirmi yeddi yaşlı kişi anası ilə yatsa yuxusuna belə girməyəcək dəhşətli bir söhbəti etmək məcburiyyətindədir. Mən elə bilirdim ki, qocalmaq üçün illərimi xərcləməliyəm, amma insanın bir neçə saatın içində də beli bükülərmiş. Atamın ölüm səhnəsi uşaqlığıma son qoydu, sənin haqqında eşitdiklərimsə cavanlığımı puç elədi. Taleyin mənə vurduğu zərbələrdən başımı götürüb hara gedəcəyimi bilmirəm.Yaşından asılı olmayaraq, hər kəs ən çətin anında dərdini paylaşmaq üçün ana deyib, ana çağırır. Atam torpağın altındadır, anamsa mənə dünyanın ən böyük əzabını, xəcalətini yaşatmaq üçün qarşımda oturub. Aysellə xalam danışanda fikirləşdim ki, arvad söhbətidir. Amma biləndə ki dayım da o adamla görüşüb söhbət eləyib, lap dəhşətə gəldim. Axı necə ola bilər ki, ana dediyim qadın bu xəcaləti mənə yaşatmağa qalxsın. Mən ölməyə razı olardım, amma haqqında eşitdiklərimə yox. Eşidəndən özümə yer tapa bilmirəm... Qaçıb yanına gəldim, sənin ağzından bunun yalan olduğunu, şər olduğunu eşitmək istədim. Ancaq içəri girib üzünə baxanda həqiqət olduğunu anladım. Deməli, hamı haqlı imiş. Əslində kimin cürəti çatıb mənimlə belə zarafat edə bilərdi ki... Məni məhv elədin, öldürdün. Sənə heç nə edə bilmirəm. Axı niyə bu rüsvayçılığı mənə yaşatmaq istəyirsən? Mən arvadımın, qızımın üzünə necə baxacam? Məni tanıyanlara, dostlara, tanışlara, hər şeydən əvvəl, atamın qohumlarına nə cavab verəcəm?! Nənəmə nə deyək, hə?! Onsuz da gecə-gündüz atama görə ağlayır. Mən başıma haranın daşını salım ki, bu əzablardan qurtarım. Sənə nə deyim, ana... Əslində ana belə çağırmağa dilim gəlmir... Mən elə bilirdim ki, bu dünyada ən müqəddəs varlıq anadır. Müqəddəs olanı nə almırlar, nə satmırlar, nə də bağışlamırlar. Sən elə bilirsən ki, mən o adama anamı bağışlayacağam ki, gəl al mənim anamı, atamın yadigarını. Səni belə xəyala düşdüyünə görə bağışlamayacam, amma ona da qismət olmayacaqsan. Sən bunu etmiş olsan, məni diri-diri qəbrə qoyacaqsan, qatilə çevirəcəksən. Bilirsən niyə? Çünki sən oğlunu əhatə edən hər kəslə danışıb onları susdura bilməzsən! Kişi kişi ilə əlbəyaxa olub ya döyər, ya da döyülər. Sənmi döyəcəksən haqqında nalayiq danışanları? Hansı birinin ağzını yuma bilərsən? Heç birinin! Ancaq mənim canıma qəsd edə bilərsən. Onu da qəddarcasına bacardın. Bütün bunları mənə yaşatdığın üçün səni analıqdan silirəm. Aysel özü bilər, amma mənim üçün sən daha yoxsan. Nə məni, nə Nəzrini, nə də balaca nəvəni bundan belə görməyəcəksən! Murad ayağa qalxıb, otaqda qışqıra-qışqıra var-gəl edib, hərdən dayanıb əlini divara çırpırdı. – O alçağı da tapıb sözümü deyəcəm. Hardan gəlibsə, ora da cəhənnəm olub getsin. O, kişi olsaydı, rus olanda nə olar ki, arvadının, qızının, oğlunun başından keçib buralara gəlməzdi... Gəldiyi az deyil, hələ bir mənim ailəmə də soxulub, haqdan-ədalətdən danışır. O heç kimdir. O heç vaxt sənin yanında ola bilməz. O bizə heç vaxt atamızı əvəz edə bilməz. Onun nə qədər vicdansız olduğunu da üzünə deyəcəm. Ancaq vicdanını itirmiş biri kiminsə anasını biabır etməyə qalxar, kiminsə oğluna bu rüsvayçılığı yaşadar. Belə fikirlərə düşdüyün üçün də sənə nifrət edirəm, çünki mənə görə xəyanəti düşünməklə onu etmək arasında heç bir fərq yoxdur. Sənsə bizim hamımızı ona satdın. Sənin ürəyində bizdən başqa kimsəyə yer ola bilməz. Bu addımı atsan, hər şeyini itirəcəksən. Hamımızın sevgisindən, hörmətindən məhrum olacaqsan. Səni heç kəs müdafiə etməyəcək. Gecə-gündüz ağlayıb özünə ölüm arzulayacaqsan. Bizdən halallıq gözləmə! Murad qapını bərkdən çırpıb, deyə bilmədiyi sözləri də özü ilə bərabər aparıb getdi. Nailənin ürəyi üzünə çırpılan bu qapı səsinə tab gətirmədi. Əlini sinəsinə qoyub divana çökdü. Əvvəllər dörd divar arasında tək qalan Nailə indi sanki bütün bu şəhərdə tənha və kimsəsiz idi... Səməd hava limanında atasını gülərüzlə qarşılayıb bərk-bərk qucaqladı. Ata-bala mehribanlıqla biri-birinə sarıldılar. – Yaxşı görünürsən, ata. Deyəsən, vətənin havası, suyu sənə düşüb, sanki cavanlaşmısan.Yaz günəşi də rəngini bir az qaraldıb. Necəsən? Sizdə belə deyirlər də: “Nə var, nə yox?” – Gördüyün kimi, yaxşı olmağa çalışıram. Hamının sənə salam-duası var. Lenanın göz yaşlarına dözə bilmədim. Elə arzulayırdım ki, bacı-qardaş yanıma gələsiz, qonağım olasız. Bibin, əmilərin bilsəniz sizin üçün necə darıxıblar, amma, görünür, mənim gəlməyim lazım imiş. Danış görüm hadisə necə baş verib? Ananın hazırkı durumu necədir? Sağalmağında irəliləyiş varmı? – Şükür, vəziyyəti stabildir, ancaq uzun müddət xəstəxanada yatmalı olacaq. Düzü, bizi bərk qorxutdu. Lena onu o vəziyyətdə görəndə elə sarsılmışdı ki, həkimlər qızı güclə sakitləşdirdilər. İsrar etdi ki, atama zəng edək gəlsin. Həkim deyəndə ki həyati təhlükəli heç nəyi yoxdur, səni narahat etmək istəmədim, amma bacım yenə də dediyindən dönmədi. – Məncə, bir neçə gün yanınızda olsam yaxşıdır. Elə darıxmışam ki sizin üçün. İsgəndər bu sözləri deyib yenidən Səmədi qucaqladı. – Gedək, yəqin ki Lena da xəstəxanadadır. Onlar maşına əyləşib şəhərin mərkəzi xəstəxanasına gəldilər. Ziyarət vaxtı bitdiyindən içəri heç kəsi buraxmırdılar. Lena sevincək atasının yanına, xəstəxananın həyətinə endi. İsgəndər qızını bağrına basıb alnından öpdü: – Nə yaxşı ki gəldin, ata. Elə darıxmışam ki sənin üçün. – Darıxmısan, gəl atana baş çək. Üzü Xəzərə baxan gözəl bir yerdən ev almışam. Məncə, çox xoşuna gələcək. – Ata, inan ki, işdən heç vaxt tapa bilmirik. İki gündür burdayam, o qədər zənglər, sənədlər gəlib ki. – Bəhanələr istəmirəm, hər şey yolunda getsə, yanıma, Azərbaycana gələcəyinizə söz verin. Səmədlə Lena atalarını qucaqlayıb bir ağızdan dedilər: – Əlbəttə, gələcəyik. Səni görməyə xəlvət gələcəyimizi planlaşdırırdıq. Həm də tezliklə yay gəlir. Bir az da Xəzərin sahilində dincələrik. – İnşallah, qızım, sizi təzə evimizdə qarşılayaram. Sən burda qalacaqsan, yoxsa bizimlə gedirsən? – Qoy bu gecə də qalım, hərdən ayılır. Bizim adımızı çəkir. Ən çox da səni arzulayır. Ata, söz ver ki, bütün olanlara baxmayaraq sabah onu görməyə gələcəksən. Lenanın nəmli gözlərini görən İsgəndər dedi: – Sənin xətrinə atan nələri etməz ki, ay mənim şahzadəm. Bircə göz yaşlarını görmək istəmirəm. Lena gülümsəyib başını atasının sinəsinə qoydu. İsgəndər onu bərk-bərk qucaqladı. Ertəsi gün Səmədlə birgə yenidən xəstəxanaya gəldilər. Lena onları müalicə həkiminin yanında gözləyirdi. Həkim İsgəndəri hörmətlə qarşılayıb, Katyanın vəziyyətini bir daha anlatdı. – Xəstə hələ uzun müddət yataq rejimində olmalıdır. Sınıqlar, əziklər, başından aldlğı travmalara görə müalicə almalı, tez-tez müayinə olunmalıdır. Hə, bir də onu deyim ki, bir müddət içkidən məhrum olacaq, bu da ondan qurtulmaq üçün böyük şansdır. – Doktor, o vaxt ailə həkimimizlə onu içdiyinə görə xəstəxanaya yatırtmaq istədik, razı olmadı. Gör içki onu nə hallara saldı, hansı vəziyyətə gətirib çıxardı. Heç olmasa bundan belə qalan ömrünü sağlam yaşamağa çalışsa, hamımız sevinərik. Sonra İsgəndər övladları ilə birgə Katyanın yatdığı palataya getdi. Lena onun əlindən tutub anasının çarpayısın lap yanına gətirdi. Katyanı bu vəziyyətdə görmək İsgəndər üçün ağır olsa da özünü toparlayıb dedi: – Necəsən, Katya? Onun səsini eşidən Katya gözlərini açıb sönük baxışlarla İsgəndərə baxdı: – Gəlmisən? Elə bilirdim, səni bir daha görməyəcəm. – Həkimlə danışdıq. Müalicən bir az uzun sürəcək. Sağalıb əvvəlki həyatına qayıdacaqsan. – Yox, heç nə əvvəlki kimi olmayacaq, – deyə Katya zarıdı. Sonra əlini İsgəndərə tərəf uzadaraq, onun əlini tutmağını xahiş etdi. İsgəndər onun xahişinə məhəl qoymayaraq dedi: – Yastığın yüngül olsun, tezliklə sağalmağını arzulayıram.

O bunu deyib, üzünü qapıya tərəf çevirib bir-iki addım atdı. Katyanın var-gücü ilə dediyi bir neçə kəlmə onu bir daha geri cevrilməyə məcbur etdi. – Bağışla məni, İsgəndər, bağışla. İsgəndər başını yelləyərək otaqdan çıxdı. Lena ilə Səməd də atalarının arxasınca otağı tərk etdilər. Katyanın sonrakı peşmançılığı artıq nəyi dəyişdirə bilərdi ki... İsgəndər övladlarına dedi: – Mən sabah Bakıya qayıdıram. Bu günü sizinlə keçirmək istəyirəm. Əvvəlcə şirkətə gedək, bəzi işləri danışaq, sonra birlikdə nahar edərik. – Ata, nə tez qayıdırsan, gəlmişkən heç olmasa bir neçə gün qalardın da. – Getməliyəm, mütləq getməliyəm, məni orda gözləyənlər var, – İsgəndər bunu deyib maşına əyləşdi. Yolboyu Səmədin şirkətdə necə çalışdığından, ondan hamının necə razı qaldığından ağızdolusu danışdı. Lena hərdən atasına qısqanclıqla baxır, İsgəndər qızının baxışlarından nə demək istədiyini anlayaraq, onun da ünvanına xoş sözlər deyirdi. Səməd ən çox türklərlə olan iş birliyini atası ilə müzakirə edirdi. Bu işdə necə təcrübə qazandığını, uğurlarını sevinərək bölüşürdü. İsgəndər onu dinlədikcə ürəyi açılır, balaları ilə fəxr edirdi... Təyyarə Bakı hava limanına endi. İsgəndər təyyarədən düşüb maşın dayanacağına tərəf tələsdi. Avtomobilinə əyləşib telefonunu açdı.Telefona gələn zənglərə diqqət yetirdi. Tanış olmayan nömrədən bir neçə dəfə zəng gəldiyini gördü. Bu zəngin Nailənin oğlu tərəfindən gəldiyini yəqin etdi, amma nömrəni yığmağa tələsmədi. Maşını əsas yola çıxararaq şəhərə doğru sürdü.Yol boyu Muradla necə danışacağını götür-qoy edirdi. Nailəyə əziz və doğma olan bu insanla öz duyğuları haqqında danışmaq ondan böyük hünər və səbir istəyirdi. “Bu gəncə onun anası haqqında düşündüklərimi, onunla taleyimi bağlamaq istədiyimi və bunun heç də pis bir iş olmadığını necə çatdıra bilərəm ki?..” İsgəndər həyat yollarında müxtəlif çətinliklərlə rastlaşmışdı, amma heç ağlına belə gətirməzdi ki, bir gün Murad kimi bir dəliqanlının qarşısına keçib, onun anasını nə qədər sevdiyini, onunla xoşbəxt olmaq istədiyini söyləməli olacaq. Bu haqda düşündükcə ürəyi daha sürətlə döyünürdü. Muradı necə inandıra bilər ki, birgə yaşlanmalarında, bir-birini sevməklərində pis heç nə yoxdur. Nədən onları heç kim başa düşmək istəmir. Niyə Nailə ömrünün sonuna qədər tək yaşamalıdır. Şəxsi həyatını “nə deyərlər?” qınağına qurban verib, hamını razı salmaqla özünü məhv etməlidir. Muradla elə bu gün görüşüb söhbət etmək lazımdr qənaətinə gəldi. Yəqin ki o da bunu istəyir, telefona gələn çoxsaylı zənglər buna şahidlik edirdi. “Nailə də mənimlə çox kədərli danışdı. Görünür, oğlu da ona ağır sözlər söyləyib. Muradı da başa düşmək olar, amma o da bizi başa düşməyə çalışmalıdır”. Maşını bir tərəfə çəkib xeyli dayandı. Əvvəlcə Nailə ilə danışmaq istədi. Sonra fikrindən daşınıb öz-özünə dedi: “Yaxşısı budur Muradla görüşüm, danışım, hər halda bu qədər çox zəng edibsə, deməli, özünə yer tapa bilmir”. İsgəndər evə getmədi. Nə özünü, nə də Muradı çox intizarda qoymaq istəmədi. Nömrəni yığdı, yanılmamışdı, gənc birisi zəngə qəzəb dolu səslə cavab verdi. İsgəndər təmkinini pozmadan dedi: – Mənə zəng vurmuşdunuz, eşidirəm sizi. Murad eyni qəzəblə cavab verdi:

Bu, telefon söhbəti deyil, bir saatdan sonra sizi Fəvvərələr meydanında gözləyəcəm.İsgəndər maşını birbaşa ora sürüb dayanacaqların birində saxladı. Muradın gəlməyinə hələ bir saat qalırdı. O, fəvvarənin ətrafında gəzişib skamyaların birində əyləşdi. Görüş saatı yaxınlaşdıqca İsgəndərin həyəcanı da artırdı.Yerindən qalxıb bir daha fəvvərəyə tərəf getdi. Onun yanından müxtəlif adamlar ötüb keçirdi. İsgəndər hündür və yaraşıqlı bir gəncin ona tərəf gəldiyini gördü. Murad ona yaxınlaşanda buz kimi soyuq səslə soruşdu: – İsgəndər sizsiniz? – Aha, mənəm. – Anamdan uzaq durun. Yerinizdə olsaydım, ümumiyyətlə, bu şəhərdən çıxıb gedərdim. Mən bilirəm ki, siz heç vaxt burda yaşamamısınız. Hardan gəlmisiniz, ora da qayıdın. – Siz heç vaxt mənim yerimə ola bilməzsiniz. Siz Nailənin oğlusunuz, mən də onunla taleyini bağlamaq istəyən biriyəm və düşünürəm ki, bu niyyətimdə heç bir qəbahət yoxdur. – Bura nəyin qəbahət, nəyin xəyanət olduğunu araşdırmağa gəlməmişəm, məni özümdən çıxmağa vadar etməyin. Anamdan uzaq durun, vəssalam. Əgər özünüzə azacıq da olsa hörmət qoyursunuzsa, məni başqa cür davranmağa məcbur etməyin. Murad qəzəbli halda onun üzünə baxır, sanki deyə bilmədiklərini sərt və amansız baxışları ilə söyləmək istəyirdi. – Mənimlə necə istəyirsən elə də davran, amma dayına da demişəm, fikrim qətidir, bu yoldan dönmək niyyətim də yoxdur. Biz əxlaqsızlıq etmirik. Biz sadəcə qalan ömrümüzü birgə yaşamağa qərar verən insanlarıq. Hamınız buna haqqınız yoxdur deyib durursunuz. Siz elə bilirsiniz ki, ancaq gənc yaşlarda sevib-sevilmək olur. Gəl bir yerdə əyləşib söhbət edək. Bilirəm ki, Nailə sənə heç bir söz söyləməyib. Oğluna mənim haqqımda nə düşündüyünü, hansı hissləri yaşadığını söyləmək onun kimi bir anaya, qadına çox ağır və məşəqqətlidir. Murad yerindən qımıldanmadı və eyni qəzəblə dedi: – Sizinlə oturub nədən söhbət edəcəm?! Danışdıqlarınız nə yaşınıza, nə də başınıza yaraşmayan sözlərdir. Siz utanmadan bunları mənə söyləyə bilərsiniz, amma anamın nə adını, nə də fikirlərini ağzınıza almayın. – Sənin anan mənim gözlərimdə çox dəyərli qadındır. Onun özünə, düşüncələrinə hörmət etmək, onu sevmək gözəl hissdir. Kişi o qadına bağlanır ki, onun yanında özünü kişi hesab edir. Ona qəlbini açıb dərdi ilə bölüşə bilir. Sevdiyin qadın səni hər halınla qəbul edib başa düşməyə çalışırsa, deməli, dünyanın ən bəxtəvər adamısan. Onu da bil ki, səninlə belə danışmaq cəsarətimi ona olan sevgimdən alıram. Ona olan ali duyğularım məni bu meydana atıb və sizinlə üz-üzə gəlməkdən belə çəkindirmir. Mən sənin ananda illərdən bəri arzuladığım dostluğu, doğmalığı, qadın lətafətini, qadın gücünü duydum. Onda vətənimin, torpağımın, dilimin bütün gözəlliyini, ətrini kəşf etdim. O bütün varlığı ilə mənə kim olduğumu, nələrə nail ola biləcəyimi, hətta nələri itirdiyimi anlatdı. Həyatda özümü aldadaraq yaşadığım, əzab çəkdiyim, keçmiş həyat yoldaşımın mənə yaşatdığı layiq olmadığım xəcalətdən sonra Nailə mənə verilən ən böyük lütf, ən böyük mükafat, ən böyük xəzinədir. Nailənin simasında Allahın bir qadına bəxş elədiyi gözəllikləri gördüm, onun varlığında Yaradanın saf ruhunu sezdim. Sən heç vaxt mənim dediklərimi, duyduqlarımı anlaya bilməzsən. Bunun üçün çox gənc və təcrübəsizsən. Mənim kimi başın daşdan-daşa dəyməsin. Sənə dediklərimi eşitmək ağır gəlsə də, bu bir həqiqətdir. Düşünmə ki, bizi təklik birləşdirir. Xoşlamadığın, sevmədiyin biri ilə tənhalığını bəhanə edib yaşamaq mənə görə ağılsızlıq, acizlikdir. Mən qiymətli bir qadınla rastlaşmışam, onunla birgə həyat yaşayıb, həmişə onun yanında olmaq istəyirəm. – Yaxşısı budur, susun, danışmayın, mən bura sizin etirafınızı dinləməyə gəlməmişəm.Nə fikirləşdiyiniz də mənə maraqlı deyil. Nəyiniz varsa, içinizdə saxlayın. Sözün qısası, bu sevdadan əl çəkin. Mən ailəmə kiminsə soxulmasına izn vermərəm. Uzaq durun, anamdan da, məndən də. – Mənim sizinlə heç bir işim yoxdur. Nailəyə əziz olan hər kəs mənə də əzizdir. Onu sevən hər adamı mən də sevməyə hazıram. Bir də ki son sözü Nailə özü deyəcək. Sadəcə siz öz hərəkətləriniz, qınaqlarınız və təhqirlərinizlə zəif yerindən vurur, onu alçaldırsınız. Nə qazanmağa çalışırsımız? Onu tənhalığına dustaq edib, qadın arzularını, xəyallarını məhv edirsiniz. Axı niyə düşünürsünüz ki, bir kişi hansı yaşında olursa olsun yenidən evlənə bilər, ona heç nədə qadağa yoxdur, qadına isə olmaz. Ona taleyinlə barış, kədərini yaşa, xəyallarını məhv et deyirsiniz. Nailənin heç kimə can borcu, qan borcu yoxdur. O da xoşbəxt olmaq istəyir. Ömrünün ən cavan və gözəl çağlarını sizə həsr edib, böyüdüb, tərbiyə verib, birinizi evləndirib, o birini ərə verib. O sizi sonsuz məhəbbətlə sevir. Onunla necə rəftar etməyinizə baxmayaraq, sizi həmişə sevəcək və bağışlayacaq. Amma siz Nailə özünə onu xoşbəxt edəcək nəyisə rəva biləndə zavallı qadını qınayıb təhqir edirsiniz. – Daha sizi dinləmək istəmirəm, kifayətdir. Danışdıqlarınızla heç nəyi sübut edə bilməzsiniz. Bizim də özümüzə görə həqiqətlərimiz, adətlərimiz var. Ata dünyasını dəyişdikdən sonra ananın yeri oğlun yanıdır, oğlu olmasa, qızına, kürəkəninə sığına bilər. Elə bilirəm ki, daha deyiləsi sözünüz qalmadı. Gedin burdan, ortaya peşmançılıq salmayın. Murad son sözləri çılğınlıqla deyib, iti addımlarla ordan uzaqlaşdı. Oğlan gözdən itənəcən İsgəndər onu izlədi. Sonra öz-özünə dedi: “Bizim bir az zamana ehtiyacımız olacaq. Bu zaman Nailənin ətrafında olan insanların ağır hökmü ilə bizi ya birdəfəlik ayıracaq, ya da bütün deyilənlərə, çətinliklərə, qadağalara baxmayaraq birdəfəlik birləşdirəcək”. Ayrılıq İsgəndər üçün ən dəhşətli zərbə olardı. Həyatının mənasına çevrilmiş sevdiyi du qadını itirmək elə özünü bir daha itirməyə bərabər idi. Nailənin mənalı gözləri, şirin təbəssümü, maraqlı söhbətləri gözünün önünə gəldi. “Həyat məni nə çətin imtahana çəkir, ürəyim sevgi ilə doludur, amma sevdiyim qadına qovuşa bilmirəm. Nailə məndən çox güclüdür. Əslində o bütün bu olacaqları məndən də yaxşı bilirdi. Amma hər şeyə rəğmən, ürəyindəkiləri açıb söyləyə bildi. O mənə güvənib bunu etdiyi halda nədən mən ona güvənməyim ki?” İsgəndər sevdiyi qadına zəng etdi. Nailə telefonu açmadı. Bir az gözləyib nömrəni yenə yığdı, amma bu dəfə telefona zəng çatmadı. O, narahat olmağa başladı, evə döndükdən sonra bir neçə dəfə də cəhd etdi. Ancaq Nailənin telefonu bağlı idi. “Sabah mütləq iş yerinə gedəcəm, onunla görüşüb danışmalıyam”.

İsgəndər ertəsi gün Nailənin iş yerinə gəldi. Amma məktəbin həyətində heç kim yox idi. Qapıçı qadın dərslərin bitdiyini, şagirdlərin yay tətilinə çıxdığını söylədi. İsgəndər Nailəni soruşdu. Qadın Nailənin bir neçə gündür işə gəlmədiyini, icazə aldığını söylədi. İsgəndər lap narahat olmağa başladı. Ev ünvanını bilsə də, Nailəgilə getməyi doğru hesab etmədi. Ağlına yenə də Xavər gəldi. Bəlkə Xavər onunla danışar, vəziyyətini öyrənər. Yəqin ki Xavərin zənginə cavab verər. Beynində bu fikirlər bacısıgilə gəldi. Xavər, həmişə olduğu kimi, onu mehribanlıqla qarşılayıb hal-əhval tutdu. Bir az da incik səslə dedi: – Bakıya dünən gəlmisən, amma bizə bu gün təşrif buyurursan. – Dünən təyyarədən düşən kimi Nailənin oğlu ilə görüşdüm. Xavər maraq dolu baxışlarını qardaşına dikdi: – Səni çoxmu hədələdi? – Yox, onu başa düşməyə çalışdım. – İsgəndər, bacın qurban, səni xəbərdar etmək istəyirdim, buralarda belə şeylərə yaxşı baxmırlar. Kişiyə nə var ki? Neçəsini alıb boşaya bilir, arvadı ölsə belə, evlənəndə heç kəs onu qınamır. Amma qadınla, özü də Nailə kimisi ilə evlənmək əfsanəyə bənzəyir. Vallah, heç kimin oğlu bu işə razı olmaz. – Mən ona başa salmaq istədim ki, Nailəni çox sevirəm. Evlənmək xətrinə, ya da təkliyimizə görə bunu etmirik. Düzdür, hər şeyi olduğu kimi açıq danışmaq olmur: gəncdir, dəliqanlıdır, ancaq onun anasını sevməyimdə, onunla evlənməyimdə nə qəbahət, günah iş var ki? – Bu, günah sayılmır, bu, ayıb sayılır. – Axı kimdən və niyə ayıb etməliyik?! Ailə dağıtmırıq, ev yıxmırıq, kimisə aldatmırıq, yalan danışmırıq. Biz gizlin iş tutmuruq ki, utanaq?! – Sakit ol, qardaşım. Sənə danışmaq asan gəlir. Sənin uşaqların başqa mühitdə yaşayırlar, həm də analarının səhvi ucbatından ayrılmısınız. Bir də ki sənin şəxsi fikrinə ikisi də hörmətlə yanaşar. Amma Nailə ilə bu mümkün deyil. Onun şəxsi fikirləri ilə maraqlanan yoxdur ki. Hamını “Ona nə deyərlər?” sualı maraqlandırır. Biz burda qohum-qardaş, el-oba, qonum-qonşu söhbətləri ilə yaşayırıq. İndi sən Nailədən nə istəyirsən? O da səndən xoşlanır, özü ilə bacara bilməyib, səni sevib, bilə-bilə ki, bu oyunlar başına gələcək, yenə də sözünü deyib. Bəlkə də ümid edib ki, oğlu, qızı onu başa düşər. İnsan həmişə ümidlə yaşayır. Əgər bu ümidi onun gözlərində söndürüblərsə, sizin qovuşmağınız mümkün deyil. Nailə övladlarının üstündən xətt çəkib, səninlə birlikdə yaşaya bilməz. – Mən ona nə qədər zəng edirəmsə, telefonu açmır, məktəbdə də tətil başlayıb, Nailə işdən icazə alıb. Xavər, mən onu necə görə bilərəm? Ancaq sənə gumanım gəldi. Bəlkə ev telefonunu kimdənsə öyrənib zəng edəsən? Hər halda Kamilin sinif rəhbəridir, amma bir xahişim var. Telefonu götürsə, ver özüm danışım, həm səsini eşitmiş olaram, həm də nə deyəcəksə, üzümə söyləmiş olsun. Xavər bir azdan nömrəni tapıb qardaşına verdi, amma İsgəndər həmin dəqiqə zəng etmədi. Evdən zəng edəcəyini deyib, Xavərgildə bir az ləngidi. İsgəndər getdikdən sonra Xavər qardaşının düşdüyü vəziyyətə çox acıdı. Onsuz da əvvəlcədən bu işin sonunu görürdü. Bilirdi ki, baş tutan iş deyil. Xavər çox istəyirdi ki, İsgəndər Bakıda qalsın, bir daha Rusiyaya getməsin. Burda biri ilə evlənsin, təkliyinə son qoysun, ancaq qardaşı elə biri ilə evlənmək istədi ki, taleyini elə birisi ilə bağlamaq arzusundadır ki, ümid yalnız Allahadır. Xavər “Axı niyə onun taleyi belə gətirdi?” deyib, sonra nədənsə qorxmuş kimi diksindi. “Allahın işinə qarışmaq olmaz, məsləhətinə şükür. Allah onu sonu gətirənlərdən eləsin” deyə dua etdi.

Xavərgildən çıxan İsgəndər yenə bir neçə dəfə Nailənin mobil telefonuna zəng

vurdu, amma qadın telefonu açmadı. Öz-özünə düşündü: “Ya zamana ehtiyacı var,

ya da ona elə peşmançılıq yaşadıblar ki, evdə özünə qapanıb, xəcalət çəkir”.

İsgəndər evə gəlib, Nailənin ev telefonuna zəng etdi. Lakin dəstəyi qaldıran

olmadı . “Bəlkə qonşuya keçib, ya harasa çıxıb. Hardasan, Nailə, niyə mənimlə danışmaq istəmirsən? Niyə baş verənləri mənimlə bölüşmək istəmirsən?” İsgəndər axşamın düşməsini gözlədi, Nailənin nə cavab verəcəyini, son qərarı onu narahat edirdi. “Birdən Nailə qəti şəkildə bu münasibətə son qoysa, mənimlə evlənmək istəməsə necə olacaq?” sualı İsgəndəri rahat buraxmırdı. “Doğrudanmı, kimlərinsə qınağına görə bir-birimizə həsrət qalmalıyıq? Məni xoşbəxt edən bu gecikmiş sevgidən necə əl çəkə bilərəm?.. Yox, mən Nailəni hansı yolla olursa olsun inandırmalıyam ki, xoşbəxtlik öz əlimizdədir. Mən özümü də, onu da “Bu dünyada alınmadı, o biri dünyada qovuşarıq” kəlmələri ilə təsəlli edə bilmərəm. Bu ağılsız hökmü çıxara bilmərəm. Onunla qovuşa bilməsəm, bu şəhər bu dəfə mənə haram olacaq. Burdan hara baş götürüb gedə bilərəm? Hara getsəm, Nailəni ürəyimdə özümlə bərabər aparacam. O sanki mənim özümdür. İnsan öz-özündən hara qaça bilər ki?” İsgəndər bir də ev telefonuna zəng etdi. Bir neçə cəhddən sonra Nailənin kədərli səsi eşidildi. İsgəndər onun səsini eşidən kimi içinə qəribə bir rahatlıq çökdü: – Nədən mənimlə danışmaqdan qaçırsan? – Özümdən qaçıram, İsgəndər. – Dörd divarın arasında hara qədər qaçacaqsan? – Bir dəfə qaçıb bu divarın üstündən tullandım, onda da sənə rast gəldim. Həyatımın dörd bir tərəfinə elə divarlar hörüblər ki, burdan nə tullanmaq olur, nə də dağıtmaq. Hər iki halda məhv oluram. Ona görə də evimin divarlarından daha kənara çıxmaq istəmirəm. Səsinə də, özünə də özümü həsrət qoymaq məcburiyyətindəyəm. – Mən səni güclü qadın kimi tanıyıram. – Görünür, gücüm yalnız özümə çatır. Bu güc özümə əzab verməyə, özümü səndən məhrum etməyə yetir. – Sən mənə güvənib, mənə söykənib, hər şeyi aşa biləcək qədər dəyanətlisən. Səni görmək istəyirəm. Telefonla danışmaq istəmirəm. Mənə deyəcəklərini də gözlərimin içinə baxaraq söyləməyini istəyirəm. Sən məni beləcə həyatın ümidinə buraxmaq istəyirsən? Heçmi məni düşünmürsən? Heçmi dəyərim yoxdur sənin üçün? Heç olmasa sonuncu dəfə görüşməyimizə izn ver. Heç olmasa sənə ürəyimdən keçənlərin hamısını deməyə imkan ver. Nailə susurdu. İsgəndər sükutu pozdu: – Həmişəki yerimizdə, həmişəki vaxtda sabah səni gözləyəcəm. Gəlsən də, gəlməsən də. İsgəndər İçərişəhərin dar küçələrində Nailə ilə gəzdiyi yerləri bir daha xatırlayaraq görüş vaxtını gözləyirdi. Bu şəhərciyi bir də ona görə sevirdi ki, o, Nailə ilə bağlı xatirələri özündə yaşadırdı. Hərdən əllərini qədim divarlara çəkib, bir daha buranı görməyəcək kimi hisslər keçirirdi. Nailədən sonra bu şəhərdə yaşamaq ona mənasız görünürdü. Bu sevgi İsgəndərin qəlbindən başqa heç yerdə rahatlıq tapmayacaq, orda yaşayıb onunla bərabər də öləcəkdi. Əgər Nailə görüşə gəlməsə, elə bunları İsgəndərə demiş olacaq, yox, əgər gələrsə, bu sevginin İsgəndəri nə qədər xoşbəxt etdiyini sübut edəcək. “Qoy Nailə bu hissləri mənə bəxş etdiyi üçün özünü günahkar bilməsin. Ona nə deyəcəyimdən asılı olmayaraq, qoyulan sədləri keçə bilmədiyinə görə əzab çəkməsin”. İsgəndər bu düşüncələrlə görüş yerinə tərəf addımladı. Nailəni görüş yerində görüb uşaq kimi sevindi, onu bağrına basıb heç yerə buraxmamaq fikri xəyalından keçdi. İkisi də bir-birinə baxıb təbəssümlə salamlaşdılar. Sanki ayrılmağa deyil, qovuşmağa can atırdılar. Bütün olanları unudub bir anda ruhları tutuşdu. Heç biri belə ayrılacaqlarını ağlına gətirmirdi. Ayrılığı da gülə-gülə qarşılamaq olurmuş. Oturacaqları məkana doğru birgə addımladılar. Heç biri dillənmir, hərdən bir-birinə baxıb gülümsəyirdi. Hər ikisini qəlbindən bu yolun heç bitməməsi arzusu keçirdi. Üzbəüz oturub çay sifariş verdilər. İsgəndər sakit səslə dedi: – Yadındadır Batumidə səninlə ilk söhbətimiz? – Hə, yadımdadır. – Elə ilk söhbətimizdə ürəyimi ovsunladın... O azacıq vaxt ərzində özümü o qədər xoşbəxt hiss etmişdim ki. Səninlə danışmaq, səni dinləmək o qədər xoş idi ki... Düşündüm ki, sənin kimi həyat yoldaşım olsaydı, daha çox şey əldə edərdim. Sən mənə həsrətində olduğum vətənimin, doğmalarımın ətrini, gözəlliyini, kim olduğumu xatırlatdın. Bakıdakı görüşümüzdən sonra bir-birimiz üçün yarandığımızı anladım. Qalan ömrümü səninlə paylaşmaq, səninlə irəliləmək fikri, sənin üçün yaşamaq, yaratmaq eşqi bir an da olsa məni tərk etmədi. Sən o qədər dəyərlisən ki mənim üçün, Nailə. Səni yaxından tanıdıqca necə güclü biri olduğunu yəqin etdim. Sənin balalarına, sənətinə, həyatına olan sevgin məni heyran etdi. Mən səni bütün varlığımla, ruhumla sevdim, Nailə. Sən hərəkətlərinə cavabdehlik daşıyan, həyatını, düşdüyü vəziyyəti idarə edəcək qədər gözəl və müdrik bir qadınsan. Sənin kimi sevimli qadının dostu olmaq, onunla bərabər həyat yolunda addımlamaq mənim üçün ən böyük şərəf olardı. Səni tanımaq, səni düşünmək, səni sevmək dünyanın ən böyük xoşbəxtliyidir. Bu duyğuları mənə bəxş etdiyin üçün sənə çox minnətdaram. Sən mənim həyatımda başıma gələn ən gözəl hadisəsən. – İsgəndər, məni bağışla. – Sus, danışma. Sənin nə deyəcəyini baxışlarından oxuyacaq qədər varam. Əzab çəkməyini, danışdıqca həyəcanlanmağını istəmirəm. Onsuz da günlərdir evə qapanıb əzabdan boğulursan. Eləcə sus, məni dinlə. Mən səni nə deyib-deməyəcəyindən asılı olmayaraq sevirəm. Sənin əzizlərini, doğmalarını sevirəm. Mənə sarı atdığın addıma görə də heç vaxt özünü günahkar bilmə. Bir ana hər kəsdən əvvəl balalarını sevər. Sənin necə bir ana olduğunla da fəxr edirəm. Nə yaxşı ki varsan, nə yaxşı ki sənin kimi birisini tanımaq mənə nəsib oldu. Mən səndən sonra bu sənli şəhərdə sənsiz nə qala bilərəm, nə də yaşaya. Gedəcəm bu şəhərdən, səni də ürəyimdə aparacam, həmişə xəyalınla yaşayacam. Hərdən telefonuna zəng edib sussam, bil ki, ürəyim səninlə danışacaq. Bil ki, bu dünyada səni səndən belə çox sevən bir İsgəndər var. – Hara gedəcəksən? Rusiyaya qayıdacaqsan? – Yox, bir neçə il bundan öncə İstanbulda balaca bir ev almışam. Görünür, taleyim əvvəlcədən hər şeyi ölçüb-biçib, işlərim də orda qaydasına düşür. Başımı iş-gücə qatacam.Tək qaldıqda isə sənin xəyalınla danışacam. Sənsiz səninlə yaşayacam, bunu nə qədər bacaracam, bax onu bilmirəm. – Belə ikimiz üçün də yaxşı olar, gözündən iraq olsam, könlündən uzaq duraram. – Gözə girən könüldən uzaq dura bilərmi? İsgəndər birdən yerindən qalxıb, Nailənin lap yaxınına gəldi, onun əllərindən tutdu. – Gəl mənimlə gedək, Nailə. Buraxma məni, buraxma əllərimi. Hamı hər şeyi unudacaq, başa düşəcəklər. Sonunda anlayan biri çıxıb “ürək-könül məsələsidir bu, ürəyə hökm etmək olmaz.” deyəcək. Kimə nə yamanlığımız dəyəcək ki. Bu yaşda bir-birini tapan, bir-birinə dəyər verən insanlar ayrılmamalıdırlar. Xahiş edirəm, məni düzgün başa düş, bəlkə də səndən qeyri-adi fədailik istəyirəm, amma inan ki, sən xoşbəxt olduqca səni sevənlər də xoşbəxt olacaq. İnan ki, sonunda hamı bizim sevgimizin qarşısında aciz qalacaq. Biz ikimiz də güclü insanlarıq, bunu bacararıq. Sənsiz bu həyatın heç bir mənasını görmürəm. Nədən özümüzü tənhalığa, tənələrə qurban verək ki. İsgəndər elə həyəcanla və bərkdən danışırdı ki, ətrafda oturanlar qeyri-ixtiyari nəzərlərini onlara sarı çevirirdi. Amma İsgəndər hər şeyi və hər kəsi unudaraq, Nailənin gözlərinin içinə baxıb sözlərinə davam edirdi. Nailə qarşısındakı kişinin dediklərinin həqiqət olduğunu bilsə də, doğmaları tərəfindən ona vurulan ağır zərbələrin və üz verəcək itkilərin daha dəhşətli olacağını anlayıb, göz yaşları içində əllərini İsgəndərin əllərindən çəkərək dedi: – Məni bağışla, bağışla, İsgəndər! Dediklərinin doğru olduğuna zərrə qədər də şübhəm yoxdur, amma qarşı-qarşıya qaldığım həqiqət daha böyük və daha güclüdür. Ona hansı tərəfdən baxmağa və onu hansı tərəfdən yıxmağa qalxdımsa alınmadı, o məni bütün həssas yerlərimdən vurmağa başladı. O mənə nə nə qədər acı da olsa həqiqət budur deyib bağırdı və sən bu reallıqdan heç yerə, heç kimə sığına bilməzsən dedi. Mən bu reallığın qarşısında nə qədər aciz olduğumu, gücsüz qaldığımı görüb, əllərimi yanıma salmaqdan başqa çarə tapa bilmədim. Sənin həyatıma gəlişin taleyimə açılan pəncərədən üzümə gülən günəşə bənzədi. Bu günəşin şəfəqləri həyatımın hər yerinə işıq saldı. Mən hər şeyi daha aydın və açıq görməyə başladım. Bu duyğu elə şirin və gözəldir ki, ondan ayrılmaq, onu içimdə məhv eləmək istəməzdim, amma acı həqiqət öz qanunlarını mənə diqtə edib, ona boyun əyməyimi istədi. Bəlkə də bir qadının sevdiyi bir kişiyə ürəyindən keçənləri söyləməyi o qədər də doğru deyil, amma biləndə ki səni bir daha görməyəcəm və bu bizim son görüşümüzdür, ürək özü dilə gəlib məni dedizdirir. İsgəndər, sən mənim həyatda rastlaşdığım ən fərqli insansan, onu bil ki, səni olduğun kimi sevdim və sənə güvəndim. Qovuşa bilməsək belə xoşbəxtəm, çünki sən mənim qəlbimdə çoxdan qapanmış, heç vaxt qol-qanad açıb yaşamayan qadın sevgisini oyatdın. Bu sevgi ürəyimdə alovlanıb gözlərimdə parıldadı. Sən mənim gözlərimdəki kədəri elə incəliklə sildin ki... Sənin yanında özümü özüm kimi gördüm. Sənin səmimiyyətin, həyata baxışların, maraqlı söhbətlərin, məni güldürməyin, düşündürməyin, məndə olan bir çox şeyləri kəşf etməyin, bir sözlə, sənin sevmək bacarığın, sənin ruhun məni heyran etdi. Mən bir anda hiss etdim ki, qadın ən kiçik şeylərdən belə xoşbəxt ola bilər. İnsan onu xoşbəxt edən şeylərə can atır, onu xoşbəxt edən adamın yanında olmaq istəyir, ondan bir an da olsa ayrılmaq istəmir. Sən mənə ruhunun bir parçası olduğumu anlatdın. Sən məndə yeni-yeni arzular, istəklər yaratdın. Mənə sevmək arzularla yaşamaq kimi gəldi, arzumun ən böyüyü sənin kimi bir kişinin həyat yoldaşı olmaq, onunla yan- yana durmaq oldu. Bir qadına xoşbəxt olmaq üçün belə düşünmək, bir kişiyə isə belə arzusu olan bir qadınla yaşamaq nə qədər gözəl və mükəmməldir. Biz bu az vaxt ərzində biri-birimizi o qədər dərindən tanıdıq ki. Mən deyərdim ki, ruhumuz nə qədər doğma olduğumuzu bizə anlatdı, sanki göylərdə bir yerdə olmağımıza söz verib, illər sonra yerdə rastlaşan iki adama çevrildik. Mən özümü tanıyandan belə bir hisslə qarşılaşmamışdım. Bəlkə də bir kişini sevmək hissim yaşımın bu çağında, ömrümün bu anında olmalı imiş. Əgər bu həyatda hər şeyin öz vaxtı varsa, deməli, bizim səninlə də görüşümüzün, sevgimizin vaxtı bu yaşımızda bizi haqladı. Sənə qarşı hiss elədiklərimə görə heç vaxt özümü qınamıram və peşmançılıq duyğusu yaşamıram, əksinə, heç vaxt yaşamadığım bu sevgiyə və mənə verdiyin dəyərə görə sənə çox minnətdaram. Sənə olan sevgim qarşılaşdığım həqiqət meydanında qəhrəman döyüşçüyə bənzəyir. O bu döyüşdə qalib kimi öləcək, mənim ürəyimdə isə ən müqəddəs xatirəmə çevriləcək. Sən bir dəfə mənə bir etiraf etdin. Dedin ki, sən mənim özümsən, Nailə. Sənin Nailən etibarsız deyil, sadəcə səninlə bərabər addımlamağa nail ola bilmədi. Sənə hörmətim sevgimdən daha yüksəkdə durur, çünki əllərini buraxıb getdiyim üçün məni bağışlayıb və başa düşəcək bir ürəyin var. Belə bir ürəyin qarşısında baş əymək mənim üçün şərəfdir. Sən sevilməyə layiq olan ləyaqətli insansan. Mən səni son nəfəsimədək belə xatırlayıb, belə də sevəcəm. Nailə bu sözləri dedikcə üzündəki fərəh və sevinc hissi göz yaşlarına qarışırdı. Onun sevincdən, yoxsa kədərdən ağladığını İsgəndərdən başqa kimsə ətrafda duya bilməzdi. Bu iki sevən qəlbin ayrılığı gülə-gülə qarşıladığı ən kədərli anı idi və bunu yaşamaq bu iki insana istəməsələr belə nəsib olmuşdu. Nailə göz yaşları içində “Salamat qal, İsgəndər” deyib iti addımlarla ondan uzaqlaşdı. İsgəndər sevdiyi qadını gözdən itənəcən baxışları ilə izlədi. İçindən yalvararaq qışqırmaq, məni buraxıb getmə sözləri gəlsə də, bunu dilə gətirə bilmədi. Son söz Nailənin idi və o, seçimini etmişdi. Ayrılıq hər iki ürəyin qopardığı fəryadı sükutla dinləyir, içlərindəki ruhun tüğyan edərək sinələrini parçaladığını görürdü... Hava limanında İsgəndəri İstanbula yola salan qohumlardan yalnız Xavər onun niyə bu tezliklə Bakını tərk etməsinin səbəbini bilirdi. Ordakı işlərin üstündə durmaq bəhanəsini edən İsgəndər bu səbəbdən getdiyini söyləyirdi. Bircə Xavər onun nələr çəkdiyini, necə ümidsizliyə qapılıb getdiyini duyurdu. Qürbətdə yaşamaq onun alın yazısıdır deyib, özünə təsəlli verirdi. İsgəndər onların hər biri ilə görüşüb qeydiyyat şöbəsinə keçdi. Çevrilib hamıya bir daha əl elədi. Üzündəki təbəssümün altından süzülən kədəri yenə də təkcə Xavər sezdi. O, göz yaşlarını saxlaya bilmədi. Oğlu onu qucaqlayıb dedi:

Gedənin dalınca ağlamazlar, bir də ömürlük getmir ki, tez-tez gələcək. Bəlkə elə işlərinin üstünə kimisə qoyub geri dönəcək. Bu yaşdan sonra vətən adamı yaman çəkir. Hiss olunur ki, getmək istəmir, sadəcə məcburdur.Təki işləri üğurlu olsun. Təyyarəyə minməzdən əvvəl İsgəndər Nailənin telefonunu bir də yığdı. Ayrıldığı gündən bəri ona zəng etməmiş, onu istəmədən kövrəlib ağlatdığı üçün üzr istəməmişdi. Nailə telefonu açmadı. İsgəndər dalbadal bir neçə dəfə zəng etdi. Sonra mesaj göndərdi. “Nailəm, hava limanındayam. Yaşatdığım acılara görə səndən üzr istəyirəm. Sən də məni bağışla. Özünə yaxşı bax. İnanıram ki, səni heç kim bir daha qınamayacaq. Səni sevirəm”. Nailə İsgəndərdən gələn telefon zənglərini açmır, mətbəx masasının kənarında əyləşib göz yaşlarını axıdırdı. Zənglər dayandı. Arxasınca mesaj gəldi. Nailə yazılanları birnəfəsə oxuyub, tələsik balkonun qapısını açıb çıxdı. İsgəndəri aparan təyyarəni görmək arzusu ilə səmaya xeyli baxdı. Ruhunda İsgəndərə qoşulub uçduğunu duydu. Sonra balkonun bir küncünə sıxılıb hönkür-hönkür ağladı. İsgəndər getdikdən sonra Nailənin gözlərində bütün şəhər boşaldı. Həftələr keçir, o nə evdə, nə nə də iş yerində özünə yer tapırdı. Bircə həyatına sevinc qatan balaca nəvələri onu görməyə gələndə sevinir, özündə bir canlanma hiss edirdi. Onlarla parkı gəzir, Emilin heç bitməyən suallarına cavab verməkdən sonsuz zövq alırdı. Aysel ondan heç nə soruşmur, Fuadın gəlməməsi səbəbini də ezamiyyətlə əlaqələndirirdi. Nailə çox gözəl bilirdi ki, niyə Əhəd, Murad onun qapısını açmır. Niyə əvvəlki kimi gəlib, Nailənin yeməklərini tərifləyə-tərifləyə yeyib söhbət etmirlər. Sanki Nailənin İsgəndərlə evlənmək istəyi onları bir-birinə düşmən eləmişdi. Hərdən gəlini Nəzrin Murad evdə olmayanda zəng edir, onun kefini soruşurdu. Nənəsi “Balaca Nureli görmək istəyirəm” deyəndə “Murad işdən gəlsin gətirərik” deyirdi. Axşam düşür, Muradsa gəlmirdi. Nailə də onlara getmirdi. Aralarında olan bu soyuq münasibət vaxt keçdikcə lap dərinləşirdi. Nailənin İsgəndərlə evlənmək fikri Əhəd və Muradın heysiyyətinə necə toxunmuşdusa, onu bağışlamaq haqqında düşünmək belə istəmirdilər. Sevda da arada zəng edir, Nailəni görməyə gəlirdi. Hər dəfə də Nailəni görəndə söhbəti İsgəndərdən salır, Nailənin özünü necə rüsvay elədiyini deyirdi: – Görürsən, o heç nə itirmədi, sevdası baş tutmadı, çıxdı getdi. Arada sən pis vəziyyətdə qaldın. Oğlunun, qızının, hamının yanında özünü biabır etdin. Bax, getdi Türkiyəyə, bir azdan özünə arvad da tapar. – Qoydunuz ki, insan öz vətənində yaşasın. Hərəniz bir tərəfdən onu da, məni də qınadınız. O da baş götürüb getdi. Söz-söhbətinizin bitməsi üçün başqa əlac qalmırdı. – Allah yolunu açıq eləsin. Bircə bizdən uzaq dursun, bizi dilə-dişə salmasın. Ölümə getməyib ki, yaşamağa gedib də. Bir də ki gözdən nə qədər iraq olsa, könüldən də bir o qədər uzaq durar. – Mən də bu sözləri ona söyləmişdim. Bilirsən nə cavab verdi. Dedi ki, gözə girən könüldə qalır, ürək hara getsə onu özü ilə aparır. Elə bilirsən onu unutmaq asandır. Hər gün neçə dəfə zəng edir, yazır. O mənim ürəyimi də özü ilə aparıb gedib. Əvvəllər bu evdə təkliyimlə baş-başa yaşayırdım. İndi ruhsuz bədənimlə otaqdan otağa dolaşıram. Həyat mənə o qədər boş və mənasız görünür ki... – Keçib gedəcək. Mən sizə lap məəttəl qaldım, vallah, ay qız, bu yaşda da sevmək-sevilmək olarmış. – Əsl sağlam sevgi adama elə bu yaşda gəlir. Onu duyub, qarşılayıb, yaşatmağı bacaranlar nə bəxtəvərdir. Mən onu qarşıladımsa da boşuna ümid verdim, yaşada bilmədim. Dərd burasındadır ki, mən onu unuda bilmirəm. Günlər keçir, ondan uzaqlaşmaq əvəzinə daha da yaxınlaşıram. – Yəqin zəngləri, mesajları onu unutmağa qoymur da. Özü qəsdən yazır, zəng edir. İndi də belə təsir etməyə çalışır. – Ürəyindən keçməsə, birini düşünməsən, sevməsən necə yazarsan, zəng edərsən. Bir də ki zəng edib susur. Sevda bir az duruxub yenə də sözünə davam etdi: – Keçib gedəcək. Zaman hər şeyi unutduracaq. Yaxşı olar ki, orda evlənib qalsın. – Sevda, sən elə gülməli söhbət edirsən ki... – Nəyi gülməlidir, ay qız, kişi arvadsız qala bilməz. – Gülməli odur ki, başqalarının taleyinə, fikirlərinə yerli-yersiz müdaxilə etməyi bacarırsan. Sən hardan bilirsən ki, kim kimsiz bu həyatda yaşaya bilməz. Hər insan bir dünyadır. Onu görmək, tanımaq hələ onu başa düşmək anlamına gəlmir ki... İsgəndəri tanımadan, bilmədən nədən onun haqqında belə fikirlər yürüdürsən. O mənimlə tək qalmamaq üçün evlənmirdi ki... Biz qalan ömrümüzü bir-birimizə həsr etmək üçün evlənmək istəyirdik. Ömrün keçən hər gününü sevdiyin, xoşladığın insanla yaşamaq, onun arzuları, sevgisi ilə həyatını doldurmaq necə böyük xoşbəxtlikdir. Bir bilsən o məndən ayrılarkən nələr söylədi. Bir qadının bir kişi üçün nə qədər dəyərli olduğunu anlatdı mənə. Məncə, hər kəs həyatda ona dəyər verən adamın yanında olmalıdır. Bu ayrılıq bizim hisslərimizi daha da gücləndirir. – Sən onun telefon zənglərinə cavab vermə, mesajlarını da açma. Sənin yerinə olsaydım, nömrəni belə dəyişdirərdim. – Onsuz da heç birinə cavab vermirəm. O mənim bütün həyatımı dəyişdirdi. Məni özümə qaytardı. Mənə sevməyi öyrətdi. Onu sevəndən sonra bu dünyaya fərqli baxdım. Fərqli düşündüyümə görə utanmamağı öyrətdi mənə. Bilirsən, Sevda, insan kimin yanında xoşbəxtliyini tapırsa, onun da yanında qalmaq istəyir. Mən indi heç bir yerə aid ola bilmirəm. – Sevdiyin üçün belə danışırsan, Nailə. Bir vaxt sevgin keçib gedəcək və başa düşəcəksən ki, sənin yerin elə balalarının yanıdır. Bu yaşdan sonra onların xoşbəxtliklərinə baxıb sevinməkdir. – Mənim balalarım xoşbəxtdir, Sevda. Mən onları sağlam və xoşbəxt böyütmək üçün illərimi vermişəm. İndi hərəsi bir tərəfə pərvazlanıb uçub, hərəsi bir ailə olub. Nə mən onların yanındayam, nə də onlar mənim. Bəlkə də bu, həyatın qanunudur, ön cərgədən yavaş-yavaş arxa plana keçirsən. – Elə demə, sənin onlara, onların da sənə ehtiyacı həmişə olacaq. Kaş anamız sağ olaydı. Başımızı onun dizlərinin üstünə qoyub yataydıq. Onu qoxulayardıq. İnan ki, anamız sağ olsaydı, heç vaxt buna razı olmazdı. Deyərdi ki, bir adını iki eləmə, təmiz adını qoru. – Quru ad quru və cansız bədən kimidir, Sevda. Bəlkə də bundan sonra quru adımı qorumaq mənə son nəfəsimədək peşmançılıq gətirəcək. Mən İsgəndərə könlümün qapısını açdım. Onu sevə biləcəyim qədər ürəyimə aldım. Onu taleyin mənə bəxş etdiyi hədiyyəm kimi gördüm. O mənim ürəyimin qonağı deyil ki, gəlsin və getsin. O mənim qəlbimin sakininə çevrilib. Əgər o məndə öz xoşbəxtliyini tapmışdısa, deməli, onu ürəyimin sahibi eləməkdə yanılmamışam. Mən elə bilirdim ki, sahib olduğum kəsi kimsə əlimdən əla bilməz, amma aciz qaldım. Gücüm və cəsarətim çatmadı ki, sevgimə sahib çıxım. Mən özümə düşmənəm. Sizin haqlı olduğunuzu sübut etmək üçün özümü və onu qurban verdim. Halbuki sizin qınaqlarınız, tənələriniz, dedi-qodularınız ancaq gözdən pərdə asmaq üçündür. Hər biriniz gəlirsiniz, gedirsiniz, sonra özümlə baş-başa qalıram, amma indi özümü də məndən İsgəndər aparıb getdi. Daha bilmirəm kimə aidəm, sizlərə, yoxsa ona. İki bacının söhbəti hər dəfəsində elə beləcə bitirdi. Sevda hər şeyi zamana buraxırdı. Nailə üçünsə zaman durmuşdu... Yayın isti günləri biri-birini əvəzləyirdi. Günlər keçdikcə Nailə daha çox evə qapanır, yalnız Zoya xalaya baş çəkir, təkcə bazarlıq etmək üçün evdən çıxırdı. Maqda tez-tez zəng edir, onu yanına çağırırdı. Aysel də bir yerdə istirahətə getməyi təklif edirdi. Nailə onların heç birinin təklifini qəbul etmir, Zoya xalanın vəziyyətinin çox ağır olduğunu söyləyirdi, hətta bir neçə dəfə təcili yardım da çağırmışdı. Zavallı qarı ağırlaşmağından çox Nailəyə verdiyi əziyyətdən xəcalət çəkirdi. Nailə onu tərk etmir, son günlər gecələri də onunla qalırdı. Zoya xala, demək olar ki, heç nə yemir, ancaq su içirdi. Nailə ona su içirtdikcə qarı minnətdarlıq hissi ilə ona baxır, Nailənin əllərini dodaqlarına tərəf gətirərək öpməyə cəhd edirdi. Zoya xalanı belə vəziyyətdə görmək ona o qədər ağır gəlirdi ki... Amma əlindən qayğı göstərməkdən başqa da heç nə gəlmirdi. Nailə hiss edirdi ki, Zoya xalanı itirir. Hər dəfə təcili yardım həkiminin gözlərindən bunu oxuya bilirdi. Artıq üç gecə idi ki, qarının çarpayısının başında oturur, xırıltısını dinləyirdi. Nədənsə o, canını tapşıra bilmirdi. Nailə Murada zəng edib, Zoya xalanın öləcəyini qarının oğlu və nəvəsinə çatdırmağını istədi, amma onlardan heç bir xəbər yox idi. Zavallı qadın tez-tez oğlunun adını çəkir, Nailə onun xırıltılı səsini dinləyib mütləq gələcəyini deyirdi. Qarı ah çəkir, üzünü divara çevirib, fasiləsiz bir nöqtəyə baxırdı. Ölümünə bir gün qalmış ona hardansa güc gəldi. Nailədən şorba istədi. Nailə onun sevdiyi şorbanı bişirib yanına gətirdi. Zoya xala şorbadan bir neçə qaşıq içib minnətdarlıq etdi. Sonra asta səslə danışmağa başladı: – Mən həmişəlik gedirəm, Nailə. Mənə halallıq ver, qızım. Mən də hər kəsi bağışlayıram, gözümü yolda qoyanları da, məni unudanları da. Onlara da halallıq verirəm. Baxmayaraq ki, səni mən doğmamışam, əziyyətini çəkməmişəm, amma mənə o qədər doğma və əzizsən, Nailəm. Bəlkə də sənin kimi bir qızı olmasını istəyən nə qədər ana var. Mən xoşbəxt ölürəm, çünki sən yanımdasan, daha mənə nə lazımdır ki... Sənin bundan belə daha xoşbəxt yaşamanı arzulayaraq ölürəm. Bu qədər yaşadım, ancaq həyat mənə yenə qısa göründü. Mən həyatdan həmişə möcüzələr gözləyərək yaşadım, ümidimi itirmədim. Sən mənim ən gözəl möcüzəmsən. Sənə edəcəyim alqışlar bitib tükənməz. Mənim balam, əgər könlün kimisə sevibsə və bu sevgini kiminsə bilməyini istəmirsənsə, onu ürəyindən çıxar at.Yox, əgər səni səsləyib arxasınca çağırırsa get və bu yolda sənə qoyulan bütün qadağalara əhəmiyyət vermə. Səni xoşbəxt edən bu sevgiyə dəyər ver, zamana buraxma, çünki sabah nələr olacağını bilmirsən.Yaxşı bildiyinsə budur, ölüm, çünki hamımız buna məhkumuq. Başqalarının sənin haqqında nə düşündüyünə məhəl qoyma, zaman hər şeyi yoluna qoyur, nəyin doğru, nəyin yalan olduğunu bəlli edir. Möcüzələrə inan və unutma ki, bizi öldürməyən şeylər bizi daha da gücləndirir. Ümidini itirmə. Ən gözəl günlər hələ yaşamadığın günlərdir. Sən kədərini də layiqincə doya-doya yaşadın. Bundan belə ancaq sevincli günlər üçün yaşa, üzündən təbəssüm, qəlbindən qadın sevgisi əskik olmasın. Kədər də, sevinc də adamı bərkidir. Qoca danışdıqca Nailə onu diqqətlə dinləyirdi. Zoya xala bütün gücünü toplayaraq, sanki Nailəyə vəsiyyətini edirdi. Hərdən Nailə onun sözünü kəsib, özünü çox da haldan salma demək istəyirdi, amma sonra fikrindən danışınırdı. “Bəlkə heç onun sabahı gəlməyəcək və bu sözləri deyə bilməyəcək, qoy bütün ürəyini boşaltsın” deyə düşünüb, yenidən onu mehribanlıqla dinləyirdi. Ertəsi gün qarının vəziyyəti daha da ağırlaşdı. Zoya xala nə dinir, nə danışır, eləcə gözlərini bir nöqtəyə dikib susurdu. Arada əlini burnunun ucuna gətirərək alnına doğru aparır, sakitcə xırıldayırdı. Nailə yenə də təcili yardım çağırdı. Həkim evdən çıxanda “Can verir, yəqin ki sabaha çıxmaz” deyib getdi. Bu sözlərdən sonra Nailə onun başının üstündən heç yerə tərpənmədi. Zoya xalanı onun istədiyi kimi dini adəti ilə basdırmağına söz verdi. Ayselə, Murada zəng etdi. Hazırlıqlı olmalarını söylədi. Sonra Sevda ilə danışıb, tək qalmasın deyə onu çağırmaq istədi, amma nə fikirləşdisə bacısını narahat etmək istəmədi.Yadına rəhmətlik anasının necə rahat can verməsi düşdü. Onda bütün balaları, qohumları onun yanında idi. İndi isə Nailədən başqa Zoya xalanın yanında kimsə yox idi. Bu, Nailəni qorxutmur, çəkindirmirdi. O, səhərə kimi gözlərini yummadan zavallı qadının necə ağır-ağır nəfəs aldığını dinləyirdi. Tez-tez baş ucuna gəlib, onun soyuq əllərini əlinin içinə alır, gözləri ilə “Rahat can ver, mən yanındayam" demək istəyirdi. Zoya xalanın üzündə qəribə bir təbəssüm yarandı. Sanki Nailənin demək istədiklərini duyurmuş kimi, dərindən nəfəs alıb verdi. Əlləri Nailənin əllərinin içində boşaldı... Nailə onun gözlərini qapadaraq, dərindən ah çəkdi. O bir daha bu sevimli qarını nə eşidə, nə də görə biləcəkdi. Dodaqaltı “Allah sənə rəhmət etsin, yerin cənnət olsun” kəlimələrini söylədi. Sonra bu kəlmələri yanaqlarından süzülən göz yaşları əvəzlədi...

Nailəni yuxudan qapının aramsız döyülməsi oyatdı. Gözünü açıb saata baxdı.

Səhər tezdən kim gələ bilərdi ki? Sonra mobil telefonunu açdı. Heç kimdən zəng yox idi. Yatağından durub qapıya yaxınlaşdı. Qapının gözlüyündən dəhlizə baxdı. Gözlüyü iri bir gül dəstəsi bağlamışdı. Təəccübünü gizlədə bilməyib qapını astaca açdı. Qarşısında gənc bir oğlan gül dəstəsi tutub ona gülümsəyirdi. Nailə yəqin ki gəncin səhv gəldiyini düşündü. Əli ilə yan qapını göstərərək dedi: – Deyəsən, səhv gəlmisiniz, o biri mənzilə müraciət edin. Oğlan əlindəki sifarış kağızına baxaraq soruşdu:

Bu, qırx dördüncü mənzil deyil?Bəli, – deyə Nailə heyrətlə dilləndi.Nailə Kərimova bu mənzildə yaşayır?Elədir ki var, Nailə mənəm.Buyurun, bu güllər sizədir. Zəhmət olmasa bura qol çəkərdiniz, – deyə oğlan kağızı ona uzatdı. Nailə gülləri götürüb kağıza qol çəkib, təşəkkürünü bildirdi. Qapını bağlayıb, diqqətlə gül dəstəsinə baxdı. Görəsən, nə münasibətlə ona bu gül dəstəsini göndəriblər?.. Gülləri masanın üstünə qoyub, güldana su tökmək üçün getdi. Su dolu güldana gülləri qoyarkən içindən kiçik bir zərf düşdü. Nailə zərfi oxuyaraq gülümsədi. Kağızda ikicə kəlmə yazılmışdı: “Səni sevirəm”. Elə həmin an telefona mesaj gəldi. İsgəndər idi. “Bu gün səni ilk dəfə Batumidə gördüyüm gündən bir il keçir. Nə yaxşı ki səninlə rastlaşdım. Bu gün həyatımın ən xoşbəxt günüdür. Bu xoşbəxtliyi səninlə paylaşmaq istədim”. Bir azdan Nailə evdən çıxdı... O, maşını qəbiristanlığın kənarında saxlayıb, Camalın qəbrinə tərəf addımladı. Qəbrin kənarında xeyli susub, ərinin baş daşına baxdı.Yenidən maşına əyləşib evə döndü. Amma bu dəfə qəribə hisslərlə geri dönmüşdü. Otağa keçib güllərə baxdı. Onlara yaxınlaşıb qoxuladı. “Görəsən, İsgəndərə güllərə görə təşəkkürümü bildirim? Yox, mən özümə söz vermişəm, bunu etməməliyəm, onunla danışa bilmərəm”. Başını qatmaq üçün mətbəxə keçdi.Ürəyindən dadlı bir yarpaq dolması bişirmək keçdi. Bir azdan mətbəxi yarpaq dolmasının ətri bürüdü. Sonra özünün ən çox sevdiyi qar dənəsi peçenyesini bişirdi. Mətbəxdə elə həvəslə işləyirdi ki, sanki bir daha burda heç nə bişirməyəcəkdi. Sonra mətbəxdən digər otaqlara keçib, onsuz da təmiz olan hər yeri yenidən səliqəyə saldı. Bir anlıq əl saxlayıb, otağındakı aynada özünə, əlindəki əskiyə baxdı. Özündən asılı olmayaraq gülümsədi. Başını qaldırıb pəncərədən çölə baxdı. Günəş narıncı şəfəqlərini ətrafa yayaraq batmaq üzrə idi. Sanki ilk dəfə idi ki, bu mənzərini seyr edirdi. Qüruba enən günəşin şəfəqləri onun özündən xəbərsiz axan göz yaşlarını parıldatdı. Nailə əli ilə göz yaşlarını silib otaqdan çıxdı. Ev telefonunu götürüb Ayseli yığdı: – Sizi görmək istəyirəm. Vaxtınız varsa, bu gün bizə gəlin. – Hə, əlbəttə, gələrik. Nailə dəstəyi yerinə qoyub gözəl bir süfrə açdı. Güldanı yataq otağına qoyub qapını bağladı. Çox keçmədi ki, qapı döyüldü. Nailə həmişəki mehribanlıqla qapını açdı. Emil qaçaraq içəri keçdi. Aysel Emilin dalınca “Nadinclik etmə deməmişəm sənə” deyərək həmçinin dəhlizə keçdi. Fuad da gəlmişdi. O da salamlaşıb qapıdan girdi. Nailə “Keçin əyləşin” deyərək onları masaya dəvət etdi. “Yenə nə dadlı yeməklər bişirmisiniz”, – Fuad süfrəyə nəzər yetirib dedi. Yenidən qapının zəngi çalındı. – Ana, kimisə gözləyirsən? – deyə Aysel soruşdu. – Bəlkə Muradgildir? – Mən ona dedim, amma o mənə gələcəyi barədə heç nə demədi. Aysel qapını açmağa getdi. Bu zaman Nailə balaca Nurelin səsini eşitdi. Ayağa qalxıb qapıya tərəf getdi. Gələn Muradgil idi. Murad anası ilə çox soyuq görüşdü. Nəzrin isə gülümsəyərək Nailəni qucaqladı. Artıq bütün ailə bir araya yığışmışdı. Hamı yemək yeyir, uşaqlıq xatirələrindən danışaraq gülürdü. Evi gülüş səsləri bürümüşdü. Murad da hərdən çevrilib gülümsəyən anasına baxır, tez də nəzərlərini ondan çəkirdi. Nurel atasının qucağında yuxuya getmişdi. Bir azdan Emil də divanda yuxuladı. Aysel uşaqların yatdığını bəhanə edərək “Gedək, daha gecdir” dedi. Nailə onların getməyini heç istəmirdi, amma başa düşürdü ki, hər kəs öz evinə getməlidir. Fuad sağollaşaraq Emil qucağında evdən çıxdı. Çıxarkən Aysel anasına “Ana, yeməklərindən ötrü çox darıxmışdım” deyib, Nailəni bərk-bərk qucaqlayıb öpdü. Nəzrin qızını Muradın qucağından alıb, ərinin ayaqqabılarını geyinməsini gözlədi. Murad bir söz demədən evdən çıxmaq istədi. Sonra ayaq saxladı. Çevrilib sanki bir daha anasını görməyəcəkmiş kimi ona sarıldı və qulağına “Hər şeyə görə sağ ol, ana” dedi. Həmin gecə Nailə səhərə qədər yata bilmədi. Sübh tezdən günəşin ilk şəfəqləri otağını bürüdü. Yataqdan qalxıb özünə qəhvə hazırladı. Əlində qəhvə fincanı otağına qayıtdı. Günəşin necə doğduğunu seyr etməyə başladı. Birdən gözləri güldandakı güllərə sataşdı. Üzünə təbəssüm qondu. Təkrar çevrilib günəşə baxdı. Qəhvəsindən bir-iki qurtum içib pəncərəsinin kənarına qoydu. Günəşin şəfəqləri artıq gözlərini qamaşdırırdı. Gözlərini bir anlıq yumdu... – Çay, yoxsa qəhvə? – deyə stüardessa Nailəyə yaxınlaşıb mehribanlıqla soruşdu. Nailə gözlərini açıb dedi: – Zəhmət olmasa qəhvə gətirin. – Buyurun, bu da sizin qəhvəniz.

Nailə isti qəhvədən içərək təyyarənin pəncərəsindən buludları seyr etməyə başladı. “Yəqin ki İsgəndər mesajı oxuyub gələcək, mütləq gələcək” deyə düşündü. – Diqqət! Diqqət! Hörmətli sərnişinlər, təyyarəmiz İstanbul hava limanına enişə hazırlaşır. Zəhmət olmasa kəmərlərinizi bağlayın. Bu sözlər Nailəni fikirlərindən ayırdı... Kiçik çantasını çiyninə salaraq, hava limanının çıxış qapılarına doğru irəliləməyə başladı. Diqqətlə ətrafına baxır, gözləri İsgəndəri axtarırdı. Elə həmin an baxışları qapının önündə duran adama sataşdı. Bu o idi... İsgəndər ona baxıb həyəcanla gülümsəyir, gözləri “Ömrümə xoş gəldin” deyirdi.

Спасибо за чтение

Вернуться к книге